Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qərəzli və zərərli hesabat

Qərəzli və zərərli hesabat

16.04.2024 [10:44]

“Freedom House” yenə də öz ampluasındadır

Bir sıra beynəlxalq təşkilatlar var ki, Azərbaycan haqqında daim qeyri-obyektiv və qərəzli mövqedən çıxış edirlər. “Freedom House” da məhz belə təşkilatlardan biridir. “Freedom House” mütəmadi olaraq ölkəmiz barəsində həqiqətə uyğun olmayan məlumatlar yayır və artıq cəmiyyətimizdə haqlı olaraq bu beynəlxalq QHT-nin Azərbaycan haqqında obyektiv mövqedə olmaması barədə rəy formalaşıb. Bu günlərdə isə “Freedom House” “Xalqlar keçiddə 2024” adlı hesabatını açıqlayıb. Bu dəfə də Azərbaycana qarşı münasibət əvvəlki hesabatdakından heç nə ilə fərqlənmir. Təşkilat yenə də qərəzli mövqedən çıxış edərək Azərbaycanı “qeyri-demokratik” ölkələr sırasına daxil edib. Artıq bu yanaşma “Freedom House” üçün “ənənəvi” hal alıb.

Ümumiyyətlə, “Freedom House” özünü “demokratiya və insan hüquqları müdafiəçisi” kimi təqdim etsə də, əslində bu bədnam təşkilatın hansı məqsədlərə xidmət etdiyi Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir. Nəzərə almaq lazımdır ki, hər bir hüquqi dövlət özünün qanunları ilə idarə olunur. O cümlədən, demokratik cəmiyyətlərin başlıca göstəricilərindən biri də vətəndaş təsisatları, insan hüquq və azadlıqlarının təmin olunmasıdır ki, bu amillər dövlətimiz üçün prioritet məsələdir. Azərbaycan Konstitusiyası bu hüquqları tam təmin edir. Buraya söz və fikir azadlığı, siyasi plüralizm, sərbəst toplaşmaq azadlığı, vətəndaş cəmiyyətinin inkişafı və s. məsələlər daxildir. “Freedom House” kimi təşkilatlar isə Azərbaycanda, guya, bu sahələrdə “ciddi problemlərin” olduğunu iddia edirlər. Təbii ki, bu, həmin təşkilatın ölkəmizdə olan mövcud durumu düzgün qiymətləndirməməsi və bilərəkdən qərəzli mövqe nümayiş etdirməsi ilə əlaqədardır.

“Freedom House” kimi təşkilatların hədəfə aldığı ölkələrdə daxili sabitliyi pozmaq yönündə fəaliyyət göstərməsi məlum məsələdir. “Hüquq və azadlıqların müdafiəsi” adı altında cəmiyyətdə qarşıdurma yaratmaq, insanları təxribatlara sövq etmək imperialist mərkəzlərin əlində təzyiq vasitəsi olan bu cür təşkilatların əsas vəzifəsidir. Təsadüfi deyil ki, “Freedom House” kimi siyasi sifarişlər əsasında çalışan qərəzli təşkilatlar hər hansı bir şəxsə qarşı törədilən cinayəti araşdırarkən, birinci növbədə, həmin şəxsin siyasi mövqeyi, peşə məşğuliyyəti, hansısa azlığın nümayəndəsi olub-olmaması ilə maraqlanırlar. İstəklərinə uyğun, süni hay-küy yarada biləcəkləri bir məqam tapdıqda, dərhal həmin şəxsin “hüquqlarının müdafiəsinə” qalxırlar.

Həqiqətdən tamamilə uzaq olan belə yanaşmaların kökündə duran əsas məqam isə, təbii ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi və dinamik inkişaf etməsidir. Belə ki, Azərbaycanın Cənubi Qafqaz regionunun lideri olması artıq beynəlxalq səviyyədə qəbul olunmuş bir faktdır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Regionda tərəqqi və rifahın əldə olunmasında hər zaman fəallıq nümayiş etdirən Azərbaycan başqa dövlətlərlə münasibətdə suveren və bərabər hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Həmçinin, ölkəmiz beynəlxalq təşkilatlarla faydalı, konstruktiv əməkdaşlığa önəm verir. Bu həm də ölkəmizin müstəqil inkişafından və öz gücünə arxalanmasından irəli gələn bir məsələdir. Ona görə də, müəyyən xarici dairələr Azərbaycanın bu prinsipiallığını, qətiyyətini həzm edə bilmirlər və onların aləti olan “Freedom House” ölkəmizə qarşı “qara piar” kampaniyasını davam etdirir.

Əgər “Freedom House”, həqiqətən də, qanunçuluğun, insan haqlarının təəssübkeşidirsə, onda ilk növbədə, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızla bağlı mövqeyini bildirməli, işğal nəticəsində fundamental hüquqları pozulmuş 1 milyondan çox soydaşımızın hüquqlarının bərpa olunmasını tələb etməli idi. Amma biz indiyə kimi bunun tam əksini görmüşük. Hətta “Freedom House” əvvəlki hesabatlarında işğal altında olmuş Qarabağ ərazisini mübahisəli ərazi kimi göstərirdi. Dünyanın bütün dövlətləri və mötəbər təşkilatları, o cümlədən dünyanın ən ali hüquq təşkilatı olan BMT Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı halda, özünü insan hüquqlarının “keşikçisi” kimi qələmə verən “Freedom House” beynəlxalq hüquqa hörmətsiz yanaşırdı. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyi?? bərpa etməsi isə təşkilatın sahiblərini də ciddi narahat edir. Bu səbəbdən də, sözügedən hesabatda ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatizminin kökünün kəsilməsini də  “Freedom House” özünəməxsus qaydada “dəyərləndirib”. Təşkilat iddia edib ki, guya Azərbaycan Qarabağda etnik təmizləmə həyata keçirib. Əslində, bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyil.

Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması da bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, ABŞ-da fəaliyyət göstərən və özünü demokratiya və insan hüquqlarının keşikçisi kimi qələmə verən “Freedom House” təşkilatının “Xalqlar keçiddə 2024” adlı hesabatı  beynəlxalq aləmdə cərəyan edən geosiyasi qarşıdurmaya ideoloji rəng verməyə çalışır. Qeyd olunur ki, hesabatın müəllifləri açıq-aşkar qızışdırıcı yanaşma tutaraq, diplomatiya və qarşılıqlı anlaşmaya qarşı çıxır və ayırıcı xətləri dərinləşdirərək dövlətləri bu və ya digər düşərgəyə aid edirlər. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini, müstəqil siyasət yürütməsini həzm edə bilməyən hesabatın sifarişçiləri 2023-cü ilin

sentyabr ayında həyata keçirilmiş antiterror tədbirlərinin guya insan hüquqlarını pozduğunu iddia edirlər.

Vurğulanıb ki, ümumilikdə zərərli və yanlış olan hesabatda Azərbaycanın xüsusi hədəfə alınması “Freedom House”da kök salmış, vitse-prezident Anni Boyacıyan daxil olmaqla çoxsaylı radikal erməni funksionerlərinin fəaliyyətinin nəticəsidir. “Freedom House”un erməni əməkdaşları insan hüquqları kimi ali dəyəri müdafiə etmək əvəzinə, milli təəssübkeşlikdən çıxış edərək Azərbaycana qara yaxırlar. Qərbi Azərbaycan İcması “Freedom House”un irqçi düşüncəli dairələrin təsirinə düşərək öz mötəbərliyini itirməsindən təəssüflənib, təşkilatı siyasi dairələrin əlində alət olmamağa, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyə çağırıb.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 189 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

29 Aprel 10:31

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ruhun qidası...

27 Aprel 11:35

Sosial

Ədəbiyyat

Siyasət

8-ci qətnamə

27 Aprel 11:10

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30