Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Parlament seçkilərinin vaxtı...

Parlament seçkilərinin vaxtı...

04.05.2024 [10:10]

Siyasi partiyalar hazırlıq prosesinə start verib

2024-cü il ölkəmizdə bir sıra siyasi hadisələrlə müşayət olunacaq. İlin əvvəlində baş tutan prezident sçekiləri ilə yanaşı, bu il həm də parlament seçkiləri ilidir. Azərbaycan Konstitusiyasının V fəslinin 84-cü maddəsinin ikinci bəndində göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Başqa sözlə, parlament seçkiləri 2024-cü ilin noyabrın 3-nə təsadüf edir. Amma nəzərə alsaq ki, noyabr ayında ölkəmizdə daha bir qlobal xarakterli tədbir - COP29 baş tutacaq, parlament seçkilərinin vaxtının dəyişdirilməsi məsələsi də aktuallaşa bilər. Zaman-zaman bununla bağlı istər cəmiyyətdə, istərsə də mediada müxtəlif fikirlər səsləndirilir. MSK-nın mayın 2-də keçirilən iclasında çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, Mərkəzi Seçki Komissiyası artıq parlament seçkilərinə hazırlığa başlamalıdır. Onun sözlərinə görə, yazda və payızda hazırlıqları daha rahat görmək olur: “Ona görə də artıq hazırlığa başlamalıyıq. Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir”. “Parlament seçkilərindən sonra bələdiyyə seçkiləri gəlir ki, o daha da çətindir. Bütün bu hallar nəzərə alınmalıdır”, - M.Pənahov əlavə edib.

M.Pənahov bildirib ki, qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır. MSK sədri qeyd edib ki, ancaq seçkilərin müddəti önə də çəkilə bilər: “Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.

“Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər”, - M.Pənahov əlavə edib.

Azad seçki mühiti hökm sürür...

Bəli, bu il keçiriləcək parlament seçkiləri xüsusi əhəmiyyəti ilə seçilir - bu seçki müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycanda baş tutacaq. Hər bir siyasi təşkilatın yaranmasının əsas məramı kimi önə çıxan şərtlərdən biri sayılan seçkilərdə iştirak etmək, eyni zamanda qalibiyyət əldə etmək üçün konsepsiyaya malik olmaq arzusu bu siyasi marafonu daha da maraqlı edir. Bunun üçün bütün şərtlər mövcuddur - siyasi partiyalar üçün bərabərhüquqlu mübarizə şəraiti yaradılır, namizədlərin seçicilərlə təmasları, öz siyasi platformalarını təqdim etmələri üçün imkanlar formalaşdırılır. Ölkəmizdəki siyasi mühit isə əlverişlidir - azad rəqabətin inkişafı üçün mükəmməl qanunvericilik mövcuddur, müasir seçki təbliğat vasitələrindən (sosial şəbəkələr, mətbuat, internet resurslar və s.) və seçki prosesinin şəffaflığını sübut edən ən müasir texnologiyalar (veb-kameralı məntəqələr, barmaq boyası mexanizmi. Exit-poll və.s ) fəal şəkildə istifadə olunur. Ortada yalnız bir şərt qalır - siyasi iradə. Bəlkə də bu amil seçkidə iştirak üçün ən əsas şərtdir. Seçkidə iştirak edən partiyalar və onların namizədləri yaradılan bu şəraitdən maksimum yararlanırlar. Builki seçkilərin qabağa çəkilməsi isə siyasi partiyaların seçkilərə hazırlıq prosesinə də əsaslı təsir göstərmir. Çünki siyasi partiyalar təşkilat daxilində seçkiyə hazırlıq prosesinə artıq bir müddətdir ki, start veriblər. 

Sabir Rüstəmxanlı: VHP seçkiyə hazırlıq prosesinə uzun müddətdir ki, start verib

Azərbaycan parlamentində ikinci çoxluğa malik siyasi təşkilat olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı seçkinin vaxtının dəyişdirilməsini mümkün hesab edib. Onun fikrincə, vaxtın qabağa çəkilməsi bu və ya digər şəkildə partiyaların ümumi proseslə bağlı fəaliyyətinə təsirsiz ötüşə bilməz, amma əsaslı problemlər də yaratmır: “Vətəndah Həmrəyliyi Partiyası seçkiyə hazırlıq prosesinə uzun müddətidir ki, start verib. Bu ilin əvvəlindən rayon təşkilatları ilə mütəmadi müzakirələr aparılır, namizədlərin müəyyənləşməsi prosesi gedir. Eyni zamanda, seçki prosesinin texniki tərəflərinin həlli ilə məşğuluq. Bir sözlə, parityamızın seçkidə iştirakı ilə bağlı qərarının ən yüksək səviyyədə təcəssüm tapması üçün səy göstəririk”. 

Seçkinin vaxtının dəyişdirilməsinə gəldikdə isə partiya sədri bunu təbii adlandırıb: “COP29 qlobal tədbirdir və bu mənada seçkilərin vaxtının dəyişməsi reallığı əks etdirir. Bu tədbirdə demək olar ki, dünyanın əksər dövlətlərinin rəsmi şəxsləri, dövlət başçıları iştirak edəcək. Olduqca önəmli bir tədbirdir. Bu mənada, seçkinin vaxtının dəyişdirilməsi normal qarşılanmaılıdr. Seçki ilə bağlı proses ölkədə necə tənzimlənəcəksə, biz də işimizi o cür qurub prosesdə iştirak edəcəyik. Ölkəmizdə seçki mühiti normaldır, seçki qanunvericiliyimiz yüksək səviyyədədir. Seçicilərin prosesinə marağı olduqca yüksəkdir. Biz bu faktı son seçkidə də müşahidə etdik. Bu mənada, suverenliyi və ərazi bütövlüyü təmin edilmiş Azərbaycanda keçiriləcək ilk parlament seçkiləri mühüm tarixi hadisə kimi yadda qalacaq”, - deyə  S.Rüstəmxanlı əlavə edib. 

Fəzail Ağamalı: Vaxtın dəyişdirilməsi daha real görünür

Ana Vətən Partiyası (AVP) da seçkinin vaxtının dəyişdirilməsi ehtimalına hazırlıqlıdır. Partiyanın sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, bu il parlament seçkilərinin keçirilməsi gözlənilən idi: “Qanunvericiliyə əsasən seçkilər bu ilin noyabr ayında baş tutmalıdır. Seçkinin vaxtının dəyişdirilməsi ehtimalı ilə bağlı zaman-zaman ictimaiyyət arasında müzakirələr olub, fikirlər səsləndirilib. Paralel olaraq bu ilin noyabrında həm də qlobal əhəmiyyət kəsb edən, dünya səviyyəli bir tədbir - COP 29-da ölkəmizdə keçiriləcək. Vaxt məsələsi üst-üstə düşməsi səbəbilə seçkinin vaxtının dəyişdirilməsi daha real görünür. MSK sədrinin açıqlaması bu yöndə olan tərəddüd və gümanlara son qoydu. Fikrimcə, verilən məlumat daha çox konkretlik mahiyyəti kəsb etdi və bu ilin yayın sonunda seçki keçirilməsi mümkündür”. 

F.Ağamalı qeyd edib ki, seçki prosesinə hazırlıqla bağlı artıq uzun müddətdir ki, partiya daxilində müzakirələr aparılır, addımlar atılır. Partiya bütün gücü ilə seçkiyə hazırlaşır. “Yenə də öz mövqeyimizi ortaya qoymağa çalışacaq, seçkidə namizədlərimizlə iştirak edəcəyik. Ölkəmizdə mükəmməl seçki qanunvericiliyi var, demokratik seçkilərin keçirilməsi üçün azad şərait, siyasi iradə ortadadır. Zəngin təcrübəmiz hər kəsə bəllidir. Seçici marağı yüksək səviyyədədir. Bu gün ölkəmizdə mühüm proseslər gedir. Ərazi bütövlüyümüz təmin edilib, suverenliyimiz bərpa olunub. Bu möhtəşəm işlər qısa zamanda baş tutub. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bütün bu işlər yüksək siyasi fəallığa yol açır. Seçicilərin bu seçkidə də fəal iştirak edəcəyinə inanıram”. 

Arzuxan Əlizadə: Vaxtın qabağa çəkilməsi bizim üçün problem yaratmır 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə isə bildirib ki, Azərbaycan Konstitusiyasına görə növbəti parlament seçkiləri noyabr ayının 3-nə təsadüf edir. O da, COP 29 tədbiri ilə eyni vaxta düşdüyü üçün parlament seçkilərinin vaxtının bir az qabağa alınmasını təbii sayır: “Eyni zamanda dekabrda bələdiyyə seçkilərinin keçiriləcəyini nəzərə alaraq biz də ehtimal edirdik ki, seçkilərin vaxtı ilə bağlı dəyişkliklər mümkündür. MSK sədrinin bununla bağlı açıqlaması müəyyən fikirlər yaratdı. Bildirildi ki, seçkilər qabağa çəkilə bilər. Bunun üçün isə təbii ki, parlament növbəti dəfə özünü buraxmalı, yenidən parlament seçkiləri təyin olunmalıdır”.

A.Əlizadə bildirib ki, AMİP siyasi partiya olaraq prosesə çoxdan hazırlaşır.  Son prezident seçkilərinin ardından partiyanın müvafiq strukturlarının toplantıları keçirilib, həm parlament, həm də bələdiyyə seçkilərində iştirakla bağlı qərar verilib. “Parlament seçkilərinə hazırlıqla bağlı aktiv müzakirələr aparılıb, addımlar müəyyənləşdirilib. Hətta biz referendumla bağlı ehtimalları da nəzərə alırdıq və bu yöndə də öz təkliflərimizi hazırlamışdıq. Vaxtın qabağa çəkilməsi bizim partiyamız üçün heç bir problem yaratmır. Çünki hazırlıq prosesinə artıq uzun müddətdir ki, start vermişik. Ölkəmizdəki seçki mühiti də normaldır. Əlbəttə ki, bu mühit daha da yaxşılaşdırıla bilər. Məhz bu mənada referendumla bağlı fikirlərimiz formalaşmışdı. Amma fərqindəyik ki, 2020-ci ildən ölkəmizin siyasi həyatında yeni konfiqurasiya yaranıb. Siyasi partiyaların yenidən qeydiyyatdan keçməsini, siyasi partiyalara əvvəlki dönəmə nisbətdə daha münbit şəraitin yaradılmasını, isti münasibətlərin və təmasların formalaşdırılmasını, Prezident Adminstrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasını yüksək dəyərləndiririk. Bu, bizdə o fikri yaradır ki, qarşıdan gələn seçkilərdə siyasi partiyalara əlavə olaraq diqqət yetiriləcək və namizədlərin seçki prosesində iştirakının daha da aktivləşməsi üçün addımlar atılacaq. Fikrimcə, siyasi partiyaların hər birinin parlamentdə geniş tərkibdə təmsil olunması bütövlükdə həm dövlətçiliyimizə, həm də parlamentarizm ənənələrimizə yalnız töhfə verə bilər”, - deyə  AMİP sədri əlavə edib. 

Pərviz SADAYOĞLU 

Paylaş:
Baxılıb: 287 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Turizm

Siyasət

Siyasət

Xəbər lenti

MEDİA

Xəbər lenti

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31