Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Şəmkirdə “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda məlumat sessiyası keçirilib

Şəmkirdə “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda məlumat sessiyası keçirilib

06.12.2014 [12:03]

Dekabrın 5-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusunda məlumat sessiyası keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Avropa Şurasının Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə keçirilən sessiyada 26 şəhər və rayon icra hakimiyyətlərinin başçıları və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında son 10 ildə regionların inkişafı sahəsində, eləcə də struktur layihələrin icrası istiqamətində bir çox işlər görülüb. Aparılmış genişmiqyaslı islahatlar nəticəsində ölkəmizin iqtisadi inkişafı təmin edilib, əlverişli investisiya mühiti yaradılıb, nəticədə vətəndaşların rifahı xeyli yaxşılaşıb. Azərbaycanın beynəlxalq nüfuzu artaraq, regionda lider mövqeyi möhkəmlənib, ölkəmiz dünya miqyaslı tədbirlərin ənənəvi ev sahibinə çevrilib. Sevindirici haldır ki, bu gün Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, azad cəmiyyətin formalaşdırılması istiqamətində də islahatlar uğurla davam etdirilir. Son 10 ildə ölkəmizdə seçki qanunvericiliyi daha da təkmilləşdirilərək 3 prezident, 2 parlament, 2 bələdiyyə seçkisi və 1 referendum beynəlxalq standartlara uyğun keçirilib.
Hüseyn Mövsümov diqqətə çatdırıb ki, 2013-cü ilin oktyabr ayında keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikası öz demokratikliyi, seçki prosesləri sahəsində dünyada mövcud olan beynəlxalq standartlara cavab verməklə müstəqil dövlətimizin müasir tarixinə yeni səhifə yazdı və bu gün artıq ölkədə seçki mədəniyyəti formalaşmasından, seçkilərin yüksək səviyyəsindən danışmağa tutarlı əsas var. İstər yerli və istərsə də beynəlxalq müşahidəçilər seçkilərin ən yüksək standartlara cavab verdiyini etiraf edərək onu demokratiya yolunda qazanılan nailiyyət kimi dəyərləndirdilər.
Prezident Administrasiyasının rəsmisi daha sonra qeyd edib ki, seçkidə qazanılmış uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi nüfuzu, yüksək reytinqi, yeritdiyi yüksək siyasi kurs və xalqla hakimiyyətin sıx birliyi sayəsində mümkün oldu. Ölkə rəhbəri prezident seçkiləri ərəfəsində öz siyasi iradəsini ortaya qoyaraq seçkilər zamanı qanunvericiliyə ciddi əməl olunması, seçki prosesinin mütəşəkkil, demokratik, azad və şəffaf şəkildə keçirilməsi, heç bir qanun pozuntusuna və saxtakarlığa yol verilməməsi istiqamətində ciddi tapşırıqlar verdi. Seçkilərin qanun çərçivəsində, demokratik prinsiplər əsasında keçirilməsini tələb edən dövlətimizin başçısı hələ o zaman bəyan etmişdi ki, mən icazə verə bilmərəm ki, hansısa qanunsuz müdaxiləyə görə seçkinin ümumi nəticələrinə zərbə dəysin.
H.Mövsümov daha sonra deyib ki, Azərbaycanın seçki qanunvericiliyi öz demokratikliyinə, şəffaflığına görə dünyanın ən qabaqcıl ölkələrində qəbul edilmiş qanunlarla müqayisə oluna bilər. Yol verilən nöqsanlar isə əsasən mövcud qanunvericiliyin tələblərinə yetərincə riayət olunmaması ilə bağlıdır. Dövlətimizin başçısının tapşırığına əsasən, seçki praktikasının təkmilləşdirilməsinə Seçki Məcəlləsinin qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq ilk növbədə dairə və məntəqə seçki komissiyalarına normal iş şəraitinin yaradılmasından başlanılmalıdır. Artıq demək olar ki, ölkəmizdə bütün dairə seçki komissiyaları üçün hər cür lazımi şərait yaradılıb. Onlar müasir tələblərə cavab verən inzibati binalarla, bütün zəruri avadanlıqlarla təmin ediliblər. Bunun da sayəsində seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinə imkan yaranıb.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti ilə əlaqədar geniş məlumat verib. Qeyd edib ki, bugünkü tədbir Prezident Administrasiyası, MSK və Avropa Şurasının birgə layihəsi əsasında həyata keçirilir: “Məlum olduğu kimi, Avropa Şurası və Azərbaycanın 2014-2016-cı illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bugünkü tədbirin də həmin Fəaliyyət Planına uyğun olaraq keçirilməsinin xüsusi əhəmiyyəti vardır”.
MSK-nın təmsilçisi daha sonra bələdiyyə seçkiləri ilə əlaqədar görülən işlərdən danışıb. Qeyd edib ki, seçkilərdə 1607 bələdiyyə yeri üçün 37 min 107 nəfər namizəd qeydə alınıb. Ümumilikdə 1607 bələdiyyəyə 15 min 32 nəfər bələdiyyə üzvü seçilməlidir. Bələdiyyə seçkilərinə 8 siyasi partiya qatılıb. Onlar namizədlərin 51,6 faizini təşkil edir. Seçkilərdə iştirak etmək istəyən vətəndaşların 59,5 faizi ali təhsillidir ki, bu da ötən seçkilərdən xeyli çoxdur. Keçən seçki ilə müqayisədə bu il keçiriləcək seçkilərdə namizədlərin sayının 7 min nəfər artması onu göstərir ki, insanların bələdiyyələrdə təmsil olunmağa maraqları xeyli artıb. Ümumilikdə bu il fərdi qaydada irəli sürülən namizədlər 23 min 78 nəfər, təşəbbüs qrupları tərəfindən 109 nəfər və siyasi partiyalar tərəfindən 13 min 920 namizəd qeydə alınıb.
Mərkəzi Seçki Komissiyasının katibi bildirib ki, aparılan təhlil seçki komissiyalarının növbəti seçkilərə daha yaxşı hazırlaşdıqlarını deməyə əsas verir: “2009-cu ildə qeydiyyata alınan namizədlərdən MSK-ya daxil olan şikayətlərin sayı 60 ədəd olmuşdusa, bu il həmin rəqəm 15-ə enmişdir”.
Sessiyada Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri mövzusunda təqdimatla çıxış edib.
Sonra söz iştirakçılara verilib. Onlar təmsil etdikləri şəhər və rayonlarda seçkilərə hazırlıqla bağlı məlumat verib, dekabrın 23-də bələdiyyə seçkilərinin mütəşəkkil keçirilməsi üçün görülən hazırlıq işlərindən danışıblar.
Məlumat sessiyasında mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 1137 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31