Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Devid Kramer sifarişlə fəaliyyət göstərir

Devid Kramer sifarişlə fəaliyyət göstərir

07.01.2015 [09:43]

Əgər belə olmasaydı, bu “insan haqları təəssübkeşi” ABŞ-da qaradərililərin qətliamına da reaksiya verərdi
Məlum olduğu kimi, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Azərbaycan başqa dövlətlərlə münasibətlərdə suveren hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Bu, həm də ölkəmizin müstəqil inkişafından və öz gücünə arxalanmasından irəli gəlir. Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu artırır. Avroatlantik məkana sürətlə inteqrasiya edən respublikamızın regionun siyasi, iqtisadi həyatındakı əvəzedilməz rolu həm də bölgənin inkişaf perspektivlərinin yüksəlməsinə yardım edir. Əlbəttə, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan bəzi xarici qüvvələr Azərbaycana təzyiq etməyə çalışır, müstəqil siyasi kursuna korrektə etmək niyyətinə düşürlər. Son vaxtlar bəzi xarici dairələrin zəncirvari fəaliyyəti bunu deməyə əsas verir.
Məlumdur ki, ölkəmizdə anti-azərbaycançı dairələrin əlində alət olan bəzi QHT və “hüquq müdafiəçiləri” var. Onların qanunvericiliyə zidd fəaliyyət göstərməsi səbəbindən məsuliyyətə cəlb olunmaları anti-azərbaycançı dairələri hərəkətə keçirib. Bu dairələr həmin məsələdən istifadə edərək hadisələri siyasiləşdirməyə və bununla da ölkəmizin demokratik imicinə zərbə vurmağa çalışırlar. İndi onlar demokratiya və insan hüquqları pərdəsinə “bürünərək” adı çəkilən şəxslərin müdafiəsinə qalxıblar.
Belələrindən biri də, “Freedom House” təşkilatının sabiq prezidenti, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agenti kimi tanınan, hazırda Vaşinqtondakı Makkeyn İnstitutunun baş direktoru Devid Kramerdir. D.Kramer “Freedom House” təşkilatının rəhbəri olan zamandan Azərbaycana qarşı qərəzli kampaniyasını davam etdirir. Bu günlərdə ABŞ mətbuatındakı məqaləsində o, növbəti dəfə Azərbaycanı hədəf alıb. Xatırladaq ki, anti-azərbaycançı qüvvələrin nümayəndəsi olan Kramer hələ bir neçə ay öncə də belə fikirlərlə çıxış etmişdi. D.Kramer budəfəki məqaləsində isə Azərbaycanda müəyyən şəxslərin qanun pozuntusuna görə məsuliyyətə cəlb olunmasını siyasiləşdirərək bunu demokratiya və insan haqları problemi kimi təqdim etməyə cəhd göstərir. O, məqaləsində ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə yardımçısı Tom Malinovskinin “Azadlıq” radiosunun rusdilli “Nastoyaşeye Vremya” televiziya proqramına bir müddət öncə verdiyi müsahibəsinə də istinad edir.
D.Kramer yazısında bildirir ki, ABŞ gücünü göstərməli və Azərbaycana qarşı sanksiyalar tətbiq etməlidir. O iddia edir ki, Azərbaycanın bəzi rəsmi şəxslərinə viza verilməməli, həmçinin, bu il ölkəmizdə keçiriləcək ilk Avropa Olimpiya Oyunları boykot edilməlidir. Əlbəttə ki, D.Kramerin iddiaları cəfəngiyatdan başqa bir şey deyil. Onun fikirləri ABŞ-Azərbaycan münasibətlərinin inkişafına xidmət etmir. Əgər həqiqətən də, D.Krameri demokratiya, insan hüquqları narahat edirsə, nə üçün o, Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində doğma yurdundan didərgin düşmüş 1 milyondan artıq insanın hüquqlarını müdafiə etmir? Hansı səbəblərə görə Ermənistan əhalisinin 50 faizi qədər Azərbaycan vətəndaşının didərgin vəziyyətdə yaşamasına göz yumur? Təkzibolunmaz haldır ki, o, bu cür suallara cavab verə bilməyəcək. Çünki onun əsas fəaliyyəti siyasi sifarişlərlə əlaqəlidir və mütləqdir ki, həmin iş qeyri-obyektiv, qərəzli xarakter daşısın.
Əlbəttə ki, ölkəmizdə “Freedom House” kimi qurumların ABŞ-ın dünyadakı təsir gücünü artırmaq üçün Mərkəzi Kəşfiyyat İdarəsinin bir şöbəsi olduğunu yaxşı başa düşürlər. Və cəmiyyətimiz haqlı olaraq soruşur ki, son vaxtlar ABŞ-da qaradərililərin qətliamına bu şəxslər niyə münasibət bildirmirlər? Nə üçün bu məsələ ilə bağlı Kramerin, onun vaxtilə rəhbəri olduğu “Freedom House” təşkilatının, indi rəhbəri olduğu Makkeyn İnstitutunun səsi çıxmadı? Ona görə də, D.Kramer kimilərinin yalnız sifarişlə fəaliyyət göstərməsi təəccüblü görünməməlidir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 417 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31