Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qrant yeyənlərin yarpaq tökümü davam edir

Qrant yeyənlərin yarpaq tökümü davam edir

08.01.2015 [09:52]

Yaxud, yad çörəyi ilə axıra qədər bala saxlamaq olmaz
Məlum olduğu kimi, Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində çox böyük addımlar atıb. Ölkəmizdə dini, irqi, etnik baxımdan heç bir ayrı-seçkilik qoyulmur və bütün vətəndaşlar qanun qarşısında eyni məsuliyyəti daşıyır. Həmçinin, Azərbaycanda demokratik təsisatların, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin azad fəaliyyətinin təmin edilməsi və bu sahədə əsaslı inkişafa nail olunması istiqamətində çox ciddi islahatlar həyata keçirilib.
İstər KİV-in inkişafı, söz azadlığının qorunması, müstəqil mətbuatın daha yüksək səviyyəyə qaldırılması yönündə atılan addımlar, istər vətəndaş cəmiyyəti sektorunda aktivliyin artırılması, şəffaflığın təmin olunması, istərsə də gənclərin öz potensialından səmərəli istifadəsi ilə bağlı atılan addımlar olduqca təqdirəlayiqdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlət tərəfindən çap və internet mediasına maliyyə vəsaitləri ayrılır, KİV-də çalışan insanların sosial rifahı təmin edilir. O cümlədən də, dövlət QHT sektorunun xarici maliyyə mənbələrindən asılılığını aradan qaldırmaq üçün vətəndaş cəmiyyəti institutlarının layihələrinə maliyyə vəsaitləri ayırır.
Peşəsi xəyanət olanlar...
Amma çox təəssüf ki, “sapı özümüzdən olan baltalar”, xəyanəti özünə peşə seçmiş bəziləri tapılır ki, xarici maliyyədən asılılıq “azar”ından qurtulmaq istəmirlər. Belələri başqasının “əmr”ini yerinə yetirməyi, xalqına, dövlətinə qarşı yönəldilən siyasətə alət olmağı çox adi şəkildə qarşılayırlar. Anlamırlar ki, bu gün onlara pul verərək QHT təsis etdirən, KİV yaratdıran həmin ermənipərəst mərkəzlər sabah bundan silah kimi Azərbaycan xalqına və dövlətinə qarşı istifadə edəcəklər. Yoxsa həmin mərkəzlər bu pulları o QHT-ləri və ya KİV-ləri yaradanların qara qaşına-gözünə vurğunluğundanmı verir?
Təbii ki, xəyanət qarşılığında, yadın, düşmənin puluna aldananların əlləri elə uzana qalır. Azərbaycan dövləti bunun reallaşmasına yol vermir və xarici pulların əsirinə çevrilmiş bəzi QHT nümayəndələrinin, o cümlədən, KİV rəhbərlərinin bu çirkin arzularını ürəklərində qoyur. Əsl məqsədini gizlədərək, özünü cəmiyyətə fərqli donda təqdim etməyə çalışan belələrinin yalanlarının üstü isə tez açılır. “Demokratiya” sözünü dillərində şüar edən, özünü cəmiyyətə “jurnalist”, “vətəndaş cəmiyyətinin nümayəndəsi” kimi tanıtmağa çalışan belələrinin, əslində, dövlətə və millətə qarşı istifadə olunan miskin bir maşa olması ortaya çıxır...
Xatırlatmaq yerinə düşər ki, bir müddət öncə ölkə KİV-lərində Azərbaycanda fəaliyyət göstərən, bəzi xarici anti-azərbaycançı dairələr tərəfindən maliyyələşdirilən QHT-lərin “missioner” fəaliyyəti ilə bağlı mühüm xəbərlər yer almışdı. Həmin xəbərlərdə bildirilirdi ki, Azərbaycanın radikal müxalifətinin nəzarətində olan və xarici antimilli donorlar tərəfindən maliyyələşdirilən, çox halda isə vergidən yayınan bir sıra QHT-lərin və KİV-lərin fəaliyyəti birmənalı şəkildə siyasi xarakter daşıyır. Ermənipərəst təşkilatlar bu “QHT” adlanan xəyanət yuvalarının əli ilə ölkədə sabitliyi pozmaq üçün milyonlarla dollar “qrantlar” ayırıb. Bu milyonlar isə bu və ya başqa vasitələrlə “sapı özümüzdən olan baltalar”a ötürülür.
Müstəqil dövlətimizin kölgəsində hamımıza yer də, çörək də tapılar...
Qeyd olunduğu kimi, bu qrantları alan sözügedən antimilli ünsürlərin yeganə fəaliyyət istiqaməti Azərbaycan dövlətçiliyinə qarşı xəyanətdir. Onlar ermənipərəst dairələrdən aldıqları sifarişlər və bu sifarişlərin yerinə yetirilməsinin qarşılığı olaraq əldə etdikləri “maddi vəsait” - qrantla fəallaşdırılırlar. Azərbaycana qarşı olan dairələrdən “qrant” adı altında pul alaraq qarşılığında milli maraqları satan belələri artıq etdiklərini gizlədə bilmirlər. Cəmiyyətdə ifşa olunurlar, xəyanətkar olmaları üzə çıxır, onları özünə həmkar sayanlar belə onların xəyanətlərini çirkinlik kimi dəyərləndirirlər.
Axı hansısa pulun qarşılığında bu xəyanəti etməyə dəyərmi? Qanı ilə, canı ilə bu millətə, bu dövlətə bağlı olan bir insan yad, düşmən pulu ilə balasını saxlayarmı? Halbuki bu gün ölkəmizdə bütün vətəndaşların sosial rifahının yüksəldilməsi yönündə mühüm addımlar atılır. Bu gün bütün sahələrin nümayəndələri, o cümlədən, KİV əməkdaşları da, QHT sektorunda çalışanlar da dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. O cümlədən, xəyanətləri özünə peşə seçənlər də bu çirkin əməllərindən əl çəkib müstəqil dövlətimizin kölgəsində azad şəkildə fəaliyyət göstərə bilərlər. Başqasının yırtığına yamaq olmağa çalışmaq nəyə lazımdır? Əksinə, öz dövlətinə, millətinə sadiq bir şəkildə fəaliyyət göstərmək daha gözəl və praqmatik deyilmi?
Bunun üçün isə istək olmalıdır - Vətən, dövlət sevgisi olmalıdır. Yad puluna tamah salanlar düşünməlidirlər ki, başqasının pulu ilə pislik etməyə çalışdıqları öz milləti, öz dövlətidir. Halbuki həmin mərkəzlərin niyyətlərinin nə olduğunu hər kəsdən yaxşı elə o pulları yeyənlər bilirlər... Necə deyərlər, dəyərmi???
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 451 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31