Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlər həyata keçirib

Prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlər həyata keçirib

08.01.2015 [09:55]

Yanvarın 7-də Baş Prokurorluqda 2014-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov qeyd edib ki, 2014-cü il xalqımız üçün çox uğurlu il olmaqla, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən müasir məzmunlu siyasət nəticəsində ölkə həyatının bütün sahələrində böyük nailiyyətlərə, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunub, hüquqi və demokratik dövlət quruculuğu prosesləri yeni müstəviyə qaldırılmaqla dünya birliyinə inteqrasiya prosesləri dönməz xarakter alıb. Dövlətimizin başçısının Azərbaycan xalqına ünvanlanmış bayram təbrikində də 2014-cü ilin ölkəmiz üçün çox əlamətdar olduğu və qarşıya qoyulmuş bütün vəzifələrin müvəffəqiyyətlə icra edildiyi, iqtisadiyyatın, əhalinin pul gəlirlərinin əhəmiyyətli artımına nail olunduğu, mühüm infrastruktur layihələrinin reallaşdırıldığı, ölkəmizin dünya dövlətləri üzrə reytinqinin yüksəlməsi və nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən hərtərəfli dəstəklənməsi ilə nəticələnən makroiqtisadi göstəricilərin əldə edildiyi xüsusi vurğulanıb. Eyni zamanda, bir müddət əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi, eləcə də cari ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ölkəmizin istər qitə, istərsə də dünya miqyasında rolunun və təsir imkanlarının əhəmiyyətli dərəcədə artmasının parlaq göstəricisi kimi dəyərləndirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, müşavirədə dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən təşkilati və institusional tədbirlərin məntiqi nəticəsi kimi, Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu və Beynəlxalq Antikorrupsiya Akademiyasının iştirakçılığı ilə, eləcə də Beynəlxalq Antikorrupsiya Akademiyasının üzvü və iştirakçısı olan dövlətlərin cari ilin iyununda və noyabrında Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq konfransların əhəmiyyəti xüsusi vurğulanıb.
Diqqətə çatdırılıb ki, 2014-cü il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub, digər hüquq mühafizə orqanları ilə, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub. Prokurorluq orqanlarının səyləri dövlətimizin başçısı İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və mənfi təzahürlərin təxirə salınmadan aradan qaldırılmasına yönəldilib.
Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə həyata keçirilmiş birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində hesabat ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin həyat keçirilməsi təmin olunub. Belə ki, 2014-cü ildə qeydə alınmış 205 qəsdən adamöldürmə cinayəti, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş bu qəbildən olan cinayətlərdən 83-ü “isti iz”lərlə açılıb. Hesabat ilinin sonunda İmişli rayonunda Reyhan Səfərovanın, Qax rayonunda Rostiaşvili qardaşlarının və Göyçay rayonunda Sahib Abbasovun qəsdən öldürülmələri cinayətlərinin açılması və bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunmaları təmin edilib.
Bildirilib ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayət hadisələri üzrə, o cümlədən Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatlarının, eləcə də xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işlərinin istintaqı yüksək peşəkarlıqla davam etdirilib.
Cinayətkarlığa qarşı mübarizə sahəsində terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılıb, bu qəbildən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa edilərək məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi təmin olunub.
Respublikanın digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsində hesabat dövründə cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyi, kriminogen durumun daha da stabilləşməsi ilə nəticələnən göstəricilərə nail olunduğu, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görüldüyü, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq ədalətli və şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa qəbulu istiqamətində tədbirlərin davam etdirilməsi, sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla qulluğa qəbul edilmiş 627 gənc hüquqşünasın hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 58 faizini təşkil etməsi, eləcə də prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində zəruri tədbirlərin görüldüyü barədə geniş məlumat verilib.
Vurğulanıb ki, dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdəki kimi, 2014-cü ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb. Qeyd edilib ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının ölkəmizin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi yolunda müstəsna əhəmiyyətini diqqətə çatdıran baş prokuror 2020-ci ilə qədər prokurorluq orqanları qarşısında da mühüm vəzifələr durduğunu vurğulayaraq, prokurorluğun inkişafının əsas istiqamətlərini təşkil edəcək Konsepsiyada nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tapşırıqlar verib.
Baş prokurorun birinci müavini Rüstəm Usubov hesabat ilində cinayətkarlığa qarşı mübarizə, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, qurumun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov Baş Prokurorluğun 2014-cü ilin ikinci yarımilinə dair iş planının icra vəziyyəti və cari ilin birinci yarısı üçün iş planı, Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov isə hesabat ilində prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.
Baş Prokurorluğun əlaqədar struktur qurumlarına baş vermə müddətindən asılı olmayaraq, əvvəlki illərdə törədilməklə bağlı qalan 12 qəsdən adamöldürmə cinayətinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə edilməklə təqsirkar şəxslərin müəyyənləşdirilməsinin təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Xüsusi göstəriş verilib ki, Baş Prokurorluğun müvafiq qurumları qaz təchizatı sahəsində fəaliyyət göstərən və bu sahəyə dövlət nəzarətini həyata keçirən müvafiq icra strukturları və dövlət təsisatları ilə əlaqəli şəkildə, insanların ölümünə və xəsarət almasına, ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə hadisələrini doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilsin.
Əməliyyat müşavirəsində hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunaraq, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib.
Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə digər struktur qurumların rəhbərlərindən tələb olunub ki, əməkdaşların fəaliyyətlərində aşkarlanan mənfi təzahürlərə qarşı mübarizə qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.
Müşavirədə prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən “Elektron sənəd dövriyyəsi” və “Elektron cinayət” informasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması barədə tapşırıqlar verilib.
Eyni zamanda, 2014-cü il ərzində görülmüş işlərin vəziyyətinin ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə qurumun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.
Əməliyyat müşavirəsinə yekun vuran baş prokuror ümidvar olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2015-ci ildə də öz səlahiyyətləri daxilində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni məzmunlu siyasi tədbirlərin reallaşdırılmasında, cinayətkarlığa qarşı digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının, insan hüquq və azadlıqlarının qorunmasında bütün zəruri tədbirlərin görülməsini təmin edəcək.

Paylaş:
Baxılıb: 445 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31