Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müasir Azərbaycan müstəqil və güclü dövlətdir

Müasir Azərbaycan müstəqil və güclü dövlətdir

10.01.2015 [11:22]

Azərbaycanın dinamik inkişafının davamlı olması, beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi, o cümlədən, ərazi bütövlüyünün təmin edilməsi üçün həyata keçirilən səmərəli, müstəqil strateji kurs uğurla davam etdirilir
Azərbaycan dünya miqyasında ən dinamik inkişaf tempinə malik olan ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Ümumilikdə, müstəqil Azərbaycanın strateji inkişaf paradiqmaları çoxşaxəlidir. Bu paradiqmalar özündə kompleks məsələlər və istiqamətləri ehtiva edir.
Rasional iqtisadi siyasət dövlətimizin müstəqilliyini möhkəmləndirən amil kimi...
Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsidir. Ümumiyyətlə, iqtisadi inkişaf kursunun uğurla davam etdirilməsi hazırkı milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biridir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası istiqamətində və digər bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir.
Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Bununla yanaşı, ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir.
Səmərəli sosial siyasət daxili siyasət kursunun mühüm istiqamətlərindəndir
Müasir Azərbaycanın dinamik inkişafı kontekstində müstəqilliyimizi gücləndirən mühüm amillərdən biri də həyata keçirilən uğurlu sosial siyasət kursudur. Ümumiyyətlə, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir.
Azərbaycanda sosial siyasətin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Məşğulluğun yüksək səviyyədə təmin olunması öz növbəsində ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəyə gətirib çıxarır. Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi çevik və operativ addımların atılması insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunub. Bir sözlə, Azərbaycanda əhalinin məşğulluğu yüksək səviyyədə təmin olunub.
Beləliklə, ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir və bu, Azərbaycanın milli inkişafı kontekstində müstəsna əhəmiyyət kəsb edir.
Daxili siyasət sahəsində həyata keçirilən tədbirlər milli dövlətimizin qüdrətinin artmasında ifadə olunur
Sadalananlarla yanaşı, daxili siyasət sahəsində həyata keçirilən digər tədbirlər də milli dövlətimizin qüdrətinin artmasında ifadə olunur. Məsələn, Azərbaycan iqtisadiyyatının dinamik tərəqqisi sənaye sektorunun intensiv inkişafında ifadə olunur. Qeyd edək ki, 2014-cü ildə də sənayenin şaxələndirilməsi və modernləşdirilməsi dövlətin diqqət mərkəzində olub. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə, maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb.
Daxili siyasət sahəsində həyata keçirilən tədbirlərdən bəhs edərkən toxunulması lazım olan mühüm məsələlərdən biri də korrupsiyaya və rüşvətxorluğa qarşı prinsipial mübarizənin davam etdirilməsidir. Effektiv inzibati tədbirlərin görülməsi sayəsində korrupsiyanın meydanının daraldılması və bu cür neqativ hallara yol verən şəxslərin cəzalandırılması təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Onu da qeyd etmək lazımdır ki, “ASAN xidmət”in səmərəli fəaliyyət göstərməsi də korrupsiya və rüşvət hallarına son qoyulması baxımından əhəmiyyətli olub.
Beləliklə, görünən odur ki, Azərbaycanın dinamik inkişafı, xüsusilə də sosial-iqtisadi siyasət nəticəsində əldə edilmiş nailiyyətlər gələcəyə optimist baxmağa imkan verir. Əminliklə demək olar ki, müəyyən olunmuş strateji kursun yeni dövrün çağırışlarına müvafiq surətdə uğurla davam etdirilməsi qarşıdakı illərdə də kompleks nailiyyətlərin əldə edilməsini şərtləndirəcək.
Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənməkdədir
Həyata keçirilən səmərəli xarici siyasət kursu da dövlətimizin qüdrətini artıran əhəmiyyətli faktor kimi çıxış edir. Ümumiyyətlə, müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır.
Əlbəttə, müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir. Təsadüfi deyil ki, ötən il ərzində həyata keçirilən rasional və praqmatik xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsi də ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verən mühüm faktor oldu. Eyni zamanda, 2014-cü il Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsi ilə yadda qaldı. Bu kontekstdə ölkəmizin beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyi xüsusilə vurğulanmalıdır. Bu baxımdan, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi uğurla başa vurmasını qeyd etmək lazımdır. Bununla yanaşı, ötən il ərzində də Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etdi. Bu baxımdan, ötən il Azərbaycanda keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu deyilənləri təsdiq edən əyani nümunədir. Eyni zamanda, ölkəmizdə Gənclər siyasəti üzrə birinci Qlobal Forum, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası kimi nüfuzlu beynəlxalq tədbirlərin, o cümlədən, Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin iclasının, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də sadalananları təsdiq edir. Bütün bunlar onu göstərir ki, Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. Ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, ölkəmizə olan etimadı daha da artırır.
Digər tərəfdən, xarici siyasət sahəsində ötən ilin göstəriciləri həm də onu deməyə əsas verir ki, həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib. Ümumiyyətlə, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platforması müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir. Ötən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməlinin qoyulması çoxşaxəli enerji siyasətinin növbəti uğuru kimi tarixə düşdü. Qeyd etmək lazımdır ki, Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini əlaqələndirəcək “Cənub” qaz dəhlizi “Bakı-Tbilisi-Ərzurum” kəmərinin genişləndirilməsini, Trans-Anadolu (TAP) qaz kəmərinin inşasını və bu kəmərin məntiqi davamı olan Trans-Adriatik boru kəməri (TANAP) layihəsinin tikintisini və ümumilikdə, bu layihələrin icrası nəticəsində Xəzər qazının Avropaya nəqlini nəzərdə tutur.
Nəticə etibarilə, əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək
Məlumdur ki, Azərbaycanın müstəqil, qətiyyətli, rasional xarici siyasət kursunun mühüm istiqamətlərindən birini ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi təşkil edir. Sirr deyil ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində fəallıq göstərsə də, Ermənistan qeyri-konstruktiv mövqe və təxribatçı hərəkətlər nümayiş etdirməklə danışıqlar prosesini pozmağa çalışır. Ümumiyyətlə, Ermənistan ordusunun bir müddətdir ki, qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində təxribatçı hərəkətlərini davam etdirməsi işğalçı ölkənin sülh istəmədiyini bir daha nümayiş etdirir.
Xarici siyasət sahəsində əldə edilmiş bütün nailiyyətlərə rəğmən, 2014-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəticə olmamışdır. Xüsusilə də ötən il baş verən hadisələr göstərdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində status-kvonun saxlanılması üçün təxribatçı fəaliyyətini davam etdirir. İkincisi, bütün bunlar göstərir ki, işğalçı ölkə beynəlxalq hüquq normalarına biganə yanaşır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəmir. Məhz son hadisələr Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar, təxribatçı xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğalçı ölkə rəhbərliyinin mövqe və siyasətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara, dəyərlərə zidd olduğunu bir daha nümayiş etdirdi.
Əlbəttə, diplomatik vasitələrin səmərə vermədiyi son məqamda beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atacaq. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali hüququdur. Öz növbəsində, ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyinə dair tam əminlik yaradır.
Bir sözlə, Azərbaycanın dinamik inkişafının davamlı olması, beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi, o cümlədən, ərazi bütövlüyünün təmin edilməsi üçün həyata keçirilən səmərəli, müstəqil strateji kurs uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Heydər məscidinin açılışında çıxışı zamanı bu barədə qeyd edib: “Biz Azərbaycanda bütün məsələləri ardıcıllıqla, məqsədyönlü şəkildə həll edirik. Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqının arzularını Azərbaycan iqtidarı gerçəkləşdirir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ölkənin qarşısında duran bütün vəzifələr uğurla icra ediləcəkdir. O cümlədən ən ağrılı problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi də öz həllini tapacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.
Azərbaycanın strateji kursunun əsasında müstəqillik prinsipi dayanır
Göründüyü kimi, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.
Bir məqama da xüsusi olaraq toxunmaq gərəkdir ki, Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları tərəfindən mütləq surətdə qəbul edilir. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, quruma 2 dəfə uğurla sədrlik etməsi, həmçinin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik müddətini müvəffəqiyyətlə başa vurması ölkəmizin artan siyasi nüfuzundan xəbər verir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində qeyd etdiyi kimi, dünyada yaşayan bütün azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, bu gün qüdrətli, müstəqil Azərbaycan dövləti vardır: “Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz 23 ildir ki, müstəqilik və müstəqil siyasət aparırıq. Milli maraqlar, milli dəyərlər üzərində qurulmuş bu müstəqil siyasət bugünkü Azərbaycan reallıqlarını təmin edir. Bu gün Azərbaycan dinamik, sürətlə inkişaf edən ölkədir. Azərbaycan demokratiya, azadlıq, müstəqillik, tərəqqi, inkişaf yolu ilə uğurla gedən ölkədir. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan kimi dövlət var, öz sözünü deyir, deyəcək və bizim uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31