Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan iqtisadiyyatı 2016-cı ildə də uğurlu inkişafını davam etdirəcək

Azərbaycan iqtisadiyyatı 2016-cı ildə də uğurlu inkişafını davam etdirəcək

05.02.2016 [09:28]

Prezident İlham Əliyev: Bu il icra ediləcək layihələr imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri, sənaye müəssisələri yaradılsın və biz bu dinamikanı nəinki saxlaya, hətta sürətləndirə bilək
Hazırda dünyanın mənzərəsi bir sıra arzuolunmaz proseslərlə səciyyələnir. Təsir dairələrini genişləndirmək uğrunda bir-birləri ilə rəqabət aparan ayrı-ayrı güc mərkəzlərinin diktə etdikləri geosiyasi şərtlər öz növbəsində, qlobal iqtisadiyyatda stress vəziyyəti yaradıb. Dünya 2008-ci ildə start götürən iqtisadi-maliyyə böhranının təsirlərindən hələ tamam xilas olmamış, 2014-cü ilin yayından etibarən neftin birjalarda yenə də, ilk növbədə, siyasi amillər üzündən kəskin dəyər itirməsi qlobal iqtisadiyyatda, ələlxüsus da iqtisadiyyatı neft amili ilə bağlı olan ölkələrdə proqnozlaşdırılması mümkün olmayan vəziyyət yaradıb. Belə şəraitdə bir sıra dövlətlər ağır şərtlər altında xarici borclanmaya getmək, büdcə kəsirlərini sosial proqramları ixtisara salmaq hesabına bağlamaq, hətta pensiyaları, sosial müavinətləri belə azaltmaq məcburiyyətində qalıblar. Bu yaxınlarda keçirilən Davos İqtisadi Forumu dünyada böhran meyillərinin 2015-ci ildə daha da dərinləşdiyini bir daha təsdiqlədi.
Dünyadakı belə neqativ mənzərə ilə müqayisədə Azərbaycanı fərqləndirən bir sıra müsbət amillər - iqtisadi artımın davamlılığının təmin olunması, ictimai-siyasi sabitliyin, möhkəm iqtidar-xalq həmrəyliyinin qorunub saxlanılması nikbinlik üçün ciddi əsaslar verir. Qlobal miqyasda yaşanan gərginliklərə baxmayaraq, Azərbaycanda həyat normal axarı ilə davam edir, ölkə inkişafa istiqamətlənib. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində 2015-ci ildə qlobal məkandakı məlum kataklizmlər fonunda ölkəmizin uğurlara imza atmasını böyük nailiyyət kimi qiymətləndirib: “2015-ci ildə Azərbaycanda bir çox məsələlər öz həllini tapmışdır. İlin əvvəlində nəzərdə tutduğumuz bütün vəzifələr icra edilmişdir. O qədər də asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alsaq, əlbəttə ki, bu, bizim böyük uğurumuzdur”.
Qlobal risklərin artdığı bir şəraitdə də Azərbaycanın inkişafın ardıcıllığını təmin etməsinin arxasında məqsədyönlü dövlət siyasəti dayanır. Ölkənin inkişaf istiqamətləri düzgün müəyyənləşdirilib və qarşıya qoyulan strateji hədəflərə çatmaq məqsədilə güclü siyasi iradə nümayiş etdirilir. Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə bir daha bəyan edib ki, biz bu gün güclü dövlət qururuq. O dövlət ki dünya miqyasında böyük hörmətə malikdir. Biz çalışmalıyıq və çalışırıq ki, inkişafımız dayanıqlı olsun.
Cənubi Qafqaz iqtisadiyyatının təxminən 75 faizi Azərbaycanın payına düşür
Hazırda Azərbaycanı beynəlxalq miqyasda nüfuzlu aktora çevirən, ölkəmizin qlobal məkanda gedən proseslərə təsir imkanlarını artıran amillər sırasında, heç şübhəsiz ki, respublika iqtisadiyyatının güclənməsi faktoru mühüm yer tutur. Sirr deyil ki, iqtisadiyyatı zəif olan ölkələr müstəqil siyasət həyata keçirə bilmir, başqa dövlətlərin diktəsi ilə idarə olunurlar. Azərbaycanın mənzərəsi isə tamam fərqlidir. İqtisadi müstəqilliyin təmin olunması beynəlxalq miqyasda ölkəmizə böyük nüfuz və etimad qazandırıb.
Bütövlükdə, beynəlxalq iqtisadi-maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz, o cümlədən qeyri-neft sektoru 55 faiz genişlənib. 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı 3 dəfədən çox artıb.
Dinamik iqtisadi inkişaf nəticəsində Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, indi bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Hazırda Cənubi Qafqaz iqtisadiyyatının təxminən 75 faizi Azərbaycanın payına düşür ki, bu da respublikamıza əlavə dividendlər gətirir. Artıq hamı tərəfindən etiraf olunur ki, regionda ölkəmizin iştirakı olmadan hər hansı layihənin reallaşdırılmasından söhbət belə gedə bilməz. İndiyədək ölkəmiz regionun inkişafında əhəmiyyətli rol oynayan Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kimi tarixi layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də onların reallaşdırılmasına və uğurla istismar edilməsinə sanballı töhfələr verib. Eyni zamanda, ölkəmizin fəal təşəbbüsləri ilə 2014-cü ildə startı verilən “Cənub” qaz dəhlizinin inşası ilə Azərbaycanın Avropanın enerji təchizatında rolu daha da artacaq.
Ötən illərdə yaradılan möhkəm təməl Azərbaycanın öz uğurlarını gələcəkdə də davam etdirəcəyinə böyük əminlik yaradır. Heç bir şübhə yoxdur ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf edəcək. Prezident İlham Əliyev yuxarıda bəhs olunan konfransdakı çıxışında qətiyyətlə bildirib ki, cari il ölkəmizdə çox ciddi iqtisadi islahatlar ili olacaq: “2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır. Artıq müvafiq qərarlar qəbul edilmiş, qanunvericiliyə dəyişikliklər olunmuşdur. Mən bir neçə Fərman, Sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, biz bunu birgə səylərlə təmin edəcəyik”.
Bu məqamda qeyd etmək yerinə düşər ki, ölkəmizdə yaranmış yeni vəziyyətdən uğurla çıxmaq və inkişafın ardıcıllığını təmin etmək üçün konkret məqsədlərə hesablanan tədbirlər həyata keçirilir. Təkcə son günlərdə Prezident İlham Əliyev iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafını, yerli istehsalın genişləndirilməsini, ixrac imkanlarının artırılmasını, daxili bazarın qorunmasını stimullaşdırmağa yönələn bir sıra Fərman və sərəncamlar imzalayıb. Eyni zamanda, respublikada böyük perspektiv vəd edən yeni layihələrin icrası nəzərdə tutulub. Prezident İlham Əliyev vurğulayıb ki, bu il icra ediləcək layihələr imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri, sənaye müəssisələri yaradılsın və biz bu dinamikanı nəinki saxlaya, hətta sürətləndirə bilək.
Respublikada sosial proqramlar daha geniş şəkildə icra olunacaq
Uğurlu iqtisadi inkişafın səmərəliliyi, ilk növbədə. sosial problemlərin vaxtında həllini tapması, insanların rifah halının yaxşılaşması, işsizliyin və yoxsulluğun davamlı olaraq azaldılması, insan kapitalının inkişafı kimi göstəricilərlə ölçülür. Bu mənada məmnunluqla qeyd edə bilərik ki, Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən siyasətin əsas mahiyyətini xatırladaraq deyib: “... İslahatları apararkən biz hər zaman sosial məsələləri yadda saxlamalıyıq. Unutmamalıyıq ki, biz xalq üçün çalışırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərini biz həll etməliyik. Ona görə bizim bütün səylərimiz, o cümlədən iqtisadi inkişaf bu məqsədə qulluq etməlidir. Ona görə Azərbaycanda güclü sosial siyasət aparılır, aparılacaq və imkan daxilində bütün sosial proqramlar daha da geniş şəkildə icra ediləcək”.
Prezident İlham Əliyevin təşəbbüsü ilə dövlət siyasəti ona istiqamətləndirilib ki, respublikamızda sosial sfera dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəfə çatmaq üçün bütün ölkə miqyasında genişməzmunlu sosial proqramlar reallaşdırılır. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyükhəcmli sərmayələr yönəldir. 2003-cü ildən bəri respublikanın müxtəlif bölgələrində 3 mindən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər davam etdirilir. Son 12 ildə respublikamızda 600-dək səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib.
Qeyd olunanlardan da göründüyü kimi, ölkəmizdə iqtisadi potensialın gücləndirilməsi və sosial proqramların yerinə yetirilməsi siyasəti paralel şəkildə həyata keçirilir. Azərbaycan sosial dövlət olduğunu artıq tarixə dönən 2015-ci ildə də təsdiqləyib. Dünyadakı mənzərədən fərqli olaraq, ötən il Azərbaycanda nəinki heç bir sosial layihə təxirə salınmayıb, əksinə, ölkəmiz bu sahədə yeni təşəbbüslərlə çıxış edib. Əlamətdar haldır ki, respublikamızda sosial sahəyə yönələn vəsaitlərin həcmi indiki gərginliklər şəraitində də artırılır. Əgər 2015-ci ildə sosial sahə üzrə xərclər dövlət büdcəsinin 27,6 faizi qədər idisə, cari ildə sosial istiqamətə yönələn xərclər büdcə vəsaitlərinin 36,1 faizini təşkil edəcək. Ötən il respublikamızda 60-a yaxın tibb müəssisəsi tikilib, 20-dən çox məktəb təmir edilib və hazırda 23 məktəbdə təmir işləri aparılır, çoxlu sayda uşaq bağçalarının tikintisi davam etdirilir. Bir sözlə, Dövlət İnvestisiya Proqramında bir sıra sosial layihələr nəzərdə tutulub. Prezident İlham Əliyev xərclərin azalmasına baxmayaraq, cari ildə bütün sosial proqramların yerinə yetiriləcəyini xüsusi olaraq nəzərə çatdırıb: “2015-ci ildə bütün sosial proqramlar icra edilmişdir. Mən bir daha demək istəyirəm, baxmayaraq ki, bu il də bizim maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək”.
Azərbaycanda maaşların və pensiyaların artırılması yürüdülən sosial siyasətin nəticəsidir
Son 12 il ərzində respublika iqtisadiyyatının 3 dəfədən çox genişlənməsi fonunda həmçinin əhalinin həyat səviyyəsi, rifah göstəriciləri də nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Bunu statistik göstəricilər də təsdiqləyir. Bəhs olunan dövrdə ölkəmizdə əhalinin gəlirləri 7 dəfəyə yaxın artaraq 2003-cü ildəki 5,7 milyard manatdan 2015-ci ilin əvvəlində 39,3 milyard manata, adambaşına düşən gəlirlər 6 dəfəyə yaxın artmaqla 707,2 manatdan 4180,6 manata çatıb.
Ölkəmizdə əmək haqlarının davamlı olaraq artırılması kimi gözəl ənənənin formalaşması əhalinin maddi təminatının möhkəmlənməsində mühüm rol oynayır.
Hazırda MDB məkanında ən yüksək orta aylıq əməkhaqqı göstəricisi məhz Azərbaycandadır. Ölkəmizin MDB məkanında ən yüksək orta aylıq əməkhaqqı göstəricisinə malik olması müvafiq qurumların hesabatlarında da vurğulanır. Bu baxımdan, MDB Dövlətlərarası Statistika Komitəsinin yaydığı məlumat da xarakterikdir. Qurumun məlumatında vurğulanır ki, Azərbaycan orta aylıq əməkhaqqının səviyyəsinə görə MDB məkanında lider mövqeyi bölüşür.
Ölkəmizdə əmək pensiyaları da mütəmadi qaydada artırılır. Respublika üzrə əmək pensiyaçılarının sayı 2015-ci ilin əvvəlində 1 milyon 290 min 900 nəfər olub və yanvar-dekabr aylarında 5 min nəfər və ya 0,4 faiz artaraq, ilkin məlumatlara əsasən, 1 yanvar 2016-cı il tarixində 1 milyon 295 min 900 nəfər təşkil edib. Hazırda respublikamızda əmək pensiyalarının orta aylıq məbləği 176,03 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,08 manat təşkil edir.
Ölkədə əhalinin gəlirlərinin, o cümlədən də pensiyaların və əmək haqlarının artırılması tendensiyası cari ildə də davam etdirilir. Manatın devalvasiyasından ötən müddətdə ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində silsilə tədbirlər reallaşdırılır. Dövlət başçısının müvafiq sərəncamları ilə pensiyaların və əmək haqlarının 10 faiz qaldırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılmış önəmli addımdır. Prezident İlham Əliyev maaşların, pensiyaların artırılmasının ölkədə həyata keçirilən siyasətin əsasını təşkil etdiyini bildirib: “Bildiyiniz kimi, bu il maaşlar, pensiyalar, sosial müavinətlər qaldırılmışdır. Bu da bizim sosial siyasətimizin əsasını təşkil edir”.
Azərbaycan dinlərarası və sivilizasiyalararası dialoqun güclənməsində mühüm rol oynayır
Azərbaycan uzun illərdir ki, dinlərarası, sivilizasiyalararası dialoqun güclənməsində öz rolunu oynayır. Ölkəmiz cəmiyyətin üstün dəyəri kimi yüksək qiymətləndirilən bu ənənəni dünya üçün çətin keçən illərdə də davam etdirir.
Məlumdur ki, son illərdə Azərbaycan qlobal əhəmiyyət daşıyan, eyni zamanda, multikultural dəyərlərin təbliğ olunduğu müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən bir məkana çevrilib. Bakıda ardıcıl olaraq Mədəniyyətlərarası Dialoq və Humanitar forumlar keçirilir. Davos İqtisadi Forumu kimi mötəbər bir təşkilatın iclasının Bakıda keçirilməsi ölkəmiz üçün böyük uğurdur. Dünya miqyasında mötəbər təşkilat kimi tanınan, çox böyük nüfuza malik siyasətçiləri, ictimai xadimləri birləşdirən Madrid Klubunun toplantısının, Amerika-Azərbaycan konfransının, Birinci Qafqaz, Krans Montana, Gənclər siyasəti üzrə qlobal forumların Bakıda keçirilməsi də çox əlamətdar hadisədir. Ötən ilin yayında Bakı dünyanın 50-dək ölkəsindən 20 idman növü üzrə təxminən 6 min atletin mübarizə apardığı birinci Avropa Oyunlarına böyük uğurla ev sahibliyi etdi. Əlamətdar haldır ki, qlobal forumların, beynəlxalq idman yarışlarının əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, AOK, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış edirlər. Təşəbbüslər isə bir qayda olaraq Azərbaycan dövlətindən, şəxsən Prezident İlham Əliyevdən gəlir. Ölkəmiz xalqımızın xoş məramına uyğun olaraq bu kimi iqtisadi, siyasi, mədəni, idman tədbirlərinə məmnuniyyətlə ev sahibliyi etməklə hazırda dünya üçün böyük önəm daşıyan dəyərlərin qorunmasına, xalqlar, ölkələr, mədəniyyətlər və dinlər arasında əməkdaşlığın daha da dərinləşməsinə öz sanballı töhfəsini verir. Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündəki nitqində Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsini, eləcə də mədəniyyətlərin və dinlərin yaxınlaşmasına öz töhfəsini verməsini həm dövlət siyasətinin göstəricisi, həm də cəmiyyətdən gələn sosial sifariş kimi səciyyələndirərək deyib: “Bu il Azərbaycanda Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Çox mötəbər, dünya miqyaslı beynəlxalq tədbirdir. BMT-nin himayəsi altında keçirilən tədbirdir. Nəyə görə? Ona görə ki, biz burada artıq bir neçə ildir buna oxşar tədbirləri keçirmişik. Ona görə ki, bu sahədə Azərbaycan, doğrudan da, dünya üçün nümunədir və bu, reallıqdır. Bu, cəmiyyətimizin bugünkü statusudur. Həm dövlət siyasətidir, həm cəmiyyətin sifarişidir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Neft ucuzlaşıb

14 May 09:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31