Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclis Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında illik hesabatını qəbul edib

Milli Məclis Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında illik hesabatını qəbul edib

18.03.2017 [11:19]

Martın 17-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib.
İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.
Parlamentin sədri qeyd edib ki, Konstitusiyaya uyğun olaraq hər il yaz sessiyasının beşinci iclasında hökumət fəaliyyəti barədə Milli Məclis qarşısında hesabat verir. “Bizə təqdim olunmuş hesabatdan da göründüyü kimi, ötən il dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyət davam edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dünya iqtisadiyyatında cərəyan edən proseslərin iqtisadiyyatımıza mənfi təsirlərini azaltmağa imkan verib”.
Sədr bildirib ki, hesabat ilində informasiya və rabitə, kənd təsərrüfatı, turizm sektorlarında əldə olunan artım yüksək qiymətləndirilməlidir. Ölkəmiz dörd göstərici üzrə dünya dövlətləri arasında ilk qırxlığa daxil olub. Azərbaycan investisiya qoyuluşu üzrə cəlbediciliyini qoruyub saxlayıb. İl ərzində ölkədə sosial-iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsində 15 milyard manatdan çox sərmayə yatırılıb. 2016-cı ildə Azərbaycan dünyanın təxminən 186 ölkəsi ilə 17,1 milyard dollar məbləğində xarici ticarət əməliyyatları həyata keçirib.
Oqtay Əsədov qeyd edib ki, hökumətin hesabatının Milli Məclisdə dinlənilməsi sosial-iqtisadi məsələlərin obyektiv araşdırılmasına imkan yaradır. Ötən il deputatların irəli sürdükləri təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb.
Sonra Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti barədə hesabatla çıxış edib. Baş nazir deyib ki, 2016-cı ildə ölkəmiz dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd etdi. Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyası əsasında Prezident İlham Əliyevin apardığı çevik və praqmatik siyasət ölkəmizin şərəfli tərəqqi yolu keçərək, dünya dövlətləri arasında layiqli yer tutmasını təmin edib: “Dövlətimizin başçısının daxili və xarici siyasətinin xalqımız tərəfindən dəstəkləndiyini Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklərin və əlavələrin referendumda qəbul edilməsi bir daha əyani sübut etdi.
Bu dəstəyin və xalq-iqtidar birliyinin son on üç ildəki iqtisadi əsaslarını əks etdirən faktları və rəqəmləri diqqətinizə çatdırmaq istərdim. Ölkədə istehsal edilən ümumi daxili məhsulun real həcmi 3 dəfə, dövlət büdcəsinin nominal gəlirləri 20 dəfə, əsas kapitala qoyulan investisiyalar 3 dəfə, o cümlədən qeyri-neft sahələrinə yönəldilən sərmayələr 5,6 dəfə, qeyri-neft məhsullarının ixracı 3,3 dəfə, əhalinin nominal gəlirləri 8 dəfə, orta aylıq əməkhaqqı 6,4 dəfə artıb. 250 min qaçqın və məcburi köçkünün mənzil-məişət və sosial problemlərinin həllinə 5,2 milyard manat məbləğində vəsait xərclənib, 1 milyon 677 min yeni iş yeri yaradılıb. On min kilometrdən çox avtomobil yolları salınıb, 3 min məktəb, 600 xəstəxana, 400-dən artıq turizm və mədəniyyət obyekti, 50 idman kompleksi tikilib istifadəyə verilib. Strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin layihələri reallaşdırılıb, 26 elektrik stansiyası inşa edilib, ölkədə qazlaşdırmanın səviyyəsi 90 faizə çatdırılıb. Əhalinin içməli su ilə təmin olunması üzrə ölkəni əhatə edən layihələrin ardıcıl surətdə reallaşdırılması bu böyük və ciddi problemin yaxın dövrdə tam həllinə əminlik yaradır. Taxtakörpü və Şəmkirçay su anbarları kimi nəhəng hidrotexniki qurğular tikilib istifadəyə verilib. Ölkənin bütün bölgələrinin tarazlı inkişafını nəzərdə tutan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına bütün mənbələr üzrə ümumilikdə 60 milyard manata yaxın maliyyə vəsaiti yönəldilib.
Bu müddətdə aparılan irimiqyaslı ordu quruculuğu işləri ölkənin müdafiə qabiliyyətini dəfələrlə gücləndirib”.
Artur Rasi-zadə deyib ki, həyata keçirilmiş məqsədyönlü tədbirlər və əvvəlki illərdə yaradılmış güclü iqtisadi potensialdan düzgün istifadə edilməsi iqtisadi durumun sabitləşməsinə gətirib çıxarıb və 2016-cı ili ümumilikdə müsbət nəticələrlə yekunlaşdırmağa imkan verib: “Belə ki, iqtisadiyyatın qeyri-neft sənayesində istehsal 5 faiz artıb. Qeyri-neft sənayesinin inkişafında texnologiya və sənaye parklarının yaradılması konsepsiyası əsas götürülüb. Artıq Sumqayıt Texnologiyalar Parkı ilə yanaşı, Sumqayıt Kimya Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Balaxanı Sənaye Parkı fəaliyyət göstərməkdədir. Ümumən, keçən il 400-dən artıq sənaye müəssisəsi açılaraq fəaliyyətə başlayıb.
Kənd təsərrüfatında həyata keçirilən genişmiqyaslı tədbirlər sayəsində məhsul istehsalı 2,6 faiz artıb.
Əsas kapitala yönəldilmiş 15 milyard manatdan artıq məbləğdə vəsaitin 45 faizi qeyri-neft sektorunun payına düşüb.
Hesabat ilində dövlət büdcəsinin gəlirlərinin icrası təmin edilib və bunun müqabilində bütün sosial öhdəliklər, əsas dövlət proqramları yerinə yetirilib. Büdcənin bir qayda olaraq sosialyönümlü olması orta aylıq əməkhaqlarının və pensiyaların artırılmasına zəmin yaradıb. Dövlət büdcəsindən maliyyələşdirilən elm, təhsil, səhiyyə, mədəniyyət, müdafiə və sair sahələrdə çalışanların aylıq əməkhaqları, pensiya, məcburi köçkünlərə verilən aylıq müavinətlər, təqaüdlər və digər sosial öhdəliklər orta hesabla 10 faiz artırılıb və ümumilikdə 3 milyon 600 min insanı əhatə edib. 130 minə yaxın aztəminatlı ailənin ünvanlı sosial yardımla təmin edilməsinə təqribən 240 milyon manatadək maliyyə vəsaiti xərclənib. 7 min məcburi köçkün yeni mənzillərlə təmin olunub.
Regionların, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrası çərçivəsində il ərzində çoxsaylı istehsal, infrastruktur və sosial layihələr həyata keçirilib. Belə ki, İsmayıllı və Şəmkir rayonlarında su elektrik stansiyaları, Bakı şəhərində iriqabaritli transformatorlar zavodu, Sumqayıt şəhərində tikiş, Ağstafada mebel fabrikləri və digər müəssisələr tikilib istifadəyə verilib. Bu müddətdə 800 kilometrdən çox avtomobil yolları salınıb, 14 körpü tikilib. 56 elektrik yarımstansiyası inşa edilib və ya təmir olunub, 25 min kilometrdən artıq elektrik xətləri çəkilib. Ölkənin enerji infrastrukturunun müasirləşdirilməsi, paylayıcı şəbəkələrin yenidən qurulması əhalinin və istehsal müəssisələrinin elektrik enerjisi ilə təchizatını əsaslı şəkildə yaxşılaşdırıb. Respublika üzrə 209 yeni yaşayış məntəqəsi təbii qazla təchiz olunub, içməli su sistemlərinin yenidən qurulması davam etdirilib”.
Baş nazirin sözlərinə görə, hesabat ilində Azərbaycanın iqtisadiyyatında daim mühüm yer tutmuş neft sektorunda da əhəmiyyətli işlər görülüb. Belə ki, Cənub Qaz Dəhlizinə aid olan “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik Boru Kəməri layihələrinin icrası ilə bağlı işlər qrafiki qabaqlamaqla yerinə yetirilib: “Neft-kimya sənayesinin inkişafı məqsədilə Heydər Əliyev adına Bakı neft emalı zavodunda və “Azərikimya” İstehsalat Birliyində yenidənqurma və modernləşdirmə işləri, azot gübrəsi və yeni polimer layihələrinin icrası davam etdirilib.
İqtisadiyyatın prioritet sahələrindən biri olan nəqliyyat sektorunda nəzərəçarpan nəticələr əldə olunub. Azərbaycan Respublikası, Rusiya Federasiyası və İran İslam Respublikası prezidentlərinin iştirakı ilə Bakı şəhərində keçirilmiş Zirvə görüşündə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinə xüsusi önəm verilib. Layihə çərçivəsində dəhliz üzrə İran sərhədinədək yolun və Astaraçay çayı üzərində dəmir yolu körpüsünün tikintisi qısa müddətdə başa çatdırılıb.
Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin inşası tamamlanıb, Türkiyə hissəsində isə işlər yekunlaşmaq üzrədir”.
Humanitar sahədə əldə olunan nailiyyətlərdən, milli-mədəni irsin və mənəvi dəyərlərin qorunmasından danışan Artur Rasi-zadə ilk növbədə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizmə əsaslanan çoxşaxəli fəaliyyətini qeyd edir. Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın beynəlxalq aləmdəki gərgin əməyi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir: “İmkandan istifadə edib hörmətli Mehriban xanım Əliyevanı respublikanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə bir daha səmimiyyətlə təbrik edir, yüksək dövləti vəzifəsinin icrasında müvəffəqiyyətlər arzulayıram”.
Daha sonra deputatlar hökumətin hesabatına münasibət bildiriblər. Qeyd edilib ki, hesabatda və Baş nazirin bununla bağlı çıxışında hökumətin fəaliyyəti hərtərəfli və əhatəli təqdim olunub. İqtisadi çətinliklərə baxmayaraq, hökumət ötən il ərzində səlahiyyətləri çərçivəsində öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın sosial, iqtisadi inkişafına öz dəyərli töhfəsini verib. Bildirilib ki, deputatlar tərəfindən irəli sürülən təkliflərə hesabatda həssaslıqla yanaşılıb. Nazirlər Kabinetinin illik hesabatında ölkə həyatının bütün sahələri əhatə edilib, bütün əsas göstəricilər əksini tapıb.
Vurğulanıb ki, Azərbaycanda mövcud olan hazırkı mənzərə böyük nikbinlik doğurur. Qlobal təsirlərin yaratdığı müəyyən çətinliklərə baxmayaraq, ölkəmiz 2016-cı ildə də inamlı inkişafını davam etdirmək əzmini ortaya qoyub. Həyata keçirilən davamlı islahatlar sayəsində hesabat ilində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. Azərbaycanda müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb.
Deputatlar çıxışlarında 2017-ci ilin Azərbaycanda iqtisadi artım ili olacağına əminliklərini bildiriblər və müxtəlif təkliflərini səsləndiriblər.
Sonda Nazirlər Kabinetinin hesabatı səsə qoyularaq qəbul edilib.

Paylaş:
Baxılıb: 469 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30