Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan yaşayır, Naxçıvan inkişaf edir, Naxçıvanda böyük quruculuq işləri aparılır

Naxçıvan yaşayır, Naxçıvan inkişaf edir, Naxçıvanda böyük quruculuq işləri aparılır

08.08.2009 [15:25]

Naxçıvan Muxtar Respublikasında ən müasir infrastruktur yaradılır, sosial obyektlərin tikintisi geniş vüsət alıbdır
85 il bundan əvvəl - 1924-cü il fevral ayının 9-da Azərbaycanın dövlətçilik tarixində özünəməxsus mərhələ təşkil edən mühüm bir hadisə baş verdi: Naxçıvan Muxtar Respublikası təşkil olundu. Naxçıvanın muxtariyyəti böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxıb, gərgin, ağır, eyni zamanda, şərəfli bir yol keçib.
ötən 85 il ərzində çox hadisələr olub. Həmin hadisələrin fonunda ümummilli lider Heydər Əliyevin aşağıdakı fikirləri bütün dövrlər üçün ciddi aktuallıq kəsb edir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyev Azərbaycanın, o cümlədən, Naxçıvan Muxtar Respublikasının tarixinə və müasir inkişafı ilə bağlı məsələlərə böyük həssaslıq, əsl dövlətçilik münasibəti göstərir.
Dövlət başçısı Muxtar Respublikaya son səfəri zamanı bildirib ki, Naxçıvan qədim Azərbaycan torpağıdır, bu gözəl torpaqda əsrlərboyu xalqımız yaşayıb yaradıb: “Naxçıvanda yerləşən tarixi və memarlıq abidələri Azərbaycan xalqının nə qədər böyük istedada malik olduğunu əyani şəkildə göstərir. Naxçıvan Azərbaycana böyük şəxsiyyətlər bəxş etmişdir. Naxçıvan Azərbaycana Ulu öndər Heydər Əliyevi bəxş etmişdir”.
Azərbaycanın qədim və zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarının muxtariyyət tarixinin diqqətlə öyrənilməsi və təbliğ olunması vacibliyini bir vəzifə kimi qarşıya qoyan dövlətimizin başçısı İlham Əliyev deyib: “Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları obyektinə çevrilən Naxçıvanın tarixinin hələ də tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə, dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir”.
Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov isə Naxçıvan Muxtar Respublikasının yubileyi münasibətilə keçirilmiş tədbirdə söyləyib ki, Naxçıvan Muxtar Respublikasının yubiley tədbirlərinin keçirilməsi muxtariyyət tariximizin yenidən və əsaslı şəkildə öyrənilməsi, xalqımızın dünəni, bugünü və sabahı üçün çox mühüm əhəmiyyəti olan hadisədir: “Naxçıvan ən qədim dövrlərdən başlayaraq Azərbaycan dövlətçiliyinin və azərbaycançılığın qorunub saxlanmasında özünəməxsus rol oynamışdır. Əlverişli təbii-coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən qədim İpək yolunun üstündə yerləşməsi onu fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirmişdir. Ərazisi dəfələrlə işğal olunsa da, əldən-ələ keçsə də, Naxçıvan heç vaxt qəddini əyməmiş, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə, tarixi ərazisini qoruyub saxlaya bilmiş, müasir dövrümüzədək gətirib çıxarmışdır”.
Naxçıvan ölkəmizin dövlətçilik tarixində də mühüm rol oynamışdır. Min illər boyunca Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu torpaqda X əsrdə “Naxçıvan şahlığı” adlı xüsusi feodallıq yaranıb, Naxçıvan şəhəri XII əsrdə qüdrətli Atabəylər dövlətinin paytaxtı olub. 1747-ci ildə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı bölgənin inkişafına, müdafiə qabiliyyətinin gücləndirilməsinə, inzibati idarəçiliyin formalaşmasına özünəməxsus töhfələr verib. Bu dövrdə Naxçıvan xanlığının oynadığı rolu dövlətçilik tarixi baxımından müstəsna xidmət kimi dəyərləndirən Ulu öndər Heydər Əliyev deyib: “Azərbaycanın bir parçası olan Naxçıvanda dövlətçilik sonrakı dövrlərdə, orta əsrlərdə də olub. Azərbaycanın xanlıqlara bölünən dövründə də Naxçıvan xanlığı yaranıb. Naxçıvan xanlığı Atabəylər dövlətçiliyinin davamı kimi özünü göstərib. İrəvan xanlığı, Naxçıvan xanlığı, Azərbaycanın başqa bölgələrinin xanlıqları - bu xanlıqlar Azərbaycan dövlətçiliyini təmsil ediblər, Azərbaycanı qoruyub yaşadıblar. O dövrdə ayrı-ayrı ölkələr tərəfindən Azərbaycanı, o cümlədən, Naxçıvanı ələ keçirmək cəhdləri olmuşdur. Azərbaycan xalqı bunlara sinə gərmiş, o cümlədən, naxçıvanlılar Naxçıvanı qoruyub saxlamışlar”.
Muxtariyyət statusu mühüm amil kimi...
Naxçıvanın xarici müdaxilələrdən qorunmasında Araz-Türk Respublikasının da mühüm xidmətləri olub. 1918-ci ildə Naxçıvan şəhəri bir milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikasının paytaxtı idi. Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan Diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. Naxçıvan Muxtar Respublikasının yubileyi münasibətilə keçirilmiş tədbirdə “Naxçıvanın muxtariyyət qazanması Azərbaycan xalqının ən mühüm nailiyyətlərindən biridir”, - deyən Ali Məclisin sədri Vasif Talıbov bildirib ki, Naxçıvan Muxtar Respublikasının taleyi 1921-ci ildə imzalanan 2 mühüm beynəlxalq sənədlə təyin edilib: “Bunlar Moskva və Qars müqavilələridir. Həmin sənədlərdəki müvafiq bəndlərdə Naxçıvana verilən muxtariyyətin əsasları göstərilmişdir. Həmin sənədlərdə Naxçıvan ərazisinin beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququ da təsbit edilmişdir. 1924-cü il fevralın 9-da isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılmışdır. ümummilli liderimizin dediyi kimi, “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi”.
Prezident İlham Əliyev də Naxçıvan Muxtar Respublikasının yubileyi münasibətilə keçirilmiş tədbirdə Muxtar Respublikanın yaranmasına və inkişafına toxunub: “1924-cü ildə Naxçıvan Muxtar Respublikası yarandı. Respublika yarananda biz tamamilə başqa ictimai-siyasi quruluşda yaşayırdıq və o vaxt sovet rəhbərliyi tərəfindən Azərbaycanın qədim torpağı olan Zəngəzur mahalı Ermənistana verilmişdir. Bunun nəticəsində Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında coğrafi əlaqə pozuldu. Sovet İttifaqı dağılandan sonra və hətta ondan bir qədər əvvəl Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində Naxçıvan blokadaya düşdü. Ermənistan Azərbaycanı müxtəlif beynəlxalq təşkilatlarda həmişə ittiham etməyə çalışır ki, Azərbaycan Ermənistana blokada tətbiq edir. Amma əslində belə deyildir. Uzun illər ərzində Naxçıvan blokada şəraitində yaşayır və bu blokada bu gün də davam edir. Amma buna baxmayaraq Naxçıvan yaşayır, Naxçıvan inkişaf edir, Naxçıvanda böyük quruculuq işləri aparılır və Naxçıvanın uğurlu inkişafı ölkəmizin gücünü göstərir”.
Qeyd olunanlar onu göstərir ki, ötən dövr ərzində muxtariyyətin möhkəm siyasi və hüquqi bazası formalaşıb, böyük bir inkişaf yolu keçib. Naxçıvanın muxtar respublika statusu bu bölgənin 85 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malikdir.
ötən əsrin 90-cı illərində - bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasına, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına, beləliklə də, Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasına imkan yaradıb.
Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil edib. Bu statusun Ulu öndər Heydər Əliyevin 1990-93-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvanın xalqımızın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilməsinə imkan verdiyini vurğulayan Ali Məclisin sədri bildirib ki, həmin dövrdə ölkəmizin müstəqilliyi ilə bağlı qanunvericilik təşəbbüsü hüququ istisnasız olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məxsus olub: “Belə ki, 1990-cı il noyabrın 17-də ümummilli liderimizin rəhbərliyi ilə keçən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyət orqanları haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olunmuşdur. O zamankı Azərbaycan rəhbərliyinin Sovet Sosialist Respublikaları İttifaqının qorunub saxlanmasına dair göstərdiyi təşəbbüslərin əksinə olaraq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il 14 mart tarixli qərarı ilə SSRİ-nin saxlanmasına dair ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikasının iştirakının yolverilməz olduğunu bəyan etmişdir. 1991-ci ilin oktyabrında “Keçid dövründə SSR İttifaqının dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” SSRİ qanununun müzakirəsi zamanı da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan dövlət hakimiyyət orqanlarından fərqli mövqe tutaraq SSRİ-nin yenidən bərpasına və unitar ittifaq dövlətinin möhkəmləndirilməsinə yönəldilən cəhdləri rədd etmiş, Azərbaycan Ali Sovetindən də müvafiq qərarların qəbul olunmasını xahiş etmişdir. Naxçıvanın muxtariyyət statusu bu dövrdə erməni işğalı təhlükəsinin aradan qaldırılması, ağır blokada şəraitində adamların yaşayışının təmin olunması sahəsində də taleyüklü qərarların qəbul edilməsinə şərait yaratmış, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi ümummilli lider Heydər Əliyev qonşu İran və Türkiyə respublikaları ilə əlaqələr quraraq bu ölkələrdə səfərlərdə olmuş, müxtəlif sahələrdə əməkdaşlığa dair protokollar imzalamışdır”.
Qeyd edək ki, Naxçıvanın muxtariyyət statusu bu gün də Azərbaycandan ayrı düşən, blokada şəraitində yaşayan regionda dövlət hakimiyyət orqanlarının ahəngdar fəaliyyətini təşkil edən mühüm amildir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Naxçıvan MR-in qonşu ölkələrlə əməkdaşlıq siyasəti uğurla davam etdirilir. Naxçıvanın muxtariyyət statusu bölgənin tarixi taleyində əhəmiyyətli rola malik olub, Azərbaycanın bu qədim ərazisində təhlükəsizliyin təmin olunmasında mühüm amil kimi çıxış edib.
İnkişaf edən, çiçəklənən Naxçıvan
Bu gün Naxçıvan bütün ölkədə aparılan quruculuq işlərində fəal iştirak edir. Bütün bunların kökündə isə Ulu öndər Heydər Əliyev tərəfindən hazırlanan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf proqramı dayanır. Naxçıvanın inkişafında ümummilli liderimiz Heydər Əliyevin xidmətləri böyükdür. Məhz Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti sayəsində Azərbaycan dünya birliyinin fəal üzvü olmaqla öz inkişaf yolunu tapıb.
ümummilli lider Heydər Əliyevin şah əsəri bu gün dünya birliyində öz layiqli yerini tutan müasir, müstəqil Azərbaycan Respublikasıdır. Həyatının mənası hesab etdiyi Azərbaycanı dirçəltmək, tərəqqiyə qovuşdurmaq böyük öndərimizin müqəddəs amalı idi. O, bu yolda bütün enerjisini sərf edir və deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.
Ulu öndərimiz arzularının həqiqətə çevriləcəyi günün çox da uzaqda olmadığını qəti əminliklə bəyan edir və bildirirdi: “İnanıram ki, axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcəkdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Artıq rifaha və tərəqqiyə qovuşmuş müstəqil ölkəmizin zəngin quruculuq səhifələri böyük öndərimizin arzularının reallaşdığından xəbər verir. Bu reallıq heç bir siyasi güc mərkəzindən asılı olmayan, böyük dövlətlərin maraqlarını xalqının mənafeyinə tabe etdirməyi bacaran müasir, müstəqil, güclü Azərbaycandır.
Ali Məclisin sədri Vasif Talıbov Naxçıvanın son beş ildə keçdiyi inkişaf yolundan da bəhs edərkən bu inkişafın dövlətimizin başçısının qayğısı nəticəsində baş verdiyini diqqətə çatdırıb: “ölkə Prezidentinin Naxçıvan Muxtar Respublikasına etdiyi səfərlər zamanı 40-dan çox mühüm əhəmiyyətli obyektin istifadəyə verilməsi, uzun fasilədən sonra Muxtar Respublikaya təbii qazın nəqlinin bərpa olunması Naxçıvan MR-in inkişafına göstərilən dövlət qayğısının ifadəsidir. Göstərilən diqqət və qayğının nəticəsidir ki, ötən beş il ərzində Muxtar Respublikada ümumi Daxili Məhsul (üDM) istehsalının həcmi 3,5 dəfədən çox artaraq 232 milyon manatdan 796 milyon manata çatmışdır. Adambaşına düşən üDM-in həcmi isə 637 ABŞ dollarından 2 min 500 ABŞ dollarına çataraq 4 dəfə artmış, büdcənin həcmi bu dövrdə 48 milyon manatdan 5,7 dəfə artaraq 273 milyon manat olmuşdur”.
Əlavə edək ki, ölkə iqtisadiyyatının inkişafı Muxtar Respublikanın xarici iqtisadi əlaqələrinin də artmasına səbəb olub. Beş il ərzində xarici ticarət dövriyyəsinin həcmi 3 dəfə artaraq 39 milyon ABŞ dollarından 104 milyon ABŞ dollarına çatıb. Beş il ərzində yeni emal və istehsal müəssisələrinin yaradılması sənayenin inkişafına öz təsirini göstərib, 2004-cü illə müqayisədə 2008-ci ildə sənaye məhsulunun həcmi 26 milyon manatdan 164 milyon manata çataraq 6 dəfə artıb.
Məhsul istehsalının artımına birbaşa təsir göstərən amillərdən biri də özəl bölmənin inkişaf etdirilməsidir. Əgər 2004-cü ildə Muxtar Respublika sahibkarlarına 3 milyon manata yaxın kredit verilibsə, cari ildə maliyyə dəstəyinin həcmi 6 dəfə artırılaraq 19 milyon manata yaxın olub. Bunun nəticəsidir ki, 2004-2009-cu illər ərzində Muxtar Respublikada 184 yeni istehsal və xidmət sahəsi yaradılıb. İndi Naxçıvan Muxtar Respublikasında 87 növdə ərzaq, 148 növdə qeyri-ərzaq olmaqla, ümumilikdə, 235 növdə məhsula olan tələbat daxili imkanlar hesabına ödənilir.
Yeni istehsal sahələrinin istifadəyə verilməsi nəticəsində əhalinin məşğulluq səviyyəsi artıb. 2003-cü il oktyabrın 1-dən 2009-cu il avqust ayının 1-dək Muxtar Respublikada 40 min 28 yeni iş yeri açılıb ki, onun da 25 min 942-si, yaxud 65 faizi daimi iş yerləri olub.
Sosial məsələlər həll edilir, insanların maddi rifah halı yüksəlir...
Son beş ildə Naxçıvan Muxtar Respublikasına qoyulan investisiyaların həcmi də artıb. İnfrastruktur obyektlərinin tikintisi davam etdirilib. Təhsil, səhiyyə və digər sosial obyektlər inşa olunub. Məktəb tikintisində Heydər Əliyev Fondu xüsusi fəallıq göstərib. Fondun təşəbbüsü ilə 7 məktəb binası inşa olunub. Elmin inkişafı və Naxçıvan MR-in tarixi ilə bağlı araşdırmaların aparılması istiqamətində ciddi nəticələr əldə edilib, tarixi abidələrin bərpası ilə bağlı tədbirlər görülüb. Muxtar Respublikada meliorasiya tədbirlərinin həyata keçirilməsi, əhalinin taxıla olan tələbatının ödənilməsi sahəsində ciddi nailiyyətlər əldə edilib, əhalinin təbii qaz və elektrik enerjisinə olan tələbatı tam ödənilib.
Bu illərdə əhalinin rifahının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılıb. Əhali gəlirlərinin həcmi 2004-cü illə müqayisədə 2008-ci ildə 3 dəfə artaraq 216 milyon manatdan 684 milyon manata çatıb. Adambaşına düşən gəlirlərin həcmi 2004-cü ildəki 582 manata nisbətən 3 dəfə artaraq 1768 manata, orta aylıq əməkhaqqının məbləği isə 3,5 dəfə artaraq 68 manatdan 235 manata qalxıb. Cari ilin 6 ayında isə orta aylıq əməkhaqqının məbləği 260 manat təşkil edib.
Əhalinin sosial rifahının yaxşılaşması şəxsi vəsait hesabına tikilən fərdi yaşayış sahələrinin də artmasına səbəb olub. Əgər 2004-cü ildə əhalinin şəxsi vəsaiti hesabına 28 min kvadratmetr yaşayış sahəsi tikilibsə, 2008-ci ildə və cari ilin 6 ayında bu göstərici 6 dəfə artaraq 184 min kvadratmetr olub. Əldə olunan inkişaf öz növbəsində bir vaxtlar müxtəlif səbəblərdən Muxtar Respublikanı tərk etmiş vətəndaşların geri qayıtmasına, əhali artımına və məskunlaşmaya da öz təsirini göstərib. Son 5 il yarım ərzində Naxçıvan Muxtar Respublikasının əhalisi 20 min nəfər artıb, əhalinin ümumi sayı isə 400 minə çatıb.
Dövlət başçısı İlham Əliyev Naxçıvan MR-in inkişafına toxunaraq söyləyib ki, Muxtar Respublikada ən müasir infrastruktur yaradılır: “Mən dünən Naxçıvanda yeni tikilmiş, yaxud da ki, təmir edilmiş bir neçə obyektin, o cümlədən, Heydər Əliyev Sarayının yenidən qurulmasından sonra açılışında iştirak etdim. Bu gün Heydər Əliyev Sarayında əsaslı təmirdən sonra birinci tədbirdir. Əlbəttə ki, bu tədbir məhz Naxçıvan Muxtar Respublikası ilə bağlı olmalı idi. Mən çox şadam ki, Naxçıvan Muxtar Respublikasının 85-ci ildönümünü biz bu gözəl sarayda - ulu öndər Heydər Əliyevin adını daşıyan sarayda qeyd edirik. Dünən, eyni zamanda, Naxçıvanda həm sənaye müəssisələrinin, həm də sosial obyektlərin açılışı olub. çox gözəl Doğum Mərkəzinin açılışı olub. Şərurda yeni, müasir Olimpiya Kompleksinin açılışında iştirak etdim. Şahmat məktəbi, “Badamlı” zavodu, Heydər Əliyev Sarayı - ancaq bir gündə bir neçə gözəl, müasir obyektin açılması bir daha onu göstərir ki, Naxçıvan çox uğurla, çox sürətlə inkişaf edir. Bunu Naxçıvan sakinləri görürlər, bilirlər, eyni zamanda, mən əminəm ki, Bakıdan gəlmiş qonaqlar bu gün bunu görə biləcəklər. Mən hər il Naxçıvanda oluram və hər dəfə Naxçıvanda gördüyüm dəyişikliklər məni ürəkdən sevindirir, çox sevindirir. Naxçıvan ən müasir şəhərə çevrilibdir. Naxçıvan Muxtar Respublikasında ən müasir infrastruktur yaradılır, sosial obyektlərin tikintisi geniş vüsət alıbdır. Məktəblər, xəstəxanalar tikilir. Naxçıvanda sənaye obyektlərinin tikintisi uğurla gedir və artıq Muxtar Respublikanın çox önəmli ixrac potensialı yaradılır. Kənd təsərrüfatının inkişafında böyük işlər görülübdür. Naxçıvan özünü taxılla təmin edir. Burada son illər ərzində istifadəyə verilən emal müəssisələri Naxçıvanın tələbatını ödəyir və eyni zamanda, böyük ixrac potensialını yaradır. Vayxır su elektrik stansiyasında istehsal olunan elektrik enerjisi Naxçıvanın enerji potensialını gücləndirir. Orada yaradılmış dəryaça Naxçıvanın suvarma problemlərini həll edir. Muxtar Respublikada yaradılmış elektrik stansiyaları həm daxili tələbatı tam şəkildə ödəyir, eyni zamanda, Naxçıvan bu gün qonşu Türkiyəyə elektrik enerjisi ixrac edir. O Naxçıvan ki, əvvəllər qaranlıq, zülmət içində yaşayırdı. Bu gün Naxçıvan nurlu, işıqlı şəhərdir. Naxçıvanın ixrac potensialı gündən-günə artacaqdır.
Naxçıvanda qazlaşdırma prosesi tamamilə başa çatıb. On üç il fasilədən sonra 2005-ci ilin sonunda Naxçıvana qazın verilməsi bərpa edildi. Biz dünən Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi haqqında konkret qərarlar qəbul etdik. Naxçıvanda tikiləcək böyük həcmli qaz anbarları qış aylarında Muxtar Respublikanı dayanıqlı qazla təmin etmək üçün imkan yaradacaqdır. Bütün bunlar muxtar respublikanın iqtisadi və sənaye potensialını gücləndirir, Naxçıvanda çox geniş quruculuq, abadlıq işləri aparılır, şəhər gözəlləşir, yeni binalar tikilir, köhnə binalar təmir edilir. Bir sözlə, hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla haqlı olaraq fəxr edə bilər”.

Göründüyü kimi, Azərbaycanın inkişaf və tərəqqisindən güc alan Naxçıvan Muxtar Respublikası uğurlu yol keçib. Bunun nəticəsini təkcə rəqəmlərdə yox, eyni zamanda, real həyatda, Naxçıvan MR-in şəhər və rayon mərkəzlərinin, kəndlərinin dəyişən simasında, tikilən infrastruktur obyektlərində, insanların firavanlığının, həyat şəraitinin yaxşılaşmasında görürük. Bu inkişafa öz töhfəsini verənlərin əməyi yüksək qiymətləndirilib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 14 nəfər orden, 204 nəfər medallarla təltif olunub, 100 nəfər müxtəlif fəxri adlara layiq görülüb. Həmçinin, dövlətimizin başçısı tərəfindən 12 nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 33 nəfər isə Prezident mükafatına layiq görülüb. Bundan başqa, 160 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunub.
Naxçıvan Muxtar Respublikasının 85 il ərzində keçib gəldiyi yol, ondan çıxarılan nəticə bir daha təsdiqləyir ki, xilasımız və inkişafımız Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1527 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30