Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi uğurlu nəticələr verir

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi uğurlu nəticələr verir

18.11.2017 [00:10]

Prezident İlham Əliyev: İqtisadiyyatın şaxələndirilməsi istiqamətində bundan sonra da ardıcıl siyasət aparılacaq
Neftin aşağı qiymətləri dönəmi qlobal miqyasda bir sıra mənfi tendensiyalarla müşayiət olunmaqdadır. Belə ki, iqtisadiyyatı neft amili ilə bu və ya digər dərəcədə bağlı olan ayrı-ayrı ölkələrdə iqtisadi aktivliyin aşağı düşməsi, mal və xidmətlərə istehlakın azalması, iş yerlərinin, əmək haqlarının, pensiyaların, sosial müavinətlərin ixtisara salınması acı fəsadlar verməkdədir.
Deyilənlər baxımından Azərbaycanın mənzərəsi tamam fərqlidir. Son 14 ildə dünyada ən yüksək inkişaf dinamikasına malik olan, iqtisadiyyatı üç dəfədən çox genişlənən ölkəmiz yeni iqtisadi şəraitdə də inkişafın ardıcıllığını təmin etmək əzmi nümayiş etdirir. Azərbaycan dünyanın elə nadir ölkələrindəndir ki, burada yeni şəraitdə nəinki respublikanın infrastruktur təminatının möhkəmlənməsinə, insanların rifah halının yaxşılaşmasına yönələn proqramlar ixtisara salınmayıb, əksinə, dövlət yeni sosial təşəbbüslərlə çıxış edib.
Əlbəttə, indiki heç də asan olmayan şəraitdə Azərbaycanın sosial-iqtisadi inkişafla bağlı müəyyənləşdirilən hədəflərə çatmasını şərtləndirən bir sıra amillər sadalamaq mümkündür. Belə amillər sırasında respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsini xüsusi qeyd etmək lazımdır.
Qeyri-neft sektorunda istehsal imkanları genişlənir
Hər bir ölkənin uğurlu inkişafı ilk növbədə aparılan siyasətin məqsədyönlülüyündən və hədəflərin düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanın mənzərəsinə istinadən qətiyyətlə demək mümkündür ki, son 14 ildə ölkəmiz bütünlüklə iqtisadiyyatın şaxələndirilməsinə istiqamətlənib. Ötən illərdə möhkəm daxili sabitliyi ilə fərqlənən Azərbaycanda ölkəyə gələn böyük həcmlərdə neft gəlirləri məqsədyönlü şəkildə milli mənafe baxımından strateji mahiyyət kəsb edən irimiqyaslı infrastruktur layihələrinin, neftdənkənar iqtisadiyyat üzrə yeni proqramların reallaşdırılmasına yönəldilib. Ümumiyyətlə, respublikamız Prezident İlham Əliyevin möhkəm siyasi qətiyyəti sayəsində elə bir uğurlu iqtisadi inkişaf modeli seçib ki, burada neft amili heç də həlledici, dominant rol oynamır, əksinə, ağırlıq mərkəzi, çəkici qüvvə tədricən qeyri-neft sektoruna keçir.
Yeni iqtisadi şəraitdə Azərbaycan iqtisadiyyatının qlobal mənfi təsirlərə yüksək dayanıqlılıq nümayiş etdirməsi də ilk növbədə ölkəmizdə zamanında neftdənkənar sahələrin inkişafına münbit zəmin formalaşdırılması ilə bağlıdır. Məlumdur ki, müstəqillik illərində respublikamızda böyükhəcmli dövlət investisiyaları hesabına irimiqyaslı su, yol-nəqliyyat və digər layihələr reallaşdırılıb. Şəmkirçay, Taxtakörpü, Tovuzçay kimi su anbarlarının istifadəyə verilməsi Azərbaycanın güclü dövlət olduğunu təsdiqləyir. Təkcə cari ildə dövlət vəsaiti hesabına 150 min hektardan çox ərazinin meliorativ vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulub və bu proqram 2018-ci ildə də eyni intensivliklə davam etdiriləcək. Son 14 ildə ölkə boyu 11 min kilometrdən çox yol çəkilməsi, 2400 meqavoltdan artıq istehsal imkanlarına malik 26 elektrik stansiyasının inşası, respublika miqyasında qazlaşdırmanın 93 faizə çatdırılması Azərbaycanın yüksək səviyyəli infrastruktur quruculuğuna göstərdiyi böyük diqqətin əlamətidir. Dövlət vəsaiti hesabına qurulan belə müasir infrastruktur öz növbəsində respublikada iqtisadi inkişafa, qeyri-neft sektorunda aktivliyin artmasına müsbət təsir göstərir. Zamanında belə güclü infrastruktur yaradılmasa idi, bu gün ölkənin uğurlu iqtisadi inkişafından bəhs etmək mümkün olmazdı.
Azərbaycanda qeyri-neft sektorunun mühüm bir qolu kimi, sahibkarlığın inkişafı həm siyasi, həm də maddi cəhətdən dəstəklənir. 2004-cü ildən bəri respublikamızda çoxlu sayda sahibkarlıq subyektinə təxminən 2 milyard manat həcmində kreditlər ayrılıb ki, onların da böyük qismi regionların payına düşür. Belə davamlı dəstək tədbirləri sayəsində Azərbaycanın hərtərəfli və davamlı inkişafında özəl bölmənin xüsusi çəkisi getdikcə artır. Hazırda respublika üzrə ümumi daxili məhsul istehsalının təxminən 80 faizi özəl bölmənin payına düşür. Davamlı dövlət dəstəyi sayəsində ölkədə məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ümumiyyətlə, ölkədə sahibkarlar yeni layihələrin həyata keçirilməsində fəal iştirak edirlər.
Hazırda respublikamızda neftdənkənar iqtisadiyyatda mühüm yer tutan aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizin 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. İri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir. Respublikanın ayrı-ayrı bölgələrində bitkiçilik və heyvandarlıq istiqamətli 40-dək aqroparkın yaradılması güclü şəkildə təşviq olunur. Artıq ölkənin regionlarında 10 min hektar ərazidə yaradılan 2 aqropark uğurla fəaliyyət göstərir. Bunlar Xaçmaz rayonunda “Yalama Aqroparkı” və Qərb bölgəsində “Şəmkir Aqroparkı”dır. Yaradılan aqroparklar məhsul istehsalının bütün tsikllərini əhatə edir ki, bu da bölgələrdə torpaq fondundan daha səmərəli istifadə olunmasına və məhsuldarlığın artmasına müsbət təsir göstərir.
Ölkəmizdə neftdənkənar iqtisadiyyat üzrə uğurla həyata keçirilən sənayeləşmə siyasəti artıq öz bəhrəsini verir. Son illərdə respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olunub. Ümumiyyətlə, son 14 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 70 mindən çox müəssisə fəaliyyətə başlayıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 100-dən artıq sənaye layihəsi maliyyələşdirilib.
Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. Ötən il bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilib, neftdənkənar iqtisadiyyat üzrə 410 sənaye müəssisəsi açılıb. Hazırda Bakıda, Sumqayıtda, Mingəçevirdə və digər bölgələrdə yeni sənaye obyektlərinin tikintisi uğurla davam etdirilir, bir neçə bölgədə isə sənaye məhəllələri yaradılır.
Azərbaycan 2017-ci ilin 9 ayını müsbət sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurub. Ölkədə qeyri-neft iqtisadiyyatı 2,5 faiz artıb. Ən yaxşı göstəricilərdən biri 3,1 faiz olmaqla qeyri-neft sənayesində və 2,8 faiz olmaqla aqrar sektorda qeydə alınıb. Prezident İlham Əliyev noyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimindəki nitqində qeyri-neft iqtisadiyyatının mühüm pozisiyalarında yüksək göstəricilərin əldə olunmasından məmnunluq ifadə edərək vurğulayıb: “Kənd təsərrüfatı, qeyri-neft sektoru, qeyri-neft sənayesi sürətlə artır”.
Aparılan islahatlar qeyri-neft sektorunun inkişafına güclü təkan verib
Yeni şəraitdə Azərbaycanın mənzərəsi genişməzmunlu islahatlarla səciyyələnir. Birmənalı şəkildə demək mümkündür ki, respublikamızın indiki şəraitdə də uğurlar qazanmasının əsasında yeni iqtisadi modelə keçidin uğurla təmin edilməsi amili dayanır. Neftin aşağı qiymətləri dönəmində milli iqtisadiyyatımızda böhran meyillərinin uğurla dəf olunması və neftdənkənar sahələrin üstün inkişafının təmin edilməsi baxımından Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. İnstitusional sahə də daxil olmaqla müxtəlif istiqamətləri əhatə edən islahatlar, o cümlədən Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb.
Yeni şəraitdə Azərbaycanda aparılan islahatların böyük qismi özəl sektorda aktivliyin artmasına, ölkədə biznes mühitinin optimallaşdırılmasına yönəldilib. Respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə reallaşdırılan genişməzmunlu islahatlar sahibkarların yeni ideyalarını həyata keçirmələrinə və onların maddi imkanlarının daha da genişlənməsinə əlverişli iqtisadi mühit formalaşdırır. Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixində imzaladığı “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamı əsasında ölkəmizdə özəl bölmənin dəstəklənməsi məqsədilə kompleks tədbirlər intensiv şəkildə davam etdirilib.
Azərbaycanın qarşıya qoyduğu əsas məqsədlərdən biri neftdənkənar iqtisadiyyatın üstün inkişafını təmin etməklə bu sektordan ixracın həcmini artırmaqdır. Qeyd edək ki, ölkəmizdə aparılan islahatlar çərçivəsində həmçinin ixracın genişləndirilməsini hədəfləyən müvafiq tədbirlər həyata keçirilir. Ötən ildən ölkəmizdə beynəlxalq təcrübə əsas götürülməklə ixracın səmərəli təşviq mexanizmi işə salınıb ki, bu da ixracın stimullaşdırılması baxımından böyük önəm daşıyır. İxracın stimullaşdırılması ilə bağlı imzalanan sənədlərə uyğun olaraq, “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq edilib. Prezident İlham Əliyev ölkəmizdə aparılan islahatlara diqqət çəkərək vurğulayıb: “Qeyri-neft sektorunda isə xüsusilə bu il çox ciddi islahatlar aparılıb və ixracımız da kəskin artıb, doqquz ayın nəticələri çox müsbətdir”.
Qeyd edək ki, 2017-ci ilin ötən 9 ayında respublikamızın xarici ticarət dövriyyəsi 7 faiz artıb. Hazırda respublikamızdan ixrac idxalı böyük fərqlə üstələyir. Bunun nəticəsidir ki, ilin əvvəlindən bəri xarici ticarətdə 4,4 milyard dollar həcmində müsbət saldo yaranıb. Ölkəmizin xarici ticarət dövriyyəsində müsbət saldonun yaranmasında qeyri-neft məhsulları ixracının artması da mühüm rol oynayıb. Bəhs olunan dövrdə respublikamızdan qızıl ixracı 56 faiz, elektrik enerjisi ixracı 4,1 dəfə, alüminium ixracı 28 faiz, kimya sənayesi məhsulları ixracı 25 faiz, plastiklər ixracı 14 faiz, mis-filiz konsentratları ixracı 94 faiz, avadanlıqlar, mexaniki qurğular ixracı 48 faiz, mis və ondan hazırlanan məmulatların ixracı 54 faiz, toxuculuq məmulatlarının ixracı 92 faiz, elektrik avadanlıqları və hissələrinin ixracı 75 faiz, daş, gips, sement ixracı 34 dəfə artıb.
Cari ilin 9 ayında respublikamızdan xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracı da əhəmiyyətli dərəcədə genişlənib. Bəhs olunan dövrdə ölkəmizdən tərəvəz ixracı 68 faiz, o cümlədən pomidor ixracı 60 faiz artıb. Ümumiyyətlə, hazırda qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor ixracıdır. Təkcə cari ilin səkkiz ayında pomidor ixracından ölkəyə 128 milyon dollar valyuta daxil olub. Digər məhsulların ixracında da ciddi artımlar müşahidə edilir.
Yuxarıdakı statistik göstəricilər yeni iqtisadi modelin ölkəmizdə qeyri-neft sektorunun inkişafına necə güclü təsir göstərdiyi barədə konkret təsəvvür yaradır. Prezident İlham Əliyev bəyan edib ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasəti perspektivdə də davam etdiriləcək: “İqtisadiyyatın şaxələndirilməsi istiqamətində bundan sonra da ardıcıl siyasət aparılacaq. Bu siyasət öz nəticələrini verir. Bu gün neftdən asılılıq azalır”.
Neftin aşağı qiymətləri dönəmində valyuta ehtiyatlarının artması respublikamızın böyük uğurudur
Bu, bir həqiqətdir ki, lazımi həcmlərdə maliyyə vəsaiti olmadan böyük sərmayə tutumuna malik investisiya proqramlarını həyata keçirmək, o cümlədən sosial-iqtisadi inkişafı təmin etmək qeyri-mümkündür. Dünyadakı mənzərəyə nəzər saldıqda görürük ki, bir sıra hallarda ayrı-ayrı dövlətlər qarşıya çıxan problemlərini həll etmək, investisiya layihələrini reallaşdırmaq üçün bir növ asan görünən vasitələrə əl atırlar və daha çox xarici maliyyə qurumlarından aldıqları kreditlərlə iş görməyə çalışırlar. Beləliklə, ölkələr, xalqlar kəskin şəkildə borclanırlar. Bu borclar isə gələcək nəsillərin üzərində ağır yükə çevrilir, daim milli maraqları təhdid edir.
Azərbaycanın nümunəsində isə biz tamam fərqli mənzərənin şahidi oluruq. Respublikamız Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında o kursu seçib ki, ölkə xarici borclanmaya mümkün qədər az əl atmalıdır və öz inkişafını ilk növbədə daxili resursları, qazandığı maliyyə vəsaitləri hesabına təmin etməlidir. Belə məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycanın xarici borclanması ümumi daxili məhsulun çox az hissəsinə bərabər olmaqla kifayət qədər aşağı səviyyədədir. Yuxarıda vurğuladığımız kimi, son 14 ildə ölkəmiz böyük maliyyə tutumuna malik irimiqyaslı infrastruktur layihələrini məhz daxili imkanları hesabına həyata keçirib.
Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, respublikamız öz gücünə irimiqyaslı investisiya layihələrini reallaşdırmaqla paralel şəkildə, həm də strateji valyuta ehtiyatlarını artırmağa nail olub. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 42 miyard dollardan çoxdur ki, bu da ölkəmizin, xalqımızın özünəinam hissini daha da artırır.
Ölkənin valyuta ehtiyatlarının artması baxımından cari ilin arxada qalan doqquz ayı da istisna təşkil etməyib. Neftin aşağı qiymətləri dönəmində Azərbaycanın özünün valyuta ehtiyatlarını artırması çox uğurlu nəticədir. Buna isə respublikada qeyri-neft iqtisadiyyatının genişlənməsi, bu sektordan ixracın əhəmiyyətli dərəcədə artması öz müsbət təsirini göstərib. Prezident İlham Əliyev ötən 9 ayda valyuta ehtiyatlarımızın artmasından məmnunluğunu ifadə edib. Dövlət başçısı vurğulayıb ki, ölkəmizin maliyyə vəziyyəti bir çox ölkələr üçün əlçatmazdır: “Bizim valyuta ehtiyatlarımız artır, növbəti illərdə də artmalıdır. Valyuta ehtiyatlarımız bu ilin doqquz ayında 4,5 milyard dollar artıbdır. Neftin qiymətinin aşağı səviyyədə olmasını nəzərə alsaq, bu, çox böyük nailiyyətdir. Bu nailiyyət, eyni zamanda, onu göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir. Bir çox ölkələr üçün bizim maliyyə vəziyyətimiz əlçatmazdır. Təkcə onu demək kifayətdir ki, xarici dövlət borcumuz 20 faizin altındadır və valyuta ehtiyatlarımız ümumi daxili məhsula bərabərdir”.
Azərbaycan perspektivdə ölkəyə daha böyük həcmlərdə valyuta daxilolmalarını hədəfləyib. Neftin aşağı qiymətləri dönəmində bunun ən optimal yolu isə qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının genişləndirilməsidir. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “...Növbəti illərdə iqtisadi sahədə, regional inkişaf sahəsində, əlbəttə, islahatlar dərinləşəcək və bu, bizə imkan verəcək ki, qeyri-neft sektoru hesabına daha da böyük mənfəət əldə edək”.
Müasir texnologiyaların inkişafı gündəlikdə duran vacib məsələdir
Məlumdur ki, dünyanın qabaqcıl ölkələri hazırkı inkişaf səviyyəsinə ilk növbədə yüksək səviyyəli insan kapitalının yaradılmasına böyük diqqət göstərilməsi, o cümlədən də iqtisadiyyatda innovasiyaların, müasir texnologiyaların tətbiqinə geniş meydan verilməsi sayəsində nail olublar. Müasirləşməni strateji hədəf seçən Azərbaycan da məhz bu yolu tutub. Ölkəmizdə qabaqcıl təcrübənin, müasir idarəetmə texnologiyalarının, innovasiyaların tətbiqinə əsaslanan qeyri-neft iqtisadiyyatı quruculuğu güclü şəkildə təşviq olunur. Əlamətdar haldır ki, son illərdə respublikamızda neftdənkənar iqtisadiyyat üzrə bir sıra müasir sənaye obyektləri fəaliyyətə başlayıb. Respublikamızda nisbətən yeni sahə olan müdaifə sənayesi uğurla inkişaf edir. Qürurverici haldır ki, milli müdafiə sənayemizdə buraxılan yüksəkkeyfiyyətli məhsullar həm ordumuzun ehtiyacını ödəyir, həm də xarici bazarlara çıxarılır.
İnnovativ, yüksək texnologiyalı sənaye quruculuğuna göstərilən diqqət sayəsində Azərbaycanın kosmik dövlətə çevrilməsi də böyük nailiyyətdir. Ölkəmiz kosmik sənayeni inkişaf etdirməklə bir neçə məqsəd güdür. Bu, ilk növbədə yeni texnologiyaların ölkəmizə gətirilməsi deməkdir. Bundan başqa, kosmik sənaye inkişaf etdikcə bu sahədə çalışmağı bacaran milli kadrlar ordusu yetişir. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, hazırda “Azərkosmos” ASC sırf milli kadrlar tərəfindən idarə olunur. Deyilənlərdən başqa, respublikamız orbitə çıxartdığı peyklərinin xidmətlərini xarici ölkələrə satır ki, bu da respublikamıza əlavə valyuta daxil olması deməkdir. Paralel şəkildə, innovativ xidmətlər ixrac edən Azərbaycanın beynəlxalq imici getdikcə möhkəmlənir.
Qeyd edək ki, indiyədək iki peykimiz orbitə çıxarılıb. Prezident İlham Əliyev bildirib ki, üçüncü peykin orbitə çıxardılması da gündəlikdə duran məsələdir: “Azərbaycanda müasir texnologiyaların inkişafı da gündəlikdə duran məsələdir. Üçüncü süni peykin orbitə çıxarılması da gündəlikdə duran məsələlərdən biridir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30