Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dağlıq Qarabağ problemi ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər

Dağlıq Qarabağ problemi ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər

16.01.2018 [10:06]

Prezident İlham Əliyev: Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır
Məlum olduğu kimi, dünyanın əsas iqtisadi mərkəzlərindən biri hesab edilən Cənubi Qafqaz regionu Qərblə Şərqin qovşağında yerləşməklə mühüm strateji əhəmiyyət daşımaqdadır. Və təsadüfi deyil ki, son illər Azərbaycanın təşəbbüsü ilə reallaşan mühüm qlobal layihələr böyük perspektivlər vəd etməklə yanaşı, sözügedən regionun sabitliyinin təmin olunmasında da öz rolunu oynamaqdadır. Belə demək mümkündürsə, bu gün Cənubi Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin mövcudluğu öz növbəsində dünyanın iqtisadi tarazlığının qorunmasında da mühüm şərtlərdən birinə çevrilib. Lakin təəssüflər olsun ki, region ölkələrinin heç də hamısı öz siyasətlərində Cənubi Qafqazda sülh və sabitliyin qorunması amilinə üstünlük vermirlər. Daha doğrusu, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi dünya üçün mühüm əhəmiyyət kəsb edən bu regionda təhlükəsizliyə başlıca hədə olaraq qalmaqdadır. Artıq uzun illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan, təcavüzkar siyasət yürüdən Ermənistan bu gün Cənubi Qafqazda sabitliyə real təhlükədir. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı və ona bitişik rayonları işğal edən Ermənistan beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələri yerinə yetirmir. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin tələbləri təcavüzkar ölkə tərəfindən heçə sayılır.
Ancaq Ermənistandan fərqli olaraq Azərbaycan regionda sülh və sabitliyin tərəfdarıdır. Ölkəmiz bu münaqişənin sülh yolu ilə həlli üçün lazım olan bütün səyləri göstərir. Bununla belə dəfələrlə bəyan edildiyi kimi Ermənistan münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə mane olmaqda davam edəcəyi təqdirdə Azərbaycan güc yolu ilə torpaqlarını düşmən işğalından azad edəcək.
Elə geridə qoyduğumuz 2017-ci ildə də xarici siyasət kursumuzun əsas prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar bir daha Azərbaycan dövlətinin qüdrətini və sülhpərvərliyini ortaya qoydu. Belə ki, 2017-ci ildə dünyanın aparıcı ölkələri, o cümlədən beynəlxalq təşkilatlar növbəti dəfə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiqləyərək, Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdıqlarını bəyan ediblər.
Dünya ictimaiyyəti Dağlıq Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu qəbul edir
Beləliklə, Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət kursu bu gün dünyanın aparıcı ölkələrinin, eləcə də beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanşmasını təmin edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uğurlu xarici siyasət sayəsində dünya ictimaiyyəti Dağlıq Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu qəbul edir və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Bunun nəticəsidir ki, təcavüzkar Ermənistanın bütün cəhdlərinə baxmayaraq, işğal altında olan torpaqlarımızda yaradılan separatçı rejim, onların keçirdiyi qondarma “seçkilər” heç bir beynəlxalq qurum tərəfindən tanınmır, separatçı rejimin bütün siyasi hərəkətləri qeyri-qanuni adlandırılır və Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğu vurğulanır. Yeri gəlmişkən, yanvarın 10-da ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən dövlət başçısı bildirib ki, bizim prinsipial mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanan mövqedir və daha çox beynəlxalq dəstək qazanan mövqedir. Prezident İlham Əliyev qeyd edib ki, bunu əks etdirən bir neçə önəmli hadisə olub: “Onlardan biri Dağlıq Qarabağda separatist rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmamasıdır. Həm qonşu ölkələr, həm Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar “referendum”un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək getdikcə daha da artır”.
Azərbaycanın xarici siyasət sferasında ötən il əldə etdiyi digər və əhəmiyyətli nailiyyətlərdən biri isə Avropa İttifaqı tərəfindən ölkəmizin ərazi bütövlüyünün növbəti dəfə təsdiqlənməsi və dəstəklənməsi faktıdır. Belə ki, qurumun “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamə bunu deməyə əsas verir. Qeyd edilməlidir ki, Bəyannamədə “Şərq tərəfdaşlığı” Proqramına üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənir. Bu mənada, Avropa İttifaqı Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu növbəti dəfə elan etmiş oldu. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev qeyd edib ki, ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə də “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənmişdir: “Bu, işğalçı Ermənistana növbəti zərbə olmuşdur. Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar”.
Azərbaycanın ərazi bütövlüyü məsələsi danışıqlar predmeti deyil
Bəli, Azərbaycan dövləti birmənalı şəkildə öz ərazi bütövlüyünü danışıqlar predmeti hesab etməyib və etmir. Eyni zamanda, bir sıra məsələləri özü üçün manipulyasiya vasitəsi hesab edən və qeyri-konstruktiv mövqeyi ilə seçilən təcavüzkar ölkə bir neçə il öncə danışıqlardan imtina edir, daha doğrusu, yayınır, özünün maraqlarına xidmət edən şərtlər irəli sürürdü. Ümumiyyətlə, qeyd olunmalıdır ki, bütün beynəlxalq hüquq normalarını pozan, müstəqil dövlətin sərhədlərini zorla dəyişdirməyə cəhd edən Ermənistan münaqişənin tənzimlənməsi prosesində hər zaman qeyri-konstruktiv mövqe tutub. Yəni danışıqlar prosesində dəfələrlə imitativ manevrlərə cəhd göstərən, Azərbaycanın nizamlanma prosesindəki birmənalı mövqeyini bilə-bilə provakasion bəyanatlar verən rəsmi Yerevan müxtəlif yollarla sülh danışıqlarını pozmaq üçün cəhdlər götərir. Amma bu, faktdır ki, atdığı addımlarla işğalçı ölkə özü özünü dalana dirədiyinin fərqindədir. Belə ki, istər iqtisadi, istərsə də hərbi cəhətdən ölkəmizdən qat-qat zəif olan Ermənistan dərk edir ki, əgər danışıqlar vasitəsilə münaqişənin həllində nəticə əldə olunmazsa, Azərbaycan öz hərbi gücündən istifadə edəcək və bu da işğalçı ölkə üçün ağır nəticələr vəd edir. Vurğulandığı kimi, belə vasitələrlə münaqişənin ömrünü uzatmağa çalışan Ermənistan rəhbərliyi Azərbaycanın hər hansı bir şərti qəbul etməyəcəyini, ən əsası isə, ərazi bütövlüyü məsələsində qəti mövqedə olduğunu bilir. Yeri gəlmişkən, 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təmas xəttində törətdiyi təxribatların qarşısını rəşadətlə alması, düşmənin böyük itkilər verərək geri çəkilməsi, Lələtəpənin və digər işğal altında olan ərazilərimizin azad olunması işğalçı ölkəni yenidən qeyd-şərtsiz olaraq danışıqlar masasına qaytardı.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, 1994-cü ildə həyata keçirilən Horadiz əməliyyatından sonra 2016-cı ilin aprel döyüşləri ilk dəfə idi ki, Azərbaycan xalqına qələbə zəfəri yaşadırdı. Məlumat üçün bildirək ki, Horadiz əməliyyatı Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Məhz 1994-cü ildə Ulu öndərin çağırışından sonra genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi və dahi rəhbərin xeyir-duası ilə hücum əməliyyatları təşkil olundu. Daha doğrusu Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə ordumuzda və xalqımızda qələbəyə inam yarandı və bundan ruhlanan döyüşçülərimiz uğurlu hücum əməliyyatları ilə Füzuli rayonunun Horadiz qəsəbəsini və 20 kəndi, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini Ermənistan ordusunun işğalından azad etdi. Ağır itkilər verən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur oldu. Məhz uğurlu Horadiz əməliyyatının davamı sayılan 2016-cı il döyüşlərində Lələtəpə yüksəkliyinin və digər strateji nöqtələrin düşmən tapdağından azad edilməsi nəticəsində isə bir sıra kəndlərimizə, o cümlədən Cocuq Mərcanlıya tam şəkildə nəzarət etmək imkanı əldə etdik. Bu isə düşmənə növbəti mesaj oldu. Beləliklə, işğala məruz qalsa da, hər zaman sülhpərvər mövqeyi ilə seçilən Azərbaycan bir daha öz gücünü ortaya qoyaraq problemi danışıqlar masasından kənarda da həll etmək iqtidarında olduğunu nümayiş etdirdi. Bunun nəticəsi idi ki, Ermənistan yenidən danışıqlar masasına qayıtdı.
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan son iclasındakı nitqində bu məsələyə də toxunan Prezident İlham Əliyev bildirib ki, müxtəlif şərtlər irəli sürən Ermənistan heç bir şərt olmadan danışıqlar masası arxasına oturmağa məcbur olmuşdur: “Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir”.
Azərbaycan Ordusu bu gün dünyanın aparıcı ölkələrinin orduları ilə müqayisə olunur, hərbi gücümüz ildən-ilə artır
Vurğulandığı kimi, Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər dövlətimizin çoxşaxəli inkişafının təməlini təşkil edir. Bu gün Azərbaycan əlində olan iqtisadi imkanlardan istifadə edərək öz müdafiə sənayesini, hərbi gücünü, ordumuzun təchizatını yeniləndirir, müasirləşdirir. Azərbaycan ordusu günü-gündən güclənir və bu da işğalçı Ermənistan tərəfindən olduqca təlaşla qarşılanır. Belə ki, Azərbaycanın hərbi xərclərə ayırdığı vəsaitin Ermənistanın ümumi büdcəsindən artıq olması, ölkəmizin istehsal etdiyi müdafiə sənayesi məhsullarına beynəlxalq bazarlarda tələbatın artması, ən yeni silah-sursatları əldə etməyimiz işğalçı ölkəni narahat etməkdədir. Digər tərəfdən, özü haqqında yalan mif yaratmaqda “peşəkar” olan ermənilərin 2016-cı ilin aprelində bütün danışdıqlarının sabun köpüyü olması bir daha təsdiqləndi. Azərbaycan Ordusunun bölmələrinin erməni təxribatlarına verdiyi layiqli cavab düşməni daha dərindən düşünməyə vadar edir. Artıq Ermənistan rəhbərliyi də anlayır ki, Azərbaycan Ordusu hər an Dağlıq Qarabağı azad etmək qüdrətində olan bir ordudur.
Bəli, Azərbaycan Ordusu bu gün dünyanın aparıcı ölkələrinin orduları ilə müqayisə olunur, hərbi gücümüz ildən-ilə artır. Bu gün Azərbaycan Ordusu yalnız silah sursatları ilə deyil, kadr potensialına və təchizatına görə də öndədir. Vurğulamaq lazımdır ki, istər cəbhəyanı rayonlarımızda, istərsə də digər regionlarımızda hərbi kadrların sosial müdafiəsi istiqamətində mühüm addımlar atılır, evlər tikilir, hərbi şəhərciklər salınır. Həmin şəhərciklər isə müasirliyi ilə seçilir. O cümlədən, tikilən əsgər kazarmaları da müasir standartlara cavab verir. Bu gün əsgərlərin qidalanmasında, eləcə də digər ləvazimatlarla təmin olunmasında heç bir problem yaşanmır. Hərbi hissələrdə keçirilən açıq qapı günlərində ölkə vətəndaşları hərbi xidmətdə olan övladlarının yaşadığı mühitlə, qidalanması və digər məsələlərlə yerində tanış ola bilirlər. Elə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezident İlham Əliyev də vurğulayıb ki, ölkəmizin hərbi gücü ildən-ilə artmaqdadır: “Təbiidir ki, biz hərbi gücümüzü də artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir”.
Heç şübhəsiz, Azərbaycan dövləti bu görülən işləri uğurla davam edir və hərbi sahəyə diqqət və qayğısı ildən-ilə artmaqdadır. Qeyd edək ki, müdafiə sənayesinə ayrılan büdcə vəsaiti ölkəmizdə 2018-ci ildə də bu sahənin daha dinamik inkişafını təmin etməsinə şərait yaradır. Eləcə də, bu gün dünyanın əksər ölkələrində keçirilən hərbi sənaye məhsulları sərgilərində uğurla çıxış edən Azərbaycanın istehsal etdiyi məhsullar diqqət cəlb etməkdədir. Bir çox dövlətlər 2017-ci ildə də bu məhsulları əldə etmək üçün ölkəmizlə əlaqələr yaradıb, Azərbaycanın müdafiə sənayesi məhsullarını ölkəsinə idxal edib. Bununla yanaşı, Azərbaycan Ordusunun bölmələri ötən ildə olduğu kimi, uğurlu hərbi təlimlərini davam etdirir. Silahlı Qüvvələrimizin bölmələri bu gün dünyanın ən dəqiq və çətin təlim proseslərini həyata keçirir. Təbii ki, bu yolda dövlətimizin göstərdiyi diqqət öz sözünü deməkdədir. Belə ki, Prezident İlham Əliyev qarşıdakı dövrdə də hərbi sahənin inkişafı üçün bütün addımların atılacağını bildirib. Dövlət başçısı yeni silahlar alınması üçün vəsaitlərin ayrılacağını vurğulayıb: “Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa, vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq, heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir”.
Beləliklə yuxarıda da qeyd olunduğu kimi, bu gün Azərbaycan dövləti özünün ərazi bütövlüyünü təmin etmək üçün bütün gücünü səfərbər edib. İqtisadi nailiyyətlərimiz, xarici siyasət sahəsində əldə olunan uğurlar birmənalı şəkildə yeganə ümummilli problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə köklənib. Ölkə Prezidentinin də bəyan etdiyi kimi, Azərbaycan dövləti bu işğalla barışmayacaq və yaxın gələcəkdə bayrağımız Şuşada, Xankəndində və digər işğal altında olan torpaqlarımızda dalğalanacaq.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 501 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31