Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gəncə hadisələri: idarəedilən xaos kimə və nə üçün lazımdır?

Gəncə hadisələri: idarəedilən xaos kimə və nə üçün lazımdır?

14.07.2018 [10:18]

Bəşəriyyət çoxəsrlik tarixində heç vaxt indiki qədər mürəkkəb xarakterə malik olmamışdır. Belə bir şəraitdə dünya siyasəti və beynəlxalq münasibətlər sistemi də kifayət qədər mürəkkəb daxili struktura və paradoksallığa malikdir.
Milli dövlətlərin suverenliyi real hədəf kimi...
Beynəlxalq müstəvidə ziddiyyət, rəqabət, konfrantasiya-qarşıdurma və əməkdaşlıq kontekstində cərəyan edən proseslərin fonunda meydana çıxmış təhdidlərin başlıca istiqamət və hədəfi məhz milli dövlətlərdir. Bu kontekstdə ali geosiyasi iradəyə malik olan milli dövlətlərin suverenliyi və strateji maraqları müxtəlif mərkəzlər tərəfindən başlıca “hədəf nöqtəsi” kimi müəyyənləşdirilib. Həmin güc mərkəzləri müstəqil strateji kursa malik olan regional aktorları - milli dövlətləri öz geosiyasi iradələrinə tabe etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bunlar sırasında milli-etnik və dini zəmində qarşıdurma yaratmaq, əhalini kütləvi itaətsizliyə çağırmaq, terror aktı törətmək, ictimai şüurla manipulyasiya edərək cəmiyyətdə çaşqınlıq yaratmaq kimi qeyri-bəşəri metodlar xüsusi yer tutur...
Dini çalarların və ictimai-sosial amillərin məqsədli şəkildə qabardıldığı Gəncə hadisələrinin əsl motivi nədir?
Sirr deyil ki, regional güc mərkəzi olan, sivilizasiyalararası dialoqa fundamental töhfələr verən, etibarlı strateji tərəfdaş kimi tanınan Azərbaycanın müstəqil siyasət həyata keçirməsi və öz milli maraqlarını qətiyyətlə qoruması bəzi geosiyasi dairələr tərəfindən narahatlıqla qarşılanır. Həmin qüvvələr öz maraqları və ambisiyaları naminə Azərbaycanın müstəqil siyasətini və suverenliyini məhdudlaşdırmaq üçün müxtəlif təsir və təzyiq vasitələrinə istinad edirlər. Məhz bu günlərdə baş verən Gəncə hadisələri də Azərbaycanın səmərəli, məqsədyönlü, praqmatik daxili və xarici siyasət kursundan narahatlıq keçirən anti-Azərbaycan dairələr tərəfindən təşkil və icra edilmişdir. İlk baxışda guya dini çalarlar və ictimai-sosial narazılıqlar fonunda təqdim edilməyə çalışılmış bu hadisələr, əslində, məişət zəminində baş vermiş hadisə olmayıb, bilavasitə Azərbaycan dövlətini hədəfə alan mütəşəkkil terror aktıdır. Din pərdəsi arxasında gizlənmiş təxribatçıların məqsədi məhz hadisənin motivi ilə bağlı cəmiyyətdə çaşqınlıq yaratmaq olub. Bütün bunları daha aydın təsvir etmək üçün hadisələrin xronikası və dinamikasına nəzər yetirək...
Əvvəlcə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış xarakterli videomüraciətin hazırlanması, daha sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısına qarşı cinayət aktının həyata keçirilməsi, bunun ardınca bəzi marginal şəxslərin - təxribatçıların vətəndaşları itaətsizliyə çağırması, nəhayət, xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin - yüksək rütbəli polis əməkdaşlarının qətlə yetirilməsi bu prosesdə bilavasitə Azərbaycan dövlətinin hədəfə alındığını göstərir. Yəni bütün bunlar məişət zəminində və ictimai-sosial amillər əsasında törədilmiş cinayət hadisəsi deyil, Azərbaycan xalqı və dövlətinə qarşı həyata keçirilmiş terror aktıdır.
Ən əsası, Şərqdə ilk demokratik respublika olan - Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd edildiyi bir dönəmdə Cümhuriyyətin ilk paytaxtı olan Gəncə şəhərində bu hadisələrin baş verməsi ambisioz qrupların “hədəf oxu”nun milli dövlətçiliyimizə tuşlandığını göstərir...
“Xüsusi ideoloji təyinatlılar”ın informasiya təxribatı...
Digər bir mühüm nüans: təəssüflər olsun ki, sosial şəbəkələrdə, müxtəlif internet saytlarında ölkəmizin Konstitusiya quruluşunu dəyişmək üçün təxribatçı və illeqal fəaliyyət göstərənlərin hüquqazidd əməllərinin bəzi marginal ünsürlər tərəfindən dəstəklənməsi çağırışları da meydana çıxıb ki, bu, tamamilə yolverilməzdir. Bu, bilavasitə Azərbaycan xalqı və dövlətini hədəfə almaqla yanaşı, hüquqi dövlətin əsaslarını dağıtmağa xidmət edir. Belə təxribatçılar zorakı yollarla xalqın dövlətə qarşı radikal çıxışlarını təşkil etməyə, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamağa və ölkəni Liviyaya, Suriyaya çevirməyə çalışıblar. Onlar Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdi - cinayət əməlini xalqın qəzəbi kimi qələmə verməyə, vətəndaşları itaətsizliyə çağıraraq terror və qarşıdurmanı alovlandırmağa çalışıblar. Elə iyulun 10-da polis əməkdaşlarına qarşı törədilmiş qəddar cinayətə bəraət qazandırmağa yönəlik informasiyaların xaricdən idarə olunan müxtəlif internet resurslarında yayılması da Azərbaycanın ciddi və koordinasiya olunmuş təxribatla qarşı-qarşıya olduğunu göstərdi. Bütün bunlar onu ifadə edir ki, həmin şəxslər və resurslar “xüsusi ideoloji təyinatlılar” olaraq informasiya cəbhəsində təxribatlar törətmək vəzifəsi və missiyası daşıyırlar.
Şübhəsiz ki, ölkədə radikal islamçılara, onların nəzarətində olan və xaricdən gələn təlimatlar əsasında dövlətin hüquqi əsaslarına qarşı sistemli çağırışlar edən, cəmiyyətdə dini, milli ayrıseçkilik toxumu səpməyə çalışan saytlara, sosial şəbəkə istifadəçilərinə qarşı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülməlidir.
Azərbaycan xalqına və dövlətinə qarşı düşmən münasibəti bəsləyən antimilli ünsürlər növbəti dəfə ifşa edildi
Bunlara paralel olaraq Azərbaycan xalqına və dövlətinə qarşı düşmən münasibəti bəsləyən bir sıra ünsürlər növbəti dəfə ifşa edildi və cəmiyyətimiz tərəfindən ciddi qınaq və hiddətlə qarşılandı. Məsələn, terror aktı törətmiş Yunis Səfərovu az qala “qəhrəman” elan edən, iğtişaşlara, qanuni hakimiyyəti devirməyə çağıran, bu baş tutmadıqda isə hadisələrin başvermə səbəbləri ilə əlaqədar müxtəlif versiyalar uyduran xaricdəki antimilli ünsürlər - Qənimət Zahid, Arif Məmmədov, Orduxan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqlı kimilərinin xalqımıza və dövlətimizə qarşı münasibəti, onların kimə və hansı məqsədlərə xidmət etdiyi bir daha aşkar oldu. Həmin antimilli ünsürlər cəmiyyətdə ajiotaj yaratmaq məqsədilə müxtəlif manipulyasiyalara yol verdilər.
Daha güclü Azərbaycan naminə... Yaxud bundan sonra da istənilən təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınacaq
Azərbaycanda etibarlı sabitlik və təhlükəsizlik mühiti hökm sürür. Ölkəmizdə sabitliyin pozulması və xaosun yaranmasında maraqlı olan qüvvələrin planları iflasa məhkumdur. Sonuncu hadisələrin fonunda müəyyən təxribatçı qüvvələrin məkrli niyyətlərinin qarşısı müvafiq dövlət strukturları tərəfindən məharətlə alındı və əminliklə söyləmək olar ki, bundan sonra da istənilən təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınacaqdır.
Nəhayət, bütün bu proseslərin fonunda üzərində durulması müstəsna əhəmiyyət kəsb edən bir ümummilli məsələ var: bu dövlət hər bir Azərbaycan vətəndaşının və azərbaycanlınındır. Siyasi əqidəsindən - mövqeyindən, sosial statusundan asılı olmayaraq hər bir azərbaycanlı öz dövlətinə sahib çıxmalı, milli maraqların və müstəqil dövlətçiliyin keşiyində durmalıdır. Bu, ölkəmizdə vətəndaş-dövlət birliyi - vəhdəti və həmrəyliyini sıradan çıxararaq Azərbaycanı siyasi-ideoloji poliqona çevirmək istəyənlərə ən layiqli cavabımız olar. Bir sözlə, daha güclü Azərbaycan naminə həmrəy olaq!
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 405 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31