
Son vaxtlarda ölkəmizə gələn neft gəlirlərinin artması və qeyri-neft sektorunda inkişaf dinamikasının yüksək olması milli valyutanın kursunun sabit qalmasını şərtləndirən çox mühüm amillərdir
Son günlərdə bəzi ölkələrdə milli valyutaların xarici mənfi təsirlərə məruz qalması, ABŞ dollarına nisbətdə dəyər itirməsi kontekstində Azərbaycanda da dövriyyəyə konyunktur xarakterli şayiələr buraxılır. Sosial şəbəkələrdə, eləcə də radikal müxalifət düşərgəsinin nəzarətində olan KİV-lərdə heç bir əsaslı arqument gətirilmədən iddia edilir ki, guya ayrı-ayrı xarici ölkələrdə müşahidə edilən milli valyutaların kursunun sərbəst dönərli ABŞ dollarına münasibətdə aşağı düşməsi prosesi Azərbaycandan da yan ötməyəcək və manat dəyər itirəcək, inflyasiya artacaq.
Perspektivdə milli valyutanın dəyər itirəcəyi gözlənilmir
Bu və ya digər ölkədə həyata keçirilən monetar siyasət həmin ölkənin iqtisadi potensialına və maliyyə imkanlarına bağlı olan bir məsələdir. Başqa sözlə desək, hansısa bir ölkədə milli valyutanın kursu ilk növbədə milli iqtisadiyyatda müşahidə edilən enmə və yaxud yüksəlmə tendensiyalarına adekvat şəkildə müəyyənləşir və ya tənzimlənir. Bu sadə məntiq baxımından da bəzi xarici ölkələrdə baş verən proseslərin Azərbaycanda da təkrarlanacağını söyləmək absurddur və özündə qərəzli mahiyyət ehtiva edir. Belə şayiələri yayanların məqsədi ölkədə aparılan davamlı islahatlara kölgə salmaqdan, insanlarda narahatlıq yaratmaqdan, milli valyutaya inamı azaltmaqdan ibarətdir.
Azərbaycan güclü iqtisadi dayaqlara malik olan ölkədir. Eyni zamanda, ölkəmiz yeni şəraitdə də özünün dinamik inkişafını davam etdirmək əzmi ortaya qoyub. Azərbaycan aparılan uğurlu siyasət sayəsində xarici mənfi təsirləri uğurla dəf edir. Necə deyərlər, ölkəmizin özünəxas olan müsbət reallıqları var və bu reallıqlar da milli valyutamıza olan təzyiqləri preventiv vasitələrlə önləməyə imkan verir. Bunu son bir neçə ildə manatın kursunun sabit qalması bir daha təsdiqləyir. Eyni zamanda, ölkəmizdə perspektivdə milli valyutanın dəyər itirəcəyi ilə bağlı hər hansı bir gözlənti yoxdur.
Manatın kursunun uzun müddət ərzində sabit qalması insanlarda milli valyutamıza inamı artırıb. Son vaxtlarda banklarda insanların özlərinin sərbəst yığımlarını manatla etmələri xüsusilə diqqət çəkir. Mütəxəssislər bildirirlər ki, banklara manatla qoyulan depozitlərin həcminin artması ölkədə milli valyutaya inamın artmasının təzahürüdür.
Hazırda Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir. Mərkəzi Bankın sədri Elman Rüstəmovun vurğuladığı kimi, 2018-ci ilin ötən dövründə inflyasiya hədəf dəhlizindən aşağı olmaqla azalma trendini saxlayıb, tədiyyə balansı profisitli olub, iqtisadi aktivlik üzrə müsbət dinamika qorunub. 2018-ci ilin 6 ayında orta illik inflyasiya 3 faiz təşkil etməklə elan edilmiş hədəf dəhlizindən aşağıda qərarlaşıb. İnflyasiya səviyyəsinin aşağı düşməsini manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, pul təklifinin optimal səviyyədə idarə olunması, inflyasiya gözləntilərinin azalması və mövsümi faktorlar şərtləndirir. Mərkəzi Bankın sədri diqqətə çatdırıb ki, ev təsərrüfatları və real sektor müəssisələri arasında aparılmış monitorinqlər inflyasiya gözləntilərinin son illər üzrə minimum səviyyədə qaldığını göstərir.
Manatın kursuna hər hansı təhdidlər yaransa idi, ölkədə inflyasiyanın hədəf dəhlizindən aşağı olmaqla azalma trendini saxlamasından söhbət belə açmaq mümkün olmazdı. Mütəxəssislərin qənaəti belədir ki, manatın ucuzlaşacağı ilə bağlı yayılan şayiələrin hər hansı bir əsası yoxdur. Əksinə, son vaxtlarda dünyada və qonşu ölkələrdə müşahidə edilən proseslər nəticəsində milli valyutamız nəinki ucuzlaşa, əksinə, əlavə dəyər qazana bilər.
Neftin qiymətinin 70 ABŞ dollarından yüksək formalaşması manatın kursunun sabit qalmasında vacib rol oynayır
Azərbaycanda manatla bağlı nikbinliyin qorunub saxlanılması bir sıra amillərlə şərtlənir. Məlumdur ki, Azərbaycan müstəqillik illərində uğurlu neft strategiyası həyata keçirir. Respublikamız dünyada tanınan transmilli şirkətlərlə Xəzərin zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə dair müqavilələr imzalayıb. Milli maraqlar təmin edilməklə imzalanan bu müqavilələr çərçivəsində ölkəmiz böyük həcmlərdə gəlirlər əldə edir. Son 15 ildə respublikamızın strateji valyuta ehtiyatları 44 milyard dollaradək artıb ki, bu da çox böyük rəqəmdir. Respublikamızın borclanması çox aşağı səviyyədədir. Ölkəmizin neft, qaz ehtiyatlarının işlənməsinə dair imzalanan yeni layihələr, o cümlədən Cənub Qaz Dəhlizi, “Əsrin müqaviləsi”nin uzadılması çərçivəsində xarici investorlar Azərbaycana on milyardlarla dollar investisiya qoyublar və investisiya həcmlərinin gələcəkdə daha da artacağı proqnozlaşdırılır. Daha bir mühüm amil isə dünya bazarında neftin qiymətinin artmasıdır. Azərbaycan neftinin qiymətinin son illərin maksimum həddini yeniləyərək 70 ABŞ dollarından yüksək formalaşması manatın kursunun sabit qalmasını şərtləndirən çox mühüm amil qismində çıxış edir. Ölkənin neft gəlirlərinin artması Azərbaycanın özünə inam hissini gücləndirir. Respublikamız milli maraqların qorunmasına hesablanan siyasətini daha qətiyyətlə davam etdirir ki, bu da milli valyutaya qarşı yönələn təzyiqlərin uğurla dəf edilməsində də özünü büruzə verir.
Qeyri-neft sektorunda müşahidə edilən inkişaf ölkədə aparılan monetar siyasətə müsbət təsir göstərir
Son illərdə respublikamızda neftdənkənar iqtisadiyyatın inkişafı diqqət mərkəzində saxlanılır. Ölkədə qeyri-neft sektorunda müşahidə edilən güclü inkişafı dəyərləndirən Mərkəzi Bankın sədri deyib: “İqtisadi aktivliyin artım dinamikası müsbət olaraq qalır. 2018-ci ilin yanvar-iyun aylarında iqtisadi artım 1,3 faiz olub, o cümlədən qeyri-neft sektorunda 2 faizlik artım baş verib. İqtisadi artımı dəstəkləyən başlıca amillərə xarici tələbin və dövlət investisiyalarının artması, əhalinin real gəlirlərinin yüksəlməsi şəraitində istehlakçı inamı göstəricilərinin yaxşılaşması aiddir. Mərkəzi Bank tərəfindən real sektorun monitorinqinə əsaslanan Biznes İnam İndeksinin dinamikası da iqtisadi aktivliyin yüksəldiyini təsdiq edir. İqtisadi artım qeyri-neft sektorunun başlıca sahələrində qeydə alınıb. İqtisadi artım qeyri-neft sənayesində 11,1 faiz, kənd təsərrüfatında 7,6 faiz təşkil edib”.
Son illərdə ölkəmizdən qeyri-neft məhsullarının ixrac həcmlərinin genişləndirilməsi istiqamətində də məqsədyönlü iş aparılır. Cari ilin əvvəlindən qeyri-neft ixracının artırılması məqsədilə dövlət dəstəyi tədbirləri davam etdirilib, indiyədək 15 ixrac missiyası təşkil olunub, ixracatçılar 11 önəmli beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, ilkin razılaşmalar və sifarişlər əldə olunub, ixrac müqavilələri imzalanıb, ixrac təşviqinin ödənilməsi davam etdirilib. Həmçinin dünya miqyasında “Made in Azerbaijan” brendi geniş şəkildə təşviq edilir. Görülən işlərin nəticəsi olaraq, 2018-ci ilin ilk 5 ayında qeyri-neft ixracı 20 faiz, o cümlədən sənaye məhsulları ixracı 27 faiz, kənd təsərrüfatı məhsulları ixracı 22 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan subyektlərin sayı 34 faiz artıb, ixrac məhsullarının çeşidi genişlənib.
2018-ci ilin arxada qalan 6 ayında qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 275 milyon manat və ya 7,3 faiz çoxdur.
Sadalanan faktlar ölkəmizdə qeyri-neft sektorunun inkişafının yüksək səviyyədə olduğunu təsdiqləyir. Öz növbəsində qeyri-neft sektorunda artım dinamikasının yüksək olması ölkədə aparılan monetar siyasətə, o cümlədən də manatın kursunun sabit qalmasına öz müsbət təsirini göstərir.
Mübariz ABDULLAYEV
- Oxunub: 7080 |
- Tarix: 09-08-2018 |
-
Çap et |