Ana səhifə »  Siyasət »  Xəzərin hüquqi statusu: Aktau sammitinin tarixi və geosiyasi özəllikləri
A+   Yenilə  A-
Xəzərin hüquqi statusu: Aktau sammitinin tarixi və geosiyasi özəllikləri

Uzun illərin gərgin müzakirələrindən sonra beş Xəzəryanı ölkə Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı çox mühüm sənəd imzaladılar. Bu hadisəyə bir sıra dövlət başçıları tarixi qiymət verdilər. Mütəxəssislər və kütləvi informasiya vasitələri də baş verənlərə böyük maraq göstərdilər. Beləliklə, Aktau sammitinin geosiyasi, mədəni, ekoloji, iqtisadi və energetik əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac görürük.
İmzalanan səkkiz sənəd: gərgin işin yekunları
Nəhayət, uzun illərdir dünyanı narahat edən bir problem də aradan qaldırıldı. “Xəzər beşliyi” dövlətlərinin başçıları Qazaxıstanın Aktau şəhərində V Zirvə toplantısında mühüm sənədlər imzaladılar. Bu hadisəyə geniş reaksiya verilməsi tam gözlənilən idi. Çünki Xəzərin hüquqi statusunun qeyri-müəyyən qalması iqtisadi, enerji, siyasi, hərbi, ekoloji və geosiyasi risklər yaradırdı ki, bu da istənilən an regionda gərginliyə yol aça bilərdi. Hətta bir neçə dəfə hövzə ölkələri arasında münasibətlər Xəzərin hüquqi statusunun müəyyən edilməməsi ucbatından gərginləşmişdi.
Etiraf edək ki, münasibətlərdəki gərginlik Azərbaycan rəhbərliyinin təmkinli və qətiyyətli mövqeyi sayəsində hərbi münaqişəyə çevrilmədi. Həmin hadisələr artıq geridə qalıb və üzərlərində dayanmağa ehtiyac yoxdur. Lakin Xəzərin statusunun müəyyən edilməməsinin hansı təhlükəli nəticələr verə biləcəyi faktını da unutmaq olmaz. Hazırkı mərhələdə həm də ona görə ki, supergüclərin müxtəlif regionlarda nüfuz uğrunda mübarizəsi çox intensiv xarakter alıb.
Konkret desək, ABŞ, Rusiya və Çin hazırda beynəlxalq miqyasda çox fəal addımlar atırlar. Xəzərin strateji bir məkan olduğunu nəzərə alsaq, burada hər an böyük təsirləri olan qarşıdurmanın meydana gəlmə ehtimalının az olmadığı qənaətinə gəlmək mümkündür. Bu səbəblərdən Aktau sammitini siyasi liderlər haqlı olaraq “tarixi hadisə” kimi qiymətləndirirlər. Ekspertlər və KİV orqanları da onu geniş şərh edir, analizlər aparır və proqnozlar verirlər. Beləliklə, avqustun 12-də Aktauda hansı tarixi hadisə baş verdi?
Öncə vurğulayaq ki, Aktau sammitindən bir gün əvvəl Prezident Nursultan Nazarbayev “tarixi sənədlərin imzalanacağı”nın anonsunu vermişdi. Qazaxıstanın Xəzər sahillərindəki füsunkar görkəmli şəhərinə Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan prezidentləri toplaşmışdılar. Onlar keçən əsrdən bu yana davam edən müzakirələrin nəticələrini təsdiqləyən sənədlər imzalamalı idilər.
Prezidentlər sammitdə səkkiz sənəd - “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”, “Beşinci Xəzər sammitinin Kommünikesi”, “Xəzər dənizində terrorizmlə mübarizədə əməkdaşlıq haqqında Protokol” və daha beş sənədi imzaladılar. Həmin sənədlərdə mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq, iqtisadi-ticari əməkdaşlıq, nəqliyyat sahəsində əməkdaşlıq, münaqişələrin aradan qaldırılması, sərhəd qurumlarının əməkdaşlığı kimi məsələlər ifadə edilib.
Ekspertlər Xəzər Konvensiyası ilə yanaşı sammitin yekununda qəbul edilən “Beşinci Xəzər sammitinin Kommünikesi”nin əhəmiyyətini də vurğulayırlar (bax: Kommönike Pətoqo kaspiyskoqo sammita / Kremlin.ru, 12 avqust 2018). Kommünikedə qeyd olunur ki, Xəzərlə bağlı keçirilən sammitlərdə - 2002-ci il Aşqabad, 2007-ci il Tehran, 2010-cu il Bakı və 2014-cü il Həştərxan tədbirlərində bugünkü sammitə qədər mürəkkəb yol keçilib. 12 avqust Aktau sammitinin başlıca yekunu isə beş ölkə liderinin baza beynəlxalq müqaviləni - Xəzərin hüquqi statusu haqqında beynəlxalq Konvensiyanı imzalaması oldu. Bu sənəd konsensus və bütün tərəflərin qarşılıqlı maraqlarının nəzərə alınması əsasında ərsəyə gəlib (bax: əvvəlki mənbəyə).
Kommünikedə ayrıca vurğulanır ki, bu sənəd Xəzərin müasir tələblərə cavab verən və sahilyanı dövlətlərin hərtərəfli qarşılıqlı əlaqələrinin bundan sonra da intensivləşməsinə imkan yaradan hüquqi rejimini müəyyənləşdirir. Bununla yanaşı, ekspertlər vurğulayırlar ki, tərəflər arasında olan fikir ayrılıqları tədricən ciddi diplomatik təşəbbüslər sayəsində aradan qaldırılıb.
Əldə olunan razılıqların səmərəli yerinə yetirilməsi üçün prezidentlər xüsusi beştərəfli məsləhətləşmə mexanizmlərinin işlənib hazırlanması barədə razılığa gəliblər. Sənəddə qeyd olunur ki, Xəzəryanı dövlətlərin hökumətləri tərəfindən ticari-iqtisadi əməkdaşlıq, nəqliyyat, energetika, innovasiya, turizm, informasiya və başqa sferalarda əlaqələrin gücləndirilməsinə dair razılaşmalar böyük məmnunluq doğurub. Bu bağlılıqda 2019-cu ildə Türkmənistanda Birinci Xəzər İqtisadi Forumunun keçirilməsi haqqında ortaq fikrə gəlinməsi də yüksək qiymətləndirilir.
Kommünikedə dəniz nəqliyyatı üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə ortaq fikrin formalaşmasına da böyük qiymət verilir. Bu sferada beştərəfli müqavilənin işlənib hazırlanması barədə qərar qəbul edilib. Sənəddə Xəzəryanı ölkələr arasındakı anlaşılmazlığın həlli, təhlükəsizlik, ekoloji sferada əməkdaşlıq və hərbi sahədə qarşılıqlı etimadın yüksəldilməsi məsələləri xüsusi vurğulanıb (bax: əvvəlki mənbəyə).
Məlumdur ki, bu məsələlər ekspertlərin də çox diqqət yetirdiyi məqamlarla sıx əlaqəlidir. Burada ilk olaraq dövlətlərin təhlükəsizliyi məsələsinin geosiyasi konteksti aktuallıq kəsb edir. Xəzəryanı ölkələr uzun müddət bu aspektdə ortaq mövqeyə gələ bilmirdilər. Onların geosiyasi maraqları bir-birindən fərqlənir. Danılmaz faktdır ki, vurğulanan istiqamətlər üzrə əhəmiyyətli dərəcədə irəliləyiş əldə edilib.
Məsələn, Xəzər dənizində münaqişələrin qarşısının alınması ilə bağlı imzalanan sənəddə Xəzəryanı dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə ziyan vurmamağa, hərbi sferada regional təhlükəsizliyin təmini kontekstində qarşılıqlı etimadın artırılmasına ayrıca diqqət yetirilib. Həmçinin terrorla mübarizədə də birgə fəaliyyət haqqında razılığın əldə olunması ciddi hadisədir.
Kommünikedə yer almış digər əhəmiyyətli məqam Xəzərin ekologiyası ilə bağlıdır. Tərəflər bu aspektdə əməkdaşlığa böyük önəm verdiklərini vurğulayıblar. Bu bağlılıqda Azərbaycan Prezidenti İlham Əliyevin Aktau sammitində söylədiyi geniş nitqində ifadə etdiyi aşağıdakı fikri vurğulamaq gərəkdir: “Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, onun bioresurslarının mühafizəsi və artırılması ölkəmiz üçün prioritet məsələlərdən biridir. Son illər Azərbaycanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə mövcud sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr icra edilir” (bax: Aktauda Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib / AZƏRTAC, 12 avqust 2018).
Prezident İlham Əliyev Azərbaycanın ekoloji faktora böyük önəm verdiyini konkret faktlarla göstərib. O cümlədən ölkə rəhbəri Bakının “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın və onun protokollarının, eləcə də “Xəzər dənizində su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş”in razılaşdırılması prosesində fəal iştirak etdiyini deyib. Dövlət başçısı ifadə edib ki, “bu istiqamətdə aparılan beştərəfli qarşılıqlı fəaliyyətin mühüm nəticəsi kimi cari il iyulun 20-də Moskva şəhərində Xəzəryanı dövlətlər arasında Çərçivə Konvensiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair Protokolunun imzalanmasını yüksək dəyərləndiririk” (bax: əvvəlki mənbəyə).
Kommünikedə bu kimi faktorların vurğulanması üzərində dayanmağımız təsadüfi deyil. Bu faktlar onu göstərir ki, Aktauda Xəzərin hüquqi statusunun müəyyənləşməsi məsələsi çox geniş kontekstdə götürülüb. Mütəxəssislər həmin məqamı nəzərə alırlar. Əslində, bu özəllik prinsipial geosiyasi əhəmiyyət kəsb edir. Hər şeydən öncə aydın olur ki, Xəzərin hüquqi statusunun müəyyən edilməsi sırf hüquqi prosedurlarla bağlı deyildi. Qarşıya çıxan müxtəlif çətinliklər daha çox geosiyasi, hərbi və iqtisadi, energetika məsələləri ilə bağlıdır. Aktau sammitinin strateji əhəmiyyətini ilk növbədə məhz bu faktorlar şərtləndirir.
Konvensiya: hüquqi, geosiyasi, iqtisadi və ekoloji aspektlərin sintezi
Mütəxəssislər üçün hər şeydən öncə maraqlı olan sənəddə Xəzərin dəniz və ya göl kimi təsbit edilməsidir. Xəzər dənizinin hüquqi statusu haqqındakı Konvensiyanın birinci maddəsində yazılır ki, “Xəzər dənizi tərəflərin quru əraziləri tərəfindən əhatə olunan su hövzəsidir” (bax: Konvenüiə o pravovom statuse Kaspiyskoqo morə / Kremlin.ru, 12 avqust 2018). Yəni bir tərəfdən mətndə “Xəzər dənizi” ifadəsi işlənir, lakin konkret tərifdə bu ifadənin şərti olduğu vurğulanır. Belə ki, “dəniz” adlandırılan su sahəsi “hövzə” olaraq təqdim olunur.
Mütəxəssislər hesab edirlər ki, bu, düşünülmüş şəkildə edilir. Çünki əgər sənəddə birmənalı olaraq Xəzər dəniz kimi təqdim olunsa, onda BMT-nin dəniz hüququ ilə bağlı şərtləri Xəzərə də tətbiq edilməlidir. Buraya ilk növbədə su ərazilərinin 12 mildən çox olmaması şərti daxildir. İstisna iqtisadi zona isə 200 mildən artıq olmamalıdır. Bunlardan başqa, Xəzəryanıda yerləşməyən dövlətlərin də Xəzərə çıxışı olmalıdır. Deyək ki, böyük bir dövlət Xəzərdə hərbi obyektlər yerləşdirə bilərdi və s. Bu isə Xəzəryanı dövlətləri qane etmir. İlk növbədə Rusiya və İran üçün bu, qəbuledilməzdir.
Həmin bağlılıqda İran Prezidenti Həsən Ruhaninin sammitdə Konvensiyanın 3-cü maddəsində istənilən hərbi bazanın qurulmasının, xarici ölkələrin hərbi gəmilərinin Xəzərdə olmasının qadağan edilməsini vurğulaması təsadüfi deyil. Bundan başqa, Xəzəryanı ölkə öz ərazisindən digər region ölkələrinə qarşı hərbi məqsədlə istifadə edilməyəcəyini də öhdəsinə götürür. Burada da İranın marağı ön plana çıxır. Çünki ABŞ və İsrail İrana qarşı hərbi addımların atıla bilməsindən bəhs edir, bəzi dairələr isə bu məqamdan istifadə edərək Azərbaycanı bu məsələyə qarışdırmağa çalışırlar. Rəsmi Bakı isə öz ərazisindən heç bir qonşu dövlətə qarşı hərbi addımların atılmasına razı olmayacağını dəfələrlə bəyan edib. İndi həmin məqam sənəddə rəsmən təsbit edilib. Bununla da Azərbaycana qarşı mümkün təxribatlardan birinin də yolu kəsilmiş olur.
Sənəddə müəyyən edilib ki, Xəzəryanı ölkələrin su əraziləri 15 mildir, daha 10 mil məsafədə hər bir hövzə dövləti balıq ovu həyata keçirə bilər. Su səthi isə ümumidir. Bununla Xəzərin bioresurslarının böyük hissəsi ümumi istifadədə qalır. Əgər Konvensiyada Xəzərin dəniz tərifi verilsəydi, yuxarıda vurğulanan şərtləri qoymaq mümkün olmayacaqdı. Lakin burada bir məsələ hələ də açıq qalıb.
Biz Xəzərin dibinin bölünməsini nəzərdə tuturuq. Konvensiyanın 8-ci maddəsində yazılıb ki, Xəzər dənizinin dibinin və təkinin bölünməsi həmsərhəd və ərazicə qarşı tərəfdə yerləşən hövzə dövlətləri tərəfindən beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri və normaları nəzərə alınmaqla yeraltı sərvətlərdən istifadəyə olan suveren hüquqların reallaşması məqsədi ilə həyata keçirilməlidir (bax: əvvəlki mənbəyə). Yəni Konvensiyada Xəzərin dibinin və təkinin bölgüsünün ümumi prinsipləri qeyd olunub. Konkret müqavilələrin və onların həyata keçirilməsi metodikasının hazırlanması ilə isə xüsusi yaradılmış qrup məşğul olmalıdır. Qrupun xarici işlər nazirləri səviyyəsində təşkil edilməsi planlaşdırılıb.
Bu məsələ Xəzəryanı dövlətlər üçün çox əhəmiyyətlidir.
Qeyd edək ki, Xəzərin dibinin və səthinin tərəflər arasında sektorlara bölünməsi ilə bağlı Azərbaycanın mövqeyi beynəlxalq hüququn prinsiplərinə tam uyğundur və konkretdir. Prezident İlham Əliyev Aktau sammitində söylədiyi nitqində həmin məqamı xüsusi qeyd edib. Ölkə rəhbəri ifadə edib: “Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi onun dibinin və səthinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq tərəflər arasında sektorlara bölünməsi prosesinin başa çatdırılmasına kömək edəcəkdir. Bu kontekstdə Azərbaycan, Qazaxıstan və Rusiya arasında imzalanmış sazişlərin böyük əhəmiyyət daşıdığını xüsusi qeyd etmək istərdim” (bax: Aktauda Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib / AZƏRTAC, 12 avqust 2018).
Beləliklə, onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan və Rusiya prezidentləri öz nitqlərində Aktau Sammitinə və orada qəbul edilən qərarlara yüksək qiymət veriblər. Dövlət başçısı İlham Əliyev bəyan edib: “Çıxışımın sonunda əminliyimi bildirmək istərdim ki, sammitdə qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək” (bax: əvvəlki mənbəyə).
Rusiya Prezidenti Vladimir Putin də sammitin yekunları ilə bağlı mətbuata verdiyi bəyanatda deyib: “Bu gün mübaliğəsiz deyə bilərik ki, bizim dövlətlər üçün çox böyük, vacib, əhəmiyyətli hadisə baş verib: Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya imzalanıb” (bax: Zaəvlenie Vladimira Putina po itoqam Pətoqo kaspiyskoqo sammita / Kremlin.ru, 12 avqust 2018). Rusiyanın dövlət başçısı qeyd edib ki, uzun illərin gərgin əməyi sayəsində hövzə dövlətləri Xəzərdən hüquqi əsasda istifadə etmənin konkret çərçivələrini müəyyənləşdirə biliblər. Bu, son dərəcə əhəmiyyətli olaydır.
Bütün bunlara ümumi mövqedən yanaşan ekspertlər həm Aktau sammitinin geosiyasi əhəmiyyəti, həm də bundan sonra Xəzəryanı dövlətlərin bu məsələdə əməkdaşlıq perspektivləri barədə proqnostik tezislər irəli sürürlər. Hər şeydən öncə, mütəxəssislər məsələnin geosiyasi və təhlükəsizlik aspektlərinə diqqət yönəldirlər.
Bir sözlə, məsələnin əsl mahiyyəti mürəkkəb geosiyasi şəraitdə Xəzəryanı ölkələrin prinsipial məsələlərdə ortaq hərəkət edə bilməsinə imkan verən beynəlxalq sənədin imzalanmasıdır. Hövzə dövlətləri kənar təsir olmadan Xəzərlə bağlı qarşıya çıxa biləcək hər hansı problemi ciddi hüquqi əsası olan konkret sənədə dayanaraq həll etmək şansı əldə ediblər. Konkret desək, hər bir Xəzəryanı ölkə uduşdadır və bunun azı-çoxu yoxdur.
Reallıq ondan ibarətdir ki, bu razılıq ilk növbədə və başlıca olaraq Xəzər ətrafında yerləşən ölkələrin bir-birini anlamasına, dənizin hərbi poliqona və böyük güclərin geosiyasi savaşının hədəfinə çevrilməməsinə xidmət etməlidir.
Bu cür yanaşmanın ən gözəl nümunəsini rəsmi Bakı nümayiş etdirir. Azərbaycan uzun illərdir ki, Xəzərdəki öz neft və qaz ehtiyatlarından əməkdaşlıq, region xalqlarının rifahı, dövlətlər arasında mehriban qonşuluğun bərqərar olması və qarşılıqlı faydalılıq prinsipi ilə əlaqələrin inkişaf etdirilməsinə çalışır. Bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi proqramlar bütün dünyaya məlumdur. Onlar yalnız dövlətlər arasında etimadı yüksəldən, əməkdaşlığı dərinləşdirən və beynəlxalq hüquq çərçivəsinə salan proqramlardır.
Beləliklə, doğrudan da, Aktauda tarixi hadisə baş verdi. Xəzəryanı dövlətlər arasında hüquqi əhəmiyyəti olan Konvensiyanın imzalanması özünün ciddi geosiyasi, mədəni, ekoloji, iqtisadi və kommunikativ nəticələrini verəcəkdir. Qürur duyuruq ki, Azərbaycan rəhbərliyi bu razılığın əldə edilməsində çox fəal rol oynayıb. Ölkə rəhbərliyi həmişə ədalətli, reallığa dayanan və beynəlxalq hüquq normalarına uyğun olan mövqeyi ilə bir çox təhlükəli münaqişələrin qarşısını alıb, diplomatik fəallıq və siyasi iradə nümayiş etdirərək ziddiyyətlərin aradan qaldırılmasına əhəmiyyətli töhfələr verib. Təsadüfi deyil ki, bəzi dost olmayan ölkələr Azərbaycanın növbəti böyük uğurundan əndişələniblər. Onlar görürlər ki, Azərbaycan bütün istiqamətlərdə irəliləyir, onun geosiyasi nüfuzu artır, qlobal proseslərdə iştirakı daha da genişlənir. Bu, Azərbaycanın yoludur, bölgədə sülhə, əməkdaşlığa və inkişafa xidmət edən işlərə hər vəchlə maneə yaratmaq isə onların yoludur. Hər kəs qədərini özü seçir!
Newtimes.az

 
  • Oxunub:  3480  |  
  • Tarix:  18-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı

13:50
17 Dekabr
Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 726 milyon dollara yaxınlaşıb
13:46
17 Dekabr
“Channel 5” televiziya kanalında Azərbaycan-Pakistan əlaqələrindən bəhs olunub
13:43
17 Dekabr
Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb
13:42
17 Dekabr
Mübariz Qurbanlı: Azərbaycanda dini icmaların sayı 909-a çatıb
13:39
17 Dekabr
Rauf Əliyev: İdman sahəsində böyük uğurlar qazanılır
13:35
17 Dekabr
Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlərin artıb
12:24
17 Dekabr
Bakıda ikinci Avrasiya Hüquq Qurultayı keçirilir
12:16
17 Dekabr
ISESCO-nun baş direktorunun müavini: Naxçıvan təkcə İslam aləminin deyil, bütün dünyanın ən işıqlı şəhəridir
12:07
17 Dekabr
Beynəlxalq konfransın iştirakçıları Naxçıvanın tarixi abidələri ilə tanış olublar
11:48
17 Dekabr
Hikmət Babaoğlu: Azərbaycan Rusiya ilə daha dərin strateji münasibətlər qurmağa hazırdır
11:40
17 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Açıq qapı günü” keçiriləcək
11:39
17 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda iştirak edib
11:34
17 Dekabr
“Qadın sahibkarlığının inkişafı” mövzusunda üç günlük təlim keçirilib
11:27
17 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsi kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə ilə bağlı Avropa təcrübəsindən yararlanır
11:24
17 Dekabr
Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib
11:08
17 Dekabr
“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilir
10:57
17 Dekabr
Həndbol üzrə Azərbaycan kuboku yarışlarına start verilib
10:40
17 Dekabr
Səyyar “ASAN xidmət” davam edir
10:34
17 Dekabr
Müdafiə Sənayesi Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
09:51
17 Dekabr
Atəşkəs rejimi sutka ərzində 28 dəfə pozulub
09:22
17 Dekabr
Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli tədbir keçirilib
09:14
17 Dekabr
Oqtay Əsədov: Gürcüstanın bayramı Azərbaycanın bayramıdır
09:07
17 Dekabr
Salome Zurabişvili: Cənubi Qafqazda sülh və təhlükəsizlik bütün dünyaya lazımdır
09:05
17 Dekabr
Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır
09:02
17 Dekabr
Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib
08:55
17 Dekabr
Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir
08:51
17 Dekabr
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib
08:45
17 Dekabr
Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır
08:36
17 Dekabr
“Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” II Beynəlxalq konfransı keçirilib
08:33
17 Dekabr
ADA Universitetinin əməkdaşları Lənkəran Dövlət Universitetində olublar
08:28
17 Dekabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ISESCO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
08:26
17 Dekabr
Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri üçün əyləncə proqramı təşkil edib
08:23
17 Dekabr
İranın informasiya və milli təhlükəsizlik naziri Bibiheybət məscid-ziyarətgah kompleksində olub
08:21
17 Dekabr
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb
08:18
17 Dekabr
Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib
08:16
17 Dekabr
Gürcüstan və Türkiyə rəsmiləri regional layihələrin perspektivlərini müzakirə ediblər
16:37
15 Dekabr
Prezident Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşını təltif edib
16:33
15 Dekabr
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə bir çox ölkələrdən daha tez nail olacaq
16:31
15 Dekabr
Suraxanı rayonunda keçirilən növbəti aksiya zamanı 500-dən çox ağac əkilib
16:28
15 Dekabr
AQTA nümayəndələri Şəkidə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüblər
16:26
15 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əsgərlər üçün bayram şənliyi təşkil edilib
16:19
15 Dekabr
Milli Məclisin sədri Gürcüstanda səfərdə olacaq
16:17
15 Dekabr
“China Daily”: Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan müasir ölkəyə çevrilib
15:55
15 Dekabr
Baş nazir Novruz Məmmədov Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub
14:32
15 Dekabr
Məlahət İbrahimqızı: Azərbaycan bir çox sahələrdə beynəlxalq əməkdaşlıq və dialoq platforması kimi özünü təsdiqləyib
14:00
15 Dekabr
Xalq artisti Emin Ağalarov Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış edib
13:50
15 Dekabr
Zahid Oruc: Bu görüşün Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
13:40
15 Dekabr
Politoloq: Ermənistanda bütün hakimiyyət siyasi korrupsiya ilə məşğuldur
13:15
15 Dekabr
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti: “Prezident Heydər Əliyev... Azərbaycan tarixində canlı xatirə”
13:09
15 Dekabr
Kamilə Əliyeva: Təhsil infrastrukturunun yenilənməsi davamlı xarakter daşıyır
13:08
15 Dekabr
Baş prokuror Xızı rayonunda vətəndaşları qəbul edib
13:00
15 Dekabr
Birinci Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçiriləcək
12:57
15 Dekabr
ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilir
12:55
15 Dekabr
Dekabrın 19-da ASK-nın V qurultayı keçiriləcək
12:45
15 Dekabr
BMT Baş Assambleyası humanitar təşkilatların əməkdaşlarına hücumları pisləyən qətnamə qəbul edib
12:32
15 Dekabr
“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanmasından 12 il ötür
12:28
15 Dekabr
“Veçerni Nyu-York” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub
11:42
15 Dekabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib
11:37
15 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
11:04
15 Dekabr
Teodor Meleşkanu: Rumıniya-Azərbaycan əməkdaşlığının mövcud regional imkanlar vasitəsilə möhkəmləndirilməsi vacibdir
11:00
15 Dekabr
Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı davam edir
20:24
14 Dekabr
Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib
20:00
14 Dekabr
Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib
19:38
14 Dekabr
Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib
19:07
14 Dekabr
Gömrük Komitəsində Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
18:54
14 Dekabr
Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq
18:48
14 Dekabr
Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib
18:42
14 Dekabr
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
18:36
14 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallıda təşkil etdiyi ikigünlük seminar-müşavirə başa çatıb
18:28
14 Dekabr
Mədəniyyət nazirinin müavini UNESCO-da görüşlər keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+3 +5