Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

18.10.2018 [08:21]

Son zamanlar beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın mövqeyinin daha da güclənməsinin növbəti göstəricisidir
Azərbaycanın xarici siyasət kursunun strateji prioritetlərindən birini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli təşkil edir. Başqa sözlə, beynəlxalq hüquqa və ədalətə söykənərək Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaq Azərbaycan üçün başlıca prinsipial və prioritet məsələlərdən biridir. Azərbaycan bu istiqamətdə qətiyyətli mövqeyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün çoxşaxəli fəaliyyətini davam etdirir. Azərbaycan dövləti bütün diplomatik imkanlardan və beynəlxalq tribunalardan istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini daim diqqətə çatdırır. Ümumiyyətlə, Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal edilməsi, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olması ilə nəticələnən bu münaqişənin həlli strateji zərurətdir. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin qəti, əzmli və prinsipial siyasətinin nəticəsidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Beynəlxalq ictimaiyyət tərəfindən son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin və daha da güclənməsinin növbəti göstəricisidir. Məsələn, bu kontekstdə cari ilin iyulunda dövlətimizin başçısı və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə paraflanmış Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədində qeyd olunub: “Avropa İttifaqı və Azərbaycan qarşılıqlı maraqlar və dəyərlər, həmçinin bir-birlərinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə münasibətdə hörmət və dəstəyə öhdəliklər əsasında Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə tərəfdaşlıq prioritetlərini razılaşdırdılar”. Bu ilin iyulunda NATO üzv dövlətlərinin Brüssel zirvə toplantısının yekununda qəbul etdiyi bəyanatda isə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə edilib. Eyni zamanda, Almaniyanın Federal Kansleri Angela Merkelin bu ilin yayında Azərbaycana səfəri əsnasında dövlətimizin başçısı ilə keçirdiyi mətbuat konfransında bu ölkənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında münaqişənin həlli istiqamətində səyləri dəstəkləməkdə davam edəcəyini bəyan etməsi isə xüsusi əhəmiyyətə malikdir. Çünki Almaniya ATƏT-in Minsk qrupunun üzv ölkələrindən biridir. Almaniya Federativ Respublikası Hökuməti Almaniya Bundestaqından ona ünvanlanan suala cavabında AFR Hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın tərkib hissəsi hesab edir və AFR Hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır deyə bəyanatla çıxış edib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Corc Kent də Azərbaycanda səfərdə olduğu zaman keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli kontekstində BMT Təhlükəsizlik Şurasının qətnamələrini qeyd edib. Ermənistanın ev sahibliyi ilə keçirilən Frankofoniya sammitinin yekun bəyanatında belə münaqişənin həllinin əsaslarını Helsinki Yekun Aktı təşkil etdiyi qeyd olunub. Ermənistanın cəhdlərinə və sənədin layihəsinə cəfəng ifadələr daxil etməyə çalışmasına baxmayaraq, beynəlxalq ictimaiyyət bunu qəbul etməyib. ABŞ-ın Ermənistandakı səfiri və ermənipərəst mövqeyi ilə seçilən Riçard Mills isə Ermənistan KİV-inə müsahibəsində münaqişənin həllinin “sülh naminə torpaq” prinsipinə və işğal olunmuş ərazilərin azad edilməsinə əsaslanmalı olduğunu deyib.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
Ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında diqqətə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Bununla yanaşı, Azərbaycan münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. MDB-nin Düşənbə sammitində aparılmış söhbət əsnasında Azərbaycan bir daha münaqişənin həllində konstruktivliyini və xoş niyyətini nümayiş etdirdi.
Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır
Bütövlükdə, münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı təşkil edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Helsinki Yekun Aktında isə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prioritet prinsiplər kimi müəyyən olunub.
Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyiş əldə etmək üçün atılmalı olan addımların nədən ibarət olduğu bəllidir və bu mövqe yalnız ATƏT-in Minsk qrupunun həmsədrləri səviyyəsində deyil, dövlət və hökumət başçıları və digər səviyyələrdə də açıq şəkildə ifadə olunur. İlk növbədə və mərhələli şəkildə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.
Ümumiyyətlə, Ermənistan tərəfinin iddialarına baxmayaraq, beynəlxalq ictimaiyyət münaqişənin həlli üçün “status naminə ərazi” deyil, “sülh naminə ərazi” düsturunu qəbul edir. Beynəlxalq ictimaiyyət tərəfindən ifadə olunan bu mövqe praktiki siyasi addımlara çevrilməli və münaqişənin həllinə xidmət etməlidir. Ermənistanın danışıqlar prosesini pozmasına imkan verilməməli və üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin edilməlidir.
Ermənistan rəhbərliyi təxribatçı əməllərini və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətini dayandırmalıdır
O da qeyd edilməlidir ki, beynəlxalq ictimaiyyətin ardıcıl mövqeyinə və Azərbaycanın nümayiş etdirdiyi konstruktiv mövqeyə, xoş niyyətə baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərini və təxribatçı siyasətini davam etdirir. Son günlərdə işğal olunmuş ərazilərə təşkil olunmuş qeyri-qanuni səfərlər, Kəlbəcərdə Sidney qəsəbəsinin salınması və Araz çayı boyunca işğal olunmuş ərazilərimizlə Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barədə niyyətlər bunu açıq şəkildə nümayiş etdirir. Şübhəsiz ki, Ermənistan rəhbərliyi bu kimi təxribatçı əməllərini, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətini dayandırmalı və xalqı sülhə hazırlamalıdır. Sülhə hazırlıq isə ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması deməkdir.
N.QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 429 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30