Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindirdi

Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindirdi

19.03.2019 [09:52]

Ölkə başçısı tərəfindən imzalanan əfv Sərəncamı Azərbaycan dövlətinin humanizm siyasətinin növbəti təzahürüdür
Azərbaycan Respublikası vətəndaşların bütün hüquq və azadıqlarının təmin olunduğu müasir demokratik və hüquqi dövlətdir. Azərbaycan dövləti vətəndaşlarına qarşı humanist mövqe nümayiş etdirir, onların cəmiyyət daxilində təhlükəsiz, əmin-amanlıq şəraitində yaşamaları, öz imkan və qabiliyyətlərindən səmərəli istifadə etmələrini daim diqqət mərkəzində saxlayır. Bu baxımdan, dövlət tərəfindən vətəndaşlara xüsusi qayğı göstərilir, qəbul olunan bütün qərarlarda vətəndaşların mənafeyi əsas götürülür. Sözsüz ki, sadalanan tədbirlər Azərbaycan Respublikasında dövlət quruculuğu prosesinin humanist istiqamətlərindən birini təşkil edir.
Dövlətimizin humanizm siyasəti möhkəm əsaslara söykənir
Sirr deyil ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim humanizm siyasətinə, insan hüquqlarının təmin olunmasına ciddi əhəmiyyət verib. Ulu Öndərin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanist fəaliyyət nəticəsində əfv və amnistiya təsisatları formalaşıb. Belə ki, 1995-ci ildə məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə o, Əfv Məsələləri üzrə Komissiya ilə əvəz olunub. Məhz Ümummilli Lider Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə 1998-ci ildə ölüm hökmü ləğv olunub və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi əsasında 1995-2003-cü illərdə 7 Amnistiya aktı qəbul edilib və 32 Əfv Fərmanı imzalanıb. Amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ulu Öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib.
Sevindirici haldır ki, Ulu Öndərin humanizm siyasəti son 15 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu illər ərzində dövlət tərəfindən bu siyasətin tərkib hissəsi olan tədbirlər görülür. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”, - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olunsun. Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik”.
Prezident 400 nəfərə yaxın məhkumun ailəsinə ikiqat bayram sevinci bəxş edib
Qeyd edək ki, Prezident İlham Əliyevin hər il imzaladığı əfv sərəncamları minlərlə ailəyə sevinc gətirir. Öz siyasətində daim yüksək humanizm prinsiplərini rəhbər tutan Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam da bu baxımdan əhəmiyyətlidir.
Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan Hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının dövlət başçısına ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanaraq 431 məhkum əfv olunub. Onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 399 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.
Bu Sərəncamın müvafiq orqanlar tərəfindən dərhal yerinə yetirilməsi builki Novruz bayramında həmin 399 məhkumun ailəsinə ikiqat bayram sevinci bəxş edib.
Müstəqillik dövründə 11 amnistiya aktı, 70-ə yaxın əfv fərmanı və sərəncamı imzalanıb
Azərbaycanda məhkumların əfv olunması həm ölkə Prezidentinin imzaladığı Fərman və sərəncamlar, həm də Milli Məclisin qəbul etdiyi amnistiya aktları əsasında həyata keçirilir. Yeri gəlmişkən bir faktı da xatırladaq ki, müstəqillik tarixində dövlətimizin humanist siyasəti nəticəsində Azərbaycanda qısa müddət ərzində 70-ə yaxın əfv Sərəncamı və Fərmanı, 11 Amnistiya Aktı qəbul olunub. Sonuncu Amnistiya Aktı isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Şübhəsiz ki, ölkəmizdə mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbul olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Əfv olunan vətəndaşlar dövlətin onlara olan inam və etibarını daim hiss edirlər, bu isə onları layiqli vətəndaş olmağa həvəsləndirir. Eyni zamanda, əfv olunan şəxslər minlərlə insanı əhatə edən, əfv sərəncamlarına və amnistiya aktlarına, insan hüquqları sahəsində humanist addımlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirir, o cümlədən Azərbaycan ictimaiyyətinin nümayəndələri humanizm nümunəsi olan bu addımları olduqca yüksək qiymətləndirirlər.
Məhkumların əfv edilməsi onları yenidən cəmiyyətə qazandırmaq kimi xeyirxah məqsədə xidmət edir
Qeyd olunduğu kimi, ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdəndir. Bu baxımdan cinayət törətmiş bir şəxsin cəmiyyətə yenidən qazandırılması, onun sosial münasibətlər sistemində iştirak etməsi üçün əlverişli şəraitin yaradılması dövlət quruculuğu prosesinin prioritet istiqamətlərindən birini təşkil edir.
Bu kontekstdə əfv Fərman və sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbul olunması cəmiyyətimizdə, onun ictimai rəyində olduqca müsbət hadisə kimi qarşılanır və ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisəyə çevrilir. Ümumiləşdirici və birləşdirici funksiya yerinə yetirən bu addımların məhz dövlət başçısı tərəfindən atılması ümumi münasibətlər sistemində müsbət əhval-ruhiyyə yaratmaq baxımından əhəmiyyətlidir. Məsələnin ən mühüm tərəflərindən biri də əfvin Azərbaycan Prezidentinin siyasi iradəsi və xalqımızın humanist ənənələrinə söykənməsi əsasında baş tutmasıdır. Məhkum edilmiş şəxslər isə bu hadisəni öz səhvlərini bir daha təkrar etməmək üçün fürsət kimi görürlər. Bununla da əfv hadisəsi hüquqi cəzadan da artıq tərbiyəedici vasitəyə çevrilir.
Beləliklə, bu cür tədbirlər cəmiyyətin dayaqlarının güclənməsini təmin etməklə yanaşı, sosial münasibətlərin inkişafında xüsusi rol oynayır. Bu kontekstdə əfv Sərəncamı, öz növbəsində, cəmiyyətdə dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən bariz nümunə kimi qiymətləndirilir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 514 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31