Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: Vətəndaşların sosial rifahı bizim üçün ən prioritet məsələdir

Prezident İlham Əliyev: Vətəndaşların sosial rifahı bizim üçün ən prioritet məsələdir

31.05.2019 [10:29]

Respublikamızda 2019-cu ilin əvvəlindən qəbul olunan qərarlar üç milyon insanı əhatə edir və bu vətəndaşların maddi vəziyyəti yaxşılaşır
Məlum olduğu kimi, xalqımız 1918-ci ildə bütün müsəlman aləmində ilk dəfə demokratik respublika qurmağa - Azərbaycan Xalq Cümhuriyyətini yaratmağa nail oldu. Cəmi 23 ay yaşamasına baxmayaraq, AXC dövlət quruculuğunun bütün sahələrində böyük işlər görə bildi. Bu gün AXC-nin varisi olan müstəqil Azərbaycan Cümhuriyyətin ideya əsaslarından bəhrələnərək inamla inkişaf edir, özünün iqtisadi və maliyyə imkanlarını getdikcə artırır.
İqtisadi və maliyyə müstəqilliyinin təmin olunması öz növbəsində Azərbaycanı geniş imkanlara malik dövlətə çevirib. Hazırda özünün geniş iqtisadi-maliyyə imkanlarından səmərəli istifadə edən respublikamız dərinməzmunlu sosial siyasət həyata keçirir. Ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsinə davamlı olaraq böyük diqqət göstərən Prezident İlham Əliyev qarşıya belə bir hədəf qoyub ki, respublikamızda sosial sferada vəziyyət dünyanın qabaqcıl dövlətlərindəki səviyyəyə çatdırılmalıdır. Dövlət başçısı mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda xüsusi olaraq vurğulayıb ki, vətəndaşların sosial rifahı bizim üçün ən prioritet məsələdir.
Ölkədə 2019-cu ilin əvvəlindən çox ciddi sosial təşəbbüsün icrasına başlanılıb
Son 15 ildə dərinməzmunlu sosial siyasət həyata keçirən Azərbaycan insan inkişafı indeksi üzrə dünyada ən yaxşı göstəricilərdən birinə nail olmaqla MDB məkanında lider mövqeyə yüksəlib. Bunun təsdiqi olaraq təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamız qısa müddətdə yoxsulluğu 5 faizədək aşağı salmağa müvəffəq olub.
Ölkəmizi fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, burada sosial siyasət ardıcıl səciyyə daşıyır. Belə ki, Özünün praqmatik siyasətində həmişə xalqa arxalanan və xalqdan güc alan Prezident İlham Əliyev daim vətəndaşların rifah halının yaxşılaşmasına hesablanan yeni təşəbbüslərlə çıxış edir və sonradan bu təşəbbüslərin praktiki müstəvidə reallaşmasını təmin etməkdən ötrü müvafiq Fərman və sərəncamlar imzalamaqla, konkret istiqamətlər üzrə Dövlət proqramları qəbul etməklə möhkəm hüquqi əsaslar yaradır. O cümlədən 2019-cu ilin əvvəlindən bəri respublikamızda insanların həyat səviyyəsinin yüksəldilməsinə, gəlir imkanlarının artırılmasına hesablanan islahatların miqyası daha da genişlənib. Ölkəmizdə Prezident İlham Əliyev tərəfindən hələ ötən il elan olunan ciddi sosial paket uğurla reallaşdırılır. 2019-cu ilin əvvəlindən bəri dövlət başçısının imzaladığı müvafiq Fərman və sərəncamlar əsasında minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi böyük sosial paketin tərkib hissəsidir. Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanı mənzil idarəçiliyi baxımından problemlərin həllinə gətirib çıxaracaq, vətəndaşların mənzil və yaşayış şəraitinin yaxşılaşmasına, o cümlədən sosial rifahının daha da yüksəlməsinə müsbət təsir göstərəcək.
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev ötən il keçirilən prezident seçkilərindən sonra - 2018-ci il 19 aprel tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Bəhs olunan sənədə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Ölkəmizdə bəhs olunan Fərmanın icrasına ötən il noyabrın 14-dən başlanılıb. Dövlət başçısının 28 yanvar 2019-cu il tarixdə imzaladığı digər Fərmanla isə birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Belə ki, sənədə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2019-cu il fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla nəzərdə tutulan güzəştlərdən sənəddə göstərilən dövrlərdə xarici valyutada kredit götürmüş fiziki şəxslər faydalanırlar. Məlumdur ki, indiyədək bəzi xarici ölkələrdə də bu kimi təşəbbüslər irəli sürülüb. Lakin son nəticədə dövlətin imkanları baxımından ciddi çətinliklər yaratdığına görə problemin həlli ya təxirə salınıb, yaxud da bəlli olmayan müddətə kimi uzadılıb. Azərbaycan isə o dövlətlərdəndir ki, burada bütün məsələlər - problemin ciddiliyi, ağırlıq yükü, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, həll üçün maliyyə imkanları, səmərəli tətbiq mexanizminin işlənib hazırlanması, icrası və icraya nəzarət və s. - hərtərəfli araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur. Birmənalı şəkildə demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə, sözün əsl mənasında, inqilabi qərarlardır. Problemli kreditlər məsələsində vətəndaşların mənafeyi əsas götürülməklə optimal həll variantını tətbiq etməklə Azərbaycan bütün dünyaya növbəti dəfə öz liderliyini nümayiş etdirir.
Cari ildə Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığı sənədlərin bir qismi sosial müavinətlərin artırılması ilə bağlıdır. Məlum olduğu kimi, dövlət başçısı 2019-cu il 25 fevral tarixində “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair” növbəti Sərəncam imzalayıb. Sənəddə də vurğulandığı kimi, Sərəncamın imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir. Dövlət başçısının imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair” Sərəncamla sosial müavinətlər əhəmiyyətli dərəcədə artırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixdə imzaladığı müvafiq Sərəncam və fərmanlarda bir sıra kateqoriyalardan olan vətəndaşlara verilən sosial müavinətlərin və Prezident təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması, yeni təqaüd növlərinin təsis olunması nəzərdə tutulub. Bu sənədlər dövlət başçısının iradəsi ilə reallaşdırılan böyük sosial paketin əhatə dairəsinin getdikcə genişləndiyini, xüsusilə də həssas qruplardan olan vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində önəmli addımların atıldığını təsdiqləyir.
Beləliklə, aprelin əvvəlindən qüvvəyə minən qərara əsasən sosial müavinətlər iki dəfə artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub. Qeyd olunan məqsədlər üçün əlavə olaraq illik 400 milyon manat ayrılmaqla, sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsait 2 dəfə artırılacaq.
Ölkəmizdə əməkhaqlarının və pensiyaların davamlı olaraq artırılması kimi gözəl ənənənin formalaşması əhalinin maddi təminatının möhkəmlənməsində mühüm rol oynayır. Respublikamızda əməkhaqlarının artırılması tendensiyası 2019-cu ildə də davam etdirilir. Prezident İlham Əliyev 8 fevral 2019-cu il tarixində “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” müvafiq Sərəncam imzalayıb. Bəhs olunan Sərəncama əsasən, ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilib. Minimum əməkhaqqının mart ayının 1-dən etibarən 180 manata çatdırılması dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artıma gətirib çıxardacaq.
Ölkəmizdə pensiyalar da mütəmadi qaydada artırılır. Məlumat üçün bildirək ki, ölkədə 1,3 milyon pensiyaçı var. Onlardan 58,3 faizi yaşa görə, 30,1 faizi əlilliyə görə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb. Prezident İlham Əliyev 7 fevral 2019-cu il tarixində “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət başçısı tərəfindən əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüs də əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Respublikamızda minimum pensiyaların məbləği təxminən 38 faiz artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Vurğulamaq yerinə düşər ki, bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdə qərarlaşıb.
Bütün bu addımlar Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi güclü sosial siyasətin əsasında məhz vətəndaş amilinin, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir. Azərbaycan özünün dərinməzmunlu sosial siyasətinə bundan sonra da sadiq qalacaq. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Biz bundan sonra da sosial sahəyə çox böyük diqqət göstərəcəyik. Çünki bu sahə hər bir ölkə üçün prioritet olmalıdır, o cümlədən bizim üçün. Baxmayaraq ki, son illər ərzində dəfələrlə maaşlar və pensiyalar artırılıb, biz bundan sonra da bu istiqamətdə addımlar atacağıq. Bu yaxınlarda çox böyük sosial paket qəbul edildi. Bu islahatların anonsu keçənilki prezident seçkilərindən sonra verilmişdir. Bu ilin əvvəlindən çox ciddi sosial təşəbbüs icra edilməyə başlamışdır. Qəbul edilmiş qərarlar üç milyon insanı əhatə edir və bu vətəndaşların maddi vəziyyəti yaxşılaşır”, - deyə bildirib.
İqtisadi islahatlar nəticəsində artan büdcə daxilolmaları sosial məsələlərin həlli üçün əlavə imkanlar yaradır
Azərbaycanın nümunəvi sosial dövlət modelinin ən səciyyəvi cəhəti ondan ibarətdir ki, ölkəmizdə bu sferanın prioritetliyini təmin etməkdən ötrü fundamental əsaslar, güclü iqtisadi baza yaradılması daim diqqət mərkəzində saxlanılır. Aydın məsələdir ki, iqtisadi-maliyyə imkanları olmadan insanların həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasını hədəfləyən güclü sosial siyasətin reallaşdırılmasından söhbət açmaq da absurddur. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev dünya təcrübəsində də özünü doğruldan bu amili nəzərə alaraq ölkəmizin iqtisadi potensialından, əmək resurslarından daha səmərəli istifadə edilməsinə yönələn siyasət həyata keçirir. Son 15 ildə respublikamızın həyatı iqtisadi potensialın artırılmasına, maliyyə imkanlarının genişləndirilməsinə hesablanan genişməzmunlu islahatlarla səciyyələnib. Ölkəmizdə aparılan islahatlar bir qayda olaraq dərin konseptual əsaslandırmalar və yeni yanaşmalara uyğun şəkildə hazırlanaraq həyata keçirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan belə məqsədyönlü siyasət sayəsində Azərbaycan güclü iqtisadiyyat quruculuğuna nail olub. Son 15 ildə milli iqtisadiyyatımız 3 dəfədən çox olmaqla genişlənib ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Bu gün respublikamızın Cənubi Qafqazın ən güclü iqtisadiyyata malik ölkəsinə çevrilməsi son dərəcə qürurverici haldır. Təsadüfi deyil ki, regionda bütün qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələri məhz Azərbaycanın moderatorluğu ilə reallaşdırılır. Başqa bir qürurverici fakt ondan ibarətdir ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib.
Respublikamızda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji kurs milli iqtisadiyyatın genişlənməsinin ardıcıllığının təmin olunmasına hesablanıb. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də iqtisadi inkişafla bağlı diqqətəlayiq uğurlara imza atıb. Belə ki, milli iqtisadiyyatımız qlobal böhranın mənfi təsirlərini dəf edərək inkişafa istiqamətlənib. Hazırda ölkənin qarşısında duran bütün vəzifələrin icrası yüksək səviyyədə təmin olunur. 2019-cu ilin əvvəlindən bəri əldə olunan göstəricilər deyilənləri bir daha təsdiqləyir. Bu ilin birinci rübündə respublikamızda ümumi daxili məhsul istehsalında 3 faiz artıma nail olunub. Bu, son illər ərzində qazanılan ən yüksək göstəricidir. O cümlədən sənaye istehsalı 4,4 faiz artıb. Daha yüksək artım isə 15,6 faiz olmaqla qeyri-neft sənayesində müşahidə edilib ki, bu da dünya rekordudur. Dinamik iqtisadi inkişaf öz növbəsində Azərbaycanı geniş maliyyə imkanlarına malik ölkəyə çevirib. Hazırda respublikamız 45 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir və adambaşına düşən strateji valyuta ehtiyatlarına görə bütün dünya üzrə yüksək yerlərdən birini tutur.
Ölkəmizin dinamik iqtisadi inkişafının, aparılan islahatların, o cümlədən də şəffaflığın yüksək səviyyədə təmin edilməsinin real nəticəsi olaraq maliyyə imkanlarının genişlənməsi tendensiyası 2019-cu ilin əvvəlindən də davam edib. Belə ki, cari ilin birinci rübündə respublikamızda büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bu əlavə gəlirlərin təxminən 150 milyon manatı vergi daxilolmalarının, 50 milyon manatdan çox hissəni isə gömrük rüsumlarının sayəsində qazanılıb. Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergilər toplamağa müvəffəq olub. Azərbaycanın sosial siyasət strategiyasına uyğun olaraq əlavə gəlirlər ilk növbədə sosial sahəyə yönəldilir. Prezident İlham Əliyev iqtisadi islahatlar nəticəsində artan büdcə daxilolmalarının sosial məsələlərin həlli üçün əlavə imkanlar yaratdığını bildirərək deyib: “İqtisadi inkişaf, maddi imkanlar olmasa, sosial proqramları həll etmək mümkün olmayacaq. Ona görə iqtisadi sahədə aparılan islahatlara bu gün çox böyük diqqət göstərilir və bu islahatlar artıq nəticə gətirir. Nəticə ondan ibarətdir ki, büdcə daxilolmaları artır. Bu ilin əvvəlindən büdcə daxilolmaları böyük dərəcədə - yüz milyonlarla manat həcmində artmışdır. Bu, bizə əlavə imkanlar yaradır ki, ilk növbədə sosial sahədə bu artım özünü göstərsin”.
İşsizliklə bağlı problemlərin həlli daim gündəlikdə duran məsələdir
Ölkə vətəndaşlarının məşğulluğunun yüksək səviyyədə təmin edilməsi respublikamızda aparılan dərinməzmunlu sosial siyasətin mühüm bir istiqamətini təşkil edir. Məlumdur ki, işsizlik hər bir ölkəyə xas olan problemdir. Bu məsələnin həlli böyük səylər tələb edir. Azərbaycan o ölkələrdəndir ki, burada işsizliyin səviyyəsinin minimuma endirilməsi üçün ciddi səylər göstərilir və nəticə də əldə olunur. Son 15 ildə ölkə üzrə 2 milyon iş yerinin yaradılması bunu bir daha təsdiqləyir. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq hazırda respublikamızda işsizlik 5 faiz səviyyəsindədir ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir.
Son 15 ildə respublikamızda yeni iş yerlərinin yaradılması ilə bağlı statistika kifayət qədər zəngin olsa da, Prezident İlham Əliyev qarşıya ölkədə iş yerlərinin yaradılmasının daimi prosesə çevrilməsi ilə bağlı vəzifə qoyub. Bu da o amillə şərtlənir ki, respublikamızda dinamik sosial-iqtisadi inkişafın məntiqi nəticəsi olaraq müsbət demoqrafik vəziyyət müşahidə olunur. Son 15 il ərzində Azərbaycan əhalisi 1,7 milyon nəfər artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən KİV-ə verilən məlumata görə, Azərbaycanda hər il doğulanların sayı artır, məsələn, 2018-ci ildə ölkədə 139 min körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Müsbət miqrasiya saldosu davam edir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub. 2003-cü ildə ölkədə gözlənilən ömür uzunluğu 72,3 yaş (o cümlədən kişilər arasında 69,5, qadınlar arasında 75,1 yaş) idisə, 2018-ci ildə bu göstərici 75,6 yaşa (o cümlədən kişilər arasında 73,1 yaşa və qadınlar arasında 77,8 yaşa) çatıb.
Ölkədəki əhali artımına uyğun olaraq işsizliklə bağlı tədbirlər də müntəzəm qaydada aparılmalıdır. Bunu gündəlikdə duran məsələ kimi səciyyələndirən Prezident İlham Əliyev vurğulayıb: “İşsizliklə bağlı problemlərin həlli daim gündəlikdə duran məsələdir. Çünki 2003-cü ildən bu günə qədər 2 milyon iş yeri yaradılmasına baxmayaraq, yenə də işsizlik var. Düzdür, başqa ölkələrə nisbətən Azərbaycanda işsizliyin səviyyəsi çox aşağıdır, ancaq biz hesab edirik ki, bundan sonra da bu istiqamətdə addımlar atılmalıdır. Bu ilin əvvəlindən təkcə dövlət sektorunda 50 minə yaxın iş yeri yaradılmışdır. Ancaq, əlbəttə, biz yaxşı başa düşürük ki, ilk növbədə özəl sektorda iş yerləri yaradılmalıdır, özəl sektorda da yaradılır. Biz dövlət olaraq özəl sektora dəstək göstərərək onları da bu işə sövq edirik”.
Vətəndaşların iş yerləri ilə təmin olunmasının prioritetliyi 2019-cu ilin əvvəlindən etibarən aktiv şəkildə həyata keçirilən struktur islahatları zamanı da ciddi şəkildə gözlənilir. Başqa sözlə desək, struktur islahatları aparılarkən insanların əmək hüquqlarının qorunması çox mühüm tələb kimi qarşıya qoyulur. Müvafiq qurumlar və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu sahədə cənab Prezidentdən xüsusi tapşırıqlar alıblar. Bu isə o deməkdir ki, fəaliyyəti dayandırılmış strukturların əməkdaşları üçün yenidən işlə təmin olunmaq imkanları maksimum təmin edilir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31