Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda sənaye sektorunda istehsal və ixrac imkanları artır

Azərbaycanda sənaye sektorunda istehsal və ixrac imkanları artır

08.06.2019 [07:25]

Prezident İlham Əliyev: Sənaye istehsalı sahəsində iri sənaye müəssisələrinin yaradılması prosesi yaxşı nəticələr verir
Azərbaycandakı çoxsaylı müasir sənaye istehsalatlarının sırasına yenisi əlavə olunub. Xəbər verildiyi kimi, cari il mayın 16-da Prezident İlham Əliyevin iştirakı ilə Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodunun açılış mərasimi keçirilib. Respublikamızda ilk şpris zavodu olan bu müəssisə parkın 2017-ci ilin mayında rezidenti kimi qeydiyyata alınan “Diamed Co” MMC tərəfindən inşa edilib.
Respublikamızda 2019-cu ilin əvvəlindən bəri ilk şpris zavodu da daxil olmaqla yeni müasir sənaye müəssisəsinin istifadəyə verilməsi bir çox cəhətdən önəmlidir və ölkəmizdə reallaşdırılan məqsədyönlü siyasəti təzahür etdirir. Məlumdur ki, son 15 ildə dünyaya hər cəhətdən nümunəvi olan inkişaf modeli təqdim edən ölkəmiz öz siyasətində qlobal miqyasda meydana çıxan çağırışları, yeni transformasiya tendensiyalarını mütləq nəzərə alır. Bəhs olunan dövrdə iqtisadiyyatını 3 dəfədən çox genişləndirməklə dünya üzrə rekord göstəriciyə imza atan respublikamız hazırda yeni inkişaf paradiqmaları müəyyənləşdirib. Bu barədə Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da anons edilib və ciddi mesajlar verilib. Prezident İlham Əliyev iclasda söylədiyi nitqində bildirib ki, biz hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik, bu proses başlanmışdır.
Azərbaycanın ölkənin daxili potensialı və qlobal çağırışlar nəzərə alınmaqla müəyyənləşdirdiyi yeni inkişaf strategiyasında bir sıra istiqamətlərlə yanaşı, innovativ əsaslı sənaye quruculuğu da prioritetlərdən biri kimi müəyyənləşdirilib. Respublikamız sənaye quruculuğuna ciddi önəm verməklə, bu prosesi həm siyasi, həm də maddi cəhətdən dəstəkləməklə daxili istehlakda yerli məhsulların xüsusi çəkisini artırmaq, özünün ixrac imkanlarını genişləndirmək, eləcə də məşğulluq kimi ciddi sosial məsələnin həllində daha yaxşı nəticələrə nail olmaq niyyətindədir. Deyə bilərik ki, müəyyənləşdirilən strateji xəttə uyğun olaraq həyata keçirilən tədbirlər özünün müsbət nəticələrini verir. Belə ki, ölkəmizin sənaye sektorunda istehsal və ixrac imkanları getdikcə artır. Bunu 2019-cu ilin birinci rübünün göstəricilərindən də aydın şəkildə görmək mümkündür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində ölkəmizdə birinci rübdə son illərin ən yaxşı iqtisadi göstəricilərinin əldə olunmasından məmnunluğunu bildirərək vurğulayıb ki, ilin əvvəlindən bəri sənaye istehsalı 4,4 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artmışdır. Dövlət başçısı sənaye sektorunda belə yüksək nəticələrin qazanılmasını şərtləndirən amillərə diqqət çəkərək vurğulayıb: “Bax, gördüyümüz işlərin nəticəsi budur və sənaye istehsalının, xüsusilə qeyri-neft sektorunda sənaye istehsalının artırılması bizim siyasətimizin bariz nümunəsidir”.
Bir sıra güzəştlərin tətbiq edildiyi sənaye parkları ölkəmizdə sənayenin inkişafına güclü təkan verib
Azərbaycan sənaye quruculuğu siyasətində qabaqcıl dünya təcrübəsinə istinad edir. Bu baxımdan ölkəmizdə yüksək infrastruktur təminatına malik sənaye parklarının yaradılması təqdirəlayiq haldır. Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodunun açılış mərasimində bildirilib ki, hazırda Azərbaycanda Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamlarına uyğun olaraq kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma, əczaçılıq sahələrində ixtisaslaşmış 5 sənaye parkı fəaliyyət göstərir. Bu sənaye parklarında 9 minə yaxın insan daimi işlə təmin olunub. Sənaye parklarında fəaliyyət göstərən müəssisələrdə tanker və gəmilər, elektron təhsil avadanlıqları, metal konstruksiyalar, maşınqayırma avadanlıqları, polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar, polipropilen, pestisidlər, müxtəlif növ sürtgü yağları, xortumlar və fitinqlər, kabellər, polimer məmulatlar, texniki qazlar, aliminium və plastik profillər, pambıq iplikləri və s. istehsal edilir. Qeyd edək ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq rezidentlərin sənaye parklarına investisiya yönəltmələri güclü şəkildə təşviq edilir. Sənaye parkları üçün infrastruktur təminatı bir qayda olaraq dövlət vəsaiti hesabına yaradılır. Bundan başqa, sənaye parklarının rezidentləri qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumundan azaddırlar. Sənaye parklarında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir. İş adamları da yaradılan əlverişli şəraitdən, dövlət dəstəyindən maksimum dərəcədə bəhrələnməyə çalışaraq yeni istehsalatların yaradılmasına məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. Belə bir cəhəti xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizdəki sənaye parklarında yeni istehsalatların yaradılması prosesində xarici investorlar da fəal şəkildə iştirak edirlər ki, bu da respublikamıza olan böyük inamın ifadəsidir.
Qarşılıqlı dövlət-özəl sektor əməkdaşlığının nəticəsidir ki, sənaye parklarının yaradılması artıq öz səmərəsini verir. Belə ki, ölkəmizdə yaradılan sənaye parklarının fəaliyyəti ildən-ilə genişlənir. “Yaşıl iqtisadiyyat”ın və təkrar emal sənayesinin inkişafında mühüm rolu olan Balaxanı Sənaye Parkında 2018-ci ildə taxta tullantılarının emalı və kömür, plastik torlar, qablaşdırma və etiket, maqnezium oksid panellərin, işlənmiş avtomobil şinlərinin emalı və tullantı taxtalardan pellet və taxta unu istehsalı, avadanlıq və dəzgahların bərpası sahələri üzrə 6 rezident qeydiyyata alınıb. Hazırda Balaxanı Sənaye Parkının 14 rezidenti var və onlar tərəfindən 37,3 mln. manat investisiya yatırılıb. Rezidentlərdən 7-si artıq fəaliyyət göstərir. Sahibkarların marağını nəzərə alaraq, Balaxanı Sənaye Parkının ərazisi 1,3 hektar genişləndirilib və hazırda 8,3 hektar təşkil edir. Cari ilin yanvar ayında Sənaye Parkında daha bir rezident qeydiyyata alınıb. Yeni rezident işlənmiş təkərlərin təkrar emalından biodizel istehsal edəcək. Layihə çərçivəsində 3 mln. manat investisiya yatırılacaq.
2018-ci ildə Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə - pambıq-poliester və “Open End” üsulu ilə iplik istehsalı fabrikləri istifadəyə verilib, 750 iş yeri açılıb. İnvestisiya dəyəri 144 mln. manat olan fabriklərin yaradılmasına 10 mln. manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında qurulmuş fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edilib. Fabriklərdə pambıq mahlıcından ildə 20 min ton iplik istehsal olunacaq. Mingəçevir Sənaye Parkında xammal kimi əsasən ölkənin regionlarında yetişdirilən məhsullardan istifadə olunacaq. Bu isə o deməkdir ki, parkın fəaliyyətinin tənzimlənməsi üçün xərclər, o cümlədən də daşıma xərcləri azalacaq. Mingəçevir Sənaye Parkının fəaliyyətinin yerli xammal hesabına təmin olunması həmçinin bölgələrdə iqtisadi fəallığın artması baxımından da böyük aktuallıq daşıyır.
Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodunda 2019-cu ilin sonunadək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” üçün dəyəri 82 mln. ABŞ dolları təşkil edən 2 Ro-Pax tipli unikal gəminin və dəyəri 28 mln. ABŞ dolları təşkil edən 2 neft tankerinin təhvil verilməsi planlaşdırılır.
Bütövlükdə, ölkədə yaradılan sənaye parklarının ümumi investisiya portfelinin həcmi 3,8 mlrd. ABŞ dolları təşkil edir. İndiyədək sənaye parklarına 2,9 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub. Təkcə 2018-ci ildə rezidentlər tərəfindən 450 mln. ABŞ dolları sərmayə yatırılıb. Sənaye parklarında qeydiyyata alınan rezidentlərin böyük əksəriyyəti artıq istehsal fəaliyyətinə başlayıb. 2019-cu ilin birinci rübündə isə ölkədəki sənaye parklarına daha 540 milyon manat həcmində sərmayə yönəldilib. Növbəti mərhələdə sənaye parklarına əlavə olaraq 1 mlrd. ABŞ dollarınadək investisiya qoyuluşu gözlənilir.
Ölkəmizdə Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı əsasında təşkil olunan Sumqayıt Kimya Sənaye Parkı respublikamızda yaradılan ilk və ən böyük sənaye parkıdır. Parkın 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Artıq burada 75 faiz məskunlaşma qeydə alınıb. Sənaye parkında qeydə alınan rezidentlərin layihələrinin investisiya dəyəri 2,8 milyard dollardır ki, bunun da 2,2 milyard dolları artıq layihələrə yatırılıb. Hazırda Sumqayıt Kimya Sənaye Parkının ərazisində yeni istehsalatların yaradılması istiqamətində işlər uğurla davam etdirilir. 2019-cu ilin sonunadək burada daha bir neçə müəssisənin istifadəyə verilməsi nəzərdə tutulub.
Yuxarıda deyilənlər bir daha təsdiqləyir ki, son illərdə geniş güzəştlər paketinin tətbiq edildiyi sənaye parkları ölkəmizdə sənayenin inkişafına güclü təkan verib. Prezident İlham Əliyev ölkədəki sənaye parklarında və sənaye zonalarında 60-a yaxın rezidentin qeydiyyata alındığından məmnunluğunu bildirərək vurğulayıb: “Bizdə sənaye parklarında, sənaye zonalarında 60-a yaxın rezident var. Bu parklara, zonalara artıq 3,3 milyard dollar sərmayə qoyulub. Əgər biz sənaye parklarını yaratmasaydıq, bu vəsait də qoyulmazdı. Orada güzəştli şərtlər tətbiq olunur, investorlar vəsait qoyur, iş yerləri yaradır və nəticə etibarilə ölkəmiz inkişaf edir”.
Yeni müəssisələrdə buraxılan məhsullar həm daxili tələbata yönəldiləcək, həm də xarici bazarlara çıxardılacaq
Son illərdə ölkəmizdə metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və Azərbaycan üçün ənənəvi olan digər sənaye sahələri genişlənib, həmçinin yeni sənaye sahələri də formalaşıb. Respublikamızda aparılan müasir sənaye quruculuğunda qarşıya iki mühüm vəzifə qoyulub - daxili istehlakı yerli məhsullar hesabına qarşılamaq, eyni zamanda, bu sektorda ixrac imkanlarını genişləndirmək. Əlamətdar haldır ki, son illərdə bir sıra mühüm pozisiyalar üzrə daxili tələbat sırf yerli müəssisələrdə buraxılan yüksəkkeyfiyyətli məhsullar hesabına təmin edilir ki, bu da daha çox həcmdə valyutanın xaricə axınının qarşısının alınması deməkdir. Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, son illərdə ölkəmizdə kosmos sənayesinin inkişafı, o cümlədən də orbitə üç peykin buraxılması sayəsində respublikamızın telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığı tam aradan qalxıb. Peyklərin orbitə çıxarılması ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi, infrastruktur layihələrinin icrası və mövcud infrastrukturun qorunması baxımından da böyük əhəmiyyətə malikdir. Son illərdə respublikamızda müdafiə təyinatlı müəssisələrin şəbəkəsinin genişlənməsi də böyük aktuallıq daşıyır. Bu müəssisələrdə buraxılan silah-sursat Azərbaycanın Silahlı Qüvvələrinin maddi-texniki təchizatının möhkəmləndirilməsində mühüm rol oynayır.
Eyni zamanda, sənaye sektorunda buraxılan məhsullar hesabına ölkəmizin ixrac həcmləri də getdikcə artır. Görülmüş tədbirlər nəticəsində 2018-ci ildə ölkəmizdən qeyri-neft ixracı 9,8 faiz, o cümlədən sənaye məhsullarının ixracı 6,2 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin sayı 56,2 faiz artıb. Bütövlükdə, ötən il Azərbaycandan 3088 çeşiddə məhsul ixrac edilib ki, bunların sırasında sənaye mallarının çəkisi kifayət qədər böyükdür. Respublikamızda qeyri-neft sektorundan ixracın təşviq edilməsi ilə bağlı tədbirlər 2019-cu ildə də davam etdirilir. Cari ildə 19 xarici ölkəyə 25 ixrac missiyasının həyata keçirilməsi, 11 beynəlxalq sərgidə Azərbaycan şirkətlərinin vahid ölkə stendi ilə təmsil olunması, eləcə də ixracla məşğul olan sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin daha da gücləndirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev diqqəti ölkəmizdə aparılan sənaye quruculuğunun uğurlu nəticələrinə yönəldərək vurğulayıb: “Sənaye istehsalı sahəsində iri sənaye müəssisələrinin yaradılması prosesi yaxşı nəticələr verir. Ancaq biz çalışmalıyıq ki, kiçik, orta sənaye müəssisələri daha da fəal olsun, həm yeniləri yaradılsın, həm də fəaliyyətdə olan sənaye obyektləri öz işini təkmilləşdirsinlər ki, rəqabətqabiliyyətli məhsullar istehsal olunsun. Bu, həm iş yerləridir, həm yerli istehsaldır, idxaldan asılılığın aradan qaldırılmasıdır”.
Respublikamızda cari ildə istifadəyə verilən yeni müasir müəssisələr də daxili tələbatın yerli məhsullar hesabına ödənilməsində və ixrac həcmlərinin artmasında mühüm rol oynayacaq. Bu baxımdan respublikamızda uğurla reallaşdırılan “SOCAR Polymer” layihəsinin önəmini xüsusi qeyd etmək lazımdır. Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən ilk müəssisə - polipropilen zavodu 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə istifadəyə verilib. Layihə çərçivəsində növbəti müəssisə - yüksəksıxlıqlı polietilen zavodu 2019-cu il fevralın 18-də işə salınıb. Haqqında bəhs olunan layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək. “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz artıracaq. Sumqayıt Kimya Sənaye Parkının ərazisində cari ilin əvvəlində istifadəyə verilən “SOCAR karbamid” zavodu da geniş ixrac imkanlarına malik olan müəssisədir. Dəyəri təxminən 800 milyon avro təşkil edən “SOCAR karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Eyni zamanda, istehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək. Prezident İlham Əliyev bəhs olunan müəssisələrin ölkəmizin sənaye potensialını böyük dərəcədə gücləndirdiyini vurğulayaraq deyib: “Bu il iri sənaye müəssisələrinin açılışı olmuşdur. İki böyük zavodun - karbamid və yüksək sıxlıqlı polietilen zavodlarının açılışı bizim sənaye potensialımızı böyük dərəcədə gücləndirir. Bu zavodlarda yüzlərlə yeni iş yeri yaradılıb. Orada işləyən vətəndaşlar təlim keçiblər. Onlar bir neçə ölkədə təlim kurslarında olmuşlar. Orada işləyənlərin əksəriyyəti gənc mütəxəssislərdir. Bu, həm yeni texnologiyalardır, həm qeyri-neft sektorunun inkişafıdır, ixrac potensialımızın artırılmasıdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan sənaye istehsalı sahəsində böyük işlər görməyə qadirdir. Əlbəttə ki, sənaye istehsalı növbəti illərdə bizim üçün prioritet məsələlərdən biri olacaq. Əminəm ki, həm yerli, həm də xarici sahibkarlar bu işlərə diqqət göstərəcəklər”.
Şpris zavodunun işə salınması sənayemizin inkişafına yeni töhfədir
Pirallahı Sənaye Parkında investisiya dəyəri 100 mln. ABŞ dollarından artıq olan müxtəlif təyinatlı istehsal müəssisələrinin yaradılması işləri aparılır. Yuxarıda bəhs olunan açılış mərasimində bildirilib ki, Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Sərəncama əsasən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin tərkibində Pirallahı Sənaye Parkı yaradılıb. Bu parkın yaradılmasında məqsəd qeyri-neft sənaye sahələrinin davamlı inkişafını, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsini, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasını təmin etməkdir. Bundan başqa, bu layihənin icrası əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi daşıyır. Ümumi sahəsi 30 hektar olan parkın rezidentləri 7 il ərzində torpaq, gəlir, əmlak, əlavə dəyər vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlara görə gömrük rüsumundan azaddırlar.
Pirallahı Sənaye Parkı yaradılandan bəri burada əczaçılıq sahəsində reallaşdırılan mühüm layihələrdən biri də şpris zavodudur. Müəssisənin illik istehsal gücü 150 milyon şprisdir. İnvestisiya dəyəri 9,5 milyon manat olan bu layihəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib. Prezident İlham Əliyev müəssisənin açılış mərasimində kollektivlə görüşdəki çıxışında şpris zavodunun istifadəyə verilməsini sənayemizin inkişafına töhfə kimi dəyərləndirib. “Bu günə qədər biz şprisləri xaricdən alırdıq, indi isə buna ehtiyac qalmır, əksinə, verilən məlumata görə, artıq xaricdən sifarişlər də alınır. Beləliklə, həm daxili tələbat tam ödəniləcək, həm də biz öz yeni məhsulumuzu xaricə ixrac etmiş olacağıq. Bu, sənayemizin inkişafına verilən töhfədir”, - deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, iki hektar ərazidə yerləşən zavodda Almaniya, İsveçrə, İtaliya, Türkiyə, İngiltərə, Yaponiya texnologiyaları və avadanlıqlarından istifadə olunur. Müəssisədə istehsal edilən məhsullar yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac ediləcək. Bu isə “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsulların çeşidini və sayını artırmağa imkan verəcək. Zavodda 150 yeni iş yeri yaradılacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 526 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30