
İclasda 2020-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam etdirilib
Noyabrın 13-də Milli Məclisin növbəti iclası keçirilib. İclasda 2020-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam etdirilib.
Çıxış edən millət vəkili Elçin Quliyev bildirib ki, büdcə Maliyyə və digər nazirliklər tərəfindən kifayət qədər mükəmməl şəkildə hazırlanıb. Onun sözlərinə görə, hökumət tərəfindən təqdim olunmuş dövlət büdcəsinin layihəsinə əsasən 2020-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 3,0 faiz olmaqla 83,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,8 faiz olmaqla 54,6 milyard manat proqnozlaşdırılır: “Hesab edirəm ki, ümumilikdə qloballaşma şəraitində inkişaf etmiş və etməkdə olan ölkələrin iqtisadi göstəriciləri ilə müqayisədə bu, kifayət qədər yetərlidir. Belə ki, verilən məlumatlara əsasən, ortamüddətli dövrdə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 66,8 faizə yüksələcəyi proqnozlaşdırılır ki, bu da hökumətin həyata keçirdiyi diversifikasiya siyasətinin düzgün istiqamətdə aparılmasını bir daha sübut edir. Növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin real ifadədə orta hesabla 8,3 faiz artaraq 2023-cü ildə 80,3 milyard manata, xərclərinin isə 7,9 faiz artaraq 69,4 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır. Cari ildə əhalinin sosial rifahının yüksəldilməsi üçün həyata keçirilmiş tədbirlərin nəticəsində iqtisadiyyatın bütün sahələri üzrə orta aylıq əməkhaqqı səviyyəsinin 2020-ci ildə 15,5 faiz artımı gözlənilir”.
E.Quliyev deyib ki, millət vəkili olaraq təmsil olunduğu Sabirabad rayonunda da xeyli işlər görülüb və bu gün də görülməkdədir.
Milli Məclisin deputatı Mirzəcan Xəlilov isə bildiirb ki, büdcə sosialyönümlü olmaqla diqqəti cəlb edir: “Büdcədə qeyri-neft sektoruna verilən üstünlük xüsusi olaraq nəzərə çarpır. Mən Sumqayıt şəhərindən deputat seçilmişəm. Sumqayıtda cənab Prezidentin diqqət və qayğısı nəticəsində son illər ərzində baş verən müsbət dəyişikliklər göz qabağındadır. Sumqayıtda atılan bütün addımlar təqdirəlayiqdir. Əhalinin rifahı naminə kifayət qədər sosialyönümlü işlər həyata keçirilib. Evlərin dam örtüyü dəyişdirilib, yeni liftlər quraşdırılıb, məhəllədaxili küçə və səkilər abadlaşdırılıb. Çoxlu sayda iş yerləri yaradırılıb. Dəniz kənarında bulvar istifadəyə verilib, Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyasının binası, Kimyaçılar sarayı, Sumqayıt Dram Teatrı, Musiqi məktəbi və sairə. Sumqayıtda qeyri-neft sektoruna təkan verəcək kifayət qədər yeni müəssisələr açılıb. Artıq yeni müəssisələr istehsala başlayıb, məhsulları ixrac edilir. Hal-hazırda Sumqayıt şəhərinin 70 illik yubileyinə ciddi hazırlıq gedir. Ayın sonunda yubiley tədbiri keçiriləcək. Şəhər öz gözəlliyi ilə cazibədardır”.
“2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan məsələlər Azərbaycan vətəndaşının rifahında və onun ailə büdcəsində özünün əksini tapacaq. Məsələyə bu konteksdən yanaşanda, bu il müstəqillik dövrümüzün ən iri maliyyə tutumlu büdcəsini müzakirə etmək hər birimiz üçün böyük qürur mənbəyidir”. Bu fikirləri isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin iclasında büdcə müzakirələri zamanı deyib.
Hikmət Babaoğlu bildirib ki, bu büdcə ilə ölkəmizdə həyata keçirilən islahatlar arasında dəqiq və sıx bağlılıq var: “Çünki bu büdcəyə nail olmaq üçün mütləq biz ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara və onların nəticələrinə diqqət yetirməliyik. İslahatlar həyata keçirilməyə başlayanda bəzi müxalif dairələr, radikal ünsürlər bu islahatların nəticələrini şübhə altına almağa çalışırdılar, qeyri-ciddi fikirlər səsləndirirdilər. Bu gün müzakirə etdiyimiz büdcə, səsləndirilən rəqəmlər, büdcənin investisiya və sosialyönümlü olması bir daha ondan xəbər verir ki, aparılan islahatlar öz nəticəsini verir. Bu nəticələr maliyyə sənədində də öz əksini tapır. Prezidentin qeyd etdiyi kimi, islahatlar təkmilləşmə, tərəqqi və yeni dövrə uyğunlaşmadır. Doğrudan da, ölkəmizdə bu günə qədər həyata keçirilən siyasət Azərbaycanda islahatların yeni mərhələsini təmin etmək üçün şərtlər formalaşdırıb və bu şərtlər də indiki inkişafa gətirib çıxarıb. Amma unutmaq olmaz ki, müzakirə etdiyimiz büdcə, onun gətirəcəyi rifah, inkişaf və tərəqqi sonrakı dövrdə Azərbaycanın yeni keyfiyyətdə inkişaf mərhələsinə keçməsi üçün də əsaslar yaradacaq”.
Millət vəkili deyib ki, həyata keçirilən islahatlar nəticəsində büdcəni təmin edən mənbələr qismində çıxış edən subyektlər, yəni gömrük və vergi orqanlarında şəffaflıq, işə məsuliyyətli yanaşma təmin olunur. Bu da nəticə etibarilə bu mənbələr vasitəsilə büdcəmizə proqnozlardan daha çox əlavə daxilolmaların təmin olmasına imkan yaradır. Bu da mühüm göstəricidir.
Hikmət Babaoğlu onu da qeyd edib ki, Azərbaycanda çox böyük layihələr həyata keçirilir. Bunlardan biri də yeni dəmiryol qovşağının qurulmasıdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu bu gün qürurla deyə biləcəyimiz layihələrdən biridir. “Bu, çox mühüm layihədir. Cənab Prezidentin qeyd etdiyi kimi, dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünyada 13-cü yerdədir. Fikrimcə, bu, hələ son hədd deyil, çünki yaxşı perspektivlər var. Ancaq mən bu məsələ ilə bağlı bir problemə toxunmaq istəyirəm. Mənim seçildiyim 19 saylı Nərimanov birinci seçki dairəsinin ərazisində Montin-Keşlə dəmir yolu qovşağı var. Burada Məmməd Arif küçəsində bir qrup insan təxminən 50-yə qədər evdə yaşayır. Dəmir yolunda təhlükəsizliyin təmin olunması üçün, sürətli qatarların təhlükəsizliyini təmin etmək üçün “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən xüsusi mühafizə zolaqları yaradılıb. Bu, vacib məsələdir. Amma eyni zamanda, həmin insanların ətraf mühitlə kommunikasiyası məhdudlaşıb. Yəni təcili tibbi yardım maşınlarının, yanğınsöndürən maşınların əraziyə girişi üçün yol yoxdur. Mən müvafiq qurumlardan, o cümlədən Maliyyə Nazirliyindən xahiş edirəm ki, bu məsələnin həlli ilə bağlı büdcədən vəsait ayrılsın”, - deyə millət vəkili söyləyib.
Hikmət Babaoğlu həmçinin qeyd edib ki, Maliyyə Nazirliyinin büdcə layihəsi hazır olduqdan dərhal sonra bu sənədi özünün elektron səhifəsində yerləşdirməsi yaxşı haldır: “Amma elektron səhifədə vətəndaşların rəy və təkliflərini öyrənmək üçün bölmə də yaratmaq olar. Vətəndaşlar səmərəli təkliflər verməklə bu prosesə öz töhfələrini verə bilərlər”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev də çıxışında bir sıra təkliflər səsləndirib.
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc çıxışında bildirib ki, cənab Prezident ötən illər ərzində Azərbaycanın əldə etdiyi uğurlarla yanaşı, qarşıya yeni çağırışlar qoyub, hökumətdə dəyişikliklərə gedilib. Onun sözlərinə görə, islahatlar dərinləşdikcə, struktur və institusional xarakter daşıdıqca daha çox vətəndaş bu prosesi müdafiə edir, fəal iştirak edir.
Müzakirələrdən sonra 2020-ci ilin dövlət büdcəsinin layihəsi birinci oxunuşda qəbul olunub.
Sonra millət vəkilləri “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsini müzakirə ediblər. Layihə haqqında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. O bildirib ki, büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 2020-ci ilin büdcəsinin Azərbaycanın müstəqillik tarixində irihəcmli büdcə olduğunu vurğulayan komitə sədri deyib ki, ölkə tarixində ilk dəfədir büdcə xərclərinin 39,5 faizi sosial sahəyə ayrılır. Sosial müdafiə xərclərinə ayrılan vəsaitin 31,3 faiz artırılması isə dövlətin iqtisadi qüdrətinin yüksəlişindən xəbər verir.
H.Rəcəblinin sözlərinə görə, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsində də vacib məqamlar əksini tapır.
“2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq. Gələn il ünvanlı sosial yardımın məbləği 50 milyon manat artırılacaq”. Bu fikirləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı deyib. S.Babayev bildirib ki, qeyri-büdcə təşkilatları tərəfindən büdcəyə 76,2 milyon manat vəsaitin daxil olması gözlənilir. Nazir qeyd edib ki, görülən işlər nəticəsində ölkəmizdə bu ilin 10 ayı ərzində əməkhaqqı fondu əhəmiyyətli dərəcədə artıb: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sosialyönümlü dövlətdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərin mərkəzində vətəndaşlarımızın sosial rifahı durur”.
S.Babayev söyləyib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir: “Bu ödənişlər, demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur”.
Nazirin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri və xərcləri 128 235 400 manat məbləğində proqnozlaşdırılıb.
Müzakirələrdən sonra hər iki sənəd qəbul olunub.
İclasda həmçinin büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi müzakirə edilib. Layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. Sənəd birinci oxunuşda qəbul edilib.
“Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
Nardar BAYRAMLI
- Oxunub: 2970 |
- Tarix: 14-11-2019 |
-
Çap et |