Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə görüşlər davam edir

“Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə görüşlər davam edir

20.02.2021 [08:36]

Siyasi dialoq mühitinin ölkəmizdə dəstəklənməsi, eləcədə dialoq məfhumunun təşviqi məqsədilə Azərbaycanda fərqli layihələr davamlı olaraq reallaşmaqdadır. Görülən işlər sayəsində “siyasi dialoq” anlayışı öz aktuallığını qoruyaraq, siyasi təcrübənin ayrılmaz amilinə çevrilib.
AZƏRTAC xəbər verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ölkədə tanınmış politoloq və müvafiq sahədə ixtisaslaşmış QHT rəhbərləri ilə fevralın 19-da keçirilmiş “Siyasi dialoqun Azərbaycan modeli” adlı görüşü məhz mövcud istiqamətdə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan siyasətin davamı kimi dəyərləndirilməlidir.
Ölkəmizdə reallaşan islahatlar siyasi münasibətlər sistemini də əhatə edir. Dayanıqlı inkişaf, sabitlik, milli həmrəylik mühiti, peşəkar münasibətlərin təşviqi və demokratik ənənələrin formalaşması kimi vəzifələri özündə ehtiva edən islahatlar qaçılmazdır və siyasi münasibətlər sisteminə də sirayət edir. Dövlətimizin başçısının “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir” - fikri ölkəmizdə siyasi dialoqun inkişafına ayrılan yüksək diqqətin sübutudur. Bu cür yanaşma və nümayiş olunan siyasi iradə sayəsində “dialoq məfhumu” Azərbaycanda siyasi dəyər statusuna qədər yüksəlmiş olur.
“Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə tədbirlər çərçivəsində təşkil olunmuş növbəti görüşdə tanınmış politoloq və siyasi şərhçilərlə yanaşı, ölkənin müvafiq sahədə ixtisaslaşmış qabaqcıl QHT rəhbərləri də iştirak ediblər. Tədbiri giriş sözü ilə açan şöbə müdiri Ədalət Vəliyev ölkə rəhbərliyi adından iştirakçıları salamlayaraq, şöbənin əsas fəaliyyət istiqamətləri və prioritetləri, Azərbaycanda aparılan sistemli islahatlar, o cümlədən siyasi partiyaların canlanması və dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən siyasi dialoq məfhumunun təşviqi istiqamətində görülmüş işlər haqqında geniş məlumat verib.
Ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqunun davamlı şəkildə inkişaf etdiyini qeyd edən Administrasiya rəsmisi cəmiyyətin fəal üzvlərinin, həmçinin vətəndaş cəmiyyəti institutlarının bu proseslərdə qabaqcıl mövqe tutmasının əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, dayanıqlı siyasi dialoq mühitinin qorunması kontekstində isə obyektiv siyasi şərhlərin, həmçinin maarifləndirmə və təbliğat işlərinin aktuallığı xüsusi olaraq artır. Bu mənada mövcud potensialların səfərbər olunması və müvafiq sahələrin mütəxəssisləri ilə birgə müzakirələrin aparılması siyasi zərurətdir.
Öz çıxışını Prezident İlham Əliyevin “Növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır” - fikirləri ilə davam etdirən Administrasiya rəsmisi siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsinin, ilk növbədə, ölkə rəhbərliyinin dövlət quruculuğu məsələlərində demokratik prinsip və ənənələrə sadiq qalmasından xəbər verdiyini bildirib.
Dövlətin və cəmiyyətin inkişafında siyasi dialoqun rolunun təbliği və malik olduğu bütün müsbət təzahür formalarının aşılanması üçün Azərbaycanda tanınmış ictimai xadimlər tərəfindən mövzu ilə bağlı verilən şərhlərdə obyektiv mövqeyin qorunması və dövlətçilik mövqelərdən çıxış etməsinin prinsipial məsələ olduğunu qeyd edən Ədalət Vəliyev bildirib ki, Vətənə sadiqlik və milli maraqlara xidmət bütün vətəndaşlarımızın əsas həyat amilinə çevrilməlidir.
Azərbaycanda yaşanan milli birlik və həmrəylik kontekstində 44 gün davam edən Vətən müharibəsində əldə olunan Böyük Qələbəni xatırladan Administrasiya rəsmisi Prezident İlham Əliyevin bununla bağlı fikrini səsləndirib: “Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur”. Bu mənada siyasi dialoqun, eyni zamanda, cəmiyyətin çeviklik və mobillik kimi əvəzolunmaz keyfiyyətlərinin inkişafı prosesinə də təsir etdiyini qeyd edən Ədalət Vəliyev vurğulayıb ki, münasibətlər sisteminin məhz bu tərəfləri Azərbaycanda ən az tədqiq və təhlil olunmuş mövzulardandır.
Daha sonra dialoqun Azərbaycan milli mədəniyyətinə məxsus keyfiyyətlərdən biri olduğunu xatırladan şöbə müdiri hökumət tərəfindən mövcud istiqamətdə atılan qlobal təşəbbüslərdən danışıb. Konteksti inkişaf etdirərək Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən mövcud istiqamətdə görülmüş işlər haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu “Azərbaycanda siyasi dialoq mədəniyyəti yeni inkişaf mərhələsində”, Musa Qasımlı “Diskussiya mədəniyyəti: keçilən yol, mövcud vəziyyət və perspektivlər”, Hikmət Babaoğlu “İctimai siyasi münasibətlər sistemi tariximizdə yeni plüralist əməkdaşlıq mərhələsi”, Cavanşir Feyziyev “Siyasi dialoqun zərurəti: Siyasi dialoq - milli təhlükəsizliyin mühüm elementi”, həmçinin tanınmış politoloqlar Eldar Namazov “Dəyişən dünyada milli birliyin və ölkə daxili dialoqun vacibliyi”, Fariz İsmayılzadə “Milli Həmrəylik və dialoq üçün təhsil platforması”, Tofiq Abbasov “Qarşılıqlı anlaşmadan təkamülə doğru”, Rufiz Qonaqov “Siyasi dialoq - Həmrəylik və Vətən müharibəsi”, Rauf Arifoğlu “Siyasi dialoq düşmənin informasiya təxribatlarına qarşı milli dirənişin əsası kimi” və Elşad Eyvazlı “Siyasi dialoqda medianın rolu” mövzuları üzrə məruzələrlə çıxış ediblər.
Tədbirdə yekun sözü ilə çıxış edən Administrasiya rəsmisi Prezident İlham Əliyevin “Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır. Əlbəttə ki, ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal, sağlam rəqabət aparmaq - biz bunu istəyirik” - fikirlərini səsləndirərək bildirib ki, dialoqun təzahür formalarından biri olan əməkdaşlığın nəticəsində ölkədə aparılan islahatların maksimal effektivliyi təmin olunacaq.
Dialoq ənənələri ilə zəngin olan Azərbaycanda milli və siyasi həmrəyliyin inkişafı üçün bütün amillərin mövcudluğunu qeyd edən tədbir iştirakçıları mövcud istiqamətdə əməkdaşlığa hazır olduqlarını və öz fəaliyyətlərində mövzuya xüsusi diqqətin ayıracaqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 403 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31