Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Allahşükür Paşazadə: Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib

Allahşükür Paşazadə: Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib

19.11.2015 [14:00]

Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir. Bu, bizim fəxarət, qürur mənbəyimizdir.
Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Stokholmda keçirilən “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda elmi konfransda söyləyib.
Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycanda din-dövlət münasibətləri düzgün qurulub. Milli, dini tolerantlıq, multikulturalizm dövlət səviyyəsində dəstəklənir. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar heç bir ayrı-seçkilik olmadan dövlətin diqqət və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Bu müdrik siyasətin əsası dünyaca tanınmış öndərimiz Heydər Əliyevin zamanında qoyulub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Prezident İlham Əliyevin müdrik dövlətçilik siyasəti sayəsində Azərbaycan iqtisadi, siyasi və mənəvi cəhətdən Cənubi Qafqazın lider dövlətinə çevrilib.
Şeyxülislam qeyd edib ki, müasir Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın, dini abidələrə - məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayənin nümayiş etdirildiyi nümunəvi məkan kimi dünyada tanınır. Əlbəttə ki, bütün bunlar ölkəmizdə daxili birliyimizi, sabitliyimizi, vətəndaş həmrəyliyimizi güclü edir. Təbii ki, burada siyasi iradə, Azərbaycan Prezidentinin liderlik rolu böyük önəm daşıyır. Prezident İlham Əliyevin qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri sülh və dinc birgəyaşayış amallarına xidmət edir. Bakı artıq hər iki ildən bir keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, Humanitar forumların keçirildiyi ənənəvi məkana çevrilib. Dövlətimizin başçısı dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısıdır. Tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təblığində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var.
Allahşükür Paşazadə deyib: “Azərbaycan iqtisadi, siyasi sahədə uğurları ilə yanaşı, multikultural mənəvi həyatı ilə də dünyanın diqqət mərkəzindədir. 2010-cu ildə həmsədri olduğum MDB Dinlərarası Şurasının təşəbbüsü ilə Bakıda dini liderlərin Ümumdünya Sammitini keçirdik. Dünyanın 33 ölkəsindən 200-dən artıq dini lider Azərbaycana təşrif buyurdu. Dünyanın bütün ənənəvi dini mərkəzlərini təmsil edən böyük şəxsiyyətlər — patriarxlar, yüksək dini məqam sahibləri bu Sammitdə iştirak etdilər”.
Şeyxülislam diqqətə çatdırıb ki, Allahın yaratdığı ən böyük dəyər insan həyatıdır və onun xilası səmavi dinlərin təlqin etdiyi humanist dəyərlərə istinaddan keçir: “Biz bu məqamı hətta xalqımızın ağır problemi olan Qarabağ probleminin həlli ilə bağlı məsələdə də unutmur, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında, ədalətli, sülh yolu ilə həllində israr edirik. Nəzərə alsaq ki, dünyamızın üzləşdiyi əsas problemlərin kökündə mənəvi böhran durur, dəyişən dünyamızı məhvlərdən çıxmağa qoymayan əbədi dəyərlərə istinad xüsusilə vacibdir. Bu dəyərlərin sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, humanist dəyərlər önəmli yer tutur”.
Qeyd edilib ki, Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir. Təsadüfi deyil ki, məhz Azərbaycanda Multikulturalizm Mərkəzi yaradılıb və bu Mərkəz beynəlxalq miqyasda multikultural ideyaların təbliği və təşviqi ilə məşğul olur. Bu, indiki narahat dövrdə - multikulturalizm ideyalarının bəzi ölkələrdə lazımınca dəyərləndirilmədiyi məqamda xüsusilə əhəmiyyətlidir.
“Dünyanı lərzəyə gətirən terror hadisələri bizi hədsiz narahat edir. Terrordan, təcavüzdən əziyyət çəkmiş Azərbaycan xalqı bu bəlanın nə olduğunu yaxşı bilir. Ötən əsrin sonlarında erməni ekstremistləri tərəfindən əzəli Azərbaycan torpaqlarında etnik təmizləməyə məruz qalmış, Xocalı soyqırımını yaşamış biz azərbaycanlıların həyəcan təbili, təəssüflər olsun ki, dünya birliyi tərəfindən vaxtilə lazımi diqqətlə qarşılanmadı. Biz terrorun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir, beynəlxalq terrorizmə qarşı aparılan mübarizəni dəstəkləyirik. Uca Yaradanımızın yaratdığı müqəddəs dəyər olan insan həyatına qəsd edənlərin dini, milli mənsubiyyəti yoxdur. Terror bəşəriyyəti təhdid edən ümumi bəladır və bu bəladan yalnız birgə səylərlə qurtula bilərik”, - deyə A.Paşazadə qeyd edib.
Bildirilib ki, son günlər Livanda, Sinayda, ələlxüsus, Avropanın mərkəzində - Fransada baş verən terror aktları bir daha sübut edir ki, mədəniyyətlərarası, dinlərarası dialoq sahəsində hələ çox iş görülməlidir. Dünya birliyi – siyasi liderlər, beynəlxalq təşkilatlar, dini rəhbərlər birləşərək multikultural dəyərlərin zəfərini, ümumi evimizdə sabitlik və əmniyyəti təmin etməlidirlər. Bütün bunların fövqündə, milli-mənəvi dəyərlərinə sadiq, demokratik dünyəvi dövlət olan Azərbaycan öz multikultural dövlət modelini qloballaşan dünyaya təqdim edir.

Paylaş:
Baxılıb: 345 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30