Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 3 Dekabr - Beynəlxalq Əlillər günüdür

3 Dekabr - Beynəlxalq Əlillər günüdür

03.12.2016 [12:05]

Azərbaycanın sosial dövlət statusunun əsas xüsusiyyətlərindən biri də ölkədə əlilliyi olan şəxslərin hüquqlarının, maddi və mənəvi tələbatlarının dolğun şəkildə təmin olunması istiqamətində fəal və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsidir. Ümummilli liderimiz Heydər Əliyevin əlilliyi olan insanlara diqqət və qayğısı əsasında formalaşan bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir və həmin insanların sosial müdafiəsinə, tibbi-sosial reabilitasiyasına yönələn tədbirlər ildən-ilə gücləndirilir.
Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı ölkəmizdə icra olunan mühüm sosial proqramlardan biridir. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamı bu istiqamətdə tədbirlərin daha da güclənməsinə imkan yaradıb. Sərəncamın icrası işlərinin davamı olaraq, keçən il və cari ilin ötən dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 539 nəfər, o cümlədən 283 nəfər Qarabağ müharibəsi əlili, 256 şəhid ailəsi mənzillə təmin olunub. 2015-ci ilin dekabr ayında isə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 132 mənzilli yaşayış binası gözdən əlillərə təqdim edilib. Beləliklə də ötən dövrdə nazirlik tərəfindən 5500 nəfərə yaxın əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin olunub ki, onlardan 75 faizini əlilliyi olan şəxslər, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulanlar, gözdən əlillər təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarının icrası olaraq, 2014-2015-ci illərdə və cari ilin ötən dövründə 2063 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə nazirlik tərəfindən “Naz-LİFAN” markalı minik avtomobili təqdim olunub. Bununla da indiyədək 5900 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxs dövlət büdcəsi hesabına avtomobillə təmin edilib.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial müavinət və əmək pensiyası ödənilənlərin 36 faizə qədərini, Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin edilənlərin 71 faizini əlilliyi olan şəxslər təşkil edir. Ötən dövrdə olduğu kimi, cari ildə də Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanları və Sərəncamı ilə bu sosial ödənişlərin məbləğinin növbəti dəfə artırılması təmin olunub. Ümumilikdə ölkəmizdə pensiyaların orta aylıq məbləği 2003-2015-ci illərdə 10,3 dəfədən çox, cari ilin 9 ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artırılıb. Eləcə də son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfəyə yaxın artıb. Əlilliyi olan insanların bir hissəsi də müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdir. Həmin şəxslərə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləği ötən dövrdə I qrup əlillər üçün 83,3 faiz, II qrup əlillər üçün 104,3 faiz, III qrup əlillər üçün isə 120 faiz artırılıb. Bununla yanaşı, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin ümumilikdə 16,4 min nəfərdən çox uşağı aylıq sosial müavinətlə, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslər hər il müalicə üçün birdəfəlik müavinətlə təmin edilirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyi olan şəxslər üçün ölkəmizin bütün ərazisini əhatə edən 15 bərpa-müalicə müəssisəsi, o cümlədən Protez-Ortopedik Bərpa Mərkəzi və Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi fəaliyyət göstərir. Cari ilin yanvar-oktyabr aylarında həmin müəssisələrdə 19 400 nəfərdən çox əlilliyi olan şəxsə müvafiq xidmətlər, o cümlədən 6 900 nəfər əlil şəxsə bərpa-müalicə xidmətləri, 12 511 nəfər əlilliyi olan şəxsə isə protez-ortopedik xidmətlər göstərilib. Bu dövrdə əlilliyi olan şəxslərə ümumilikdə 28 687 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi (o cümlədən 1 108 ədəd əlil arabası, 597 ədəd eşitmə aparatı, 1 145 ədəd aşağı və yuxarı ətraf ortezi, 946 ədəd aşağı və yuxarı ətraf protezi və s.) verilib. Ölkəmizin bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar formada da protez-ortopedik xidmətləri göstərilir. Əlilliyi olan şəxslərin xarici ölkələrdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili sahəsində məqsədyönlü işlərin davamı olaraq, keçən il və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 400 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil olunub.
Nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində 2 mindən çox uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilir ki, onların əksər qismini sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir.
Azərbaycanda əlilliyi olan şəxslərə dövlət qayğısı respublikada paralimpiya hərəkatının hərtərəfli dəstəklənməsində də öz əməli təsdiqini tapır. 2008-ci ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda paralimpiyaçılar üçün beynəlxalq standartlara uyğun şəkildə Paralimpiya İdman Kompleksi istifadəyə verilib. Paralimpiyaçılarımız bütün beynəlxalq səviyyəli idman tədbirlərində olduğu kimi, cari ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında da uğurla çıxış ediblər. Bu Oyunlarda 24 paralimpiyaçımız biri qızıl, səkkizi gümüş, ikisi isə bürünc medal olmaqla 11 medala sahib olublar.
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsində, sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılmasında Heydər Əliyev Fondu tərəfindən də mühüm işlər aparılır. Son illərdə Fondun dəstəyi ilə respublikamızın müxtəlif bölgələrində gözdən əlil şəxslər və görmə qabiliyyəti zəif insanlar üçün Regional İnformasiya Mərkəzləri, sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaz-yay mövsümündə əlilliyi olan şəxslərin istirahətinin təşkili tədbirləri cari ildə də davam etdirilib. Nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, bu ilin yaz-yay mövsümündə 1015 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə respublikanın bölgələrindəki sağlamlıq və istirahət mərkəzlərinə istirahətə göndərilib.
Əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi tədbirlərinin davamı olaraq, cari ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlavə olaraq 502 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən ölkəmizdə dövlət səviyyəsində icra edilən özünüməşğulluq proqramında əlilliyi olan şəxslərin də iştirakı təmin olunur. Bu qəbildən olan insanların peşə reabilitasiyası da diqqətdə saxlanılır. 2016-cı ilin yanvar-oktyabr aylarında nazirliyin xətti ilə 3 242 nəfər vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib ki, onlardan 410 nəfəri əlilliyi olan şəxslər olub.
2013-cü ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi bu sahədə imkanların genişlənməsinə səbəb olub. Cari ilin 01 dekabr tarixinədək Mərkəzdə 1000 nəfərə qədər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul edilib. Burada təlim müddətində gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin edilir, sosial reabilitasiya tədbirlərinə cəlb olunurlar. Hazırda gözdən əlil insanların peşə və ümumən sosial reabilitasiyasının daha dolğun şəkildə təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Sabunçu rayonunda Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir.
Qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsi məqsədilə nazirlik tərəfindən ənənəvi olaraq ümumrespublika səviyyəli tədbirlər təşkil olunur.
Ölkəmizin əmək və məşğulluq sahəsində qanunvericilik aktlarında əlilliyi olan şəxslərlə bağlı bir sıra güzəşt və imtiyazlar yer alıb. Ümumilikdə bu gün Azərbaycan əlilliyi olan şəxslərin sosial-iqtisadi hüquq və azadlıqlarının təmin olunması sahəsində fəal siyasətə malik bir ölkədir. BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulan ölkəmizdə əlillərlə bağlı qanunvericilik bazası bu Konvensiyanın prinsipləri əsasında daim təkmilləşdirir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsi, həmçinin “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın layihəsi hazırlanıb, geniş ictimai müzakirələrlə təkmilləşdirilib. Qeyd olunan Konvensiyanın icrası ilə bağlı Azərbaycan hökumətinin hesabatı BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında müsbət dəyərləndirilib.
Azərbaycanda sosial siyasət kursunun ildən-ilə güclənməsi şəraitində əlilliyi olan şəxslərin sosial təminatının, onların reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması tədbirləri də uğurla davam etdiriləcəkdir.

Paylaş:
Baxılıb: 339 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30