Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan və Bolqarıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Bolqarıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

11.07.2018 [19:25]

İyulun 11-də Bakıda Azərbaycan və Bolqarıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Bolqarıstan tərəfindən isə xarici işlər nazirinin müavini Yuri Şterk rəhbərlik ediblər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bolqarıstanlı nazir müavini başçılıq etdiyi nümayəndə heyətinin Bakıda dostcasına qəbul olunmasına görə minnətdarlıq edərək, iki ölkə arasında siyasi münasibətlərin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu ifadə edib. O, Azərbaycanla Bolqarıstan arasında aparılan dialoqun intensiv və səmimi xarakter daşıdığını diqqətə çatdırıb. İkitərəfli münasibətlərin dövlət başçıları tərəfindən 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin ruhuna uyğun şəkildə inkişaf etdiyini söyləyərək, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin də yüksələn xətlə irəliləməsini gözlədiyini bildirib.

Nazir müavini Xələf Xələfov Azərbaycanla Bolqarıstanın tarixən bir-birinə maraq göstərdiyini deyərək, bugünkü ikitərəfli münasibətlərin də müsbət dinamika ilə davam etdiyini və hər iki ölkənin rəhbərliyi səviyyəsində qarşılıqlı anlaşmanın olduğunu, beynəlxalq gündəlikdə duran bir sıra məsələlərdə ölkələrin oxşar mövqe tutduğunu söyləyib. XİN-lər arasında təmaslar, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Sofiyaya planlaşdırılan səfəri, habelə hər iki ölkənin müvafiq nazirliklər və dövlət qurumları arasında qarşılıqlı səfərlərin faydalı olmasından bəhs edilib.

X.Xələfov Bolqarıstanın həmişə Avropa İttifaqı səviyyəsində Azərbaycanla əməkdaşlıq məsələlərinin təşviqinə görə qarşı tərəfə təşəkkür edərək, ölkəmizin xarici əlaqələr sistemində Avropa İttifaqının mühüm yer tutduğunu qeyd edib. O, Bolqarıstanla kifayət qədər inkişaf etmiş müqavilə-hüquq bazasının mövcud olduğunu əlavə edərək energetika, nəqliyyat və kommunikasiyalar və digər sahələrdə əməkdaşlığın aparıldığını bildirib. Bununla belə, bu günə olan qarşılıqlı ticarət dövriyyəsinin ikitərəfli münasibətlərin potensialına cavab vermədiyi vurğulanıb və iqtisadi əməkdaşlığa əlavə təkan verməsi məqsədilə müvafiq hökumətlərarası komissiyanın fəaliyyətinin gücləndirilməsinin vacibliyi qeyd edilib.

X.Xələfov Azərbaycanın Avropa məkanında, Əfqanıstan və Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin təmin edilməsinə, beynəlxalq terrorçuluqla mübarizəyə mühüm töhfə verdiyini, bu məsələlərdə Avropa İttifaqı ilə əməkdaşlıq etdiyini xatırladaraq, ölkəmiz üçün ümdə əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyünün bərpa olunması əsasında nizama salınmasının zərurətini vurğulayıb.

Bolqarıstanlı nazir müavini ikitərəfli münasibətlərin hazırkı durumu, habelə onların gələcək inkişafı barədə səsləndirilən qənaətlərlə razı olduğunu qeyd edərək, ölkəsinin həmişə Avropa İttifaqı çərçivəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsi və şaxələndirilməsinin tərəfdarı olduğunu bildirib. O, tərəflər arasında qəbul olunması üçün hazırlanan ayrı-ayrı sənəd layihələri üzərində dayanaraq, təhsil, mədəniyyət, sosial təminat, əmək miqrasiyası, kənd təsərrüfatı, yeyinti sənayesi, maşınqayırma, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlıq perspektivlərinə də toxunub.

Azərbaycan tərəfi bütün bu istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsini təşviq edəcəyini bildirib.

Müzakirələr zamanı tərəflər “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə əlaqədar Bolqarıstan qarşısında açılan yeni imkanlarla bağlı fikir mübadiləsi aparıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.

Paylaş:
Baxılıb: 195 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30