Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dördüncü “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib

Dördüncü “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib

17.07.2018 [14:51]

İyulun 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağında dördüncü “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Memarlıq və İncəsənət İnstitutu tərəfindən təşkil olunmuş AMEA əməkdaşlarının rəsm, xəttatlıq və bədii yaradıcılıq nümunələrindən ibarət sərgi ilə tanış olublar. Sərgidə yağlı boya, sulu boya, linoqravüra və kompüter qrafikası kimi fərqli texnikalarda işlənmiş müxtəlif mövzu dairəsinə malik 26 əsər nümayiş etdirilib.

Daha sonra iştirakçılar botanika elminin təbliği məqsədilə Botanika İnstitutunun nəzdində yaradılmış Botanika Muzeyində olublar. Onlar muzeydə açılan “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi ilə tanış olublar. Sərgidə qonaqlara Azərbaycanın Hirkan meşələrinin on əsas klassik relikt ağac növünün yayılma ərazilərini, florası, biocoğrafiyası və ekologiyasını əks etdirən xüsusi nümunələr barədə ətraflı məlumat verilib.

İştirakçılar, həmçinin Mərkəzi Nəbatat Bağının canlı kolleksiyasını da ziyarət ediblər. Bağın direktoru, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev burada canlı kolleksiyaların zənginləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Botanika İnstitutunda təşkil olunan “Fizika və lirika” konfransında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli mövzunun aktuallığını vurğulayıb. Tədbirin fizika və lirikanın qarşılıqlı əlaqəsinə həsr olunduğunu qeyd edən alim ədəbiyyatın bir sıra elmlər ilə vəhdətindən danışıb. O, konfransın işində ədəbiyyatşünaslarla yanaşı, texnika və təbiət elmləri nümayəndələrinin birgə iştirakının səmərəli və əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, fizika təbiət hadisələrini müşahidə, eksperiment və nəzəriyyə əsasında öyrənir. Ədəbiyyat isə həyatı bədii obrazlarla əks etdirən söz sənətidir.

Müxtəlif elm sahələri arasında qarşılıqlı tədqiqatların aparılmasının önəmli olduğunu vurğulayan AMEA-nın vitse-prezidenti konfransın həm də fənlərarası əlaqələrin inkişaf etdirilməsində körpü rolunu oynadığını qeyd edib. Bildirib ki, artıq dördüncü dəfə keçirilən bu konfrans həm akademiyada elmin inkişafına, həm də bədii ədəbiyyatın, təsviri sənətin, musiqi sənətinin inkişafına əhəmiyyətli təsirini göstərəcək.

Akademik İ.Həbibbəyli növbəti “Fizika və lirika” konfransının beynəlxalq miqyasda MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu ilə birgə təşkil olunacağını bildirib.

AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru Habil Qurbanov konfransa töhfə olaraq hazırlanan “Qoşa qanad” kitabı barədə danışıb. Bildirib ki, Azad Həmkarlar İttifaqı tərəfindən çap olunan kitabda 48 AMEA əməkdaşının şeiri çap olunub.

Tədbirdə Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov ədəbiyyat ilə fizikanın qarşılıqlı əlaqəsini ətraflı təhlil edib. Qeyd olunub ki, həm ədəbiyyat, həm fizika gerçək dünyanı müşahidələrlə öyrənməklə, əks etdirməklə, təhlillə məşğuldur.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında klassiklərimizin yaradıcılığında riyaziyyat, astronomiya, təbabət, kimya, fizika və digər elmlərin mühüm qanunlarının yer alması, bədii-fəlsəfi fikrin texniki və təbiət elmlərinin əsas müddəalarına istinadən istifadə olunması barədə məlumat verib. “Bədii söz qədər insanları birləşdirən dəyər yoxdur” – deyə bildirən alim görkəmli söz ustadlarına, qələm sahiblərinə həsr olunan tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.

Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid AMEA-nın 41 əməkdaşının təmsil etdiyi quruma üzv olduğunu deyib. O, Ədəbiyyat İnstitutunun daha iki əməkdaşına – filologiya üzrə fəlsəfə doktorları Aynurə Paşayevaya və Təranə Abdullayevaya birliyin vəsiqələrini təqdim edib. R.Məcid yaradıcı quruma yeni üzv qəbul olunan gəncləri təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı “Əlkimya və əlfizikadan böyük ədəbiyyata” mövzusunda çıxış edib.

Konfransda “Simvollar: ədəbiyyatda və elmdə”, “Elmi idrakla bədii təxəyyülün qovuşuq məkanında”, ”Bədii yaradıcılığın inkişaf dialektikasinda təbiət elmlərinin rolu: təbiətdən ədəbiyyata”, “Astrofizika və lirika” mövzularında məruzələr dinlənilib.

Paylaş:
Baxılıb: 244 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30