
Qusarın müasir tipli intensiv alma bağlarından məhsul yığımına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, intensiv bağlarda becərilən sortlar ənənəvi alma bağlarından 3-4 dəfə daha çox məhsuldardır. Belə ki, ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanılırsa, intensiv bağçılıqda bu göstərici 60-80 ton arasında dəyişir.
Rayonun Çubuqlu kəndində 70 hektardan çox sahədə salınan intensiv meyvə bağlarında almanın “Golden”, “Jonagold”, “Granny Smith” və 10-dan artıq başqa növləri becərilir.
İntensiv alma bağlarına qulluq edən aqronom Həmid Bayraqdarov burada daha çox fransız alma sortlarının becərildiyini bildirir: “Bu il məhsuldarlıq yüksəkdir. İntensiv bağçılığın əsas üstünlüklərindən biri də meyvə tinginin elə əkilən il məhsula düşməsidir. Növbəti illərdə isə məhsuldarlıq daha da yüksək olur. İntensiv bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən də azdır. İl ərzində müxtəlif aqrotexniki qulluq - dərmanlama, gübrələmə, budama işləri görürük. Bu da sonda özünü məhsuldarlıqda göstərir.”
Bağlardan toplanan almanın bir qismi soyuducu anbarlarda saxlanılır. Yığılan məhsulun böyük hissəsi isə satış üçün Rusiya bazarlarına göndərilir.
İntensiv bağların becərilməsi ilə yanaşı, yığımı və qablaşdırılması da müasir üsullarla həyata keçirilir. Meyvə toplanan zaman cərgələr arasında kiçikqoşqulu traktor hərəkət edir. Yığılan almalar birbaşa qoşqudakı böyük taralara tökülür. Bu taralar isə soyuducu anbarlara daşınır. Meyvələr bu üsulla toplananda zədə almadığından itki də az olur.
Çubuqlu kəndindəki təsərrüfatda soyuducu anbar və tara istehsal edən müəssisə fəaliyyət göstərir.
Ümumilikdə, Qusar rayonunda 2 min 500 hektar intensiv üsulla becərilən meyvə bağı mövcuddur. Bu bağların 514 hektarında alma yetişdirilir. Ötən il bu bağlardan 25 min 257 ton məhsul toplanıb.
- Oxunub: 2820 |
- Tarix: 12-09-2018 |
-
Çap et |