
"Cari il sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasdakı nitqində Azərbaycan Prezidenti İlham Əliyevin diqqət çəkdiyi mühüm məsələlərdən biri də Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirməsi və bu təcavüzkar siyasət nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasıdır. Ötən müddətdə bütün beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası tərəfindən işğalçı qoşunların Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul olunub. Lakin Ermənistan 20 ildən çoxdur ki, beynəlxalq birliyə qarşı sayğısızlıq sərgiləyərək qəbul edilən qətnamələri yerinə yetirmir və mövcud status-kvonu saxlamağa çalışır. Təəssüf doğuran haldır ki, beynəlxalq təşkilatlar da Ermənistana münasibətdə qəti addımlar atmırlar. Əslində, havadarlarının köməyi ilə Azərbaycanın torpaqlarını işğala məruz qoyan və 1 milyondan artıq dinc sakini doğma yurd-yuvasından qovan, Xocalı qətliamını törədən Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir. Halbuki, biz bunu görmürük. Ayrı-ayrı beynəlxalq təşkilatların, o cümlədən də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında hansısa bir tarazlıq yaratmağa cəhd göstərmələri təəssüf doğurur. Belə ədalətsiz yanaşmanı ikili standartların açıq-aydın təzahürü kimi dəyərləndirmək mümkündür". Bu fikirləri "Yeni Azərbaycan"a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev ifadə edib.
Milli Məclisin deputatı əlavə edib ki, işğalçılıq siyasəti Ermənistana heç bir uğur gətirməyib. Tahir Rzayev belə bir qənaəti bölüşüb ki, Ermənistan uğursuz dövlətdir. Ermənistanın uğursuzluğunun əsas səbəbi isə apardığı işğalçılıq siyasəti ilə bağlıdır. Bu ölkə işğalçılıq siyasətinin girovuna çevrilib və regionda Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bütün enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Bu forpost dövlət işğalçılıq siyasətinə görə böhran, tənəzzül içindədir. Burada iqtisadi inkişaf üçün heç bir əsas yoxdur. Bu gün Ermənistanda kütləvi işsizlik hökm sürür, depopulyasiya, insanların kütləvi şəkildə köçü baş verir. Ermənistanın dalan ölkəyə çevrilməsində Azərbaycanın apardığı məqsədyönlü siyasət mühüm rol oynayıb. Respublikamız forpost dövlətin təcrid olunması siyasətini bundan sonra da davam etdirəcək. Bu ağır, çətin vəziyyətdən xilas üçün Ermənistanın yeganə yolu var, o da Azərbaycan torpaqlarından çıxmaqdır.
Tahir Rzayev vurğulayıb ki, iyirmi il forpost dövlətə rəhbərlik etmiş rejimin çökməsi Ermənistanın işğalçılıq siyasətinin iflasa uğradığını göstərdi. Ermənistanda yaranmaqda olan yeni diktatura rejiminin öz sələfləri ilə eyni siyasəti aparması regional təhlükəsizliyə ciddi təhdidlər yaradır. Ermənistandan səslənən çox ziddiyyətli fikirlər münaqişənin dərinləşməsinə xidmət göstərir. Fikirlərinə davam edən Tahir Rzayev deyib: "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Münaqişənin həllində ədalət prinsipi və beynəlxalq hüquq normaları əsas götürülməlidir. Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasdakı nitqində ölkəmizin prinsipial mövqeyinə bir daha diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: "Münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər. Azərbaycanın ərazi bütövlüyü isə bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir".
- Oxunub: 3330 |
- Tarix: 25-09-2018 |
-
Çap et |