
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin Baş nazirinin müavini Altınay Omurbekova ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında əməkdaşlığın inkişafı məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Altınay Omurbekova bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasında son vaxtlar bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlıq sürətlə inkişaf edir. Son illər ərzində həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilib.
Səfir Altınay Omurbekovanın VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcəyindən məmnun olduğunu bildirib, bu il Çingiz Aytmatovun anadan olmasının 90 illik yubileyinin Azərbaycanda geniş qeyd olunması və digər tədbirlər haqqında məlumat verib.
Baş nazirin müavini ilk dəfə Azərbaycana səfər edəcəyini, ölkəmizin və xüsusilə Bakı şəhərinin güclü inkişafı haqqında məlumatlı olduğunu, bundan qürur duyduğunu qeyd edib, bundan sonra da Azərbaycana yeni nailiyyətlər arzulayıb.
Səfir qeyd edib ki, bu il sentyabrın 3-də Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sooronbay Jeenbekov arasında keçirilən səmimi görüşdə müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı ilə bağlı danışıqlar aparılıb. O bundan sonra Azərbaycan və Qırğızıstan arasında münasibətlərin daha da səmərəli inkişaf edəcəyinə əminliyini bildirib.
Baş nazirin müavini qeyd edib ki, qardaş xalqlarımız və ölkələrimiz arasında münasibətlər daim inkişaf etməkdədir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
- Oxunub: 2580 |
- Tarix: 17-10-2018 |
-
Çap et |