Azərbaycan Filatelistlər İttifaqı və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC-nin təşkilatçılığı ilə noyabrın 8-də Azərbaycan Xalça Muzeyində Dövlət bayrağı və Cümhuriyyətin 100 illiyinə həsr olunmuş “Bakıfilekspo” V Milli Filateliya sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin əsas məqsədi müasir Azərbaycan dövlətçiliyinin yaranma və inkişaf tarixini, Cümhuriyyətin və Dövlət bayrağının 100 illiyinin təntənəli keçirilməsində Dövlət rəmzlərinin aliliyi və əhəmiyyətinin filateliya, filakartiya, filuminiya və numizmatika materialları vasitəsilə göstərmək və təbliğ etməkdir.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, Azərbaycan Dövlət Bayrağının 100 illiyi kimi əlamətdar günün astasında belə tədbirin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. "Hesab edirəm ki, milli filateliya sərgisinin bu qürurlu tarixə həsr olunması onun əhəmiyyətini daha da artırır. İnanıram ki, bu sərgi Azərbaycan filateliyasının, ümumiyyətlə kolleksiyaçılığın tarixində yeni mərhələ olacaq", - deyə nazir müavini diqqətə çatdırıb.
Qeyd edək ki, sərgidə ilk dəfə olaraq Azərbaycan dövlətçiliyinin önəmli hadisələrinə həsr olunmuş "Azərbaycan xanlıqlarının pul dövriyyəsi tarixi" adlı sikkə kolleksiyası nümayiş olunub.
Sərgidə, həmçinin 7 nominasiya üzrə 19 kolleksiya, 34 çap işi, həmçinin müsabiqə dərəcəsində göstərilən 19 toplumdan 13-ü sərgidə ilk dəfə nümayiş olunub.
Sərgi noyabrın 10-dək davam edəcək.
- Oxunub: 4560 |
- Tarix: 08-11-2018 |
-
Çap et |