
Noyabrın 14-də Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində UNICEF-in Azərbaycan nümayəndəliyinin və “Azercell Telecom” MMC-nin dəstəyi ilə IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, iki gün ərzində 140 gənc paralimpiyaçı idmanın 8 növü üzrə qalib adı uğrunda mübarizə aparır. Gənc paralimpiyaçılar pauerliftinq, boccia, cüdo, üzgüçülük, qol-bol, taekvondo, stolüstü tennis və əlil arabasında idman rəqsi üzrə yarışlarda iştirak edirlər.
Açılış mərasimi Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, 2013-cü ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. “Məqsədimiz sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların cəmiyyətə inteqrasiya olunmalarına dəstək verməkdir”, - deyən İ.Rəhimov 2015-ci ildən başlayaraq hər il respublika üzrə Uşaq Paralimpiya Oyunlarının keçirildiyini vurğulayıb. O, ilk dəfə olaraq IV Uşaq Paralimpiya Oyunlarına qonşu Gürcüstan paralimpiyaçılarının da qatıldığını diqqətə çatdırıb. Onlar öz ölkələrini 3 idman növündə 9 idmançı ilə təmsil edirlər.
Sonra Beynəlxalq Paralimpiya Komitəsini prezidenti Endrü Parsons, UNICEF–in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin və “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıblar.
Yarışların sonunda qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
- Oxunub: 2640 |
- Tarix: 14-11-2018 |
-
Çap et |