Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub

TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub

21.11.2018 [16:09]

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin seqmentləri olan TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq edilib.

AZƏRTAC xəbər verir ki, boru kəmərlərini bir-birinə birləşdirən “qızıl qaynaq” TANAP və TAP nümayəndələrinin iştirakı ilə Türkiyə-Yunanıstan sərhədindəki Meriç çayı sahilində müvəffəqiyyətlə tamamlanıb.

Bu iki boru kəmərinin birləşməsi ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyaya nəql oluna biləcək.

Qeyd edək ki, bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 400 milyon kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcm dekabrın sonuna kimi 1 milyard kubmetrə çatacaq. TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TAP ilə Azərbaycan təbii qazının 2020-ci ildə Avropaya çatdırılması nəzərdə tutulur.

TANAP layihəsi üzrə kapital xərcləri 8 milyard dollardır və indiyədək 5,7 milyard dollar xərclənib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur. TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla təxminən 82 faizi icra olunub. TAP-ın 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 756 kilometrində, yəni 98 faizində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan başqa, iki ölkədə boruların təxminən 90 faizi xəndəyə endirilib. Yunanıstan və Albaniyada xəndəyin qazılması işləri 97 faiz yekunlaşıb. TAP-ın borularının 90 faizdən çoxu Yunanıstan və Albaniya ərazisindədir. Yunanıstan və Albaniya marşrutunun 80 faizində torpaq örtüyü bərpa edilib. İki ölkədə boruların 98 faizi qaynaqlanıb.

Ötən ay Albaniyada TAP-ın 105 kilometrlik dəniz hissəsi üzrə mikrotunel üçün qazma işləri və boruların qaynağı üçün hazırlıqlara başlanıb. Boru kəmərinin bu hissəsinin inşası TAP-ın qrafikinə əsasən 2019-cu ildə həyata keçiriləcək. Polad borular dənizin altında ən müasir gəmilərlə qaynaq olunacaq. Qaynaq işlərindən sonra sınaqlar keçiriləcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək. 36 düymlük xəttin inşasında təxminən 9 min boru istifadə olunacaq. TAP-ın podratçısı İtaliyanın “Saipem” şirkəti dənizdəki tikinti işləri üçün təxminən 10 gəmidən istifadə edəcək.

TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası üzrə işlər qrafikə uyğun davam edir. Kipoidəki kompressor stansiyasında ümumi tikinti işlərinin 60 faizdən çoxu yekunlaşıb. Fierdəki kompressor stansiyasının tikintisinin 50 faizdən çoxu tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasında tikinti işlərinə ötən ilin birinci rübündə başlanılıb və stansiyanın inşasının 50 faizi tamamlanıb. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq.

Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və bu vaxtadək 3,2 milyard avro sərf olunub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.

TAP Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Paylaş:
Baxılıb: 197 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31