Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ulu Öndər Heydər Əliyev ümumbəşəri şəxsiyyətdir

Ulu Öndər Heydər Əliyev ümumbəşəri şəxsiyyətdir

11.12.2018 [14:28]

Siyavuş Novruzov,

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar Komitəsinin sədri

 

Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik tarixi milli sərvətimizdir

2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli tariximizin hər bir səhifəsini vərəqləməyə geniş imkanlar yaradır. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. İllər biri-birini əvəzlədikcə, bu günümüzdən dünənimizə bir baxış keçirməklə uğurlarımızın fonunda keçilən yolun dəyərləndirilməsinin obyektiv aparılmasının bir zərurət olduğu daha aydın görür, tarixdə şəxsiyyətlərin rolunu daha yüksək qiymətləndirir, ən əsası aforizmə çevrilən bu fikri bir daha təsdiqləmiş oluruq: keçmişinə bağlı olan, bu günü ilə qürur duyan, gələcəyə böyük ümid bəsləyərək inamla irəliləyən xalqlar tarixin sərt və çətin sınaqlarından üzüağ çıxaraq, milli varlığını yüksək səviyyədə qoruyur, sözünün imzası qədər dəyəri olduğunu dünyaya nümayiş etdirir.

Azərbaycan xalqı 1991-ci il 18 oktyabrda tarixi uğur qazanaraq dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin həmin dövrdə ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, ən əsası şəxsi ambisiyalarını dövlətin maraqlarından üstün tutan şəxslərin rəhbərlik etməsi Azərbaycanı böyük uçurum qarşısında qoymuşdu. Daxili çəkişmələr, silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi, Ermənistanın təcavüzü böyük çətinliklər yaratmış, xalqın sabaha inamı itirmişdi. 90-cı illərin həmin çətin anlarında məhz ulu öndər Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi. Dahi şəxsiyyətin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə yeri və rolunun artmasında, ən əsası iqtisadi böhrandan xilas olub dinamik inkişaf yoluna çıxmasında misilsiz və müstəsna rol oynadı. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında söylədiyi «Bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq. Müstəqilliyimizin də banisi ulu öndər Heydər Əliyevdir. Məhz onun hakimiyyətə gəlməsindən sonra Azərbaycan, sözün əsl mənasında, müstəqillik yoluna qədəm qoydu. 1993-cü ilə qədər bizim müstəqilliyimiz şərti və yarımçıq xarakter daşıyırdı. Xarici ölkələr, onların Azərbaycandakı nümayəndələri burada hakimiyyətə göstərişlər, təlimatlar verirdi. Əlbəttə ki, bu, tariximizin bəlkə də ən biabırçı səhifələrindən biridir. O ağır vəziyyətdə məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi, - o vaxt bizim hələ ordumuz, iqtisadiyyatımız, pulumuz yox idi, - onun dəmir iradəsi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik» fikirlər Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı səhifələrinə işıq salmaqla yanaşı, ulu öndər Heydər Əliyevin dövlətimiz qarşısında xidmətlərinin miqyasının nə qədər böyük olduğunu təsdiqləyir. Dahi şəxsiyyət Heydər Əliyev Xilaskarlıq missiyasını yerinə yetirməklə işıqlı gələcəyimizi şərtləndirdi.

Dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycana qazandırdığı uğurlar bir daha bu reallığı ortaya qoyur ki, hər bir ölkənin inkişafında onun lideri əhəmiyyətli rol oynayır. Milli lider dövlətin özünütəsdiqində, xarici siyasətin formalaşmasında mühüm rol oynayan əsas amildir. Liderin həyat təcrübəsi, dünyagörüşü, siyasi iradəsi inkişaf strategiyasının düzgün müəyyənləşdirilməsinə stimul verir, ən çətin məqamlarda düzgün yol seçməyə imkan yaradır.

Dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərini dəyərləndirmək üçün tarixə qısa baxış keçirmək hər zaman bir zərurətdir. Onun uzun illər Azərbaycana rəhbərlik etməsi faktı özlüyündə Heydər Əliyev şəxsiyyətində ifadəsini tapan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hisslərinə olan sarsılmaz ümumxalq inamının təzahürüdür. Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyət qayıdışı ilə dövlətçilik tariximizin yeni mərhələsinin başlanğıcını qoydu. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, dünya birliyinin layiqli üzvü olan Azərbaycanı yaratmaqla xalqla hər zaman bir olduğunu, Vətənini, torpağını canından çox sevdiyini bir daha nümayiş etdirdi.

1993-cü ilin 3 oktyabrında yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini yenidən təsdiqləyən ümummilli lider Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı. Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ilin oktyabrında keçirilən andiçmə mərasimində bildirmişdir: «Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.»

Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını artırmaqla ölkəmizin dünya birliyinə açılan yoluna «yaşıl işıq» yandırdı. Bu baxımdan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması vacib amil kimi önə çəkilirdi. Daxili siyasətin uğurları Azərbaycanın beynəlxalq aləmdə yeri və roluna da öz müsbət təsirini göstərdi. Bir əsas məqamı xüsusi qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü il 12 mayda atəşkəs sazişinin imzalanması ölkədə sabitliyin möhkəmləndirilməsinə, digər sahələr üzrə əhəmiyyətli addımların atılmasına stimul verdi. Malik olduğu təbii resurslardan səmərəli istifadə etmək, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirmək, ən əsası birgə səylər, qarşılıqlı təcrübə mübadiləsi sayəsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün 1994-cü ilin 20 sentyabrında ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında «Əsrin müqaviləsi» imzalandı. Bununla Azərbaycan öz iqtisadi imkanlarını dünyaya təqdim edərək, növbəti sazişlərin imzalanmasına zəmin yaratdı.

İllər keçdikcə, Azərbaycan yeni-yeni dostlar qazandı, səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidildi, diplomatik uğurları diqqət çəkdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərildi. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan bu dahi şəxsiyyətin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü bütün prioritetlərin əsasında qüdrətli respublikanın inkişaf perspektivləri- düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, Azərbaycanın tolerant dövlət kimi bütün azərbaycanlılar üçün vətən olması və digər biri-birindən məsuliyyətli vəzifələr dayanırdı. Bu gün qürur hissi ilə deyə bilərik ki, bu vəzifələrin öhdəsindən layiqincə gəlinmişdir.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətlərin çəkisi və əhəmiyyəti ölçüyəgəlməz dərəcədə çoxdur. Məhz onun təşəbbüsü ilə dünyanin müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi vacib amil kimi önə çəkildi. 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I qurultayını keçirməklə, soydaşlarımızın həmrəyliyini təmin etməklə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporunun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyuldu, görüləcək işlərin bir mərkəzdən idarə olunması üçün müvafiq dövlət komitəsi yaradıldı. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, dünyanın müxətlif ölkələrinə səpələnmiş soydaşlarımız Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz töhfələrini verir, yaşadıqları ölkələrdə həqiqətlərimizin təbiliği istiqamətində biri-birindən əhəmiyyətli uğurlara imza atırlar. Erməni yalanlarının ifşa olunmasında, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında birgə səylərin göstərilməsi mütləqdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Dünya azərbaycanlılarının III qurultayında səsləndiridyi bu fikri bir daha qeyd etmək istərdik: «Güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir.»

Bu gün Azərbaycanın dünya miqyasında enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasının əsasında ulu öndərin hazırladığı neft strategiyası, ölkənin enerji siyasətinin uğurlu həlli dayanır. Təkcə cari ildə enerji sektorunda əldə olunan uğurlara nəzər salmaq kifayətdir. May ayında «Cənub Qaz Dəhlizi»nin rəsmi açılışı, iyunda onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, oktyabrda Türkiyənin İzmir şəhərində «Star» neft emalı zavodunun açılışı və s. kimi biri-birindən mühüm hadisələr regional əməkdaşlığın əsas aparıcı qüvvəsi olan Azərbaycanın bu əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı olduğunu, eyni zamanda, ulu öndər Heydər Əliyevin dünya praktikasına istinadən söylədiyi «Heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz» tezisinin bu gün də həyata keçirilən siyasətin ana xəttini təşkil etdiyini təsdiqləyir. Bir sözlə, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirən Azərbaycanın lider dövlət kimi tanınmasının təməlində məhz ulu öndər tərəfindən qoyulan daxili və xarici siyasətin uğurlu həlli dayanır. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də imzalanan «Əsrin müqaviləsi» Azərbaycana inamı artırmaqla, bugünkü uğurları şərtləndirdi. «Əsrin müqaviləsi»ndən sonra imzalanan onlarla müqavilələr, ən əsası ötən il «Yeni əsrin müqaviləsi»nin imzalanması ölkəmizin beynəlxalq münasibətlər siçtemində yeri və roluna bir daha işıq saldı.

Bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq siyasətini yeridən, Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda təmsil olunub, söz sahibi nüfuzu qazanması müdrik bir siyasətin məntiqi nəticəsi kimi bu gün də özünü doğruldur.

Təbii ki, 15 iyun 1993-cü il tarixinin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil edilməsi də səbəbsiz deyil. Bu tarix Azərbaycanın xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilasını, inkişaf, tərəqqi yoluna çıxdığını ümumiləşdirdi. Bugünkü Azərbaycan reallıqları həmin tarixin, Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirən Heydər Əliyev ideyaları ölkəmizin qarşısında yeni-yeni imkanlar açır, yeni-yeni uğurlara aparır.

2003-cü ildə ulu öndər Heydər Əliyevin xalqa müraciəti, ən əsası cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi böyük yolun davamı kimi tarixə yazıldı. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi. Son 15 ildə hər vədin konkret əməli işdə öz təsdiqini tapdığının şahidiyik. Cənab İlham Əliyevin bu fikirlərini xatırlatmaq istərdik: «Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.»

Son 15 ildə Azərbaycanın qazandığı uğurlar göz qabağındadır. «Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır» söyləyən dövlətimizin başçısı İLham Əliyev bildirir ki, siyasətimiz milli maraqlar üzərində qurulub: «Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir.»

Qarşıdakı illər üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək, bu günə qədər 3 dəfədən çox artan ümumili daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı əsasında Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların fonunda işlənib hazırlanan və təsdiq olunan «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında əsas hədəflər və onlara çatmağın yolları öz əksini tapıb.

Ölkənin hərtərəfli inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Hər sahə üzrə konkret Dövlət Proqramlarının qəbulu və uğurlu icrası qarşıya qoyulan bu məqsədə yüksək səviyyədə nail olmağa əsas yaradır. O da məlumdur ki, hər il konkret bir sahənin adı ilə bağlanaraq, bu istiqamətdə tədbirlər planı həyata keçirilir.

İqtisadi tərəqqi demokratikləşmə prosesinin sürətləndirilməsində mühüm rol oynayır. Azərbaycanın demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi uğurlu islahatların nəticəsidir. 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunan Azərbaycan demokratik dəyərlərə sadiq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Ötən bu dövr ərzində qurumla ölkəmiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişafı yüksək dəyərləndirilir. Azərbaycan atdığı hər addımında bu reallığı ortaya qoyur ki, demokratikləşmə prosesi sadəcə bir şüar, niyyət deyil, ölkənin hərtərəfli inkişafı üçün əsasdır. O da məlumdur ki, qəbul olunan qanunlar, o cümlədən Milli Konstitusiyamız dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir, yenilikləri özündə əks etdirir. Konstitusiyanın maddələrinin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Azərbaycan dövləti siyasətində insan amilinə veridyi dəyəri atdığı addımları ilə təsdiqləyir.

Demokratiyanın vacib amillərindən biri kimi siyasi partiyaların, ictimai birliklərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası daim təkmilləşdirilir. «Siyasi partiyalar haqqında» yeni qanunun qəbul edilməsi də bu təkmilləşmənin, yeniləşmənin təsdiqidir. Azad mətbuatın inkişafına yönələn addımlar davamlılığı ilə diqqət çəkir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkə Prezidenti İlham Əliyev üç dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülüb.

Siyasi və iqtisadi islahatların vəhdətliyi fonunda Azərbaycanın uğurları biri-birini əvəzləməkdədir. Dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rolunu günbəgün artıran Azərbaycan sabitlik diyarı kimi də diqqət çəkməkdədir. Təbii ki, son 15 ildə ölkə iqtisadiyyatına 230 milyard dollardan artıq investisiyanın qoyulması Azərbaycanın bu gününə və gələcəyinə inamdan irəli gəlir. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz liderliyini qorumaqdadır. Bütün bunlar təbii ki, dövlətimizin uğurlu siyasətinə əsaslanır.

Ölkəmizin hər gün, hər həftə müxtəlif mövzularda beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməsi beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi onun beynəlxalq nüfuzunu, siyasi çəkisini bir daha dünyaya nümayiş etdirdi. Təbii ki, bu uğurlarımız ən böyük problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yaxınlaşdırır. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, hər gün bizi qələbəyə yaxınlaşdırır. Azərbaycanla heç bir sahədə rəqabət aparmaq imkanında olmayan Ermənistan işğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalmaqla iqtisadi böhran içərisində çabalayır. Azərbaycanın hərbi xərcləri Ermənistanın ümumi büdcəsindən artıqdır. Bu gün böyük inamla qeyd edə bilərik ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir. 2016-cı ili naprel, cari ilin Naxçıvan qələbələri, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin, Bakının azad olunmasının 100 illiyi münasibətlilə keçirilən paradlar da Azərbaycan Ordusunun gücünü, malik olduğu imkanları bir daha dünyaya nümayiş etdirdi.

Son 15 ilə qısa baxış etməklə reallıqlarımız fonunda gələcəyə daha böyük inamla irəliləməyə böyük əsaslar olduğunu aydın görmüş oluruq. Azərbaycan yenilikçi ölkə kimi nüfuz qazanıb. Mühüm uğurlarımız sırasında artıq üç peykimizin orbitə buraxılmasını xüsusi qeyd etməliyik.

Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, artıq dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər kəs bu və ya digər dövlətin reallıqları barədə məlumat əldə etmək imkanındadır. Lakin gerçəkliklərin birbaşa şahidi olmaq tamamilə fərqli bir düşüncənin formalaşmasına stimul verir. Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlavrına ev sahibliyi etməklə idman ölkəsi kimi də tanındığını nümayiş etdirdi. Bu tədbirlər, eyni zamanda Azərbaycanın tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi təqdimatında da əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm həyat tərzimizdir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2016-cı il ölkəmizdə «Multikulturalizm İli», 2017-ci il isə «İslam Həmrəyliyi İli» elan edilmişdir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında körpü roluna yeni-yeni əlavələr edir.

Daim yeniliyi, müasirliyi, modernləşməni həyata keçirdiyi siyasətin önündə saxlayan dövlətimizin biri-birindən əhəmiyyətli addımları hərtərəfli inkişafı sürətləndirməklə yanaşı, beynəlxalq baxışın yüksək səviyyədə formalaşmasına stimul verir.

Azərbaycanın davamlı uğurlarında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərin böyükdür. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı əsasında keçirilən Birinci Avropa Oyunları, həmçinin IV İslam Həmrəyliyi Oyunları ölkəmiz haqqında reallıqları dünya xalqlarına çatdırmaqla, Azərbaycana yönələn məkrli, böhtan xarakterli kampaniyalara tutarlı cavab oldu. Əsrlər boyu mədəniyyətlərin, sivilizasiyaların mərkəzi kimi tanınan Azərbaycan daim təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrlə, tədbirlərlə ölkələr, xalqlar arasında dostluq körpüsü olduğunu təsdiqləyir.

«Biz əlbəttə iqtisadi müstəvidə də transformasiyaya çox böyük önəm vermişik və veririk. Ona görə də iqtisadi sahəni inkişaf etdirmədən və güclü iqtisadiyyat qurmadan siyasi islahatlar mümkün deyildir. Ona görə də biz islahatları paralel olaraq həm siyasi, həm iqtisadi müstəvidə apardıq. Siyasi və iqtisadi islahatlar biri- birini dəstəkləmişdir və bugünkü Azərbaycan onu göstərir ki, biz düzgün yolu seçdik və düzgün işlər görürük» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi son on beş ildə ölkəmizdə inkişaf yüksələn xətlə davam edir. Bu dinamika beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəmizin gücünü, qüdrətini göstərir.

Keçilən yola qısa baxış fonunda bu reallığı da qeyd etməliyik ki, uğurlarımızda ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının öz payı vardır. Milli Konstitusiyamızın qəbulundan ötən 23 il ərzində ölkəmizdə keçirilən bütün seçkilərdə uğur qazanan Yeni Azərbaycan Partiyası daim qələbələrini təmin etməklə xalqın partiyası olduğunu təsdiqləyir. 2018-ci il də ölkəmizin tarixinə prezident seçkiləri ili kimi daxil olub. Son 15 ildə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin dəfələrlə qələbəsini təmin etməsi Heydər Əliyev siyasətinin təntənəsidir. Bu gün sıralarında 700 mindən artıq insanı birləşdirən Yeni Azərbaycan Partiyasının hər bir üzvü Heydər Əliyev ideyalarının təbliğatçısıdır. Ümummilli lider Heydər Əliyevin «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» tezisi bütün dövrlər üçün aktüallığını qoruyur, işıqlı sabahımıza böyük inam formalaşdırır. Dahi şəxsiyyətin bu fikrinin davamı olaraq cənab İlham Əliyev bildirir ki, Yeni Azərbaycan Partiyası nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır. YAP yarandığı gündən tutduğu yola sadiqlik nümayiş etdirməklə milyonların dəstəyini qazanıb. Dövlətimizin daha da qüdrətlənməsi, insanların daha da yaxşı yaşaması üçün səylərini artıran partiyanın gələcəyinə inam böyükdür. Yeni Azərbaycan Partiyası bütün seçki proseslərinə yeni şüarla qatılır, davamlı inkişafın prioritet məsələ olduğunu devizində əks etdirir. 2018-ci il prezident seçkilərində «İlhamla irəli» çağırışını edən Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev növbəti qələbəsi ilə qarşıdakı 7 ilin hədəflərinin reallığa çevrilməsinə zəmin yaratdı. Bu hədəflər sırasında Azərbaycanda dayanıqlı iqtisadiyyatının qurulmasının tam təmin olunması, iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi, xarici investisiyaların stimullaşdırılması məqsədilə azad iqtisadi zonaların yaradılması, regionlarda müasir və əməktutumlu müəssisələrin yaradılması, yeni iş yerlərinin açılması, müasir infrastrukturun yaradılması üzrə tədbirlərin davam etdirilməsi yer alır. Bundan başqa, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması, əhalinin sosial müdafiəsi sisteminin mütərəqqi dünya təcrübəsi əsasında daha da təkmilləşdirilməsi, icbari siğortanın əhatə dairəsinin genişləndirilməsi, idarəetmə sahəsində islahatların davam etdirilməsi də qarşıda duran hədəflərdəndir. Ən əsası, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, dünya enerji təhlükəsizliyi sistemində Azərbaycanın mövqeyinin gücləndirilməsi, ölkəmizin beynəlxalq multikultural, mədəni, humanitar və idman sahələrini əhatə tədbirlərin bundan sonra da uğurla həyata keçirilməsi, işğal altında olan ərazilərimizin azad edilməsi üçün bütün səylərin artırılması kimi məsələlər strateji hədəflər kimi müəyyənləşdirilib.

Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının bir parçasıdır. Bütün Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün bizim partiyamız əlindən gələni əsirgəmir və biz bundan sonra da bunu edəcəyik”.

Bir yazı çərçivəsində müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərini əhatə etmək qeyri-mümkündür. Ulu Öndər Heydər Əliyev ümumbəşəri şəxsiyyətdir. O, bütün bəşəriyyət üçün çalışıb. Bu kontekstdən yanaşsaq, silsilə yazıların məcmusu yaranar.

Bugünkü qüdrətli Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin şah əsəridir. Məhz inkaredilməz olan bu reallıqlara söykənərək dahi şəxsiyyət Heydər Əliyev bildirmişdir: «Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!»

Paylaş:
Baxılıb: 327 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31