Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?

Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?

18.05.2019 [09:52]

ABŞ-ın “The USA Tribune” portalında tanınmış idman şərhçisi, “Çelsi” futbol klubunun sadiq azarkeşi Etan Cenkinsin “Avropa Liqasının fınalı: Bakı düzgün seçim oldu?” sərlövhəli məqaləsi dərc olunub. AZƏRTAC məqaləni təqdim edir.
* * *
İngiltərənin dörd futbol klubu Avropa futbolunun ən yüksək titulları uğrunda mübarizəyə hazırlaşır. Hər iki fınala sayılı günlər qalır. UEFA Çempionlar Liqası və Avropa Liqası çempionluğu onlardan yalnız ikisinə nəsib olacaq.
Son oyun günlərində Avropa Liqası müəyyən dərəcədə kölgədə qaldı. Çünki dünyanın dörd bir yanından olan azarkeşlərin diqqəti Çempionlar Liqasının inanılmaz və son dərəcə maraqlı “nokaut” mərhələsinə yönəlmişdi: “Liverpul” möhtəşəm geridönüş edərək kataloniyalı rəqibi “Barselona”nı darmadağın etdi. Hollandiyanın “Ayaks” klubu isə yarımfınalın son saniyələrində “Tottenhem”ə məğlub olaraq fınala vəsiqəni əldən verdi.
Ancaq UEFA Avropa Liqası fınalının keçiriləcəyi məkan futbol dairələrində geniş müzakirə mövzusuna çevrilib. Nüfuzlu kütləvi informasiya vasitələri çoxsaylı idman şərhçiləri ilə Bakıya ev sahibliyinin həvalə olunması qərarının səbəbini təhlil etməyə çalışıb. Bunun nə dərəcədə düzgün və ya yanlış qərar olduğunu təxminən üç həftədən sonra biləcəyik. Ancaq hər halda bu qərarı tənqid atəşinə tutmağa heç bir əsas yoxdur.
Bakı şimaldan Rusiya, cənubdan İran, qərbdən Gürcüstan və Ermənistanla həmsərhəd Azərbaycan Respublikasının paytaxtıdır, Xəzər dənizinin sahilində yerləşir. Şəhərdə, şəhərətrafı kənd və qəsəbələrdə dörd milyon yeddi yüz min nəfər yaşayır. Bakı son illər ərzində iqtisadiyyatı yüksək templə inkişaf edən, çiçəklənən sənaye meqapolisi sayılır. Şəhər təbii resurslarla zəngin torpaqlar üzərindədir. Neft yataqları Bakı və onun ətrafında geniş əraziləri əhatə edir, dünyanın ən iri neft yataqlarından biri isə Abşeron yarımadasının sahillərində yerləşir.
1994-cü ildə ölkə rəhbərliyi “Əsrin müqaviləsi”ni imzalayıb. Bu, Qərbi Avropadan olan enerji şirkətlərinin ölkənin neft-qaz infrastrukturuna yatırımlarını və Azərbaycanın Qərbi qiymətli xammalla təchiz etməsini əhəmiyyətli dərəcədə stimullaşdırıb. Neft satışından gələn dollarlar ölkə büdcəsinə daxil olmağa başlayandan - 2006-cı ildən sonra hökumət infrastruktura, sosial proqramlara, silahlı qüvvələrə, idmana, hətta öz süni peyklərinin kosmosa buraxılmasına külli miqdarda vəsait ayırmağa başlayıb.
Hökumət və hökumətin maliyyələşdirdiyi müxtəlif təşkilatlar beynəlxalq idman yarışlarını Azərbaycana gətirmək, turizmi inkişaf etdirmək və gənclər proqramının reallaşdırılması yolu ilə idman mövqelərini gücləndirmək üçün çoxsaylı idman və əyləncə obyektlərinin inşasına milyonlar xərcləyib.
Bu günədək Azərbaycan çox sayda beynəlxalq yarışlar və müsabiqələrə, o cümlədən 2015-ci ildə şahmat üzrə dünya kuboku, Birinci Avropa Oyunları, Futbol üzrə 17 yaşadək (U-17) qızlar arasında dünya çempionatı, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, 2018-ci ildə cüdo üzrə dünya çempionatı, həmçinin “Eurovision” mahnı müsabiqəsi və başqa əyləncəli yarışlara ev sahibliyi edib.
Paytaxtı dünya xəritəsində əlamətdar etmək, onu beynəlxalq tədbirləri qəbul etməyə hazır vəziyyətə gətirmək üçün müxtəlif obyektlərin inşasına, infrastrukturun bərpasına, ictimaiyyətlə əlaqələr üzrə kampaniyalara milyardlarla dollar xərclənib.
Bakının ən gözəl məkanlarından biri elə Bakı Olimpiya Stadionudur. Avtomobillə şəhər mərkəzindən və Heydər Əliyev Beynəlxalq Aeroportundan bir neçə dəqiqəlik məsafədə yerləşir. Bu möhtəşəm idman arenası ilk tamaşaçıları hələ 2015-ci ildə birinci Avropa Oyunlarının açılışında qəbul edib. Geniş müzakirə olunan UEFA Avropa Liqası fınalı məhz burada keçiriləcək.
225 min kvadratmetr sahəsi olan arena 68 min 700 tamaşaçı üçün nəzərdə tutulub. Avropa Oyunları ilə yanaşı, stadionda artıq bir sıra əlamətdar futbol matçları da keçirilib. 2017-ci ildə “Qarabağ” futbol klubu öz ev oyunlarını burada keçirib, həmin vaxt klub ölkənin futbol tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.
“Roma”, “Çelsi” və “Atletiko Madrid” klublarına qarşı matçlar (ev oyunları) məhz bu stadionda baş tutmuş, hər hansı insident qeydə alınmamışdı. Sevimli komandalarının “Qarabağ”a qarşı oyununu canlı izləmək üçün minlərlə avropalı azarkeş Bakıya axın etmişdi.
Ola bilsin, bütün bunlar, xüsusilə Çempionlar Liqasının qrup mərhələsinin üç oyununun və 2020-ci ildə təşkil ediləcək Avropa çempionatının qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyununun keçirilməsi Avropa Liqası fınalının ev sahibliyinin Bakıya həvalə olunmasının əsas səbəblərindən biridir.
Bəs Avropa Liqasının keçiriləcəyi məkan ətrafında bu ajiotaj niyə ortaya çıxıb?
Avropa komandaları Avropa paytaxtlarında keçirilən yarışlara, həmin paytaxtlar isə minlərlə fanatı qəbul etməyə alışıb. Ola bilsin, kiçik Bavariya şəhərində avtobusa və ya Parisdən Madridə hərəkət edən avro-qatara minmək daha komfortlu və şübhəsiz ki, cəlbedicidir. Ancaq bu, o demək deyil ki, əksər Avropa paytaxtlarından Bakıya dörd-beş saatlıq uçuş normal hüdudları aşır.
“Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp, deyəsən, bununla razılaşmır. Klopp mətbuat konfransında başqa şəhərlər ola-ola, Avropa Liqası fınalının ev sahibliyini Bakıya həvalə edənlərin “səhər yeməyinə nə yediyi” ilə maraqlanıb.
Əslən Ştutqartdan olan çalışdırıcı və Dortmundun “Borussiya” klubunun baş məşqçisi olan dönəmlərdə şöhrət qazanmış Klopp belə bir fikir yürüdüb ki, Bakı orta statistik avropalı azarkeş üçün çox uzaq ola bilər. “Liverpul” baş məşqçisinin nə üçün belə bir fikir səsləndirdiyi aydın deyil. Aydın olan odur ki, Bakı beynəlxalq turnirlərə milyonlarla idman azarkeşinin axışdığı Avropa, Asiya, Afrika və ya digər qitələrin şəhərlərindən heç nə ilə fərqlənmir.
Götürək elə Rusiyada keçirilmiş dünya çempionatını. 2018-ci ilin yayında oyunları izləmək üçün Rusiyaya Avropadan milyonlarla azarkeş gəlmişdi. Halbuki ən populyar futbol matçlarının keçirildiyi şəhərlərdə, azarkeşlərin tələblərinə cavab verən vasitələr və infrastruktur kifayət etmirdi. Onların arasında “Die Mannshcaft” və “The Three Lions”a dəstək olmaq üçün yüz minlərlə alman və britaniyalı azarkeş yer alırdı.
Bir neçə il ərzində artan templə inkişaf edən Bakı da istisna deyil. Artıq yüzlərlə hotel və “Airbnb” sistemində iştirak edən özəl icarədarlar mayın sonuna kimi bronla bağlı sifarişlər qəbul edir. Bir neçə il əvvəl Azərbaycan rəhbərliyi viza verilişi üçün ərizələrin təqdim olunması ilə bağlı yeni sistem işə salıb. Bu sistem Cənubi Qafqaz ölkələrinə sürətli və sərfəli səyahətlərə şərait yaradıb.
Bu arada, Azərbaycan futbolunun rəsmi nümayəndəsi Elxan Məmmədov Kloppun replikalarına cavab verərək, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “dahi mütəxəssis”in bu bəyanatlarına təəccübləndiyini dilə gətirib.
O əlavə edib ki, futbol Avropa sərhədləri ilə məhdudlaşmamalıdır, əksinə, qloballaşmalıdır. Həqiqətən, ən zəngin klubların və idmançıların Avropaya məxsus olmasına baxmayaraq, coğrafi sərhədlərin genişlənməsi bu idman növünün qlobal səviyyədə daha da inkişaf etməsinə vəsilə ola bilər.
Tanınmış futbol karikaturaçısı Omar Momani bu cəsarəti öz üzərinə götürərək, Kloppu çəkdiyi karikatura ilə məsxərəyə qoyub, onu Azərbaycan qonaqpərvərliyini öz üzərində sınamağa dəvət edib.
“Bizə qoşulun, cənab Klopp, Azərbaycanın səhər yeməyi insanları birləşdirir, xoşbəxt edir. Dadına baxmağa dəyər!”, - deyə birgə süfrə arxasında səhər yeməyi yeyən “Çelsi” və “Arsenal” futbolçularının və ağzının suyu axa-axa müxtəlif təamların olduğu masaya əyləşməyi arzulayan Kloppun təsvir olunduğu karikaturanın mətnində qeyd olunur.
Kloppun tənqidi çıxışlarına sonradan Britaniya Xarici İşlər Nazirliyi (XİN) də qoşulub. Britaniya XİN vətəndaşlarını ən yaxşı halda Azərbaycana səfər edən zaman ehtiyatlı olmağa, ən pis halda isə ümumiyyətlə, ölkəyə səfər etmək fıkrindən daşınmağa çağıran xəbərdarlıqla çıxış edib. Britaniya hökuməti hətta o “səviyyə”yə çatıb ki, vətəndaşlarını potensial terrorla qorxutmağa başlayıb. “Terrorçular, böyük ehtimalla, Azərbaycana hücum etməyə çalışacaq”, - deyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur. Halbuki elə həmin bəyanatda əlavə olunur ki, hər il Azərbaycana təxminən yeddi min britaniyalı səfər edir və problemsiz şəkildə geri qayıdırlar.
Britaniyalı həmkarlarına cavabında Azərbaycan XİN rəsmi Londonun bu mövqeyinin aydın olmadığını bildirib.
“Ölkəmizin malik olduğu digər müsbət xüsusiyyətlərlə bərabər, Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır”, - deyə nazirliyin mətbuat katibi Leyla Abdullayeva bildirib.
Başqa ölkələrlə müqayisədə, daha çox beynəlxalq və daxili terrorla, o cümlədən, 2005-ci ildə terrorçu-kamikadzelərin silsilə partlayışları və ya bu yaxınlarda Vestminster istiqamətində bıçaqla törədilən hücumlarla üzləşmiş bir ölkənin öz vətəndaşlarını Azərbaycanda “terror riskləri” ilə bağlı xəbərdar etməsi, həqiqətən də, adamda təəccüb doğurur.
Məsələ ondadır ki, dini və etnik tolerantlığı ilə seçilən Azərbaycanla müqayisədə, Birləşmiş Krallıqda nifrət zəminində daha çox cinayətlər törədilir.
İş ondadır ki, terror bir yerdə dayanmır, yeni reallıqlarda inkişaf edir. Misal üçün, 2005-ci ildə Londonda terror hücumu nəticəsində 56 nəfər həyatını itirib və ya Madriddə qatarların partladılması nəticəsində 193 nəfər ölüb.
Bir məsələ gün kimi aydındır: terrorun bütün formaları mühakimə olunmalıdır, ona qarşı mübarizə aparılmalıdır, beynəlxalq miqyaslı tədbirlərlə bağlı terror riskləri ortaya çıxanda isə hökumətlər dünya vətəndaşlarını qorumaq üçün səylərini birləşdirməlidirlər. Yersiz bəyanatlar yox, yalnız səmərəli əməkdaşlıq terror və nifrət üzərində qələbə çala bilər.

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Analitik

MEDİA

Xəbər lenti

İcma etiraz edir

19 Mart 10:45

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31