Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şanlı tarix: müstəqillik və inkişaf yolunda inamlı addımlar

Şanlı tarix: müstəqillik və inkişaf yolunda inamlı addımlar

11.06.2019 [20:39]

Azərbaycan xalqı Şərqdə ilk demokratik dövlət qurması ilə tam fəxr edə bilər. Bu, həm də müasir mərhələdə müstəqil dövlətçiliyin uğurla inkişaf etdirilməsi işığında əhəmiyyətli görünür. 28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İlham Əliyev bu kimi məqamları dolğun və konkret faktlarla ifadə edib. Dövlət başçısı Azərbaycanın dövlət kimi müstəqilliyinin və cəmiyyət kimi demokratikliyinin, sülhsevərliyinin vacib aspektlərini irəli sürüb. Dövlət quruculuğunun böyük uğurla aparıldığı indiki mərhələdə həmin fikirlərin əhəmiyyətini daha aydın dərk etmək mümkündür. Bakıda keçirilən XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019" sərgi və konfransının əhəmiyyətini də həmin kontekstdə anlamaq olar. Bu çərçivədə ölkə rəhbərinin nitqinin bir sıra aspektləri üzərində geniş dayanmağa böyük ehtiyac vardır.

AXC və müasirlik: müstəqil Azərbaycanın uğurları işığında

1918-ci il mayın 28-i Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. XX əsrin əvvəllərində müsəlman aləmində ilk demokratik respublika Azərbaycanda yaradıldı. Həmin dövrdə Avropanın özündə müstəqil və demokratik dövlət qurmaq uğrunda mübarizə səngimirdi. Osmanlı və Rusiya imperiyaları çox çətin dövrlərini yaşayırdılar. Qafqaza qonşu regionlarda mürəkkəb və qeyri-müəyyən geosiyasi-hərbi proseslər cərəyan edirdi. Belə bir qarışıq dövrdə Azərbaycan Xalq Cümhuriyyəti yaratdığını elan etdi. Bu möhtəşəm hadisənin siyasi, ideoloji, mənəvi, mədəni, iqtisadi və hərbi aspektləri haqlı olaraq tədqiq olunur və bu proses daha da dərinləşməlidir.

Prezident İlham Əliyev məhz bu bağlılıqda Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda əhəmiyyətli fikirlər ifadə edib. Dövlət başçısı vurğulayıb: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər. Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir".

Dövlət başçısı konkret faktlarla bu hadisənin tarixiliyini və möhtəşəmliyini ifadə edib. Onların sırasında aşağıdakı üç faktorun seçilməsi son dərəcə önəmlidir: dövlət bayrağının yaradılması, Azərbaycan vətəndaşlığının təsis edilməsi və Milli Ordunun formalaşdırılması! Bu faktorlar həm dövlətçilik, müstəqillik və demokratikliyin rəmzləri, həm də konkret həyata keçirilmiş əməli işlərdir. Dövlət bayrağı olmayan xalqın müstəqilliyi olmaz. Bayraq ideyadır, amaldır, milləti millət edən böyük mənadır. Vətəndaşlıq Azərbaycanın XX əsrin əvvəllərindən demokratik yol seçdiyinin göstəricisidir. Vətəndaşlıq vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atılmış ilk mühüm addımdır. AXC-nin ömrü qısa olsa da, məhz bu tarixi addım öz inkişafını XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanda dövlət quruculuğunun mərkəzi vəzifələrindən biri oldu. İndi müstəqil Azərbaycan vətəndaş cəmiyyətinin qurulması yolunda davamlı addımlar atır. Nəhayət, Milli Ordu təhlükəsizliyin təmini və özünümüdafiə üçün əsas arqumentdir. Həmin dövrdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birgə ilk tarixi zəfərini qazandı – Bakını işğalçılardan azad etdi! Bununla bütün dünyaya sübut edildi ki, Azərbaycan ordusu dövləti, xalqı, mədəniyyəti, milliliyi qorumaq iqtidarında olan güclü strukturdur. Bu ordu hələ bizlərə çox-çox tarixi zəfərlər gətirəcək. Qarabağdan başlayaraq!

Prezident bu kimi məqamları lakonik və dolğun məzmunda ifadə etməklə dünyaya və cəmiyyətə tarixi mesajlar verib. İlham Əliyev göstərir ki, Azərbaycan rəhbərliyi müstəqil dövlətçiliyin tarixini çox əziz tutur, ondan ilhamlanır və bu yolu inamla davam etdirir. Ölkə rəhbəri bu yolda vacib hesab edilən başqa məqamları da ifadə edib. İlham Əliyev nitqində vurğulayıb: "Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər".

Bu faktlar onu ifadə edir ki, Azərbaycanın müstəqilliyinin təməlində mədəniyyət, təhsil və hüquq əsas yeri tutur. Xalq Cümhuriyyəti məhz bu faktorlar üzərində bərqərar oldu. İndi də müstəqil dövlət quruculuğunda həmin faktorlar aparıcı mövqedədir. Yəni Azərbaycan sivil, mütərəqqi və mədəniyyətə üstünlük verən dövlət və cəmiyyətdir! Bütün bunları nəzərə alan Azərbaycan rəhbərliyi Cümhuriyyət qurucularının xatirəsini əziz tutur. Bakı şəhərinin mərkəzində Cümhuriyyətin şərəfinə abidə ucaldılıb və keçən il "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilib. Bütövlükdə ilk demokratik respublikanın qurucularının xatirəsi qəlblərdə əbədi yaşayır.

XXI əsrin çağırışları: varislikdən yeni zirvələrə doğru!

Bunlarla yanaşı, Azərbaycan yerində dayanmır, ancaq tarixi ilə öyünməklə kifayətlənmir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə dəvət olunduqdan sonra Xalq Cümhuriyyətinin qurucularının niyyətlərini böyük ustalıq və qətiyyətlə reallaşdırmağa başladı. Heydər Əliyev faktiki olaraq yeni müstəqil Azərbaycan yaratdı.

Ümummilli lider Cümhuriyyəti qoruyub saxlamağın müstəqilliyi əldə etməkdən çox çətin olduğunu gözəl bilirdi. Bu səbəbdən XX əsrin əvvəllərində olduğu kimi, səhvlərə yol vermək olmazdı. Həm də XX əsrin 90-cı illərində qlobal geosiyasi mənzərə daha qarışıq və risklərlə dolu idi. Lakin Heydər Əliyevin zəkası, siyasi lider kimi qüdrəti bütün çətinlikləri aşmağa imkan verdi. Nəticədə, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi hazırda inamla inkişaf edir.

İlham Əliyev bununla bağlı çox gözəl ifadə edib: "1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır... Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi".

Təcrübə göstərdi ki, Heydər Əliyevin bütün sahələri əhatə edən inkişaf strategiyası son dərəcə səmərəlidir. Bunu mədəniyyətdə, təhsildə, xarici siyasətdə, enerji layihələrinin həyata keçirilməsində, ordu quruculuğunda aydın görmək mümkündür. Təsadüfi deyil ki, Azərbaycan Cənubi Qafqazın lideridir. İndi dünyanın aparıcı dövlətlərinin liderləri Azərbaycanın daha geniş geosiyasi məkanda lider rolunu oynamağa layiq olduğundan bəhs edirlər. Bu məqam Bakıda keçirilən XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019" sərgi və konfransının gedişində də özünü tam təsdiq etdi. Amerika Prezidenti həmin hadisə ilə bağlı Azərbaycan rəhbərinə ünvanladığı məktubda konkret vurğulayıb ki, Azərbaycan yeni liderliyə tam layiqdir.

Sərgi və konfransın açılışında nitq söyləyən Prezident İlham Əliyev də ölkə rəhbərliyinin apardığı enerji siyasətinin bütün əsas məqamlarını dolğun ifadə edib. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri faktlarla sübut edib.

Prezident İlham Əliyev nitqində ayrıca vurğulayıb ki, bu uğurlar Azərbaycanın səmərəli beynəlxalq əməkdaşlıq formatları çərçivəsində fəaliyyət göstərməsi ilə sıx bağlıdır. "...Çünki əgər o olmasa, o layihələri icra etmək mümkün olmaz. Neft-qaz kəmərləri, investisiya qoyuluşu, beynəlxalq maliyyə qurumlarının iştirakı və əlbəttə ki, birgə səylərimiz nəticəsində biz buna nail ola bilmişik. Hesab edirəm ki, Azərbaycan bu məsələ ilə bağlı istədiyinə tam nail ola bildi". Bunların fonunda, əlbəttə, enerji təhlükəsizliyi məsələlərinin böyük əhəmiyyət daşıdığını dərk etmək çətin deyil.

"Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir" tezisini irəli sürən İlham Əliyev Azərbaycanın bu istiqamətdə də ardıcıl və uğurlu siyasət apardığını bəyan edib. Fikirlərini inkişaf etdirən Prezident ifadə edib: "Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. 1994-cü ildə başlanmış və uğurla davam etdirilən neft-qaz siyasətimiz bu gün Azərbaycanın reallıqlarını şərtləndirən əsas amillərdən biridir".

Əlbəttə, bütün bunlar çox sevindiricidir və ölkə rəhbərinin söylədiyi bir fikrin reallığı tam əks etdirdiyini bir daha təsdiq edir. Prezident İlham Əliyev vurğulayıb: "Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!".

Bəli, tam əminik ki, müstəqil Azərbaycanın taleyi bu fikirlərdə dəqiq ifadə edilib!

Newtimes.az

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30