Ana səhifə »  Qəzetin pdf formatı »  Azad söz azad cəmiyyətin təməl daşıdır
A+   Yenilə  A-
Azad söz azad cəmiyyətin təməl daşıdır

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə www.yap.org.az saytına müsahibə verib:
- Vüqar müəllim, 144 yaşı tamam olan Azərbaycan mətbuatının dünəninə, bu gününə və gələcək perspektivlərinə bir baxış keçirməyinizi istərdik...
- Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. “Əkinçi”nin fəaliyyəti üçün əsas seçdiyi prinsiplər - maarifləndirmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması ölkəmizdə milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi” cəmiyyətin güzgüsünə, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirərək cəhalətə, haqsızlığa qarşı mübarizəni, maarifləndirməni əsas hədəfləri kimi irəli sürdülər.
Azərbaycan mətbuatının keçdiyi zəngin və şərəfli yolunu bir neçə mərhələyə bölmək olar. Cümhuriyyət tariximizi təhlil edərkən azad mətbuatın inkişafına, yeni fikrin formalaşmasına yaradılan şəraitə xüsusi diqqət yetirməliyik. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əsas çağırışlarından biri məhz Cümhuriyyət tariximizin öyrənilməsi, həmin dövrdə bu və ya digər sahənin inkişafı üçün yaradılan möhkəm bazanın təbliği idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın təməli qoyuldu. Ümumilikdə, XX əsrin əvvəllərində nəşr edilən mətbu orqanlar milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının təbliğində mətbuatın misilsiz xidmətləri vardır. Təəssüf ki, bu mərhələnin ömrü uzun olmadı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun fəaliyyəti müddətində formalaşan baza Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra inkişafının davamlılığında, ölkəmizin bu və ya digər sahələrdə uğurlu addımlarında stimulverici amil rolunu oynadı.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı dövrü əhatə edən mərhələnin 70 ili kommunizm ideologiyası dövrü ilə bağlıdır. Həmin illərdə fərqli düşünmək, yazmaq, ümumiyyətlə, qadağan edilmişdi. 1969-1982-ci illərdə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycanın müstəqil gələcəyinə xidmət edən addımların atıldığı dövr kimi xarakterizə olunur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə mətbuatın cəmiyyətə təsir imkanlarının böyüklüyü yüksək dəyərləndirilərək, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərə geniş yer verildi.
1991-ci ildə SSRİ-nin dağılması ilə öz dövlət müstəqilliyini yenidən əldə edən Azərbaycan ilk illərdə böyük faciələrlə, çətinliklərlə üzləşsə də, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin müstəqillik tarixində, həmçinin cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın inkişafında yeni bir mərhələnin əsasını qoydu. Müstəqilliyimizin ilk illərinin səciyyəvi xüsusiyyətləri sırasına xaos, anarxiya və özbaşınalığın yaratdığı azad sözün, fikrin, mətbuatın hər addımda boğulması da daxil idi.
Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə yeni Azərbaycan quruldu, dövlətçiliyimizin əsasları yaradıldı. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın reallıqlarının təbliğatçısı, cəmiyyətin güzgüsü olan mətbuatın inkişafı istiqamətində davamlı addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə senzura ləğv olundu. 1999-cu ildə mütərəqqi “Kütləvi informasiya vasitələri haqqında” qanun qəbul edildi. 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ümummilli Lider mətbuatın problemlərini müzakirə edərək həlli istiqamətində tapşırıqlarını verdi. Həmin görüşdən sonra bir çox problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi. Ümummilli Lider Heydər Əliyev jurnalist əməyini yüksək dəyərləndirirdi: “Jurnalist əməyi qeyri-adi, olduqca böyük, zəhmətli, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”. Bir mühüm məqamı da qeyd edək ki, mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaratdığından 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Atılan hər bir addımın azad mətbuatın inkişafında öz rolu vardır. Ümumilikdə, Ümummilli Lider mətbuatın problemlərinin həlli ilə bağlı onlarla Fərman və Sərəncam imzalayıb. Dahi şəxsiyyətin mətbuata bu cür dost, səmimi münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Ulu Öndər Heydər Əliyev 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Son 15 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyev siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azad mətbuatın inkişafına xidmət edən addımlar davamlılığı ilə diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, hər bir ölkənin inkişaf səviyyəsi mətbuatın inkişaf səviyyəsi ilə sıx bağlıdır. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın iqtisadi imkanlarının artması digər sahələr kimi, azad mətbuatın inkişafı istiqamətində də mühüm addımların atılmasını şərtləndirdi. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalist peşəkarlığını artırmaq, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik maddi yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata göstərilən qayğının tərkib hissələridir. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin dövlət səviyyəsində təntənə ilə qeyd olunması artıq bir ənənəyə çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamları da böyük rəğbətlə qarşılanır. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı ilk Sərəncam 2010-cu ildə imzalandı və Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Jurnalistlər üçün tikilən ilk bina 2013-cü ildə istifadəyə verildi və növbəti Sərəncam imzalandı. 2017-ci il iyulun 22-də Milli Mətbuat Günündə jurnalistlərin istifadəsinə verilən ikinci binanın açılışında iştirak edən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, üçüncü binanın təməlini qoydu. Atılan hər bir addım dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının aydın mənzərəsini yaradır. 2017-ci ildə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdılması ilə bağlı Sərəncamın imzalanması ilə yanaşı, ölkəmizdə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı da ayrıldı. Mətbu orqanlara maliyyə yardımlarının ayrılması ilə bağlı sərəncamlar artıq ənənə halını alıb. Bütün bunların nəticəsidir ki, son 15 ildən artıq dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Dövlətimizin başçısı həmçinin “Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir” fikirləri ilə Azərbaycan mətbuatının qarşısında dayanan vəzifələri diqqətə çatdırır.
Keçilən yola qısa baxış fonunda Azərbaycan mətbuatının parlaq gələcəyini daha aydın görürük.
- Jurnalist məsuliyyəti və peşəkarlığı bütün dövrlər üçün aktualdır. Sizcə, bu istiqamətdə əldə olunan nəticələr qənaətbəxşdirmi?
- Əvvəldə də qeyd etdiyimiz kimi, azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Əsas hədəflərimizdən biri inkişaf etmiş ölkələr sırasında addımlamaqdır. Məhz elə bu hədəfimizin özü digər sahələr kimi, mətbuatda da təkmilləşməni, yeniləşməni zərurətə çevirir. Nəzərə alsaq ki, bu gün 5 mindən artıq kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb, xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir, internet istifadəçilərinin sayı əhalinin 85 faizindən çoxdur, bu statistikanın özü sağlam rəqabətin gücləndirilməsini, jurnalistin öz peşəkarlığını artırmasını, bundan öncə məsuliyyət amilini fəaliyyətinin əsas prinsipi kimi öndə saxlamasını bir tələb kimi ortaya qoyur. 2009-cu ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqələrin əsasında jurnalist peşəkarlığının artırılması əsas yer tutur. Jurnalistlərin peşəkarlığı, məsuliyyəti, dəqiq informasiyanın ötürülməsi və sair kimi məsələlər çox vacibdir. Bu vəhdət fonunda ərsəyə gələn hər hansı bir materialın ictimai fikrə təsir imkanları da geniş olacaqdır. Dövlətimizin başçısı İlham Əliyevin “Əgər biz keçmiş illərə nəzər salsaq, görərik ki, son illərdə Azərbaycan jurnalistikası doğrudan da böyük yol keçmişdir. Bu, sadəcə, xoş sözlər deyil, bu, həqiqətdir. Əgər 15 il bundan əvvəlki qəzetləri vərəqləsək, görərik ki, orada daha çox böhtan, təhqir, iftira mövzuları üstünlük təşkil edirdi. Bəzi hallarda bu, bu gün də vardır. Ancaq onların miqdarı xeyli azalıbdır. Ona görə məsuliyyət və peşəkarlıq, dəqiq informasiya mütləq hər bir medianın imicini göstərir” fikirləri Azərbaycan mətbuatının keçdiyi inkişaf yolunda bu istiqamətdə də əldə etdiklərinin ümumiləşdirilmiş ifadəsidir. Peşəkarlıq və məsuliyyət hissinin birliyi fonunda ərsəyə gələn yazı həmin mətbu orqanın əqidəsinə, tutduğu yola, məqsəd və məramına işıq salmaqla yanaşı, jurnalistin mətbuatın prinsiplərinə hansı səviyyədə yanaşmasını da ortaya qoyur. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2010-cu ildə Mətbuat Şurasının yeni binasının açılışında söylədiyi bu çağırışı da xatırlatmaq istərdik: “Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada bax, qeyd etdiyiniz, bu reket məsələləri də aradan qaldırılacaqdır. Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən hesab edirəm ki, bunun vaxtı çatıbdır”. Günümüzün əsas tələblərindən olan informasiya təhlükəsizliyinin təmin edilməsi də jurnalist məsuliyyətini və peşəkarlığını aktuallaşdırır. Əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalı, vətənpərvərlik, milli şüur kimi prinsipləri əsas tutmalıdır.
- Vüqar müəllim, çoxsaylı mətbu orqanları sırasında özünəməxsusluğu şərtləndirən amilləri qeyd etdiniz. Bu günlərdə rəhbərlik etdiyiniz “İki sahil” qəzetinin 28 yaşı tamam oldu. Arxada qalan bu illər “İki sahil”ə hansı uğurları qazandırıb?
- Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri məhz azad mətbuatın inkişafına geniş imkanların yaradılmasıdır ki, bunlardan biri də çoxlu sayda mətbu orqanların qeydiyyatdan keçməsi, hər birinin özünəməxsus yer tutmasıdır. “İki sahil”in bu gün çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yer tutmasında, təbii ki, əqidəsinə, tutduğu yola sadiqliyi əsas rol oynayıb. 1991-ci ildən “Vahid Azərbaycan uğrunda” şüarı ilə yola çıxan “İki sahil” cəmiyyətin güzgüsü missiyasını şərəflə yerinə yetirir. Azərbaycanın müstəqillik tarixinin bələdçisi kimi Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın bu və ya digər sahələrdə qazandığı uğurları əsaslı şəkildə, mətbuatın əsas prinsipləri olan obyektivlik və qərəzsizlik əsasında ölkə ictimaiyyətinə çatdırır. Bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların sevgisini qazanan, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol qəzetimizdə geniş təbliğ olunur. Bununla yanaşı, “İki sahil” ölkə iqtisadiyyatının inkişafına, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının icrasına böyük töhfələr verən SOCAR-ın uğurlarının təbliğatçısıdır. İqtisadi tərəqqiyə əsaslanan güclü sosial siyasətimiz, milli-mənəvi dəyərlərimizin, tariximizin, mədəniyyətimizin, milli irsimizin qorunmasına xidmət edən addımlar və onların uğurlu nəticələri qəzetimizin hər sayında oxuculara çatdırılır. Oxucu auditoriyasının günbəgün genişlənməsi onların informasiya ehtiyaclarını yüksək səviyyədə təmin etməyimizdən, əvvəldə də qeyd etdiyim kimi, jurnalist peşəkarlığının və məsuliyyətinin artması fonunda qəzetimizin çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yer tutmasından irəli gəlir.
Ölkəmizdə azad mətbuatın inkişafına xidmət edən addımlar “İki sahil”in həyatında da özünü göstərir. Qəzetimizin fəaliyyəti daim yüksək dəyərləndirilib, əməkdaşlarımızın bir qismi “Əməkdar jurnalist” adına layiq görülüb, medallarla təltif olunublar. Jurnalistlərin mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı imzalanan Sərəncama uyğun olaraq hədiyyə olunan evlərdən bizim əməkdaşlara da pay düşüb. Qeyd etdiyimiz kimi, “İki sahil” 28 ildə bu yolu dövlətçilik ənənələrimizin təbliği ruhunda qət edib və qarşıdakı illərdə də əqidəsinə sadiqliyi ilə həyata keçirilən uğurlu siyasətə öz töhfəsini verəcək.
- Yeni texnologiyaların inkişafının informasiya təhlükəsizliyinin təminatında rolunu necə şərh edərdiniz? Dünya informasiya məkanına inteqrasiyada Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərin rolunu necə dəyərləndirirsiniz?
- Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, daim ilklərə imza atan Azərbaycanın bu sahədə qazandığı uğurlar göz önündədir. İlk olaraq onu demək istərdim ki, Azərbaycan artıq kosmik klubun üzvüdür. Son 5 ildə üç peykimiz orbitə buraxılıb. Bu böyük uğurumuz iqtisadiyyatın şaxələndirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım kimi dəyərləndirilir. “Bu peyklərin çox böyük əhəmiyyəti var” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu, ilk növbədə, Azərbaycanın informasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edirlər.
Dünya informasiya məkanına sürətlə inteqrasiya edən Azərbaycan ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər vasitəsilə malik olduğu imkanların təqdimatına nail olur. Təkcə Azərbaycanın Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi bu fikri böyük inamla qeyd etməyə əsas verir ki, ölkəmiz müstəqil medianın inkişafı sahəsində böyük təcrübəyə malikdir.
Azərbaycan demokratik inkişafın əsas göstəricilərindən olan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Azərbaycan internetin tam azad olduğu ölkədir və əhalimizin 85 faizindən çoxu fəal internet istifadəçisidir. 2019-cu ilin böyük uğurları sırasında yer alan 10 milyonluq ölkə sevincini nəzərə alsaq, Azərbaycanda sosial mediadan istifadə edənlərin sayının 2 milyondan çox olması təqdirolunan hadisədir. Bu rəqəm onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın inkişafı üçün mühüm addımlar atılıb. Ölkəmiz beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməklə həm malik olduğu imkanların təqdimatında əlavə imkanlar əldə edir, həm də təcrübə mübadiləsinin, səylərin birləşdirilməsi fonunda qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olur. Medianın rolunun günbəgün artması ilə məsuliyyətinin də artdığını önə çəkən dövlətimizin başçısı İlham Əliyev bildirir: “Bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir. Bunu şəxsi təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Bu səbəbdən biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının şahidi oluruq. Yaxın Şərq, müharibələr, Avropa, postsovet məkanı - burada eyni hadisə fərqli şəkildə təqdim edilir. Yəni, biz burada siyasi motivlər və müəyyən mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin şahidi oluruq. Hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir”. Ölkə Prezidenti beynəlxalq tədbirlərin bu kimi məsələlərin həllinə böyük dəstək olduğunu bildirir.
- Hər dövrün öz çağırışları vardır. Müharibə şəraitində yaşayan ölkəmizdə ictimaiyyətin yazılı və elektron KİV-lərdən gözləntiləri fərqlidir. Əsas məsələ vətənpərvərlik hissinin aşılanması, həqiqətlərimizin faktlar əsasında təbliğ olunmasıdır. Mətbuat bu vəzifəni hansı səviyyədə yerinə yetirir?
- XXI əsr informasiya mübarizəsi əsridir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, internet resurslarının mövcudluğu bu mübarizəni daha da kəskinləşdirir. Müxtəlif dillərdə internet resurslarının yaradılmasının vacibliyi bildirilir.
Möhtərəm Prezidentimizin hər çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin gündəlik işimiz olması ən mühüm çağırış kimi səsləndirilir. Ümummilli məsələlərdə birlik, həmrəylik vacibdir. Siyasi əqidəsindən, mövqeyindən asılı olmayaraq bütün mətbu orqanlar, media nümayəndələri yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin açıqlanmasına öz töhfələrini verməlidir. Azərbaycanın diplomatik uğurları, eyni zamanda, iqtisadi imkanlarının artması fonunda güclənən, qüdrətlənən ordusu bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına əminlik yaradır. Aprel döyüşləri, Naxçıvan qələbələri Azərbaycan Ordusunun gücünün nümayişi oldu. Həmçinin Cocuq Mərcanlı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirilir. Cənab Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.
Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır. Bu gün Azərbaycanın uğurları xarici anti-azərbaycan dairələr tərəfindən böyük qısqanclıq hissi ilə qarşılandığından onların əsassız, heç bir məntiqə söykənməyən qarayaxma kampaniyaları həyata keçirmələrinə səbəb olur. Əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir mətbu orqan bu kimi çirkin kampaniyalara qarşı mübarizədə fəal olmalı, Azərbaycanı istəməyən bu ünsürlərin şər və böhtanlarını reallıqlarımıza söykənərək əsaslı şəkildə cavablandırmalıdır.
Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hücum diplomatiyasını daha da gücləndirməliyik. Bu gün Azərbaycana hansı sahədən baxsaq, böyük inkişafın, tərəqqinin şahidi olarıq. İqtisadi imkanlarını günbəgün artıran ölkəmizin ordu quruculuğu sahəsində əldə etdiyi uğurlar göz önündədir. Dövlətimizin diplomatik uğurlarını, ordumuzun gücünü, qüdrətini təbliğ etməklə yanaşı, bu gün heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmayan Ermənistanın işğalçılıq siyasətinin ona qazandırdığı uğursuzluqları da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Saxta tarix yazıb, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə yaşayan və bu istəyini zaman-zaman həyata keçirmək üçün havadarlarından dəstək alan ermənilərin iç üzü açılmalıdır. Diplomatik uğurlarımızın miqyası genişdir. Dövlətimizin uğurlu daxili və xarici siyasəti nəticəsində artıq dünya ictimaiyyəti Azərbaycan reallıqlarını düzgün dəyərləndirməyə başlayıb. Ayrı-ayrı nüfuzlu dünya dövlətlərinin və beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın haqlı mövqeyi dəstəklənir. Təbii ki, bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Bu reallıqların təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Hər bir mətbu orqan vətənpərvərlik hissinin möhkəmləndirilməsinə, həqiqətlərimizin təbliğinə öz töhfəsini verməlidir. Bu həm bir mətbu orqan olaraq vəzifəmiz, həm də vətəndaşlıq borcumuzdur.
Bugünkü uğurlarımız xalqımızın yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına əminliyini artırır. Mətbuatın növbəti 145 illiyində qələbə sevincimizi paylaşmaq arzusu ilə bütün həmkarlarımı qarşıdan gələn 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  20-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA