
Prezident İlham Əliyev: Sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir
Azərbaycanın bütün dünyada nümunə kimi qəbul edilən inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri odur ki, ölkəmizdə dinamik iqtisadi inkişaf ardıcıl şəkildə güclü sosial siyasətlə tamamlanır. Son 16 ildə respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan islahatlar, müxtəlif təşviq tədbirləri sayəsində özünün iqtisadi müstəqilliyini tam təmin edib, eyni zamanda, geniş maliyyə təminatına malik dövlətə çevrilib. Bütün bunların sayəsində isə ölkədə bilavasitə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlərin əhatə dairəsini genişləndirmək üçün hər cür imkan yaranıb.
2019-cu ilin əvvəlindən ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə hesablanan böyük sosial paket uğurla həyata keçirilir
Azərbaycan özünün iqtisadi potensialının artmasına və maliyyə imkanlarının genişlənməsinə adekvat olaraq ölkəmizdə sosial sferanın prioritetliyinin təmin olunması siyasətini 2019-cu ildə də davam etdirir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Onun yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədəki çıxışında respublikamızda cari ilin əvvəlindən əhalinin rifah halının daha da yaxşılaşdırılmasına, insanların gəlir imkanlarının artırılmasına hesablanan genişmiqyaslı tədbirlərin uğurla reallaşdırıldığına xüsusi diqqət çəkib. “Bildiyiniz kimi, bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmışdır - minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin, demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik”, - deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, respublikamızda son dövrlərin ən yaxşı iqtisadi inkişaf göstəriciləri məhz cari ilin arxada qalan aylarında əldə olunub. Bəhs olunan dövrdə respublikamız həmçinin aidiyyəti qurumlarda şəffaflığın yüksək səviyyədə təmin edilməsinin nəticəsində böyük həcmlərdə əlavə maliyyə vəsaiti qazanıb. Belə ki, ilin əvvəlindən bəri respublikamızın büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb. Qazanılan əlavə vəsait isə yuxarıda vurğulandığı kimi, sosial sferaya yönəldilib.
Ölkəmizdə 2019-cu ilin əvvəlindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi və problemlərinin həlli məqsədilə həyata keçirilən tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. Prezident İlham Əliyev iki mərhələdə reallaşdırılan böyük sosial paket çərçivəsində çoxlu sayda Fərman və Sərəncam imzalayıb. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2019-cu il fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla nəzərdə tutulan güzəştlərdən sənəddə göstərilən dövrlərdə xarici valyutada kredit götürmüş fiziki şəxslər faydalanıblar.
Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanı mənzil idarəçiliyi baxımından problemlərin həllinə gətirib çıxaracaq, vətəndaşların mənzil və yaşayış şəraitinin yaxşılaşmasına, o cümlədən sosial rifahının daha da yüksəlməsinə müsbət təsir göstərəcək. Bu inqilabi qərarla Prezident İlham Əliyev 300-400 min insanı əhatə edən çoxmənzilli binalarla bağlı “çoxillik həllolunmaz problem”ə son qoyub.
Ölkəmizdə əməkhaqlarının davamlı olaraq artırılması kimi gözəl ənənənin formalaşması əhalinin maddi təminatının möhkəmlənməsində mühüm rol oynayır. Cari il martın 1-dən həm minimum pensiyalar, həm də minimum əməkhaqqının məbləği orta hesabla 40 faiz artırılıb. Dövlət başçısının iyunun 18-də imzaladığı sərəncamlarla ölkəmizdə sosial məzmunlu islahatların növbəti mərhələsinə start verilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müşavirədə bildirib ki, ikinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışan əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb.
Həyata keçirilən sosial məzmunlu islahatlar xüsusilə əhalinin aztəminatlı və imtiyazlı təbəqələrinin rifahının yüksəlməsinə müsbət təsir göstərir
Ölkəmizdə ədalətli resurs bölgüsü həyata keçirilir. Dövlətin siyasi iradəsi ilk növbədə ona yönəlib ki, ölkənin milli gəlirlərindən cəmiyyətin bütün təbəqələri faydalansın. O cümlədən respublikamızda 2019-cu ilin əvvəlindən böyük sosial paket çərçivəsində həyata keçirilən sosial məzmunlu islahatlar xüsusilə əhalinin aztəminatlı və imtiyazlı təbəqələrinin rifahının yüksəlməsinə müsbət təsir göstərir. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev ötən il keçirilən prezident seçkilərindən sonra - 2018-ci il 19 aprel tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Bəhs olunan sənədə əsasən ötən il noyabrın 14-dən başlayaraq müvafiq kateqoriyadan olan şəhid hərbi qulluqçuların vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi həyata keçirilir. Dövlət başçısının 28 yanvar 2019-cu il tarixində imzaladığı digər Fərmanla isə birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib.
Böyük sosial paket çərçivəsində reallaşdırılan tədbirlərin bir qismi məcburi köçkün soydaşlarımızın həyat səviyyəsinin yüksəldilməsinə hesablanıb. Məlumdur ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma ev-eşiklərini itirmiş məcburi köçkün soydaşlarımıza qayğı Azərbaycanın dərinməzmunlu sosial siyasətində mühüm istiqamətlərdən birini təşkil edir. Təkcə ötən il 5923 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. 2019-cu ilin sonunadək isə minimum 6 min mənzilin məcburi köçkün soydaşlarımızın istifadəsinə verilməsi nəzərdə tutulub. Beləliklə, təkcə iki il ərzində təqribən 11 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu mənzillərdə təqribən 50 minə yaxın insan yaşayacaq.
Ölkəmizdə məcburi köçkünlərin gəlir imkanlarının artırılması da davamlı olaraq diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev böyük sosial paket çərçivəsində məcburi köçkünlərə verilən müavinətlərin artırılması ilə bağlı cari ildə iki mühüm sənəd - 26 fevral 2019-cu il tarixində “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” müvafiq Sərəncam və 2019-cu il 10 iyun tarixində “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Bəhs olunan sənədlər əsasında məcburi köçkünlərə verilən müavinətlər əhəmiyyətli dərəcədə artırılıb. Bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev “Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir”, - deyə vurğulayıb.
Müşavirədə qeyd olunduğu kimi, müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlər ümumilikdə 1,3 milyon insanı əhatə edib. Bunlardan 300 mindən artığı əlilliyi olan şəxslər, 500 minə qədəri məcburi köçkün, 100 mindən çoxu isə tələbə və gənclərdir.
Mübariz ABDULLAYEV
- Oxunub: 2160 |
- Tarix: 15-08-2019 |
-
Çap et |