Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib

Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib

23.08.2019 [09:40]

Prezident İlham Əliyev: Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var
Son 15 ildə müstəqil Azərbaycanın qazandığı ən böyük uğurlardan biri yüksək səviyyəli müasir infrastruktur quruculuğu ilə bağlıdır. Bəhs olunan dövrdə intensiv şəkildə reallaşdırılan irimiqyaslı layihələr hesabına hazırda respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasına yüksəlib. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan infrastruktur obyektləri bundan sonra onilliklər boyu xalqımıza və dövlətimizə xidmət göstərəcək.
Əlamətdar haldır ki, respublikamızda infrastruktur quruculuğu Prezident İlham Əliyevin siyasi iradəsi əsasında davamlı səciyyə daşıyır. Belə ki, bu sahəyə yönəldilən dövlət əsaslı vəsait qoyuluşu ilbəil artır ki, bunun da sayəsində hər il ölkə miqyasında yeni infrastruktur layihələrinin uğurlu icrası təmin olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bir qədər bundan əvvəl sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədəki çıxışında infrastruktur quruculuğunun ölkəmizdə prioritet sahə kimi müəyyənləşdirildiyini bir daha nəzərə çatdırıb.
Ölkədə reallaşdırılan infrastruktur layihələri müxtəlif istiqamətləri əhatə edir
Ölkəmizdə infrastruktur quruculuğu kompleks səciyyə daşıyır. Bu sahədə dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılan layihələr müxtəlif istiqamətləri əhatə edir. Respublikamızda yüksək səviyyəli infrastruktur quruculuğu qazlaşdırma sahəsində qabarıq şəkildə nəzərə çarpır. Son 15 ildə ölkə üzrə “mavi yanacaq” təminatında vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması diqqətəlayiq haldır. Bəhs olunan dövrdə bütün ölkə boyu çoxlu sayda qazlaşdırma layihələri reallaşdırılıb. Nəticədə, regionların “mavi yanacaq” təminatı yaxşılaşıb, hətta əvvəllər heç vaxt qazlaşdırılmamış yaşayış məntəqələrinə də yeni boru kəmərləri çəkilib və hazırda sakinlərin evlərində “mavi yanacaq” alovlanır.
Bəhs olunan dövrdə həyata keçirilən layihələr hesabına ölkə üzrə 15 şəhər və rayonda, o cümlədən Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərlərində, Abşeron, Ağdam, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Füzuli, Hacıqabul, Qazax və Ağsu rayonlarında qazlaşma səviyyəsi 100 faizə çatıb. Yevlax, Bərdə, Kürdəmir, Tərtər, Ucar, Goranboy və Zərdab rayonlarında yaşayış məntəqələrinin sayına görə qazlaşdırma səviyyəsi 90 faizi ötüb. Bundan başqa, işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi təbii qazla tam təmin olunub. Hazırda Bakıda 22 yaşayış məntəqəsinin qazlaşdırılması tədbirləri davam etdirilir. Bölgələrdə isə bu ilin sonunadək 33 şəhər və rayonda 13 qəsəbə və 23 kəndin, eləcə də 26 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Onlardan 21 məntəqədə evlərə “mavi yanacaq” verilməsi mərasimləri keçirilib, 34 məntəqədə isə işlər tam başa çatdırılıb, xətlər istismara hazırdır.
Həyata keçirilən çoxsaylı layihələr hesabına respublikamız özünün enerji təhlükəsizliyini təmin etməyə nail olub. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 15 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda respublikamız həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb. Eyni zamanda, cari ildə ölkədə həm yeni generasiya güclərinin yaradılmasına, həm də ötürücü xətlərin, yarımstansiyaların dayanıqlılığını təmin etməyə lazımi qədər vəsait ayrılması nəzərdə tutulub. 2019-cu ildə ölkəmizdə 400 meqavat gücündə “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi də planlaşdırılıb.
Son illərdə respublikamızda həmçinin böyük iqtisadi və sosial əhəmiyyət daşıyan su layihələrinin icrası da uğurla təmin edilir. Bura həm içməli su layihələri, həm də meliorativ tədbirlər daxildir. Ötən 15 ildə reallaşdırılan içməli su və kanalizasiya layihələri ölkənin bütün bölgələrini əhatə edib və nəticədə, respublika üzrə əhalinin yüksək keyfiyyətli su ilə təchizatında dönüş yaranıb. Əgər 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2019-cu ilin əvvəlində bu göstərici 67 faizə çatdırılıb. Perspektivdə isə respublikada əhalinin su təchizatının daha yüksək səviyyəyə çatdırılması hədəflənib.
Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla icra edildiyi son 15 ildə bölgələrdə istifadə olunan torpaqların su təminatının yaxşılaşdırılması və yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi üçün dövlət əsaslı vəsait qoyuluşu hesabına çoxlu sayda layihələr reallaşdırılıb. Bütövlükdə bəhs olunan dövrdə ölkə üzrə 390 min hektar sahədə torpaqların su təminatı və 261 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 146 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib. Ümumi tutumu 470 milyon kubmetr olan Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay kimi böyük su anbarlarının tikilib istifadəyə verilməsi sayəsində ölkənin icməli və suvarma suyu ilə təminatında geniş imkanlar yaranıb. Son iki ildə hər il 100 min hektar torpağa suyun verilməsi təmin edilib və 2019-cu ildə daha 80 min hektarda bu qəbildən işlərin reallaşdırılması nəzərdə tutulub. Eyni zamanda, regionlarda kiçik su anbarlarının yaradılması da gündəlikdə duran məsələlər sırasında yer alır. Respublika üzrə hər il dövlət vəsaiti hesabına təxminən 300 subartezian quyusunun qazılması da yaxşı səmərə verir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan müşavirədəki çıxışında respublikamızda çoxşaxəli infrastruktur quruculuğu barədə geniş söhbət açıb. Ölkə boyu yüksək keyfiyyətlə reallaşdırılan infrastruktur layihələri barədə fikirlərini ifadə edən dövlət başçımız deyib: “Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib. Bu, çox genişmiqyaslı proqramdır. Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var. Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır. Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılmışdır və Azərbaycan bu baxımdan yenə də ön sıralardadır. Çünki biz öz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Bu il mövcud stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə generasiya gücü əldə ediləcək. Bütün bölgələrimizdə içməli su layihələri icra edilir və bu il də bir neçə şəhərin içməli su problemi həll olunacaq. Buna da çox böyük diqqət göstərilir. Hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da ki, suvarılmayan torpaqlara su çəkilir. Bu da çox önəmli məsələdir və bu məsələ ilə bağlı əlavə addımlar atılacaq”.
Yüksək keyfiyyətlə həyata keçirilən infrastruktur layihələri həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır
Son 15 ildə bütün ölkə üzrə intensiv şəkildə həyata keçirilən yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanın dinamik iqtisadi inkişafını və insanların həyat səviyyəsinin yüksəlməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir. Prezident İlham Əliyev Azərbaycan-Polşa biznes forumundakı nitqində bu amilə diqqət çəkərək “Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri biznes şəraitini daha da yaxşılaşdırır. Çünki yollar, kommunikasiyalar olan yerlərdə əlbəttə ki, biznes dairələri də özlərini daha rahat hiss edirlər. Son illərdə Azərbaycanda infrastruktur layihələrinin icrasına çox böyük diqqət yetirilmişdir. Hesab edirəm bu sahədə əldə edilmiş nəticələr deməyə əsas verir ki, bu layihələr öz bəhrəsini verir, həm insanlara rahatlıq gətirir, eyni zamanda, iş adamlarının fəaliyyətini yüngülləşdirir”, - deyə vurğulayıb.
Yuxarıda qeyd etdiyimiz kimi, respublikamızda reallaşdırılan infrastruktur layihələri bir qayda olaraq dövlət investisiya qoyuluşu hesabına maliyyələşdirilir. Sonradan investorlar yaradılan infrastruktur obyektlərindən bəhrələnərək iqtisadiyyatın müxtəlif sahələrinə məmnuniyyətlə sərmayələr yönəldirlər. Mütəxəssislərin qənaəti belədir ki, yüksək səviyyəli infrastruktur quruculuğu ölkəmizin investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Son vaxtlarda paytaxt Bakıda və respublikanın bölgələrində sənaye quruculuğu geniş vüsət alıb. Artıq Sumqayıtda, Balaxanıda, Pirallahıda, Qaradağda, Mingəçevirdə yaradılan sənaye parkları uğurla fəaliyyət göstərir. 2019-cu ilin əvvəlindən bəri Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Karbamid”, “SOCAR Polymer” kimi nəhəng sənaye layihələri tamamlanıb və hazırda bəhs olunan müəssisələrdə buraxılan məhsullar həm daxili tələbatın ödənilməsinə, həm də ixraca yönəldilir. Həmçinin son illərdə Neftçalada, Masallıda sənaye məhəllələri istifadəyə verilib. Regionlarda daha 2 sənaye məhəlləsinin istifadəyə verilməsinə hazırlıq işləri də yekunlaşmaq üzrədir.
Aqrar sektorda da irimiqyaslı layihələr reallaşdırılır. İqtisadiyyat naziri Şahin Mustafayevin yuxarıda bəhs olunan müşavirədə verdiyi məlumata əsasən, indiyədək ölkə üzrə 51 aqroparkın yaradılması istiqamətində ciddi addımlar atılıb. Artıq nəticələr var. İyirmi iki aqropark faktiki fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaqdır.
Eyni zamanda, dövlət əsaslı vəsait qoyuluşu hesabına araya-ərsəyə gətirilən infrastruktur obyektləri insanların həyatına böyük rahatlıq gətirib. İnsanlar onlara göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəlməsindən və əlçatanlığın təmin olunmasından böyük məmnunluq duyurlar. Təsadüfi deyil ki, rahat yollarla, keyfiyyətli su ilə, davamlı elektrik enerjisi, qazla təmin olunan insanlar doğma yerlərə daha möhkəm tellərlə bağlanırlar və həyatlarını elə oradaca qurmağa üstünlük verirlər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31