
İmişlidə Qızılkənd kənd və Aranlı kənd 2 nömrəli tam orta məktəbləri üçün inşa olunan yeni binalar istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edən İmişli rayon İcra Hakimiyyətinin başçısı Viliam Hacıyev məllim və şagirdləri yeni məktəb binalarının istifadəyə verilməsi və Bilik Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Təhsilin inkişafı və onun beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı həyata keçirilən dövlət siyasətinin nəticələrindən danışan V.Hacıyev ölkəmizdə, eyni zamanda, İmişli rayonunda bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib, Qızılkənd kənd və Aranlı kənd 2 nömrəli tam orta məktəblərinin inşasını bu istiqamətdə reallaşdırılan siyasətin nəticəsi kimi dəyərləndirib.
Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxışında ölkəmizin bütün bölgələrində yeni məktəb binalarının inşa edildiyini, köhnə məktəblərin isə əsaslı təmir olunduğunu vurğulayıb.
Məlumat verilib ki, Təhsil Nazirliyi tərəfindən inşa olunan 624 şagird yerlik Qızılkənd kənd və 132 yerlik Aranlı kənd 2 saylı tam orta məktəblərində müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif və kompüter otaqları, akt və idman zalları, kitabxana, yeməkxana və digər otaqlar fəaliyyət göstərəcək.
Mərasimdə çıxış edən məktəb direktorları, müəllim və valideynlər, ictimaiyyət nümayəndələri son illər rayonda aparılan geniş abadlıq-quruculuq işlərinə və təhsilin maddi texniki-bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı layihələrə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları yeni tədris ocaqlarında yaradılan şəraitlə tanış olublar.
- Oxunub: 1860 |
- Tarix: 16-09-2019 |
-
Çap et |