
Sentyabrın 17-də Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümünün açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəhbərliyi, teatr ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri mədəniyyət naziri Əbülfəs Qarayev açaraq teatrın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Şuşa Dövlət Musiqili Dram Teatrının binası əsaslı şəkildə təmir olunaraq ötən ilin dekabr ayının 24-də kollektivin ixtiyarına verilib. 147-ci mövsümün açılışı, həm də Şuşa teatrının öz binasında ilk yeni mövsümünün açılışı kimi əlamətdardır.
Daha sonra Altay Məmmədovun “Kitabi-Dədə Qorqud” dastanı əsasında yazdığı “Dəli Domrul” pyesi üzrə tamaşanın premyerası olub.
Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Səhnə əsərində rolları Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva, Mobil Qurbanov, Hamlet Qənbərov, Emin Sevdiməliyev və Əməkdar artist Azad Məmmədov ifa edib.
- Oxunub: 2160 |
- Tarix: 17-09-2019 |
-
Çap et |