Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir
A+   Yenilə  A-
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

Prezident İlham Əliyev: Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir
Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev qarşıya respublikamızda sosial sferanı dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub. Bu hədəfə çatmaq üçün ölkəmizdə bilavasitə insanların həyat şəraitinin daha da yaxşılaşmasına, onların gəlir imkanlarının mütəmadi qaydada artırılmasına, müxtəlif xidmətlərin əlçatanlığının təmin olunmasına hesablanan islahatlar aparılır, hüquqi baza möhkəmləndirilir, eyni zamanda, praktiki müstəvidə çoxsaylı tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, son 16 ildə Azərbaycan insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub və MDB-də lider mövqeyə yüksəlib. BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamızda hazırda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biri hesab olunur. Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədəki nitqində dövlət başçımız respublikamızda reallaşdırılan sosial siyasətin birmənalı olduğunu xüsusi olaraq nəzərə çatdırıb. Bu xüsusda fikirlərini ifadə edən dövlət başçısı deyib: “Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir”.
Reallaşdırılan böyük sosial paket çərçivəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşıb
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev hələ 2018-ci ilin sonlarında bəyan etmişdi ki, qarşıdan gələn dövrdə əhalinin sosial durumunun daha da yüksəldilməsi prioritet təşkil edəcək. Praqmatik siyasətçi olan Prezident İlham Əliyevin verdiyi vədlər yüksək səviyyədə yerinə yetirilir. Belə ki, Azərbaycanın dövlət başçısı 2019-cu ilin arxada qalan dövrü ərzində iki böyük sosial islahat paketi təsdiqləyib.
Respublikamızda cari ilin əvvəlindən reallaşdırılan sosial islahatlar bir tərəfdən Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, yüksək praktiki nəticələr verdiyini təsdiqləyirsə, digər tərəfdən də dövlətimizin gücünü nümayiş etdirir. Elan olunan və iki mərhələdə həyata keçirilən sosial islahatların maliyyə yükü kifayət qədər böyükdür. Ümumilikdə, hər iki sosial paketin dəyəri cari il üçün 2,3 milyard manat, növbəti il üçün isə 3 milyard manatdır. Bütövlükdə, cari ildə və perspektivdə reallaşdırılacaq sosial islahatların həyata keçirilməsinə 5,2 milyard manat vəsaitin sərf olunması nəzərdə tutulur.
Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkəmizdə irəli sürülən sosial təşəbbüslər ilk növbədə əhalinin həssas qruplarını əhatə edir. Aşağıdakı misalların timsalında bunu bir daha görmək mümkündür. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev ötən il keçirilən prezident seçkilərindən sonra - 2018-ci il 19 aprel tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Bəhs olunan sənədə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Ölkəmizdə bəhs olunan Fərmanın icrasına ötən il noyabrın 14-dən başlanılıb. Dövlət başçısının 28 yanvar 2019-cu il tarixində imzaladığı digər Fərmanla isə birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Belə ki, sənədə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2019-cu il fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla nəzərdə tutulan güzəştlərdən sənəddə göstərilən dövrlərdə xarici valyutada kredit götürmüş fiziki şəxslər faydalanıblar.
Cari ildə Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığı sənədlərin bir qismi sosial müavinətlərin artırılması ilə bağlıdır. Məlum olduğu kimi, dövlət başçısı 2019-cu il 25 fevral tarixində “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair” növbəti Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixində imzaladığı müvafiq Sərəncam və fərmanlarla isə bir sıra kateqoriyalardan olan vətəndaşlara verilən sosial müavinətlərin və Prezident təqaüdlərinin məbləği aprelin 1-dən orta hesabla 100 faiz artırılıb, həmçinin yeni təqaüd növləri təsis olunub. Beləliklə, aprelin əvvəlindən qüvvəyə minən qərara əsasən sosial müavinətlər iki dəfə artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub. Qeyd olunan məqsədlər üçün əlavə olaraq illik 400 milyon manat ayrılmaqla, sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsait 2 dəfə artırılıb. Müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlər ümumilikdə 1,3 milyon insanı əhatə edib. Bunlardan 300 mindən artığı əlilliyi olan şəxslər, 500 minə qədəri məcburi köçkün, 100 mindən çoxu isə tələbə və gənclərdir.
Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanı mənzil idarəçiliyi baxımından problemlərin həllinə gətirib çıxaracaq, vətəndaşların mənzil və yaşayış şəraitinin yaxşılaşmasına, o cümlədən sosial rifahının daha da yüksəlməsinə müsbət təsir göstərəcək. Bu inqilabi qərarla Prezident İlham Əliyev 300-400 min insanı əhatə edən çoxmənzilli binalarla bağlı “çoxillik həllolunmaz problem”ə son qoyub.
Deyilənlərdən də göründüyü kimi, ölkəmizdə cari ilin əvvəlindən intensiv şəkildə reallaşdırılan sosial islahatların əhatə dairəsi kifayət qədər genişdir. Prezident İlham Əliyev milyonlarla insanın yeni sosial paketdən bəhrələnəcəyini bildirərək vurğulayıb: “İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Nəzərə almalıyıq ki, bu il çox ciddi və böyük sosial paket reallaşdı - 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. Yəni, bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib və bu vəsait sosialyönümlü istiqamətə nəzərdə tutulurdu. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir”.
Minimum pensiyanın və minimum əməkhaqqının bir ildə iki dəfə artırılması böyük sosial əhəmiyyət kəsb edir
Son 16 ildə Azərbaycanda pensiyaların və əməkhaqlarının artırılması kimi gözəl ənənə formalaşıb və bu ənənə 2019-cu ilin əvvəlindən reallaşdırılan böyük sosial paket çərçivəsində də davam etdirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minimum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılıb. Bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi. Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edir. Qeyd edək ki, hazırda ölkəmizdə əmək pensiyası ilə təmin olunanların sayı 1 milyon 350 min 680 nəfərdir. Onlardan 57 faizi (763 260 nəfər) qadınlar, 43 faizi (587 420 nəfər) kişilərdir.
Dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artıb. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş olur. Bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev “Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür”, - deyə vurğulayıb.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək ki, bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir.
Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları ilə dövlət qulluqçularının, hərbi qulluqçuların, ədliyyə, hüquq-mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşlarının, xüsusi rütbəli şəxslərin və başqalarının əməkhaqları ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da orta hesabla 31 faiz artmasına səbəb olub. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əməkhaqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır. Beləliklə, dövlət başçısı tərəfindən cari ildə təqdim edilən ikinci sosial paket ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasına imkan verib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm addımdır.
Ölkəmizdə həmçinin Prezident İlham Əliyevin təşəbbüsü əsasında ötən ilin sonlarında qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində ciddi sosial sığorta amnistiyası elan edilib. Sığorta amnistiyasına əsasən 2006-cı ildən 2018-ci ilədək sosial sığorta sahəsində cüzi ödəniş etmiş şəxslərə belə 25 il sığorta stajı tətbiq olunub. Bunun nəticəsində yanvar ayının 1-dən etibarən avtomatik pensiya təyinatına başlanılıb. Avtomatik pensiya təyinatı bu gün artıq 13 min insanı əhatə edir.
Ölkəmizdə sentyabrın 1-dən ciddi önəm daşıyan daha bir sosial təşəbbüsün icrasına başlanılıb. Söhbət minimum əməkhaqqının cari ildə növbəti dəfə artırılmasından gedir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib.
Beləliklə, ölkəmizdə vətəndaş rifahına yönələn və 2019-cu ildə inqilabi xarakter alan sosial islahatların tərkib hissəsi kimi, cari ildə Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub. Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib. Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə də alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahiblənib. Dövlət başçısının 18 iyun 2019-cu il tarixində imzaladığı Sərəncamla, eyni zamanda, dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilir ki, ikinci sosial paketin tərkib hissəsi kimi, minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib.
Onu da qeyd edək ki, bəhs olunan Sərəncamın icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli qərarı ilə əməkhaqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin tarif (vəzifə) maaşları orta hesabla 40%-dək artırılaraq həmin işçilər üçün yeni VTC təsdiq edilib.
Əməkhaqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.
Ölkədə özünüməşğulluq proqramına qoşulanların sayı artır
Ölkəmizdə insanların sosial rifah halını yaxşılaşdırmaq, gəlir imkanlarını artırmaq məqsədilə müxtəlif proqramlar reallaşdırılır. Özünüməşğulluq proqramı belə proqramlardan biridir.
İşsizliyin və yoxsulluğun azaldılmasını hədəfləyən səmərəli özünüməşğulluq proqramının icrasına Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən start verilib. Bütün respublika miqyasında insanlar bəhs olunan proqrama böyük maraq göstərirlər. Özünüməşğulluq proqramının geniş vüsət aldığını bildirən Prezident İlham Əliyev vurğulayıb: “Həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq proqramı geniş vüsət alır. Bu il on mindən çox insan bu proqramla əhatə olunacaq”.
Proqram çərçivəsində aztəminatlı insanlar, o cümlədən də əlillər, şəhid ailələrinin üzvləri, məcburi köçkünlər layiqli əmək fəaliyyətinə cəlb edilirlər. İndiyədək respublika üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən aktivlər hesabına yaradılan kiçik ailə təsərrüfatlarının 84%-i kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s.), qalan hissəsi isə xidmət və istehsal sahələrini əhatə edir. Özünüməşğulluq proqramı çərçivəsində həmçinin xalçaçılıq, misgərlik və s. üzrə də ailə təsərrüfatları yaradılıb.
Bir qədər bundan əvvəl özünüməşğulluq proqramının iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edilib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni addım kimi, nazirliyin “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsi yaradılıb və proqram iştirakçıları, onların aktivlərlə təminatına dair bütün məlumatların həmin altsistemə daxil edilməsinə başlanılıb. Yeniliklərlə bağlı KİV-ə danışan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən sosial sahədə aparılan islahatlar barədə məlumat verib. Nazir müavini vurğulayıb ki, bu islahatların mühüm istiqamətlərindən biri fəaliyyət sahələrində şəffaflığın təmin olunması, bu kontekstdə də fəaliyyət və xidmət sektorlarında ictimai açıqlığa, ictimai nəzarətə geniş şərait yaradılmasıdır. Azərbaycanda ilk sosial reyestr olan “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsinin yaradılması da bu məqsədə yönələn addımlardan biridir. A.Əliyevin verdiyi məlumata əsasən, proqramın əhatə dairəsi 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. 2019-cu ildə isə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub. Cari ilin ötən dövrü ərzində 5561 nəfər işaxtaran və işsiz şəxs bu layihəyə cəlb edlib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən digər həssas qruplarla bərabər, əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır və bu istiqamətdə aktiv tədbirlər həyata keçirilir. Bütövlükdə özünüməşğulluq proqramının iştirakçılarının 47 faizə qədəri sosial müdafiəyə xüsusi ehtiyacı olan həssas əhali qruplarına aid şəxslərdir. Layihə iştirakçılarından 1346 nəfərini əlilliyi olan şəxslər təşkil edir. Bir qədər bundan əvvəl isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” adlı birgə layihəsi çərçivəsində əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub.
Layihə ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, ölkəmizdə ildən-ilə geniş miqyas alan özünüməşğulluq proqramında üstünlük verilən həssas qruplardan biri də əlilliyi olan şəxslərdir. Ötən il 1000 nəfərdən çox əlilliyi olan şəxs proqramdan faydalanaraq öz kiçik ailə təsərrüfatlarını yaradıb. Layihənin icrası üçün pilot olaraq 12 rayon və şəhər müəyyən edilib. Təlimləri uğurla bitirən və biznes ideyası müsbət hesab edilən 500 nəfərə kiçik müəssisələrini yaratmaq üçün mal və materiallar formasında dəstək göstəriləcək.
“Ünvanlı sosial yardım alanların sayı artır. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin qarşısında vəzifə qoydum ki, biz bu kateqoriyadan olan insanlara daha geniş həcmdə yardım göstərək. İndi hər bir ailə orta hesabla 200 manatdan çox yardım alır. O, ailələrin sayı artmalıdır, qarşıya belə vəzifə qoyulub”. Bu fikri də Prezident İlham Əliyev bəhs olunan müşavirədə səsləndirib. Deyilənlərdən hasil olan ümumi qənaət belədir ki, respublikamızda ədalətli resurs bölgüsü aparılır və qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət dəstəyindən bəhrələnirlər.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2250  |  
  • Tarix:  19-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər
09 Noyabr 14:41
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
09 Noyabr 14:39
Daun sindromlu və serebral iflicli uşaqların Dövlət Bayrağı Gününə töhfəsi
09 Noyabr 14:35
Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir
09 Noyabr 14:30
Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək
09 Noyabr 14:26
Qazaxda “Qarabağ Azərbaycandır!” devizi ilə avtoyürüş start götürüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA