
Fermerlər gələcəkdə sahələrdən bol məhsul götürmək üçün aqrotexniki qaydalara əməl olunmasına, daha məhsuldar toxum növlərinin seçilməsinə xüsusi diqqət göstərirlər
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan inkişaf yolunda inamla irəliləyir, möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Milli inkişaf modelinin uğurla tətbiq olunması və hədəflənən nəticələrin əldə edilməsi, kompleks islahatların davamlı olaraq həyata keçirilməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Ümumiyyətlə, bütün sahələrdə yüksək inkişaf göstəricilərinin əldə olunması fonunda ekspertlər tərəfindən birmənalı olaraq gələcəyə dair optimist proqnozlar verilir, ölkəmizin qarşısında yeni perspektivlərin açıldığı vurğulanır.
Azərbaycanın dinamik tərəqqisindən bəhs edərkən, heç şübhəsiz, iqtisadi inkişafa xidmət edən ardıcıl və məqsədyönlü tədbirlərin səmərəli nəticələrini xüsusi vurğulamaq lazımdır. Bu fonda, aqrar sektorda əldə olunan müsbət göstəriciləri də vurğulamaq yerinə düşər. Qeyd etmək lazımdır ki, kənd təsərrüfatının müxtəlif istiqamətlərinə dair Dövlət proqramlarının icrasının uğurla davam etdirilməsi, islahat xarakterli tədbirlərin həyata keçirilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirib, fermerlərin gəlirləri artıb, aqrar fəaliyyət insanlar üçün əməktutumlu və gəlirli sahəyə çevrilib. Eyni zamanda, sahibkarların investisiyaları hesabına yaradılan iri fermer təsərrüfatları, müasir aqroparklar regionlarda iqtisadi aktivliyin artmasında mühüm rol oynayır. Bütün bunlar ölkəmizdə aqrar sektorda inkişafın davamlı xarakter almasını təmin edib. Və cari ilin yanvar-sentyabr ayları ərzində əldə edilən nəticələr də deyilənləri təsdiq edir. Məlumat üçün qeyd edək ki, 2019-cu ilin 9 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 6,27 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artıqdır.
Ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində davam etdirilən tədbirlərin fonunda ərzaq təhlükəsizliyi məsələlərinin uğurla həll olunması da təqdirəlayiq haldır. Ümumiyyətlə, Azərbaycan ərzaq məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsini strateji məqsəd kimi qarşıya qoyub. BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamızda ərzaq məhsullarına olan daxili tələbatın sırf yerli istehsal hesabına ödənilməsinin səviyyəsinin yüksəldilməsi, o cümlədən ərzaq təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzində saxlanılır. Və son 16 ildə də respublikamızda ərzaq təminatının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.
Heç şübhəsiz, ölkəmizdə taxılçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Bu sahədə intensiv metodların tətbiqinə geniş meydan verilməsi və qabaqcıl dünya təcrübəsinin nəzərə alınması effektiv nəticələrin əldə olunmasını şərtləndirir. Xüsusilə də, regionlarda iri fermer təsərrüfatlarının yaradılması taxılçılığın inkişafı baxımından çox böyük əhəmiyyətə malikdir.
Bütövlükdə, bu istiqamətdə tədbirlər Azərbaycanın bölgələrində də uğurla davam etdirilir və ölkədə taxıl istehsalının ilbəil artması, müsbət nəticələrin əldə olunması ekspertlər tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. Yeri gəlmişkən, bu il taxıl zəmilərindən bol məhsul götürən Bərdə rayonunun fermerləri və torpaq mülkiyyətçiləri payızlıq səpini davam etdirirlər. Məlumata əsasən, 30 oktyabradək 10 min 500 hektar sahədə payızlıq şum qaldırılıb, 975 hektarda buğda, 612 hektarda dən üçün arpa, 1015 hektarda isə xəsil üçün arpa səpilib. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib. Gələn ilin məhsulu üçün 12 min hektarda taxıl səpilməsi nəzərdə tutulur. Qeyd edək ki, Bərdə taxılçıları bu il 11 min 642 hektar taxıl sahəsindən 50 min 170 ton məhsul əldə ediblər. Məhsulun 40 min 52 tonu buğda, 10 min 118 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 44,3 sentner, arpa sahələrində isə 38,9 sentner olub.
Ağcabədi taxılçıları isə 16 min 531 hektar sahədə səpin aparıblar. Rayonun fermer və torpaq mülkiyyətçiləri payızlıq səpini davam etdirirlər. Bu günədək 22 min 450 hektar sahədə payızlıq şum qaldırılıb, 6586 hektarda arpa, 9945 hektarda buğda səpilib. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib. Gələn ilin məhsulu üçün 29 min hektardan çox sahədə taxıl səpilməsi nəzərdə tutulur. Qeyd edək ki, Ağcabədi respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Bu il rayonda 29 min 175 hektar sahədə taxıl becərilib, 105 min 322 ton məhsul əldə edilib.
Xaçmazda isə Fransadan gətirilən arpa və buğda sortları əkilib. Yüksək məhsuldarlıq və sərt hava şəraitinə uyğunlaşmasına görə seçilən xarici sortların səpini ilkin olaraq 100 hektar sahədə həyata keçirilib. Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin sahəsində aparılan səpin zamanı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin, həmçinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən fermerlərə yeni taxıl sortları barədə ətraflı məlumat verilib, əkin texnologiyası nümayiş etdirilib. Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bildirib ki, hazırda kənd təsərrüfatında dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan müasir texnologiyaların Azərbaycanda tətbiqi ilə bağlı pilot layihələr həyata keçirilir. Fransa şirkəti ilə bağlanmış müqavilə əsasında Xaçmaz rayonunda yumşaq buğdanın iki və arpanın bir sortunun sınaq əkini həyata keçirilib. Burada əsas məqsəd yeni sortların üstünlüklərini yerli sortlarla müqayisəli şəkildə tədqiq etməkdir. Xaçmaz rayonunda buğdanın orta məhsuldarlığı hər hektara görə 30-40 sentner təşkil edir. Fransadan gətirilən buğda sortlarının məhsuldarlığı isə 60 sentnerdən yuxarıdır. Sınaqdan keçirilən yeni arpa sortu isə pivə istehsalı üçün daha faydalıdır. “Hazırda səpin aparılır. Səpin zamanı şumaltı mineral gübrələrdən istifadə olunur. Yeni sortların səpin normativləri də yerli sortlardan fərqlənir. Ənənəvi sortlarda bir hektara 200-250 kiloqram buğda səpilirdisə, fransız sortlarında bu göstərici 180 kiloqramdır. Bu da fermerlərə əkin materialına 50-70 kiloqram arası qənaət etməyə imkan verir”, - deyə İmran Cümşüdov bildirib. Sınaq əkini zamanı fermerlərin diqqətinə çatdırılıb ki, taxılçılıq Azərbaycanda strateji sahədir. Bu sahənin inkişafı üçün mövcud torpaq resurslarından səmərəli istifadə edilməlidir. Növbəli əkin sisteminə əməl olunmaqla və yeni texnologiyaların tətbiqi ilə hər hektara görə məhsuldarlığı artırmaq qarşıya qoyulan əsas hədəflərdəndir.
Bunlarla yanaşı, Quba rayonunda 12 min 250 hektar sahədə payızlıq taxıl əkiləcək. Artıq 4 min 200 hektar sahədə səpin işi başa çatdırılıb. Qubalı təsərrüfatçılar əsasən buğdanın “Qobustan”, “Bezos”, “Günel”, “Əzəmətli-95”, arpanın isə “Qarabağ 22” və “Cəlilabad” sortlarına üstünlük verirlər. Bu növlər rayonun iqlim şəraitinə uyğundur və məhsuldarlığı ilə fərqlənir. Taxılçılar bütün qüvvələrini kampaniyanın müvəffəqiyyətlə başa çatmasına səfərbər ediblər. Taxıl əkiləcək sahələrdə keyfiyyətli şum aparılıb, gübrə verilib. Eyni zamanda, əkinçilər yüksək reproduksiyalı rayonlaşdırılmış toxum sortları və səpin aqreqatları ilə təmin olunurlar. Təsərrüfatçı Firuz Hüseynov bildirib ki, yüksək məhsuldarlıq əldə etmək üçün yeni texnologiyalara əməl olunmalıdır. “Kənd Təsərrüfatı Nazirliyi biz fermerlərə hər cür dəstək göstərir, yeni texnikalarla, minerallarla təmin edir. Müraciətlərə operativ reaksiya verilir. Müasir texnologiya və metodlardan istifadə etsək, ölkəmizdə taxıla olan tələbatı yerli istehsalın hesabına ödəyə bilərik”, - deyə F.Hüseynov vurğulayıb.
Şəki rayonunun təsərrüfatlarında isə 2020-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkini davam edir. Fermerlər indiyədək 12 min 400 hektarı arpa, 24 min 240 hektarı buğda olmaqla, 36 min 640 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 65 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır. Məlumata əsasən, payızlıq dənlilərin əkini üçün indiyədək rayonun təsərrüfatlarında 61 min hektardan çox sahədə şum aparılıb. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 17 min ton yüksək reproduksiyalı toxum fondu yaradılıb. Əkin kampaniyasına 114 ədəd şum traktoru, 90 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.
Şamaxı rayonunda da payızlıq taxıl əkini davam edir və indiyədək 37 min 857 hektarda səpin aparılıb ki, bu göstərici ötən ilin müvafiq dövründəkindən 15 min 425 hektar çoxdur. Payızlıq əkin üçün 40 min 347 hektarda şum çıxarılıb. Bu, ötən ildəkindən 5526 hektar artıqdır. Hazırda taxıl səpini sürətlə davam etdirilir. Hər gün sahələrə 80-dən çox səpin aqreqatı çıxarılır. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkilən Qızmeydan, Göylər, Çarhan kənd, Sabir qəsəbə və digər bir sıra ərazi dairələrində payız əkini daha mütəşəkkil aparılır. Qeyd edək ki, rayonun taxılçılıqla məşğul olan fermerləri və fiziki şəxsləri son illər mühüm strateji məhsul olan taxılçılığın inkişafı, bu məqsədlə əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması istiqamətində ardıcıl tədbirlər görürlər. Göründüyü kimi, Azərbaycanın regionlarında taxılçılığın inkişafı istiqamətində kompleks xarakterli - ardıcıl və məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Bütövlükdə isə, taxılçılıqda məhsuldarlığın davamlı olaraq artması ərzaq təhlükəsizliyinə mühüm töhfədir.
Nurlan QƏLƏNDƏRLİ
- Oxunub: 1530 |
- Tarix: 15-11-2019 |
-
Çap et |