Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib
29.01.2020 [09:33]
Prezident İlham Əliyev: Biz müasir infrastrukturun yaradılmasına çoxlu investisiya yatırmışıq
Müstəqil Azərbaycanın dünyada böyük maraqla izlənilən nümunəvi inkişaf modelinin səciyyəvi cəhətlərindən biri bütün ölkə üzrə yaradılan müasir infrastruktur quruculuğu ilə bağlıdır. Təbii ki, böyük həcmlərdə investisiya qoyuluşu hesabına inşa olunan müxtəlif təyinatlı infrastruktur obyektləri ölkədə əhalinin həyat şəraitinin yaxşılaşmasında mühüm rol oynayır. Eyni zamanda, bütün ölkə boyunca müasir infrastrukturun yaradılması Azərbaycanda iqtisadi aktivliyin, o cümlədən də respublikamızın investisiya cəlbediciliyinin artmasına müsbət təsir göstərir. Yeri gəlmişkən, Azərbaycanın müasir infrastruktur quruculuğuna yüksək önəm verməsi Prezident İlham Əliyevin bir qədər bundan əvvəl Davos İqtisadi Forumu çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra nəhəng şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlərdə və qatıldığı müzakirələrdə də yüksək dəyərləndirilib. Dövlətimizin başçısı Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında Azərbaycanın yüksək infrastruktur təminatına malik ölkəyə çevrildiyini nəzərə çatdıraraq vurğulayıb: “Biz müasir infrastrukturun yaradılmasına çoxlu investisiya yatırmışıq”.
Davos Forumunun hesabatına əsasən, Azərbaycan elektrik enerjisinə çıxış imkanına görə dünyada ikinci yerə yüksəlib
Azərbaycanda yüksəksəviyyəli infrastruktur quruculuğunu yeni generasiya güclərinin yaradılmasının, elektrik enerjisinin ötürülməsi və paylanması şəbəkələrinin yenidən qurulmasının, bu sahədə dayanıqlılığın təmin edilməsinin timsalında aydın şəkildə izləmək mümkündür. Ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində getdikcə genişlənən iqtisadiyyatın və artan əhalinin elektrik enerjisinə tələbatını dayanıqlı şəkildə ödəmək üçün enerji təhlükəsizliyinin möhkəmləndirilməsi davamlı olaraq diqqət mərkəzində saxlanılır. Bütövlükdə, respublikamızda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 16 ildə isə respublikamız 31 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 3000 meqavatadək artırmağa nail olub. 2019-cu ildə 400 meqavat gücündə olan “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi respublikamızın enerji generasiya güclərinin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir. Bu gün ölkəmizdə istehlakçılar fasiləsiz elektrik enerjisi ilə 100 faiz təmin edilir. Eyni zamanda, respublikamızın müəyyən həcmlərdə ixrac imkanları yaranıb. Təkcə 2019-cu ildə ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar vəsait qazanıb. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun məlumatına əsasən, indiyədək 70-dən artıq 110 kilovoltluq və təqribən 300-dən çox 35 kilovoltluq yarımstansiya tikilib və yaxud əsaslı təmir edilib. Şəbəkənin qoyuluş gücü 9 min meqavatamperdən 13 min meqavatamperə çatdırılıb. Baş verən qəzaların aradan qaldırılması üçün məsafədən idarə olunan dörd avtomatik idarəetmə mərkəzi yaradılıb.
Eyni zamanda, ölkənin elektroenergetika təsərrüfatında “Azərenerji” ASC tərəfindən reallaşdırılan layihələrin də əhatə dairəsi kifayət qədər genişdir. Hazırda “Azərenerji” ASC 12 elektrik stansiyasında və sistem əhəmiyyətli 20-dək yarımstansiyada tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Qurumun Mingəçevir İstilik Elektrik Stansiyasında 2018-ci ildə baş verən qəzadan sonra həyata keçirdiyi layihələr nəticəsində stansiyanın 5 bloku əsaslı şəkildə yenidən qurulub və 400 meqavatlıq itirilmiş güclər bərpa edilib. Stansiyanın qalan 3 blokunda isə 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə generasiya gücü əldə ediləcək.
Əlamətdar haldır ki, respublikamızda əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının möhkəmləndirilməsi, bu sahədə dayanıqlılığın təmin olunması beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bu baxımdan Davos İqtisadi Forumunun ötən il yaydığı “Qlobal Rəqabətlilik Hesabatı” da xarakterikdir. Prezident İlham Əliyev Davos Forumunun bəhs olunan hesabatında ölkəmizdə elektrik enerji ilə təchizatın yaxşılaşmasının və əlçatanlığın təmin olunmasının yüksək qiymətə layiq görülməsinə diqqət çəkərək “Yenə də Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir”, - deyə bildirib.
Ölkədə müasir infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir
Azərbaycanda müasir infrastruktur quruculuğu ayrılıqda götürülmüş hansısa bir istiqaməti deyil, müxtəlif sahələri əhatə edir. Prezident İlham Əliyev ölkəmizdə çoxşaxəli infrastruktur quruculuğu siyasətinin yaxşı nəticələr verdiyindən məmnunluğunu bildirib. “Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Biz 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa etmişik”, - deyə dövlətimizin başçısı qeyd edib.
Respublikamızda infrastruktur quruculuğu sahəsində ayrı-ayrı istiqamətlər üzrə görülən işlərin miqyası kifayət qədər böyükdür. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumatda bildirilir ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində bölgələrdə qazlaşdırmaya dair bir sıra mühüm addımlar atılıb. Qurumun reallaşdırdığı çoxsaylı layihələrin nəticəsi olaraq 15 şəhər və rayonda, o cümlədən Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərlərində, Abşeron, Ağdam, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Füzuli, Hacıqabul, Qazax və Ağsu rayonlarında qazlaşdırmanın səviyyəsi 100 faizə çatıb. Yevlax, Bərdə, Kürdəmir, Tərtər, Ucar, Goranboy və Zərdab rayonlarında yaşayış məntəqələrinin sayına görə qazlaşdırmanın səviyyəsi 90 faizi ötüb.
Ölkə ərazisində qazlaşdırma layihələri 2019-cu ildə də intensiv şəkildə davam etdirilib. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə 431 saylı Fərmanının icrası üçün dövlət büdcəsindən regionlarda aparılacaq işlər üçün 53,5 milyon, Bakıda aparılacaq işlər üçün isə 30 milyon manat vəsait ayrılıb. Ötən il ərzində nəzərdə tutulan layihələrin hamısı yüksək səviyyədə yerinə yetirilib. 2019-cu ildə “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 100 368 yeni abonent qeydiyyata alınıb. Bunun 57 466-sı Bakı, Abşeron və Sumqayıt, 42 902-si regionlar üzrədir.
Respublikamızın regionlarında infrastruktur quruculuğunun geniş vüsət almasından söhbət açarkən su və kanalizasiya layihələrinin icrasını da xüsusi vurğulamaq lazımdır. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov KİV-ə bildirib ki, Prezident İlham Əliyevin hər bir yaşayış məntəqəsinin 24 saat, fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin bölgələrdə genişmiqyaslı içməli və tullantı su layihələri icra olunub, bu işlər hazırda da davam etdirilir. Ötən müddətdə layihələrin həyata keçirildiyi 50 şəhər və rayon mərkəzinin 30-da içməli su və kanalizasiya layihələri, 11-də isə içməli su layihələrinin icrası yekunlaşıb. 10 şəhərdə tullantı sutəmizləyici qurğu inşa edilir. Hazırda Gəncə, Şəki, Mingəçevir kimi iri şəhərlər də daxil olmaqla ümumilikdə 11 şəhərdə layihələrin icrası davam etdirilir.
Son 16 ildə respublikamızda yol infrastrukturunun yenilənməsi həm magistral, həm də kənd yollarını əhatə edib. Bəhs olunan dövrdə ölkəmizin ərazisinndən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin funksionallığının artırılması məqsədilə qonşu dövlətlərin - Rusiya, İran və Gürcüstanın dövlət sərhədinədək uzanan magistralların beynəlxalq standartlar səviyyəsində yenidən qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Nəticədə, açıq dənizə çıxışı olmayan respublikamız Avrasiyanın strateji nəqliyyat - tranzit qovşağına çevrilib. Bütövlükdə, respublikamızda hər il təxminən min kilometr yol əsaslı şəkildə yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumatda bildirilir ki, qurum tərəfindən 2019-cu il ərzində 1376,6 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub və yaxud təmir olunub. Bunun 139,8 kilometri respublika əhəmiyyətli, 908,8 kilometri isə yerli əhəmiyyətli yollardır. Bundan başqa, ötən il respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilib, qəzalı vəziyyətə düşmüş 17 körpü bərpa edilib, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılıb.
Ümumilikdə 2019-cu il ərzində dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq 54 layihə, o cümlədən 5 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Prezident İlham Əliyev Davos İqtisadi Forumunun rəsmi saytında yerləşdirilən “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsində bildirib ki, ölkənin nəqliyyat və yol infrastrukturunun əhəmiyyətli inkişafı xarici və yerli investisiyaların cəlb olunması ilə mümkün olub.
Ölkə ərazisində yol infrastrukturunun yenilənməsi istiqamətində 2020-ci ildə də çox sayda yeni layihənin reallaşdırılması nəzərdə tutulub. Hazırda respublikamız Gürcüstan, İran və Rusiya sərhədinədək olan magistral yolların yenidən qurulmasını uğurla davam etdirir.
Cari ilin əvvəlindən Prezident İlham Əliyev daha bir neçə yol layihəsinin icrası ilə bağlı yeni sərəncamlar imzalayıb. Dövlət başçısının 27 yanvar 2020-ci il tarixində imzaladığı “Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılıb. Bundan başqa, Prezident İlham Əliyevin cari ilin yanvar ayında imzaladığı digər sərəncamlarla altı min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun tikintisi məqsədilə 17,4 milyon (on yeddi milyon dörd yüz min) manat, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə 19,7 milyon (on doqquz milyon yeddi yüz min) manat ayrılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27