Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Heydər Əliyev irsinin tədqiqi işinə daha bir dəyərli töhfə

Heydər Əliyev irsinin tədqiqi işinə daha bir dəyərli töhfə

19.02.2020 [10:06]

Professor Mahirə Hüseynovanın “Missiya” adlı monoqrafiyası bu məqsədə xidmət edir
Filologiya elmlər doktoru, professor, dilşünas-alim və şair, yazıçı-publisist Mahirə Hüseynova Nağıqızının növbəti kitabı olan “Missiya” Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əlirza oğlu Əliyevin çoxşaxəli ictimai-siyasi fəaliyyətinin elmi-nəzəri, publisistik təhlilinə həsr olunmuşdur.
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəyli, elmi məsləhətçisi tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov, rəyçiləri filologiya elmlər doktorları Himalay Qasımov və Buludxan Xəlilovdur.
Bəri başdan qeyd edim ki, əvvəla bu mövzu mənə doğma bir mövzudur, bu mövzuda (“Heydər Əliyev və ədəbiyyat məsələləri.” Bakı: ADPU, 2007.- 399 səh.) dərslik yazmışam... Sonra da Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı, qlobal fəaliyyəti barəsində çox görkəmli xadimlərin, elm adamlarının, yazıçı və jurnalistlərin xeyli dəyərli əsərləri, monoqrafiyaları, cild-cild kitabları mövcuddur... Mənə məlum olan biblioqrafik məlumata görə, təkcə 1997-2017-ci illər arasında Heydər Əliyev və mədəniyyət, ədəbiyyat, dil, təhsil və s. problemləri əhatə edən 144 adda kitab nəşr olunub ki, bu sırada sanballı və yeni məzmunlu bir əsərin ortaya qoyulması böyük məharət tələb edirdi...
Professor Mahirə Hüseynovanın çox böyük cəsarətlə bu mövzuya müraciət etməsi, doğrusu, məni heyran etdi! Oxudum... Oxuduqca da mövzuya fərqli bir baxışın şahidi oldum və kitab haqqında fikirlərimi ədəbi ictimaiyyətlə bölüşmək niyyəti ilə bu məqaləni qələmə aldım...
Bu kitabda da Ulu Öndərin həyat və fəaliyyətinin elmlə, ədəbiyyatla, Ana dili ilə, mədəniyyətlə bağlı ən bariz məqamları geniş təhlil olunur, görkəmli ictimai-siyasi dövlət xadiminin bu sahədəki zəngin irsi əsaslı şəkildə, yeni metodoloji səpkidə araşdırılır, dahi şəxsiyyətin Azərbaycan xalqının müstəqilliyi və müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi titanik fəaliyyətinin bir sıra cəhətləri əhatə olunur.
Professor Mahirə Hüseynova həyatın bütün sahələrində Ümummilli Liderin fəaliyyətini dialektik vəhdətdə təhlil edir. Müəllif bir rəhbər kimi Heydər Əliyevin strategiyasının uğurunu onun əvvəl dövlət yaratmasında, daha sonra mənəvi dəyərlərimizi uca tutmasında görür.
Filologiya və tarix sahəsində sanballı elmi elitanın dəstəyi ilə ərsəyə gəlmiş bu kitabda müəllifin Ulu Öndərin postsovet dövrü ictimai-siyasi fəaliyyətinə, Onun xüsusilə, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin tanıdılmasında xidmətlərinə zəngin erudisiya ilə yanaşması xüsusi olaraq qeyd edilməlidir.
Əsərdən görünür ki, milli ideologiyamızın yaranması və formalaşmasında böyük xidmətləri olan Ulu Öndərin ictimai fəaliyyətinə müəllif dərindən bələddir. Fikrimizcə, müəllifin yüksək elmi potensialı və erudisiyasının nəticəsi olaraq “Missiya” kitabında Ümummilli Liderin siyasi fəaliyyətinin Azərbaycanın tarix boyu müstəqillik mübarizəsi ilə müqayisə edilməsi milli ruhun yüksəlişinin, xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin olması qənaəti kimi qiymətləndirilməlidir.
Mahirə Hüseynova Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafı ilə bağlı fəaliyyətinə kreativ elmi metodoloji cəhətdən yanaşmış, Azərbaycan dilinin qorunması və inkişafı, onun dövlət dili səviyyəsinə qaldırılması, xalqın ədəbiyyat və mədəniyyətinə, həmçinin ədəbiyyat və mədəniyyət xadimlərinə qayğısı ilə bağlı böyük bir dövrü - 1969-cu ildən bu günümüzə qədər illəri əhatə edir. Müəllif faktların dili ilə sübut edir ki, Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycan dilinin qayğısına qalmaqla kifayətlənməyib, müasir türk xalqlarını yaxınlaşdırmaq, onların arasında mənəvi, mədəni, iqtisadi bağlılığı daha da dərinləşdirmək üçün xeyli işlər görüb. Bu mənada, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə olduğu kimi, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə də ana dilinin qorunub saxlanılması ilə yanaşı, onun inkişafı məsələsinə xüsusi önəm verməsinin şərhi əsərin yüksək məziyyətlərindən sayılmalıdır.
“Missiya” kitabına akademik İsa Həbibbəyli “Əbədiyaşar düha və möhtəşəm müasir inkişaf” başlığında dərinməzmunlu, əhatəli ön söz yazmış, kitabın məziyyətlərini təqdim etmişdir. Kiçik bir fraqmentə diqqət edək: “Professor Mahirə Hüseynova kitabında Ümummilli Liderin birinci dəfə Azərbaycanın siyasi hakimiyyətinə gəldiyi ərəfədə ölkədə mövcud olan ictimai-siyasi vəziyyətin dolğun təhlilini aparmaqla Heydər Əliyevin ölçüyəgəlməz xidmətlərinin miqyasını və əhəmiyyətini təqdim edə, böyük siyasətçi və dövlət adamının adı ilə bağlı Azərbaycançılıq strategiyasının incəliklərini göstərə bilir”.
Bu fikrin davamı olaraq qeyd edək ki, müəllif bildirir ki, Ulu Öndər Heydər Əliyevin xalqına həsr olunmuş həyat yolunun hələ çox səhifələrinin araşdırılmasına, hərtərəfli öyrənilməsinə, siyasi-ictimai fəaliyyətinin ayrı-ayrı məqamlarının işıqlandırılmasına yenə də çox ehtiyac vardır.
Kitabın ən böyük hissəsini “Missiya” başlığı altında verilən material və burada Heydər Əliyevin hələ 1999-cu ildə Rusiyanın məşhur jurnalisti Andrey Karaulova verdiyi dərin, əhatəli, cəsarətli, proqram səviyyəli müsahibəsinin mətni və şərhi təşkil edir. Sonra kitabda doqquz yarımbaşlıqda bir-birini tamamlayan mövzular ardıcıllıqla əksini tapmışdır. Burada “Dünya Heydər Əliyevi belə görür və tanıyırdı”, “Dövlət quruculuğunun yeni mərhələsi”, “Əbədiyaşar Ümummilli Lider”, “Heydər Əliyev və natiqlik sənəti”, “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, “Nümunələri ilə xatırlatdığımız böyük dövlət xadimi”, “Şəxsiyyət və zaman”, “Ulu Öndər intibahın əbədi simvoludur”, “Yazı mədəniyyətində əlamətdar gün” elmi-publisistik oçerklərində Ulu Öndərin nümunəvi, parlaq, siyasi-ictimai obrazı ən müxtəlif rakurslardan canlandırılır... Belə ki, bu elmi-publisistik oçerklər özlüyündə ayr-ayrı problemlərə həsr edilsə də, aydın hiss olunur ki, Mahirə xanımın təqdim etdiyi kitabın məzmununun alt qatında vahid süjet xətti var və bu xəttin baş qəhrəmanı Ümummilli Liderimiz Heydər Əliyevdir...
Müəllif düzgün qeyd edir ki, müstəqillik illərində ikinci bir məsələ barəsində Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı olduğu qədər rəsmi sənəd qəbul edilməmişdir. Dil haqqında mükəmməl qanun hazırlanıb təsdiq edilmiş, cəmiyyətdə ana dilinin layiqli mövqeyə qaldırılması ilə əlaqədar dövlət proqramı qəbul edilmiş, Prezident fərmanları, sərəncamlar verilmiş, bu məsələ daim ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bu da təsadüfi deyil. Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin hər iki dövrü, Ulu Öndərin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti ana dilimizə müstəsna qayğının və onun dövlət dili statusunun yüksək səviyyədə təmin edilməsinin məmnunedici örnəkləri ilə zəngindir. Ulu Öndər Heydər Əliyev düzgün müəyyənləşdirmişdi ki, milli varlığın qorunması və ümumxalq həmrəyliyinin yaranması və möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Azərbaycan dövlətinin dil siyasəti bu həqiqətin tam mənada gerçəkləşdirilməsinə, suverenliyimizin əsaslarının daha da möhkəmləndirilməsinə və onun əbədiləşdirilməsinə xidmət edir. Müəllif faktlarla diqqətə çatdırır ki, xalq dilinin qədir-qiymətini dürüst müəyyənləşdirərək inkişafına dövlət siyasəti səviyyəsində önəm verən ilk böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyev olmuşdur. Ulu Öndər Heydər Əliyev bütün şüurlu həyatı boyu Azərbaycan dilinin dünəninə böyük ehtiram bəsləyən, bu günündə dilin inkişafında səmərəli iştirak edən, sabahına əbədiyyət zamanı daxilində ümidlə baxan böyük və əvəzedilməz zəka sahibi olan siyasət adamıdır.
Mahirə Hüseynova bu tədqiqatında qeyd edir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan ədəbi dilinin dərinliklərinə hopmuş canlı danışıq dilinin məxsusi özəlliklərinin bütün çalarlarını virtuoz bir natiq kimi çıxış və nitqlərində ifadə edə bilirdi...
Həmçinin bu tədqiqatda bütün mənalarda ləyaqətli bir varisin üzərinə düşən siyasi, mənəvi və vətəndaşlıq borcunu necə böyük məsuliyyət və müdrikliklə həyata keçirdiyi tədqiq olunur. Əslində, böyük bir dahinin bütün mənalı həyatı boyu digər saysız-hesabsız xidmətlərilə yanaşı, bir müstəsna xidməti də Vətəni, xalqı naminə düşüncələrini, arzularını və planlarını həyata keçirəcək bir varisi bu missiyaya hazırlamaq olmuşdur ki, biz İlham Əliyev şəxsiyyətinin bütövlüyünü və ardıcıllığını həm də burada görürük... Mahirə Hüseynova bir dilçi alim kimi siyasi, elmi publisistikanın çox incə priyomları ilə bu missiyanın müxtəlif, çoxşaxəli, rəngarəng çalarlarını aça bilmişdir...
Rus və Alman kimyaçısı, kimya üzrə Nobel mükafatı laureatı Vilhelm Ostvaldın “Nobel çıxışı”ndakı deyimi ilə yanaşsaq, “böyük insan böyük işlər görən nəhəng aparatdır, onların dünyaya gəlməsi çox nadir hallarda baş verir”. Azərbaycan xalqının Ümummilli Lideri də bu nadir insanlardan idi və Türkiyənin tanınmış siyasi xadimi Bülənt Ecevit nahaq demirdi ki, “Heydər Əliyev min ildən bir yetişən dahilərdəndir”. Əlbəttə, belə bir nəhəng siyasət ustası, fenomen insan haqqında birdən-birə sənədli publisistika janrında əsər yazmaq çox çətin və məsuliyyətli bir vəzifədir. Müəllif sanki Ulu Öndərin Tanrı tərəfindən çiyninə qoyulan missiyaya parlaq bir güzgü tutur. Mahirə Hüseynova müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan bir şəxsiyyətin həm bədii, həm publisistik, həm siyasi, həm də sadəcə bir Azərbaycan vətəndaşı kimi Heydər Əliyevin mükəmməl bir portretini yaradıb...
Ulu Öndər Heydər Əliyevin iti zəkası bir Tanrı vergisi idi. Onun hazırcavablığı, Onun gələcəyi görmək hissinin gücü, Onun istənilən şəraitdən çıxış yolu tapmaq qabiliyyəti heyrətamiz idi. Gündəlik dövlətçilik fəaliyyəti Ondan gərgin zehni əmək və psixoloji qüvvə tələb edirdi. Onun iş qabiliyyətinin, inzibati fəaliyyətinin və ictimai ruhunun digər bir nümunəsi yox idi. Bir sözlə, O həqiqətən möcüzə idi. Mahirə Hüseynova bu əsərində Ulu Öndər Heydər Əliyevin qeyri-adi keyfiyyətlərini sadəcə təsvir etmir, həm də tarixi sənədlər, hadisələr və faktlarla oxucusuna təqdim edir və bu dahinin obrazı oxucunun fikir dünyasında məhz belə canlanır...
Əlbəttə, Heydər Əliyevin müasirləri, ətrafındakılar, hətta Ona paxıllıq edənlər belə Onun dərin zəkasına, məntiqinə, fenomenal yaddaşına, siyasi intuisiyasına, polad iradəsinə və qətiyyətinə şübhə ilə yanaşa bilmirdi və Onun həqiqətən Tanrının seçilmişlərindən olduğunu etiraf edirdi. Əsəri oxuduqca adamda belə bir fikir formalaşır ki, Heydər Əliyevin sahib olduğu bütün nadir üstün keyfiyyətlər yeganə bir hissdən - xalqına və ölkəsinə sevgidən qidalanır.
Həyatda olduğu kimi əsərdə də elm, ədəbiyyat və incəsənət sahəsində istedadlı insanların nədən Heydər Əliyevin cazibəsinə düşdüyünün, niyə bu zümrədən olan adamlara Onun daha böyük qayğı ilə yanaşdığının, diqqət göstərdiyinin sirrinə açar axtarırsan. Aydın olur ki, Heydər Əliyev xalqın mənəviyyatını qidalandırdıqları, dünyagörüşlərini zənginləşdirdikləri üçün bu adamlara böyük dəyər verir, layiq olduqları qayğını göstərir...
“Ulu Öndərimizin natiqlik mədəniyyəti”, “Ulu Öndərimizin natiqlik məharəti xalqımızın ən böyük sərvətidir”, “Ulu Öndərimizə məhəbbət ruhunda” dəyərli əsərlərinin davamı kimi “Missiya” monoqrafiyası da sübut etdi ki, Mahirə Hüseynova üçün Heydər Əliyev əbədi mövzu olmuş və olaraq da qalır...
Ulu Öndər Heydər Əliyev XX -XXI əsrlərdə 34 ildən artıq xalqımızın taleyində məsuliyyət daşıyan, onu istiqamətləndirən, xalq gəmisinə kapitanlıq edən bir şəxs olub. Ancaq Onun həyatı təkcə bu illərdə deyil, hələ Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyəti illərində də həmişə qürur hissi keçirdiyi ölkəsinin və xalqının taleyi ilə sıx bağlı olub.
Kitabda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan Respublikasına 34 illik rəhbərliyi dövründə yürütdüyü dil siyasəti mövcud sənədlərə, dillə bağlı çıxışlarına, müdrik kəlamlarına, deyimləri və tövsiyələrinə əsaslanaraq təhlil edilmişdir... Bununla yanaşı, kitabda Azərbaycan dövlət dil siyasətinin formalaşması tarixi, Azərbaycan dilinin dövlət dili kimi inkişafı uğrunda Heydər Əliyevin mübarizəsi və digər məsələlər haqqında geniş məlumat verilir.
Bu kitabın maraqlı cəhətlərindən biri də budur ki, əsər Heydər Əliyev fenomeninin necə dərk olunmasına, bu kontekstdə Azərbaycanda dünya mədəniyyətinə münasibətlərin necə qurulmasına, Ümummilli Liderin irsinin Azərbaycan humanitariyasına necə təməl təşkil etməsi məsələlərinə də müəyyən dərəcədə işıq salır.
Beləliklə, professor Mahirə Hüseynovanın “Missiya” monoqrafik, elmi-publisist əsəri barəsində fikrimizi ümumiləşdirsək, tezis şəklində aşağıdakı nəticələri qeyd edə bilərik:
1. Oxuculara təqdim olunan bu kitabda dünya şöhrətli siyasi xadim, Ümummilli Liderimiz Heydər Əliyevin ədəbiyyat, mədəniyyət və incəsənət haqqında görüşlərindən söhbət açılır, dünya ədəbiyyatı ilə bağlı fikirləri təhlil edilir, təhsil sahəsindəki xidmətləri araşdırılır;
2. Azərbaycanda dil quruculuğu sahəsində gördüyü işlərdən, Onun Azərbaycan dili və nitq mədəniyyəti barədəki fikirlərindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafındakı böyük xidmətlərindən, 70-ci illərin əvvəllərindən başlayaraq Onun yürütdüyü milli dil siyasətindən, dilimizin dövlət dili statusu alması və beynəlxlaq səviyyəyə yüksəlməsi uğrunda mübarizəsindən bəhs edilir;
3. Kitabda xalqın mentalitetinin qaynaqları, tarixi yaddaş, vətən amalı, azərbaycançılıq ideyası, milli həmrəylik və siyasi mentalitet kimi az tədqiq olunan problemlər şərh olunur;
4. Kitaba daxil edilmiş elmi-publisistik və problematik oçerklərdə Ümummilli Liderin ölkəmizin təhsil sisteminin inkişafı sahəsindəki xidmətlərindən, təhsil islahatlarının hazırlanıb həyata keçirilməsində Ulu Öndərin əvəzsiz rolundan söhbət açılır;
5. Milli-mənəvi keyfiyyətlərimizin köklərinə toxunan və xalqımızın mədəniyyət tarixinə eskursiya edən müəllif öz fikirlərini dahi söz ustadlarının, görkəmli şəxsiyyətlərin böyük siyasi xadim Heydər Əliyev haqqında fikirləri ilə üzvi surətdə təqdim etməyə çalışmışdır;
6. Kitabda Heydər Əliyevin ölkənin intellektual potensialını formalaşdıran təhsil, bilik, məktəb və ali təhsil müəssisələrinə dair ideya və fikirləri təcrübi-əməli faktlarla ümumiləşdirilərək şərh edilir;
7. Monoqrafiyada Ümummilli Lider Heydər Əliyevin çoxcəhətli, nəhəng fəaliyyətinin bir istiqaməti kimi Azərbaycan ədəbiyyatına qayğısı və dəstəyi siyasi-ictimai, sosial, mədəni baxışlar fonunda araşdırılır;
8. Monoqrafiyada Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında Ulu Öndər Heydər Əliyevin nitq və çıxışları kompleks şəkildə tədqiq-təqdim edilmişdir.
Məmnunluqla deyə bilərik ki, bu kitabı oxumaqla müstəqil Azərbaycanın memarı və qurucusu olan bu dahinin - Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti, siyasi fəaliyyəti, vətənpərvərliyi, qətiyyəti, müdrikliyi və xilaskarlıq missiyası haqqında müstəqil və zəngin məlumat almaq olar.
Tərlan Novruzov,
Filologiya elmlər doktoru,
ADPU-nun professoru,
Əməkdar müəllim

Paylaş:
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31