Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ Konqresində Xocalı faciəsinin 28-ci ildönümünü ilə bağlı anım tədbiri keçirilib

ABŞ Konqresində Xocalı faciəsinin 28-ci ildönümünü ilə bağlı anım tədbiri keçirilib

27.02.2020 [14:28]

Fevralın 26-da ABŞ Konqresində Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin dinləmə zalında Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə ABŞ Konqresinin Təxsisatlar Komitəsinin və Helsinki Komissiyasının üzvü, Alabamanı təmsil edən konqresmen Robert Aderholt, Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun respublikaçı həmsədri, Xarici Məsələlər və Hüquq Komitələrinin üzvü, konqresmen Stiv Şəbot, Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin üzvü, Texas ştatını təmsil edən demokrat Henri Kueyar, Arizona ştatını təmsil edən və Nümayəndələr Palatasının Nəzarət və İslahatlar, Təbii Sərvətlər Komitələrinin üzvü olan respublikaçı Pol Qosar, habelə Konqresin çoxsaylı peşəkar heyət üzvləri, Türkiyənin ABŞ-dakı səfirliyinin diplomatik və hərbi nümayəndəliyinin heyəti, bu ölkədəki Azərbaycan icmasının çoxsaylı üzvlər və xüsusi qonaq qismində Azərbaycan əsilli ABŞ vətəndaşı, Cəbrayıldan köçkün düşmüş və müharibədə gözdən əlil olmuş Nicat Əşrəfzadə qatılıblar.

Tədbirdə Xocalı faciəsi ilə bağlı həqiqətlər geniş auditoriyanın diqqətinə çatdırılıb, həmin faciədə qətlə yetirilmiş yüzlərlə insanın xatirəsi anılıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.

Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan evinin rəhbəri İradə Axundova tədbiri giriş sözü ilə açaraq Xocalı qətliamı barədə məlumat verib, bu faciənin Konqresdə geniş şəkildə anılmasının və dünya ictimaiyyətinin bu qırğın haqqında məlumatlı olmasının əhəmiyyətini diqqətə çatdırıb.

Sonra çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbir iştirakçılarına Xocalı faciəsinin tarixi barədə ətraflı məlumat verib, soyqırımı qurbanlarının xatirəsini yad edib, bunun azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayət olduğunu bildirib və Ermənistan hökumətinin münaqişənin həlli istiqamətində ciddi addımlar atmasının vacibliyini vurğulayıb.

Diplomat, həmçinin Xocalıda törədilən soyqırımının birbaşa iştirakçıları olan və onun törədilməsini etiraf edən Ermənistanın keçmiş dövlət rəhbəri Serj Sarkisyanın amansız cinayətlərə görə məsuliyyətə cəlb olunacağına əminliyini ifadə edib.

Səfir Münxen Təhlükəsizlik Konfransı zamanı Ermənistanın baş nazir Nikol Paşinyanın Xocalı qətliamını danmasının təəssüf doğurduğunu, onun yeni Ermənistan rəhbəri kimi, sabiq prezidentlərin və Ermənistan rəhbərlərinin səhvlərini təkrarlamasının acınacaqlı olduğunu diqqətə çatdırıb.

Elin Süleymanov, həmçinin münaqişənin həlli istiqamətində danışıqlar prosesində ABŞ-ın həmsədr ölkə qismində əhəmiyyətli roluna görə minnətdarlığını bildirib.

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun yeni həmsədri Robert Aderholt çıxışında Xocalı faciəsinin və qətlə yetirilmiş yüzlərlə insanın xatirəsinin yad edilməsinin belə qətliamın bir daha baş verməməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. Konqresdə belə tədbirin təşkilinə görə minnətdarlığını bildirib. R.Aderholt ölkəmizə iki səfərini və Azərbaycan Prezidenti ilə keçirdiyi görüşləri xatırlayıb, Azərbaycanın ABŞ üçün müttəfiq olduğunu vurğulayıb. O, ABŞ-Azərbaycan münasibətlərinin inkişafı üçün səylərini daha da artıracağını diqqətə çatdırıb.

Konqresin digər üzvü Pol Qosar da çıxışı zamanı illər əvvəl Xocalı şəhərində baş vermiş faciədə həyatını itirmiş insanların unudulmadığını və onların əziz xatirəsinin hər zaman anıldığını qeyd edib. O, bu faciənin bir daha təkrarlanmaması üçün onun unudulmamasının vacib olduğunu xüsusilə qeyd edib. Konqres üzvü münaqişə bölgəsində sülhün bərqərar olmasının zəruriliyini bildirib.

Demokrat Henri Kueyar Xocalı faciəsində həyatını itirmiş insanların əziz xatirəsini anaraq, azərbaycanlıların kədərinə şərik olduğunu bildirib. Faciənin anılması üçün azərbaycanlıların və amerikalıların bir araya gəlməsinin faciənin unudulmaması üçün vacib olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Konqres üzvü Stiv Şəbot 28 il əvvəl sovet qoşunlarının köməyi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində qətliam törətdiyini, qadın, uşaq və yaşlılar da daxil olmaqla, 600-dən çox günahsız Xocalı sakininin qətlə yetirildiyini vurğulayıb. S.Şəbot bu acı faciənin 28-ci ildönümündə Azərbaycan ilə birgə olduğunu və qətlə yetirilmiş insanlarının xatirəsinin unudulmadığını diqqətə çatdırıb.

Bundan əlavə, ABŞ ilə Azərbaycan arasındakı əməkdaşlığı və tərəfdaşlığı yüksək dəyərləndirən S.Şəbot ölkəmizin xüsusilə Əfqanıstanda ABŞ-a göstərdiyi dəstəyə görə dərin minnətdarlığını ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bildirib.

Tədbirə xüsusi qonaq qismində qatılan, hazırda ABŞ-da yaşayan Cəbrayıldan məcburi köçkün, 4 yaşında olarkən Ermənistanın Cəbrayılın işğalı zamanı gözündən əlil olmuş Nicat Əşrəfzadə yaddaşındakı acı xatirələrini auditoriya ilə bölüşüb, işğal zamanı yaşadığı ağrılı-acılı, çətin günlərindən bəhs edib. Başına gələn müsibətləri çox çətinliklə və gərginliklə dilə gətirən Nicat Əşrəfzadənin nitqi qonaqları kövrəldib. O, münaqişənin sülh yolu həlli üçün səylərin artırılmasının vacibliyini, ABŞ-ın bu istiqamətdə xüsusi rola malik olduğunu bildirib. Zamanın Ermənistanın əleyhinə işlədiyini, Azərbaycanın daim gücləndiyini diqqətə çatdırıb və bölgədə sülhün bərqərar olmasına ümidini ifadə edib.

Tədbirin sonunda Xocalı qurbanlarının xatirəsinə ehsan verilib.

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30