Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İtaliya dünyada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır

İtaliya dünyada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır

28.02.2020 [09:46]

“Böyük Yeddiliyin” üzvü olan İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür
Bu gün müstəqil Azərbaycanla “Böyük Yeddiliyin” üzvü olan İtaliya müxtəlif istiqamətlərdə uğurla əməkdaşlıq edir. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi dialoqun yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri çərçivəsində imzalanan və mübadilə edilən sənədlərin geniş spektri bir daha təsdiqləyir. Qeyd edək ki, səfər çərçivəsində Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”, həmçinin iki ölkənin yüksək səviyyəli rəsmiləri tərəfindən 28 sənəd imzalanıb. Birgə Bəyannamə və imzalanan digər sənədlər Azərbaycanla İtaliya arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri üçün geniş imkanlar açır.
Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərində iqtisadi-ticarət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir
Azərbaycan Prezidentinin İtaliyaya səfəri çərçivəsində imzalanan sənədlərin böyük qismi iqtisadi sektora aiddir. Bu qəbildən olan sənədlər sırasında “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İtaliya Respublikasının Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə CDP, SACE, “Simest” şirkətləri arasında Anlaşma Memorandumu”nu, “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə İtaliya Ticarət Agentliyi (ICE) arasında Anlaşma Memorandumu”nu, “AZPROMO ilə “Simest” arasında Tərəfdaşlıq Sazişi”ni, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Ansaldo Energia” arasında Anlaşma Memorandumu”nu və digər sənədləri misal göstərə bilərik.
Romada bəhs olunan çoxsaylı sənədlərin imzalanması ilə yanaşı, Prezident İlham Əliyevin qatıldığı görüş və tədbirlərdə də iqtisadi sektora aid məsələlərin geniş spektri müzakirə olunub. Qeyd edək ki, dövlətimizin başçısı fevralın 20-də Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi nahar edib. Səfərin ikinci günündə Romada hər tərəfdən 100-ə yaxın şirkətin iştirakı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib. Bu şirkətlər sənaye, o cümlədən tekstil və qida sənayesi, energetika, kənd təsərrüfatı, logistika, İKT, səhiyyə, turizm, konsaltinq, tikinti sahələrini təmsil edirlər. Prezident İlham Əliyev biznes forumunun açılışında çıxış edib. Bütün bunlar həm İtaliyanın, həm də Azərbaycanın iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiklərini təsdiqləyir. Ümumiyyətlə, iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığını genişləndirmək üçün heç bir siyasi maneə yoxdur. Vurğulamaq yerinə düşər ki, hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkəti qeydiyyata alınıb. İtaliya şirkətləri Azərbaycanın neft-qaz və qeyri-neft sektorunda ümumi dəyəri 10 milyard ABŞ dollarından yuxarı olan 300-dən artıq müxtəlif layihələrdə iştirak edirlər. Son 10 ildə ölkələrimiz arasında ticari əlaqələr 70 faizə qədər artıb. Bəhs olunan dövrdə dost ölkənin Azərbaycandan olan idxalı 55,5 milyard avro təşkil edib. Ötən 15 ildə İtaliya şirkətləri tərəfindən Azərbaycanda qazanılmış tenderlərin dəyəri isə 7 milyard avroya bərabərdir.
Bu gün İtaliya şirkətləri Azərbaycanda bir sıra sənaye layihələrinin həyata keçirilməsində fəal iştirak edirlər. Onlardan biri də dünyada məşhur olan “Maire Tecnimont” şirkətidir. Milan Fond Birjasının reyestrinə daxil olan “Maire Tecnimont S.p.A.” şirkətlər qrupu mühəndislik, satınalma və tikinti işlərini həyata keçirir və texnologiyaların hazırlanması üzrə, energetika, neft-qaz, neft-kimya, habelə infrastruktur layihələrində dünyanın aparıcı müəssisələrindən biridir. 40 ölkədə nümayəndəliyi olan və 50 şirkətə nəzarət edən “Maire Tecnimont S.p.A.” şirkətlər qrupunda təxminən 8 minə yaxın işçi çalışır. Bəhs olunan şirkət həmçinin Sumqayıtda reallaşdırılan “SOCAR Polymer” layihəsində baş podratçı qismində çıxış edib. 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə layihə çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı olub. 2019-cu ildə isə yüksəksıxlıqlı polietilen zavodu da istismara verilib.
Vurğulamaq yerinə düşər ki, “Maire Tecnimont” həyata keçirilən birgə layihələrdə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Buna görə də “Maire Tecnimont”a Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernləşdirmə işləri çərçivəsində tikiləcək 14 yeni qurğunun baş EPC Podratçılığı da həvalə olunub. “SOCAR Polymer”in əsas xammal təminatçısı olan “Azərikimya”nın yenidənqurma layihəsində də baş EPC Podratçısı İtaliya şirkəti “Technip İtaly” seçilib.
Qeyd olunan nümunələr Azərbaycan və İtaliya arasında iqtisadi-ticarət əlaqələrinin kifayət qədər yüksək səviyyədə olduğunu əyani şəkildə təsdiqləyir. Ümumiyyətlə, hazırda ölkəmizin xarici ticarət dövriyyəsinin 18,04 faizi məhz İtaliya ilə qurulub. Yeri gəlmişkən, ölkələrimizin öz aralarında iqtisadi əməkdaşlığın genişlənməsinə güclü siyasi iradə göstərdikləri fevralın 20-də Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətində də xüsusi olaraq nəzərə çatdırılıb. Prezident İlham Əliyev dövlət ziyafətindəki çıxışında ölkələrimiz arasında mövcud olan ticarət dövriyyəsinin yüksək səviyyəsindən məmnunluğunu bildirərək deyib ki, iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığımız davamlı olaraq genişlənir, ticarət dövriyyəmiz yüksək səviyyədədir, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. “2019-cu ildə İtaliya ilə ümumi ticarət dövriyyəmiz 6 milyard dollardan artıq olmuşdur. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür”, - deyə dövlətimizin başçısı ziyafətdəki çıxışında bildirib.
İqtisadi sahədə əməkdaşlığı genişləndirmək üçün çoxlu yeni sahələr var
Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, Azərbaycanla İtaliya arasında iqtisadi əlaqələr çoxşaxəlidir. Həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığı genişləndirmək üçün çoxlu yeni perspektivli sahələr var. Prezident İlham Əliyev səfər çərçivəsində keçirilən görüşlərdə və tədbirlərdə Azərbaycanda qeyri-neft sektorunda investorlar üçün geniş imkanlar olduğunu nəzərə çatdırıb və onları bu sektora sərmayələr yönəltməyə çağırıb. Dövlət başçımız mətbuata verdiyi Bəyanatında bu xüsusda fikirlərini ifadə edərək vurğulayıb: “İqtisadi sahədə əməkdaşlığımızın gələcək inkişafı çox müsbət olacaqdır. Əminəm ki, bundan sonra biz İtaliya şirkətlərinin qeyri-neft sektorunda əməkdaşlıq etmələrini görəcəyik”.
Hərbi sahədə əməkdaşlıq iki ölkənin münasibətlərində nisbətən yeni bir sahədir. İndiyədək İtaliya ilə Azərbaycan arasında hərbi sənaye sahəsində əməkdaşlıq olmayıb. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” arasında “M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə” ilə bu sahədə əməkdaşlığın təməli qoyulub.
Azərbaycanla İtaliyanın kosmik sənaye sahəsində əməkdaşlıq imkanları kifayət qədər genişdir. Məlum olduğu kimi, innovativ əsaslı iqtisadiyyat quruculuğunu hədəfləyən Azərbaycan kosmik sənayenin inkişafını özünün prioritetlərindən biri kimi müəyyənləşdirib. Artıq respublikamız 3 peykə malikdir və göstərdiyi peyk xidmətlərindən böyük həcmlərdə maliyyə vəsaiti qazanır. Respublikamız bu sahədə əldə etdiyi uğurlarla kifayətlənmək niyyətində deyil. Ölkəmiz özünün kosmik sənayesini dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən və texniki dəstəyindən bəhrələnməklə daha da inkişaf etdirmək istəyir. Öz növbəsində bu sahədə zəngin təcrübəyə və maddi-texniki bazaya malik olan İtaliya şirkətləri respublikamızla əməkdaşlıq etməyə hazırdırlar. Qeyd edək ki, səfər çərçivəsində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə İtaliya Aerokosmik Agentliyi arasında sülh məqsədilə kosmos fəaliyyətləri sahəsində Anlaşma Memorandumu” imzalanıb.
İqtisadi sahədə əməkdaşlıq üçün perspektivli sahələrdən biri də aqrar sektordur. İtaliya şirkətləri aqrar sənayedə texnologiya və istehsal səviyyəsi baxımından dünyada öncül mövqeləri bölüşürlər. Bu şirkətlər xüsusən də kənd təsərrüfatı avadanlığının təkmilləşdirilməsi üzrə ixtisaslaşıblar. Həmin avadanlıqlar əsasən ətraf mühitin qorunmasında xüsusi rol oynayır. Bunun hesabına da İtaliyanın kənd təsərrüfatında istixana qazı 50 faiz azalıb. Azərbaycan da dost ölkənin kənd təsərrüfatındakı təcrübəsindən bəhrələnmək istəyir. Biznes forumunda da bildirildiyi kimi, indiyədək İtaliya şirkətləri Azərbaycanın aqrar sektorunda təmsil olunublar. İtaliyanın şirkətlərindən biri respublikamızda şərabçılıqla məşğuldur və yaxşı nəticələr qazanıb. Həmin şirkətin istehsal etdiyi məhsullar artıq xarici bazarlara çıxardılır.
Hər iki ölkə aqrar sektorun digər istiqamətləri üzrə də əməkdaşlığı genişləndirmək imkanlarına malikdir. Zeytunçuluq və fındıqçılıq belə sahələrdəndir. Azərbaycan artıq zeytun yağlarını xarici bazarlara ixrac etməyə başlayıb. İtaliya şirkətləri bu sahədə məsləhətçi və podratçı qismində çıxış edə bilərlər. Azərbaycan və İtaliya dünyada fındıq istehsalı üzrə üçüncü-dördüncü yerləri bölüşürlər. İki ölkənin fındıq istehsalçıları birgə səylərlə daha böyük uğur qazana bilərlər. Biznes forumunda da bildirildiyi kimi, İtaliyanın bu sahədə böyük təcrübəsinin olması, əlbəttə ki, bu əməkdaşlığı şərtləndirir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30