“44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Ordusunun həyata keçirdiyi müqəddəs vəzifənin zəfərlə başa çatmasını labüdləşdirdi. Müzəffər Azərbaycan Ordusu qarşısında düşmən diz çökdü və işğal altındakı digər ərazilərdən də çıxmağa məcbur oldu”.
Bunu “Yeni Azərbaycan”a açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyev deyib.
S.Hacıyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ağdamın işğaldan azad olunması münasibətilə xalqa müraciətində qeyd etdiyi kimi, əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı: “Azərbaycan Ordusunun əldə etdiyi qələbənin nəticəsi olaraq, işğalçı Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz qaytarılmasına razı oldu. Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin imzaladığı üçtərəfli Bəyanata uyğun olaraq, artıq 27 ildən çoxdur ki, işğal altında olan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Bu hadisə, mənim üçün ikiqat sevindirici haldır. Ona görə ki, mənim həyatımda Ağdamın xüsusi rolu olub. Belə ki, atamın işi ilə əlaqədar olaraq, ailəmiz 6 ildən çox Ağdam şəhərində yaşayıb və mən 2 nömrəli orta məktəbin məzunu olmuşam”.
Partiya sədri onu da vurğulayıb ki, işğaldan azad edilən Ağdam şəhərinin və ətraf kəndlərin acınacaqlı vəziyyəti bu illər ərzində düşmənin hansı vandallıqlar və müharibə cinayətləri həyata keçirdiyini göstərir. Onun sözlərinə görə, bu hərbi cinayətlərə görə işğalçı Ermənistan beynəlxalq hüquq qarşısında mütləq cavab verməlidir.
Qaşqay
- Oxunub: 4530 |
- Tarix: 25-11-2020 |
-
Çap et |