“Azərbaycanın ən gözəl guşələrindən biri olan Kəlbəcər rayonu işğaldan azad olundu. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Beləliklə, 27 illik həsrətə son qoyuldu və Kəlbəcər azad edildi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etdi”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib.
Məhəbbət İbrahimova bildirib ki, Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilmişdi. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz və xəyanətkar siyasəti rayonun işğalına şərait yaradıb.
Onun sözlərinə görə, bu gün Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Bu gün isə qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil olub. Bu, dövlətimizin, xalqımızın böyük qələbəsidir”,-deyə M.İbrahimova qeyd edib.
- Oxunub: 3780 |
- Tarix: 25-11-2020 |
-
Çap et |