Müvafiq Dövlət Proqramına əsasən respublikamızda 2025-ci ilə qədər yaş barama istehsalının həcminin 6 min tona çatdırılması nəzərdə tutulub
Azərbaycanda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafı üzrə müvafiq Dövlət proqramlarında qarşıya qoyulan əsas hədəflərdən biri bölgələrdə aqrar sektorun geniş potensialından daha səmərəli istifadə olunmasını, bu sahədə istehsal və ixrac imkanlarının artırılmasını təmin etməkdən ibarətdir. Müəyyənləşdirilən hədəflərə çatmaq üçün bölgələrin infrastruktur təminatı gücləndirilir, əkin dövriyyəsinə yeni torpaqlar cəlb edilir, fermerlərə dəstək tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir. Son illərdə Azərbaycanda aqrar sektorda həyata keçirilən ardıcıl islahatlar çərçivəsində, həmçinin əmək tutumu və gəlir imkanları geniş olan sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Vurğulamaq yerinə düşər ki, indiyədək respublikamızda bir sıra belə gəlirli sahələrin uzunmüddətli inkişaf perspektivlərini özündə ehtiva edən Dövlət proqramları qəbul edilib və hazırda uğurla reallaşdırılmaqdadır. Xarakterik haldır ki, ölkəmizdə kənd təsərrüfatının əmək tutumu və gəlir imkanları böyük olan sahələri inkişaf etdirilərkən ayrı-ayrı regionların əmək ehtiyatları, tarixdən gələn ənənələri, coğrafi-iqlim xüsusiyyətləri və digər amillər mütləq nəzərə alınır ki, bu da son nəticədə yaxşı göstəricilərin əldə olunmasını şərtləndirir. Son illərdə respublikamızda baramaçılıqda əldə olunan uğurlar deyilənləri əyani şəkildə təsdiqləyir.
Müxtəlif mənbələrdə Azərbaycanda baramaçılığın tarixinin uzaq keçmişə - V əsrə gedib çıxdığı təsdiqlənir. Bildirilir ki, XII əsrdən etibarən Azərbaycan ipəyinin Böyük İpək Yolu ilə Avropa və Asiya ölkələrinə ixrac olunmasına başlanıb. XVII əsrin 30-cu illərində Azərbaycana səfər etmiş Adam Olearinin verdiyi məlumata görə, burada hər il 10-20 min tay xammal toplanırdı. Ondan 3000 tay Şirvanın, 2000 tay Qarabağın payına düşürdü (hər tayın çəkisi təxminən 5,5 pud idi). Deməli, hər il Şirvanda 16,5 min pud, Qarabağda isə 11 min puda qədər xammal istehsal olunurdu.
Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş isə keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. O vaxt respublikamıza rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında” 1971-ci il 3 mart tarixli qərar qəbul edilmişdi. Bu qərar baramaçılığın və ipəkçiliyin inkişafına böyük təkan verməklə, onun maddi-texniki bazasını, sənaye potensialını genişləndirmiş və nəticədə, respublikada barama tədarükü 36,1 faiz artmışdı. Respublikamız barama istehsalına görə keçmiş Sovet birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tuturdu.
Ölkəmizdə baramaçılığın inkişafında dönüş Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 2016-cı ildən başladı. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli və “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 16 noyabr tarixli sərəncamlar imzaladı. Bəhs olunan sənədlər ölkə üzrə baramaçılığın potensial imkanlarından səmərəli istifadə edilməsinə, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaratdı. Həmçinin dövlətimizin başçısının “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 19 may tarixli və “İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 6 oktyabr tarixli sərəncamlarına uyğun olaraq Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin, barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilib. Barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi, digər dəstək tədbirləri bu sahəyə marağı daha da artırıb. Eləcə də dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib. Dövlət Proqramında 2025-ci ilə qədər ölkə üzrə yaş barama istehsalının həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.
Deyilənlərdən də göründüyü kimi, son illərdə respublikamızda baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi inkişaf etdirilir. Artıq ölkəmizin 40-dək bölgəsində insanlar baramaçılıqla məşğul olaraq bu sahədən yaxşı gəlir götürürlər.
Onlayn müşavirədə ölkəmizdə barama istehsalının səmərəli təşkili ilə bağlı məsələlər müzakirə edilib
Cari il yanvarın əvvəlində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə onlayn formatda keçirilən müşavirədə ölkəmizdə barama istehsalının səmərəli təşkili ilə bağlı məsələlər müzakirə edilib. Tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə və Nazirliyin tabeli qurumlarının nümayəndələri iştirak ediblər.
Müşavirədə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Bildirilib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir.
Onlayn müşavirədə Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlər və əldə edilən nəticələrə diqqət çəkilib. Bildirilib ki, dövlət dəstəyi nəticəsində ölkədə baramaçılıq sahəsinə maraq artıb. Tədbirdə yaş barama istehsalı və emalı, keyfiyyətli ipəkqurdu toxumu (qrena) istehsalı, aqrozootexniki qaydalara uyğun tut ipəkqurdlarının bəslənməsinə riayət etməklə barama istehsalının artırılması məsələləri müzakirə olunub. Onlayn müşavirədə baramaçılıq sahəsində xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyi, barama istehsalı ilə bağlı maarifləndirmə prosesinin gücləndirilməsi məsələlərinə də toxunulub. Həmçinin baramaçılıqla bağlı tədbirlər planına əsasən işlərin davamlı təşkili, kümxanaların təlimata uyğun olaraq hazırlanması, çəkil bağlarına qulluq işləri və fermerlərin maarifləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Müşavirədə baramaçılığın inkişafı ilə bağlı səsləndirilən təkliflər qeydə alınıb, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Barama istehsalçılarının vahid platformada birləşmələri onlara bir sıra üstünlüklər verəcək
Bundan sonra respublikamızın müxtəlif bölgələrindən olan barama istehsalçıları vahid platformada təmsil olunacaqlar. 2020-ci il dekabr ayının sonlarında “Azərbaycan Baramaçılar Assosiasiyası” İctimai Birliyinin təsis toplantısı keçirilib. Onlayn formatda keçirilən toplantıda Kənd Təsərrrüfatı Nazirliyinin nümayəndələri, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun rəhbərləri, Qax Damazlıq İpəkçilik Stansiyasının təmsilçiləri, həmçinin 28 rayondan 64 kümçü iştirak ediblər.
Toplantıda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov bildirib ki, barama istehsalçılarının vahid platformada birləşməsi kümçülərin daha səmərəli fəaliyyətinə müsbət təsir edəcək. Bu səbəbdən kümçülərin bir araya gələrək ictimai birlik təsis etmələri təşəbbüsü təqdirəlayiqdir və nazirlik fermerlərin ixtisaslaşmış birliklər formatında təşkilatlanması təşəbbüslərini hər zaman dəstəkləyir. Araz İsmayılovun sözlərinə görə, assosiasiya kümçülərə bir sıra üstünlüklər verəcək, onların mütəmadi bir araya gələrək təcrübə mübadiləsi aparmalarına, ölkədə baramaçılığın inkişafına dair təkliflər hazırlamalarına şərait yaradacaq.
Toplantı iştirakçıları Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramının qəbul olunduğunu xatırladaraq, dövlətin subsidiya mexanizmləri vasitəsilə proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə dəstək göstərdiyini bildiriblər. Tədbirdə yaş barama istehsalı və emalı, ipəkçilik məhsullarının ixracı, keyfiyyətli ipəkqurdu toxumu istehsalı, aqrotexniki qulluq qaydalarına düzgün riayət etməklə barama istehsalının artırılması, xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyi, barama istehsalı ilə bağlı maarifləndirmə prosesinin gücləndirilməsi və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Toplantının sonunda “Azərbaycan Baramaçılar Assosiasiyası” İctimai Birliyinin təsis olunması barədə qərar qəbul olunub. Birliyin Nizamnaməsi müzakirələrdən sonra təsdiq edilib. Səsvermə nəticəsində Abdul Orucov Assosiasiyanın sədri, Laləzar Heydərova və Tehmur Musayev sədr müavinləri seçiliblər. Bundan başqa, Assosiasiyanın 15 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb.
Mübariz ABDULLAYEV
- Oxunub: 2460 |
- Tarix: 20-01-2021 |
-
Çap et |