Hörmətli oxucular!
Gündəlik həyatda üzləşdiyiniz məsələlərlə bağlı vətəndaşların hüquqi maarifləndirilməsi üçün bu həftədən etibarən “Hüquq guşəsi: oxucu soruşur” rubrikasını təqdim edirik.
Oxucuların suallarını Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, “Ədalət” Vəkil Bürosunun rəhbəri, vəkil Muxtar Mustafayev cavablandırır.
Oxucu soruşur:
- Yaşadığımız ərazidə qaz, su və işıq borcu bizə bildiriş sistemi ilə çatdırılır. Bəzi hallarda bildirişi təqdim edən şəxs həmin vaxt borcumuzu qısa müddətə ödəməsək, təchizatın dayandırılacağı barədə xəbərdarlıq edir. Qanunvericiliyə görə, kommunal ödənişlərin edilmədiyi hansı hallarda istehlakçıya təchizat tam dayandırıla bilər?
Hüquqşünas cavablandırır:
- Oxucunun sualına cavab olaraq bildirirəm ki, kommunal xidmətlərin göstərilməsi onların təchizatı haqqında müvafiq qanunlarla tənzimlənir.
Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6-cı bəndinə əsasən: paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər.
Su təchizatının dayandırılması ilə bağlı isə qeyd edək ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin 1-ci bəndinə əsasən: su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə su təchizatı müəssisəsi istehlakçının su təchizatını dayandıra bilər.
Ən nəhayət, elektrik enerjisi ilə təchizatın dayandırılmasına gəlincə, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən: enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər.
- Oxunub: 2430 |
- Tarix: 20-01-2021 |
-
Çap et |