Azərbaycan cəmiyyətində bu gün əsas müzakirə mövzusu Ermənistanın işğalından azad olunmuş ərazilərimizdə quruculuq işləri və bu işlərə hər kəsin töhfə vermək istəyi ilə bağlıdır. Xalqımız 30 ilə yaxın işğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində rəşadətli Ordumuz tərəfindən azad edilməsini qürurla qeyd edir.
Məlumdur ki, ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanatla müharibə başa çatdı. Bu bəyanata əsasən Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını da Azərbaycana dinc yolla qaytarmağa məcbur oldu. Ermənistan rəhbərliyi ordunun demək olar ki, dağıldığını və bu razılaşmanı imzalamağa məcbur olduğunu bəyan etdi. 10 noyabr razılaşmasını Azərbaycan xalqı böyük coşqu, Ermənistan cəmiyyəti isə kədər hissi ilə qeyd etdi. Təsadüfi deyil ki, ermənilər bu məğlubiyyəti həzm edə bilmir, hələ də bu günə qədər Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaları keçirirlər. Ermənistan cəmiyyəti də açıq-aşkar 10 noyabr Bəyanatının kapitulyasiya aktı olduğunu etiraf edir.
Amma təəccüb doğuran məqamlardan biri bundan ibarətdir ki, belə bir şəraitdə, konkret olaraq özlərini “Milli şura” adlandıran, əslində isə antimilli şura ünsürləri olan radikallar qazanılan böyük qələbəmizə kölgə salmağa çalışırlar. Ermənilərin özləri 10 noyabr razılaşmasını Ermənistan üçün kapitulyasiya hesab etdikləri halda, Azərbaycanın radikal müxalifəti bunun əksini iddia edir. Qənimət Zahidin bu razılaşmanın ermənilərin kapitulyasiyası olmaması haqda sosial şəbəkələrdə yazdığı “məqalə”, AXCP sədri Əli Kərimlinin isə həmin yazını özünün “facebook” səhifəsində paylaşması buna sübutdur. Ə.Kərimli utanmadan deyir ki, bu yazı guya “İkinci Qarabağ savaşının nəticələri ilə bağlı xalqı manipulyasiya etmək cəhdlərinə verilmiş çox tutarlı cavabdır”.
Görünən odur ki, Ə.Kərimli ilə Q.Zahid ermənidən daha çox ermənilik etməyə çalışırlar. Əks halda, ordusu darmadağın olmuş, bu gün acınacaqlı vəziyyətə düşmüş Ermənistana göstərilən bu diqqət və canıyananlıq hardan qaynaqlanır? Bu şəxslər bütün imkanları ilə erməni xalqına məğlub olmadıqlarını sübut etməyə çalışırlar.
Q.Zahidin yazdığı və Ə.Kərimlinin paylaşdığı yazıda “kapitulyasiya” termininin “dərin” izahı verilir və nəticə etibarilə göstərilir ki, guya Ermənistan məğlub olmayıb.
Belə olan halda, 44 gün ərzində Azərbaycan Ordusunun döyüşlə böyük əraziləri azad etməsinə, sonra Ermənistanın üç böyük rayonu Azərbaycana qaytarmağa məcbur olmasına niyə toxunulmur? Əslində, 10 noyabr razılaşmasında məsələlər göstərilir və proseslər mərhələli şəkildə həyata keçirilir. Artıq bir müddətdir ki, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyənləşdirilməsi həyata keçirilir ki, bu proses tamamilə ölkəmizin xeyrinədir. Ermənistanda bu məsələ ilə bağlı mövcud olan gərginlik də bunu təsdiqləyir. Digər bir məsələ isə Dağlıq Qarabağdan olan məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır ki, 10 noyabr Bəyanatında bu məsələ də öz əksini tapıb. Məcburi köçkünlərimiz BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının iştirakı ilə öz evlərinə qayıdacaqlar. Dövlətimizin başçısı Laçının azad olunması ilə bağlı xalqa müraciətində bildirdi ki, bu məsələ növbəti təmaslarda həllini tapacaq. Yəni bütün proseslər Azərbaycanın maraqlarına uyğun şəkildə həyata keçirilir. 11 yanvar razılaşmasına əsasən isə kommunikasiyaların bərpası ilə bağlı konkret addımların reallaşması buna sübutdur.
Bütün bunların fonunda radikallar israrla qazanılan qələbəmizə kölgə salmağa cəhd edirlər. Onlar xalqı aldatmağa çalışırlar ki, guya dövlətimiz qələbə qazanmayıb. Əlbəttə ki, bu iddialar cəfəngiyyatdan başqa bir şey deyil. 30 il ərzində torpaqlarımızın 20 faizi işğal altında olduğu müddətdə dövlətimiz və dövlət başçımız aparılan danışıqlarda torpaqlarımızın bir qarışını belə güzəştə getmədi. Bütün təzyiqlərə baxmayaraq, milli maraqlarımız qorundu və nəticə də göz qabağındadır. Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün diktə edən tərəf Azərbaycandır. Bütün bunların fonunda radikalların ictimai rəyi çaşdırmaq cəhdləri heç bir nəticə verməyəcək. Xalq onların xəyanətkar və satqın olduqlarını yaxşı bilir.
Nardar BAYRAMLI
- Oxunub: 2580 |
- Tarix: 20-01-2021 |
-
Çap et |